Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

303

Azərbaycanlıların soyqırımı; 1918-ci ilin mart qırğınları

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

(Əvvəli ötən saylarımızda)

 

1918-ci il 27-28 iyun aralığında Surra və Qarabucaq kəndləri arasında şiddətli döyüşlər getdi. Qafqaz İslam Ordusu bu savaşlara komandanlıq edən keçmiş Çar ordusunun zabiti albay Nazim Ramazanovun əmrinə 10-cu Qafqaz piyada alayının 28-ci taborundan bir bölük, 30-cu taborundan bir pulemyot taqımı və iki rus topu, bundan başqa 140 nəfərlik azərbaycanlı süvari bölüyü verilmişdi.

Təbii ki, qüvvələr nisbəti çox qeyri-bərabər idi, üstəlik Kür çayındakı düşmən hərbi gəmiləri türk-Azərbaycan qüvvələrini aramsız atəşə tuturdu. Sonucda qüvvələrimiz geri çəkilərək Ərəbqardaşbəyli kəndi yaxınlığında mövqe tutub, erməni-bolşevik dəstəsinin qarşısını kəsməyə çalışsa da, bu cəhd də uğursuzluqla nəticələndi.

Surra-Qarabucaq arasındakı uğursuzluqdan sonra Cavad dəstəsinin komandanı bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topundan ibarət heyəti də Salyan ətrafında döyüşən qüvvələrimizə yardım üçün göndərdi. İyulun 2-də erməni-bolşevik qüvvələri türk-Azərbaycan bölüklərinin saldırmasına davam gətirməyərək, 600 nəfərədək canlı qüvvə də itki verib, Bakı istiqamətinə doğru çəkilməyə başladı.

Əlbəttə, istər erməni zülmü, istərsə də erməni-bolşeviklərə qarşı türk-Azərbaycan qüvvələrinin apardığı hərbi əməliyyatlar bu gün də Salyan bölgəsi əhalisinin dilindən düşmür: Azər Turan bu xüsusda Aşıq Qəhrəmanı və onun Yavuz Büləntin „Üsküpdən Kosovaya” kitabında dərc olunmuş şerini də xatırladır.

Müəllif şahid yaddaşına və rəsmi qaynaqlara dayanaraq:

  • «Türk ordusunun Qaraqaşlıdakı 40 nəfərlik bölməsinə türk zabiti Ramazan bəy, Bankədə döyüşən dəstəyə isə keçmiş Çar ordusunun zabiti mayor Nazim Ramazanov başçılıq edirdi… Mehman Süleymanlının verdiyi məlumata görə, Ramazan bəyin dəstəsində 2 Maksim pulemyotu, 2 top vardı…» –deyə o bölgədə xalq arasında „ Ramazan paşa ” adlı xilaskar komandan obrazının yarandığını da əlavə edir.

Xatırladaq ki, Qafqaz İslam Ordusu 5-ci Qafqaz firqəsi ərkani-hərb rəisi Rüşdü bəyin „ Böyük hərbdə Bakı yollarında 5-ci Qafqaz piyada firqəsi ” adlı xatirələrində, qovulan düşməndən 4 makinalı tüfəng, 63 piyada tüfəngi, 100 sandıq piyada və top mərmisi, 7 kiçik vapur (bərə –X.İ.), bir miqdar benzin və s.-in götürüldüyü barədə Ramazan bəyin komandanlığa verdiyi məlumat da qeyd olunur. Həmin məlumatda Bankəni tərk edənə qədər 11 şəhid (9 nəfəri türk) verildiyi, 13 yaralı olduğu göstərilir və 28-ci taborun 3-cü bölük komandiri, birinci mülazim Bəsri və 26-cı taborun 1-ci bölük komandan vəkili Həmdi əfəndilər ibrazi-fədakari eylədiklərindən təltif olunmaları istənildiyi bildirilir.

Azər Turan vaxtilə şəhid türk əsgərlərinin dəfnində iştirak etmiş rəhmətlik Müseyib Rzayevin dilindən erməni-bolşeviklərin bu bölgəyə gəldiyi „Demosfen” gəmisini xatırlayır və bildirir ki, bu gəmiyə Bankədə bir hərbi təyyarə də enibmiş.

Şahidlərin bildirdiyinə görə, türklər erməni gəmilərini batıraraq, bu batmış gəmilərin hesabına Kürün mənsəbini ermənilərin üzünə bağlamış, Xəzər dənizi üzərindən Kürüstü Yevlax körpüsünə tərəf erməni-bolşevik qüvvələrinin hərəkatını dayandırmışdı.

Müəllif Cavad qəzası hadisələrində Xıllı kəndində fəaliyyət göstərən müsavatçıların müstəsna xidmətlərini də qeyd edir.

Xatırladaq ki, 1918-ci il iyulun sonlarında Bankədən çəkilən türklər hər ehtimala qarşı, hərbi bölüklərdən birini hələlik bu bölgədə saxlamağı uyğun görmüşdülər.

Bakı bölgəsində, ümumilikdə Qafqazda, cərəyan edən hadisələr böyük dövlətlərin, o sıradan Almaniyanın da diqqətini cəlb edirdi.

1918-ci il iyunun 22-də saat 10-da Bakının Salyan qışlalarına icazəsiz şəkildə enən, sonra heyəti tutulan alman təyyarəsinin fəaliyyəti də kəşfiyyat xarakterli idi. Tiflisdəki alman hərbi missiyasına aid bu təyyarənin Bakı civarında kəşfiyyat məqsədi burada saxlanılan 1000 nəfər alman əsirini silahlandırmaqla Bakının ələ keçirmə imkanlarını araşdırmaqmış.

Əvvəlki bölümlərdə də bildirdiyimiz kimi, Brest-Litovsk barışığına gizli əlavə üçün Lenin sonralar Almaniya ilə separat danışıqlara başlamışdı.

1918-ci il iyulun əvvəllərindən V.Leninin İ.Stalinə göndərdiyi teleqramda bu xüsusda belə deyilirdi: «Bakı ilə bağlı olaraq ən mühümü odur ki, siz Şaumyanla daimi əlaqədə olun və Şaumyan Berlində səfir İoffeyə neftin bir hissəsini almanlara verəcəyimiz təqdirdə türklərin Bakıya hücumunu saxlamağa razı olmaları haqqında edilmiş təklifdən xəbəri olsun. Əlbəttə ki, biz razılaşacağıq».

İ.Stalin də öz növbəsində müvafiq teleqramla S.Şaumyanı məsələdən agah etdi:

  1. Bizim Zaqafqaziya məsələsi ilə bağlı ümumi siyasətimiz belədir ki, gürcü, erməni və Azərbaycan məsələlərinin Rusiyanın daxili işi kimi tanınmasına Almaniyanı məcbur edək. Onların həllində almanlar iştirak etməməlidirlər. Məhz buna görə də biz Gürcüstanın Almaniyanın diqtəsi ilə əldə edilmiş müstəqilliyini tanımırıq.
  2. Ola bilsin ki, biz Gürcüstan məsələsində almanlara güzəştə getməli olduq. Ancaq biz güzəştə yalnız Almaniyanın Ermənistanın və Azərbaycanın işlərinə qarışmayacağına razılaşacaqları təqdirdə gedəcəyik.
  3. Almanlar Bakının bizdə qalmasına razılaşaraq xahiş edirlər ki, əvəzində onlara bir qədər neft ayıraq. Biz bu „ xahişi ” əlbəttə ki, yerinə yetirə bilərik.
  4. Sizin uğurlarınız bizi sevindirir. Ancaq biz istərdik ki, siz almanlarla münasibətlərin mürəkkəbləşməsinə yol verməmək üçün Yelizavetpoldan (Gəncədən) o tərəfə keçməyəsiniz, daha doğrusu müstəqilliyi Almaniya tərəfindən tanınmış Gürcüstanın hüdudlarına daxil olmayasınız”.

Bu teleqramdan göründüyü kimi, İ.Stalin Cənubi Qafqaz, xüsusən də Bakı məsələsində rəhbərliyin mövqeyini ortaya qoymaqla bərabər Şaumyana Gürcüstana-Tiflisə tərəf keçməməyi xatırladaraq, əslində həm də ermənilərin bolşevik maskası ilə Tiflisə də təhdid yarada biləcəyindən ehtiyatlandığını büruzə verir. Şaumyanın siyasətinin astar üzünü yaxşı bilən Stalin Tiflis əirafında erməni (daşnak) xutorları yaradan Drolarla, Andraniklərlə iş birliyindən ehtiyatlanaraq, ona „ Gürcüstana ayaq basma ! ” ismarıcı verirdi, ancaq əlbəttə, səbəb kimi Almaniyanın tələbləri göstərilirdi. Bu da ki fikri çatdırmağın bolşevik üslublarından biri idi.

Ancaq Gürcüstan məsələsində alman faktoru vardı, Bakı məsələsində olduğu kimi. Almaniya Osmanlı dövlətinə təzyiq edərək türklərin Bakıya girməsini önləmək istəyirdi. Almaniyanın və Rusiyanın bu hiylə və gizli danışıqları qarşılığında Osmanlı rəhbərliyi də manevr etməli oldu.

Ənvər paşa bir yandan Şərq Orduları Qrupu komandanına və onun vasitəsilə Nuru paşaya rəsmi teleqramlarla əmrlər göndərib Bakı üzərinə əməliyyatları dayandırmağı əmr edir edir, digər tərəfdən gizli kanallarla onlara təlimat yollayıb Bakını işgaldan təmizləməyə tələsdirir və əlavə hərbi qüvvə və sursat göndərtdirirdi.

Nəticə isə hamını, xüsusən də dünyanın böyük dövlətlərinin rəhbərliklərini şoka saldı: Qafqaz İslam Ordusu möhtəşəm təhdidləri belə bilərəkdən gözə almayaraq, Bakını qafası və çəkməsi mikrob daşıyıcısı olan erməni-bolşevik ordusundan, onun müttəfiqlərindən təmizlədi.

 

Ədəbiyyat:

 

  1. Azər Turan. Qafqaz İslam Ordusu Neftçalada – 1918.
  2. Mehman Suleymanov. Qafqaz İslam Ordusu və Azərbaycan . Bakı, 1999.
  3. Газета «Известия Бакинского Совета», 2 июля 1918 .
  4. Birinci dünya harbinde türk harbi Kafkas cebhesi 3-cü Ordu harekatı. c.11, Ankara, 1993.
  5. Газета «Бакинский Рабочий», 23 июня 1918.
  6. Rüştü. Büyük harpte Bakü yollarında 5. Kafkas piyada fırkası. 93 saylı Askeri mecmuanın tarih kısmı, 1934, № 34.
  7. Большевики в борьбе за победу социалистической революции в Азербайджане. Документы и материалы 1917-1918 гг. Баку, 1957.

 

LƏNKƏRAN QƏZASINDA SOYQIRIMI AKTLARINA DAİR

 

Azərbaycan tarixinin 1918-1920-ci illər dönəmində baş verən silsilə soyqırımı faciələri təəssüf ki, Lənkəran qəzası əhalisindən də yan keçməmişdir. Bu qəzada erməni hərbçi Avetisovun erməni dəstələri bölgə əhalisinə qan udduraraq kütləvi qətllər törətmiş və qarət həyata keçirmişdir.

“Sənədlərdə erməni-rus silahlı dəstələri tərəfindən Lənkəran qəzasına daxil olan kəndlərdə – Ərkivan, Yeddioymaq, Şərəfə, Xırmandalı və b. kəndlərin əhalisinin soyub talanması və dinc insanların öldürülməsi ilə bağlı məlumatlar var…”.

Bu qəzada soyqırımı hadisələri Mart hadisələrindən də öncə –1918-ci ilin yanvarından başlamışdı. Yanvar ayında İrandan qayıdan rus dəstələrinin tərkibindəki ermənilər Astarada yerli camaatı top atəşinə tutmuş, əliyalın əhali isə müqavimət göstərə bilmədiyindən meşələrə çəkilmişdi. İrandan çəkilən Rusiya əsgərləri silah-sursatı Avetisovun erməni və ruslardan ibarət əsgərlərinə paylamışdılar.

Daşnaklar hər yerdə olduğu kimi, burada da hamilə qadınlara, qocalara belə rəhm etmir, evlərə girib bəzən bütün ailəni yer üçündən silirdilər. “Bir gün ərzində Gərmətük kəndində 70, Mamusta kəndində 30,  Kərgəlan kəndində 30,  Sətəmurdov kəndində 20-dən çox,  Girdəni kəndində 20 günahsız insan faciənin qurbanı oldu… Evlər top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdir. Öldürülmüş və dənizə atılmış insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi.   Avetisovun daşnak dəstəsi hərbi paroxoddan Lənkəran şəhərini top atəşinə tutmuş, nəticədə Kiçikbazar məscidinin divarının bir tərəfi mərmi ilə dağıdılmışdı”.

Erməni-bolşevik Bakı Soveti qurumunun və Qafqaz Hərbi İnqilab Komitəsinin hər vaxt həryönlü dəstəyini alan İlyaşeviçin dəstəsi isə 1918-ci ilin qışında guya rus kəndlərinin dağıdılması bəhanəsilə Bulqar çayı rayonunda saldıraraq “rus kəndləri ətrafındakı 25 km ərazidə onlarla müsəlman kəndini yer üzündən silmişdi”. Baxmayaraq ki, rus kəndlərinə saldıranlar yerli əhali deyil, İrandan gəlmiş şahsevənlər idi.

Ümumilikdə Lənkəran qəzasında İlyaşeviçin 10 min, polkovnik Makarovun (erməni) 3 min, polkovnik Avetisovun 2 min nəfərlik ordusu fəaliyyət göstərmişdi. Bunların planı gələcəkdə Bakını tutmaq idi.

1918-ci il noyabrın 1-də müsəlman cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymurbəy Bayraməlibəyov Bakıda olan Türk ordusunun ali baş komandanı Nuru Paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan хahiş etmişdi.

[Qeyd 1: 1918-1919-cu illərdə erməni-bolşevik vəhşiliklərinin qanlı səhnələrindən birinə dönmüş Lənkəran-Muğan bölgəsində baş vermis prosesləri gerçəklərə dayanaraq həryönlü araşdırmaq üçün əslində həmin dövrə aid nə yerli materiallar, nə də arxiv sənədləri, demək olar ki, qalmamışdır. Tarixçi-alim Kamran İsmayılovun qənaətinə görə, bu səbəbdən də bölgədəki gəlişmələr təhlil edilərkən yardımçı qaynaqlardan (dövri basın yayınlarından, olayların iştirakçılarının ARPİİSSA 276 və 456 saylı fondlarında saxlanan anılarından) yararlanmaq gərəyi yaranır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına qədər indiki Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının ərazisi  Lənkəran qəzasına daxil idi.

Qeyd 2: Lənkəran hadisələrinin digər yönləri ilə bağlı məsələlər üçün bax:

 

Ədəbiyyat:

 

  1. V.Abışov. 1918-1919-cu illərdə Lənkəran qəzasında azərbaycanlıların soyqırımı. AMEA TARİX İNSTİTUTU, ELMİ ƏSƏRLƏR. XX ƏSRDƏ TÜRK-MÜSƏLMAN XALQLARINA QARŞI SOYQIRIMLARI. IV BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI. 64, 65, 66/2017, 22-27 APREL 2017 –Lənkəran ş.
  2. Anar İsgəndərov. 1918-1919-cu illərdə Lənkəran qəzasında azərbaycanlı əhaliyə qarşı həyata keçirilən soyqırım. AMEA TARİX İNSTİTUTU, ELMİ ƏSƏRLƏR. XX ƏSRDƏ TÜRK-MÜSƏLMAN XALQLARINA QARŞI SOYQIRIMLARI. IV BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI. 64, 65, 66/2017, 22-27 APREL 2017 –Lənkəran ş.
  3. Kamran İsmayılov. 1918-ci ildə Lənkəran bölgəsində erməni silahlı birləşmələrinin cinayətləri Azərbaycan xalqına qarşı soyqırım siyasətinin tərkib hissəsi kimi. AMEA TARİX İNSTİTUTU, ELMİ ƏSƏRLƏR. XX ƏSRDƏ TÜRK-MÜSƏLMAN XALQLARINA QARŞI SOYQIRIMLARI. IV BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI. 64, 65, 66/2017, 22-27 APREL 2017 –Lənkəran ş.
  4. Abışov.V.Ş. Azərbaycanlıların soyqırımı (1917-1918-ci illər). Bakı: Nurlan, 2007, 163 s.
  5. Əlizadə N. Lənkəran zəhmətkeşlərinin sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübarizə tarixindən, Bakı, “Azərnəşr”, 1963, 111s.
  6. 6. Ермоленко Т.Ф., Морозова О.М. Погоны и буденовки: Гражданская война глазами белых офицеров и красноармейцев., М., 2013.
  7. Miralayev T. Azərbaycanın qırmızı qvardiyaçıları və qırmızı partizanları. Bakı: Azərnəşr, 1970, 130 s.
  8. 8. Раевский А. Английская интервенция и Мусаватское правительство (к истории интервенции и контрреволюции в Азербайджане). Баку: Красный Восток, 1927, 191 с.
  9. Xaqani İsmayıl. “Erməni məsələsi” və türk-müsəlman soyqırımı. “Nərgiz” nəşriyyatı, Bakı, 2012, 507 s.

 

(Ardı var)