Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

252

Azərbaycanlıların soyqırımı; 1918-ci ilin mart qırğınları

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

 (Əvvəli ötən saylarımızda)

 

***

 

Onu da qeyd edək ki, AMEA İnsan Haqları İnstitutunun əsas mənbələri təkcə arxiv sənədləri deyil, həm də yəhudilərin dini mərkəzləridir. İsrail Parlamentinin üzvlərindən, Yerusəlim Universitetindən və bir neçə intellektual qurumdan bu araşdırmalar qonusunda Rövşən Mustafayevə dəstək olmaq təklifi ilə məktublar da ünvanlanıb.

  1. Mustafayevə görə, ermənilər “Hizbullah”a da sızaraq, orada yəhudilərə qarşı mübarizə belə aparırlar: 2001-ci ilin may ayında İsraildə Stefan Nikolyan adlı erməni mənşəli pilot-kamikadze ilk aviaterror törətdi… Maraqlıdır, İsraildə baş vermiş avia-teraktı “Hizbullah” təşkilatı öz üzərinə götürdü və özünün uğurlu əməliyyatı kimi təqdim etdi. Göründüyü kimi, erməni terrorçularının da təmsil olunduğu“Hizbullah” təşkilatının əsas hədəfi İsraildir…
  2. Mustafayev bildirib ki, ümumilikdə, ermənilərin yəhudilərə və türklərə qarşı qanlı əməliyyatları nəinki indiki dövrdə və ya 1918-ci ildə baş verib, hətta 1895-ci, 1898-ci illərdə də olub. Səbəb? – “Bəlkə ona görə ki,1810-cu ildə ilk dəfə ermənilər və yəhudilər arasında “İsa peyğəmbər kimdir-yəhudi, yoxsa ermənidir” məsələsi qalxmışdı? O vaxtlar ermənilər iki nəfərdən ibarət komanda yaratmışdılar – onların adları da məndə var – İsa peyğəmbərin cənazəsini Yerusəlimdən çıxarıb Amerikaya aparmaq istəyirdilər. Ermənilər və yəhudilər arasında ilk konflikt də o vaxtdan yaranıb. Bəlkə də bu düşmənçiliyin tarixi kökləri buna gedib çıxır”.

Qeyd: Ermənilərin (o sıradan, faşist ordusunun əmrindəki çoxminlik erməni könüllülərinin) yəhudilərə qarşı soyqırımı fəaliyyətləri ilə bağlı daha ətraflı araşdırmalarla tanış olmaq üçün oxuculara Rövşən Mustafayevin “Ölüm marşı” adlı tədqiqatına müraciət etmək tövsiyyə olunur.]

***

Rəsmi məlumatlara görə, bütövlükdə Şamaxıda 8 min, Qubada 2 min günahsız müsəlman erməni millətçilərinin murdar əllərilə insanlıq tarixində görünməmiş bir vəhşiliklə qətlə yetirilmişdi. Əlbəttə, ermənilərin bu dır­naqarası qəhrəmanlığının səbəbləri, əvvəlki qeyd­lə­ri­mizdə də bu və ya başqa şəkildə bildirdiyimiz kimi, aşağıdakılardan ibarət idi:

–I Dünya Müharibəsi ərəfəsində və Müharibənin gedişində Osmanlı İmperiyasının şərq əyalətlərində (Rusiya ilə sərhəd bölgəsində) yaşayan ermənilərin Osmanlı üzərinə hücuma keçən rus ordusuna yardım etməsi (belə ki, yerli erməni əhali üsyana əl atmış, türk ordusunda xidmət göstərən ermənilər isə öz silahları ilə birgə rusların tərəfinə keçmişdi), sonralar buradakı erməni silahlı bölüklərinin Rusiyanın Qafqaz bölgəsində xidmət göstərən hissələri ilə birgə hərəkət etməsi, 1917-ci il Peterburqdakı Oktyabr Devrimindən sonrakı situasiyadan sui – istifadə edərək Qafqazda mobil, böyük hərbi potensiala yiyələnməsi və canlı qüvvəyə çevrilə bilməsi;

  • Ermənilərin öz milli siyasətlərini istər bolşevizmlə, istərsə də Qərblə çox tezliklə və çevikcəsinə «əlaqələndirə» bilməsi;

– Osmanlı dövlətinin I Dünya Müharibəsinin gedişində (və genəlliklə, sonunda da) öz müttəfiq­ləri ilə birgə məğlub duruma düşməsi;

– Azərbaycan (Bakı) məsələsində Almaniyanın öz müttəfiqi Osmanlıya xəyanət edərək Leninlə gizli sövdələşməyə getməsi;

– Almaniyanın Batum qapısından Türk ordusunun Gürcüstan (Tiflis) üzərindən Qazax səm­tin­ə hərəkət etməsinə icazə verməməsi (əlbəttə, bu məsələdə Gür­cüstanın da təşəbbüsü vardı);

  • Çarlıq Rusiyasının müsəlmanları əsgəri xidmətə al­maması ucbatından Qafqazdakı müsəlmanların hərbi potensialının çox cüzi olması və s…

Xatırladaq ki, 1917-ci il Rusiyada Oktyabr Devrimindən sonra Qafqazda türk (müsəlman), gür­cü və ermənilərin milli şuraları yaradılmış, bu millət təmsillçilərinin iştirakı ilə Tiflisdə bu xal­q­la­rın qanuni orqanı kimi Zaqafqaziya Seymi («Seym» polyakca-sejm, litovca-saimas, çexcə-snem sözlərindən, çevirməsi məclis deməkdir) və onun formalaşdırdığı hö­kumət fəaliyyət göstərirdi. Seym Cənubi Qafqaz xalq­larının Rusiyadan ayrılaraq özgür bir dövlət sub­yekti (konfederasiya) təşkil etdiklərini bildirdi. On­ların bu müstəqil xətt yeritmə cəhdləri Leninin 1917-ci il Oktyabr Devrimindən sonra Rusiyanın ucqar­larında xalqların öz müqəddəratını təyinetmə prin­sipini bəyan etməsinə söykənirdi. Əməli addım kimi Lenin Şərqi Anadoludan işğalçı çar (rus) qoşun­larını çəkmiş, Qafqazdakı, İran və Türkiyə sərhəd­lərindəki Rusiya hərbi hissələrini tərxis etmiş­di. (Ancaq sonralar məlum oldu ki, Lenin mü­vəq­qə­ti olaraq, özünü xarici təzyiqlərdən sığortalamaq və ucqarlardakı xalqları arxayın edərək, vaxt qazan­dıq­dan sonra onları yenidən «Rusiya kolxozu»na, guya ye­ni münasibətlərlə qatmaq siyasəti yeridirmiş…)

Cənubi Qafqaz xalqlarının yeganə qanuni döv­ləti sayılan Zaqafqaziya Seymi xalqların Ru­si­ya­dan ayrıldığını bəyan edən kimi Osmanlı dövləti dərhal bu dövləti tanıdı və onunla diplomatik körpülər qur­du. Seym özünü qərbyönümlü dövlət kimi təqdim et­sə də, özünə güvənmək istəmir, buradakı erməni və gür­cü nümayəndələri Türkiyə ilə müstəqil anlaşma yap­maqdan çəkinir, dolayısıyla, Rusiyanın hima­yə­sin­dən çıxmağı risq kimi görürdü… Qafqazla bağlı bü­tün ciddi məsələlərin həllinə doğru addımlar at­ma­ğı yubadır, başqa sözlə, Qafqazı idarəçilik böh­ra­nı­na sürükləyirdi.

Nümunə üçün deyək ki, Seym hökuməti bol­şe­vi­z­mi özünə düşmən saysa da, bolşeviklərin himayəsi ilə Bakıda, Şirvanda və s. baş verənlərə qarşı Cənubi Qafqazın qanuni hökuməti kimi heç bir tədbir görmürdü, hətta görmək belə istəmirdi (Sonralar Gəncəyə iki yüz nəfərlik gürcü süvari bölüyünün göndərilməsi istisna olmaqla). Osmanlı döv­lə­tinin də durumu çox fəlakətli olsa da, türklər bütün var­lığı ilə Qafqazı düşünür, buradakı müsəlmanlara qar­şı soyqırımın qarşısını almaq üçün heç olmasa, müəy­yən hüquqi anlaşma əldə etmək istəyirdi. Bu anlaş­ma ilə Türkiyə ordusu Qafqazda soydaşlarının və dindaşlarının kütləvi qırğınlarının qarşısını almalı idi.

Zaqafqaziya Seymi isə Türkiyənin Qafqaza ayaq basmasına razı ola bilmədiyindən, məsələni belə yubatmaqla bu bölgədə müsəlmanların qırılıb azalacağını, zəifləyəcəyini və bununla da ermənilərin və gürcülərin əbədi hakimiyyətinin bərqərar olacağını düşünürdü.

 

Bakı, Göyçay, Şamaxı qazalarında soyqırımı, Kürdəmir faciələri

 

Bakı və ona bitişik böyük bir nahiyədə erməni – bolşevik işğalı hökm sürürdü. Bununla kifayətlənməyən düşmən qüvvələri iyunun 1- də Kürdəmiri də ələ keçirmişdi.

Arxiv materiallarında bildirilir ki, erməni millətçiləri əsgəri (bolşevik) geyimdə müsəlman əhaliyə saldırmış, evləri, mağaza və cameləri (məscidləri) yağmalayıb, atəşə vermişdilər. Şahidlərin ifadələri göstərir ki, ermənilərin hərəkətləri milli düşmənçilikdən başqa bir şey deyil; onlar müsəlmanları təhqir edir, öldürür, evlərini yandırır və onlara müxtəlif işgəncələr verir, kəndlilərin mal-mülkünü talayırdılar. Bu olayda Kürdəmirdə 56 ev və baqqal dükanı, 127 ədəd evlərə bitişik mülklər, 2 min (düşünürük ki, arxiv nəşrində yanlışlığa yol verilmişdir-X.İ. ) məcsid yağmalanaraq yandırıldı. Yerli imama (axunda-X.İ.) aid ev talan edildi, „Qurani – Kərim” yandırıldı, bəzi başqa «Quran» kitabları da cırıq-cırıq edildi. Kürdəmirdən sonra Cəngi (Caylı) kəndi, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli kəndləri və zəngin bəylər olan Sultanovun və Sədəli bəyin evləri yağmalandı. Bütün bu yaşayış məskənləri ermənilər tərəfindən talan edilib yandırıldı.

Çaylı cəndi qarət edilərək yandırıldı, orada ələ keçən 20 nəfər müsəlman işgəncə ilə öldürüldü.

Qaravəllidə 30 evin hamısı, Qarabucaqda isə 121 ev yağmalanıb yandırıldı, 7 nəfər isə xunxarcasına öldürüldü. Xəlil –Qasımbəy kəndində 9 ev yandırıldı, ələ keçən 7 nəfər məhv edildi. Ərəb-Mehdibəyli kəndində 84 ev yağmalanıb yaxıldı, 83 nəfər (o sıradan 4 qadın, 1 uşaq) öldürüldü.

Aşağı Ələk bölgəsindəki kəndlərə tutulan divan haqda istintaq materialları da Azərbaycan Dövlət Arxivində saxlanılmaqdadır (buradakı 24 kəndə aid evlərin yandırılması, vurulan maddi zərər və qətl edilən insanların sayı barədə bilgilər və s.). Təkcə Cəhri kəndində 119 ev yandırılmış, əhaliyə yarım milyon qızıl rus pulu məbləğində zərər dəymiş, 86 nəfər sakin öldürülmüşdür. Ərəb və Xanlıqova kəndlərində daha çox (hər birisində 106 nəfər) öldürülmüş, Glüli (Güllülü?!-X.İ.) yaşayış məskəninə 1825000 qızıl rus pulu məbləğində zərər vurulmuş, 30 nəfər yerli sakin qətil edilmişdir

Bir sözlə, ermənilər bolşevizm maskası altında Salyan da daxil olmaqla Azərbaycanın cənub səmtini də qılıncdan keçirərək böyük bir işğal zonasına sahib olmuşdular.

Kürdəmir, Ağsu erməni əsarətinə alınmış, düşmənlər Qaraməryəm də daxil olmaqla Göyçay ətəklərinədək Azərbaycan torpaqlarına ağalığı ələ keçirmişdi.

Sadaladığımız bütün bu proseslər baş verənədək türk ordusu Azərbaycan torpağına hələ qədəm qoymamış, yalnız Nuru paşa mayın 25-də öz zabit heyəti ilə Gəncəyə yetişə bilmişdi. Nuru paşanın gəlişi isə erməniləri daha da fəallaşdırdı. Onlar türk hərbi hissələrinin müəyyən hüquqi və başqa əngəllər ucbatından ləngiməsindən sui-istifadə edərək Yevlax istiqamətinə yürüməyi qərara aldılar…

Nuru paşanın qarşısında çox böyük müşküllər dururdu: ordu hələ bir neçə həftədən tez yetişə bilməyəcəkdi, yerli qüvvələr isə azsaylı könüllü bölüklərdən ibarət idi (onlara general Əliağa Şıxlinski rəhbərlik edirdi).

Şaumyan isə erməni generalı Androniklə teleqram vasitəsi ilə əlaqə saxlayaraq Cənubi Qafqazda erməni siyasi-hərbi güc mərkəzlərinin fəaliyyətlərini uzlaşdırırdı. O, Andronikin 1918-ci ilin 22 iyul tarixli «Culfa mənim əlimdədir, istədiyiniz vaxt onu Sizin sərəncamınıza verə bilərəm» məzmunlu teleqramına cavab olaraq yazırdı:

«Culfa, xalq qəhrəmanı Andronikə. Sizin 577 №-li teleqramınızı aldım. Tam mətnini Moskvaya-Mərkəzi hökumətə verdim. Öz tərəfimdən Sizin şəxsinizdə əsl xalq qəhrəmanını salamlayıram, türk süngüsündən ziyan çəkən bütün cəsur döyüşçülərə salam yetirin».

Növbəti bir arxiv sənədində də göstərilir ki, Andronik 1919-cu ilin [sənədi təqdim edən qaynaqda (Azərbaycan tarixi, 7 c. -də, V c) xətaya yol verilib: 1918-ci il olmalıdır –X.İ.] yayında bir tərəfdən Şaumyan vasitəsilə Sovet Rusiyasına yaxınlaşmağa, digər tərəfdən ermənilərin katolikosunun araçılığı ilə ingilislərlə ittifaq yaratmağa çalışırdı

Ancaq oxucu elə düşünməsin ki, Andronik və Şaumyanın əlaqələri 22 iyul 1918-ci il tarixindən başlayır. Əsla yox! Şaumyanın şəxsində erməni bolşeviklərinin Andronik, Hamazasp və başqa erməni başkəsən siyasətçi-komandanlarının şəxsində daşnaklarla işbirliyi çoxdan mövcud idi və hətta vaxtı ilə Lenin Şaumyanı bir marksist kimi milli məsələdə tutduğu mövqeyinə görə tənqid etmişdi. Bu, «Oktyabr İnqilabı»ndan çox-çox qabaqlar baş vermişdi. Ümumilikdə ermənilər öz «marksist», «sosialist», «beynəlmiləlçi», «sivil», «insanpərvər» fikirlərini yazılı ədəbiyyatlarda nə qədər ifadə etsələr də, gerçəkdə bir yırtıcı, insanlıq düşməni olduqlarını ört-bastır edə bilməmişdilər. Eyni qayda ilə, Ermənistanda ilk maksist dərnəyini 21 yaşında yaradan Stepan Şaumyan da türklərə doğma olan qədim Tiflis şəhərinin suyunu içib, türk yaşayış məntəqəsi Cəlaloğluda «marksizm işığı»nı yandırması ilə öyünsə də, Andronikə məktubunda türkü zalım düşmən kimi qələmə verməklə kifayətlənmir, Leninə yazdığı aşağıdakı məktubda da millətçilik kartını açmağa vadar olur (əlbəttə, pərdəli şəkildə):

«…Daşnaksütyun»da 3-4 min nəfərlik milli hissələr var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin (daşnakların) iştirakı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi. Lakin buna yol verməmək mümkün deyildi. Biz bilərəkdən buna yol verdik. Bakıda onlar qalib gəlsəydilər, Cənubi Qafqaz Rusiya üçün itirilmiş olardı».

Göründüyü kimi Şaumyan Cənubi Qafqazın itirilməməsi bəhanəsi ilə milli qırğın törətdiklərini özlərinə haqq qazandıraraq etiraf edir. Ancaq Zaqafqaziya Seymi özü də hələ Cənubi Qafqazın Rusiyadan ayrı bir dövlət subyekti olduğunu rəsmən bildirməmişdi. Bu, mayın 26-28 aralığında baş verəcəkdi. Deməli, Lalayan, Tatevos Əmirov, Hamazasp və başqalarının azğınlaşmış quldur çətələri vasitəsilə Bakı, Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında türk-müsəlman soyqırımı törətməyə Kreml masasında erməni məntiqincə «bolşevizm uğrunda mübarizə» deyilməklə heç bir hissiz-həyəcansız «fatihə» vermək gündəlik siyasi vərdişdən ayrı bir şey deyilmiş. Bununla belə, V.Leninə göndərdiyi həmin məktubda S.Şaumyan həqiqəti deməyə cəsarət etməmiş, hər ehtimala qarşı, qırğının miqyasını da qəsdən azaldaraq hər iki tərəfdən cəmi 3 min nəfərə «endirmişdi».

Xatırladaq ki, təkcə Mart hadi­sə­lə­rin­də Bakıda 17 min, bölgədə isə ümumilikdə 30 min nəfər türk-müsəlman həlak olmuşdu

 

 

(Ardı var)