Azərbaycanlıların soyqırımı; 1918-ci ilin mart qırğınları
Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.
(Əvvəli ötən saylarımızda)
***
Haqsız dünya 17 min müsəlmanın vəhşilik, min bir işgəncə və görünməmiş təhqiramiz üsullarla qətl edilməsinə, qalanlarının isə öz torpağında didərgin salınmasına məhəl qoymayaraq vicdansızcasına susur, bəzi dövlətlər də bu susqunluqlarından gəlir gözləyirdilər…
Azərbaycanın qəzalarına “sovet qoşunları” adı altında göndərilən cinayətkar dəstələrə quldur erməni “hərbçi”ləri T.Əmiryan, Hamazasp rəhbərlik edirdi. Daşnak cəlladlardan Bakı çevrəsində ən ağır ziyan çəkən isə Şamaxı qəzası oldu.
Hələ yanvarın 16- dan etibarən Şamaxının ermənilər yaşayan Mədrəsə kəndinə də guya gələcəkdə bolşevizmi müdafiə məqsədi ilə Bakı Soveti başbilənləri və erməni liderləri xeyli silah-sursat, o cümlədən top-tüfəng, mərmi və s. daşıyıb-yıgmışdılar.
Martın I yarısında Şamaxıya məlumat çatmışdı ki, Bakıdan Şamaxıya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla 2–3 min nəfər civarında erməni qoşun dəstəsi gəlir. Dəstəyə Şaumyandan birbaşa təlimat almış Stepan Lalayev (Lalayan) başçılıq edirdi.
Martın 15–də sübh çağı S. Lalayanın dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma sonucunda dinc əhali arasında çoxlu sayda tələfat oldu. Axşama yaxın sakitlik yarandı.
Martın 17-də isə erməni yepiskopu Baqrat və molokan dini icmasının nümayəndəsi Karabanov Şamaxı müsəlmanlarının başçıları qarşısında müqəddəs İncilə and içərək Bakıdakı hadisələrin Şamaxı əhalisinə təsir etməyəcəyini, burada ermənilərlə müsəlmanların və başqalarının əl-ələ verib sülh, əmin-amanlıq şəraitində yaşayacaqlarını bildirmişdilər ( 9 ). Elə həmin and mərasiminin səhəri günü–sübh tezdən Şamaxı müsəlmanları Mədrəsə tərəfdən onlara atılan topların vahiməli səsindən diksinərək oyandılar. Əksər nailiyyətlərini xristianlıq əqidəsi ilə alış-veriş nəticəsində qazanmış erməninin müqəddəs İncili və öz Astvasını-Allahını necə «doladığını» bu epizoddan yaxşı anladan daha «uğurlu nümunənin» axtarılmasına belə, yəqin ki, heç kəs həvəs göstərmək ehtiyacında deyildir.
Beləliklə, silahsız Şamaxı müsəlmanları da Bakı Soveti hakimiyyəti adı altında fəaliyyət göstərən erməni çətələrinin amansız təcavüzünə məruz qaldı.
Qız-qadın və uşaqları Allahın evinə, yəni Şamaxıdakı Cümə məcidinə sığındırmaq istəyən Axund Molla Cəfər Qulunun da səyləri heç bir nəticə vermədi. –Stepan Lalayanın əmri ilə ermənilər qadın və uşaqları öldürüb… məscidi yandıraraq oradakı insanları da külə döndərdilər.
[Bax: Şamaxıdakı rus keşişi, İcraiyyə Komitəsinin üzvü İohan Fyodoroviç Boqomolovun A.Caparidzeyə göndərdiyi rəsmi sənədin surəti və 19.02.1919-cu il tarixində istintaqa verdiyi ifadənin surəti – (10 )]:
Şamaxı qırğınlarına dair bir keşişin şəhadəti Bakı qırğınlarından sonrakı
görüntülərdən biri
Arxiv sənədlərinin birində (FTX arayışı) 18 mart hücumu belə təsvir edilir:
Martın 18-də Şamaxı gecə ikən güneydən ermənilər, quzey-doğudan isə molokanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bombalamağa başladılar. Ermənilər və molokanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran – Şirvan”a daxil oldular… Şəhərin küçələrində azərbaycanlı meyitləri üst-üstə qalanmışdı.
Bu vəhşiliklər Gəncədən silahlı türk-müsəlman (azərbaycanlı –X.İ.) dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnəcən, yəni bir neçə gün davam etmişdi. Gəncəlilərin gəlişindən sonra ermənilər və molokanlar Şamaxı şəhərindən molokan yaşayan Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən aydın oldu ki, ermənilər və molokanlar sayca (yəqin ki, eləcə də hərbi – texniki təchizat sarıdan –X.İ.) qat-qat üstündür və buna görə də Gəncə qoşunları geri çəkilməli, 4 gün sonra, şəhərin demək olar ki, əhalisinin çoxunu da özləri ilə aparıb Şamaxını tərk etməli oldular.
Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və molokanlar şəhəri ikinci dəfə tutaraq növbəti qətliam, talan və b. azğınlıqlar törətdilər.
Sonucda Şamaxı şəhəri və qəzasının 72 kəndi erməni-bolşevik qoşunları tərəfindən darmadağın edildi.
Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası Bakı, Şamaxı, Quba və b. bölgələrimizdə baş verən soyqırımı və vandalizim aktlarını araşdıraraq çox əhəmiyyətli faktlar əldə etmişdir. İstintaq Komissiyasına Novatski və başqa qeyri-müsəlman mütəxəssislər də cəlb olunmuş, eyni zamanda bu komissiyanın sənədləri ruscaya tərcümə edilmişdi.
Bu sənədlər içərisində Şamaxı hadisələrinin istintaq materialları mühüm yer tutur. İstintaq nəticəsində Şamaxı əhalisini qətliama uğradanlar içərisində Lalayandan başqa aşağıdakı şəxslərin də xüsusi zalımlıqla fərqləndiyi göstərilir: Qavriil Karaoğlanov, Qyulbendov (Qyulbendyan), Mixail Arzumanov (Arzumanyan), Aqamalov (Qarabağ ermənisi), Sedrak Vlasov, Samuel Daliyev (Daliyan), Petrosyans, İvanovs, Ovanesov və başqaları ( 9 ) .
Şamaxı hadisələri erməni vəhşiliyinin bir çox mühüm detallarını üzə çıxarmışdı: köməksiz əhalinin gülləbaran edilməsi, qız və qadınların zorlanması, sinəsinin, tənasül üzvlərinin kəsilərək eybəcər hala salınması, qocaların təhqir olunması, cocuqların paya ilə yerə çaxılması, hamilə qadınların kürəyinə qaynar samovar bağlanması, onların bətninin yarılaraq körpələrinin çıxarılması və sonra başının kəsilməsi, bəzi adamların at kimi nallanaraq qana bələnməsi, çoxlarının gözlərinin çıxarılması, ağız və burunlarının kəsilməsi və s.
Sənədlərdə qeyd olunur ki, Axund Molla Cəfər Qulunun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmiş, üzünün dərisini soymuş… sonra yandıraraq, min bir əzabla öldürmüşdülər. Qeyd edək ki, Bakıda ələ keçən başqa Azərbaycan ziyalılarını da bu cür əzablarla məhv etmişdilər. Əzabla öldürülən ziyalı şəxslərdən şəhər rəisi Teymur bəy Xudaverdov, Rusiya Dövlət Dumasının Şamaxıdan seçilmiş deputatı Məmməd Əliyev və b. da vardı.
Şamaxı qəzasının 120 azərbaycanlı kəndindən 86-sı ermənilər tərəfindən qarət edilmiş, yandırılmış, dağıdılmış, əhalisi öldürülmüşdür.
Şamaxı əhalisindən sağ qalıb canını qurtaranlar isə qaçıb başqa yerlərə, o sıradan uzaqlıqdakı dağlara sığınmışdılar.
O zamankı şahid ifadələrindən aydın olur ki, ermənilər yerli əhalinin qiymətli əşyalarını və pullarını da yağmalamış; varlıların evlərini də əvvəlcədən siyahılaşdırmışdılar. Məlumatlara görə, o zamankı talamalar nəticəsində Şaumyan və Mikoyan da külli miqdarda sərvətə sahib olmuşlar.
Şamaxı molokanları da ermənilərə tərəfkeşlik edərək, din düşmənçiliyi adı altında onlarla birgə Şamaxı müsəlmanlarını təkləmiş, onlara qan udduraraq var-yoxlarını talamışlar.
FİK-in üzvü Novatskinin məlumatında Şamaxı hadisələrinin şahidləri Məşədi Qadım, Məşədi Nadiroğlu, Cabbar Ağa Mamedoğlu, Ağacan Mehtioğlu, Nəsrəddin İbrahimoğlu, Saday Adıgözəloğlu… Molla Qamzı Əhməd Əfəndioğlunun şahidlikləri və Əngəxaran kəndinə dair tutuşdurma dəlillərinə görə Çuxuryurd kəndlilərindən (molokanlardan) Boris İvanoviç Polovinkin, Vasiliy Borisoviç Polovinkin, ümumiyyətlə, Polovinkin soyadı ilə cəmi: 7 nəfər), Yefim Çerkazov, İvan Mixayleviç Lorin, Nikita Lorin (bu soyadla cəmi: 5 nəfər), Andrey Kostryulin, Matvey Salamatin, İvan Lapin…, Boris Gerasimov (cəmi: 27 nəfər); Jebanı kəndindən İvan Korolyov və Stepan Nazariç da yüz nəfərlik silahlı dəstə yaradaraq 18 mart 1918-ci il tarixində Şamaxı əyalətinin Əngəxaran kəndində yaşayan müsəlmanları qətl etməyə başlamışdılar. 200 nəfər müsəlmanın burunlarını kəsib, gözlərini oyaraq öldürmüş, dəyərli əşyalarını götürmüş, mal-qoyunlarını sürüb aparmışlar. Bu səbəblə də Qanunun 13, 129, 922, 927, 1630, 1633, 1634, 1453 və 1667 maddələrilə cəzalandırılmaları qərara alınmışdır.
Ümumilikdə, Şamaxıda yaşayan müsəlmanlara qarşı ermənilər tərəfindən törədilən kütləvi qətllər, bugünkü anlamda desək, soyqırımı aktları Azərbaycan Dövlət Arxivində 1061-1-108 şifrəsi altındakı sənəddə də ifadə olunmuşdur. Bundan başqa, arxiv sənədləri Şamaxının Meyniman kəndinə 1918-ci ilin martında ( 12) ; Zərgəryan, Kevlüç və İnqar kəndlərinə 1918-ci ilin aprelində edilən erməni təcavüzü nəticəsində baş verən qanlı olayları (13) bütün vacib detalları ilə əks etdirir. ( Hər üç sənəd-11, 12, 13-FİK üzvü Novatskinin FİK-in sədrinə hesabatından ibarətdir. Bu hesabatların əsaslandığı dəlillər və b. şahid ifadələri də ADA-da mühafizə olunan sənədlər içərisindədir.)
Bir sözlə Şamaxı qətliamı tam sənədləşdirilmiş, vurulan zərərlər də aşkarlanmış, cinayətkarların cəzası da müəyyənləşdirilmişdi.
Şamaxı hadisələrinin icraçılarının başçısı Stepan Lalayan isə sonralar hərbi cinayətkarlıqda şubhəli bilinən şəxs qismində ingilislər tərəfindən həbs olunmuş, onun və başqalarının barəsində qəti tədbir görmək üçün Azərbaycan hökumətindən tutarlı sübutlar tələb edilmişdi.
[Bax: Şamaxı əhalisinin Lalayanın təhvil verilməsi xahişi ilə general Tomsona ünvanladığı 29 noyabr 1918-ci il tarixli başvurusunun üzü –ADA. f.1061, siy.1, iş 99, v. 13-14]:
Nəhayət, Azərbaycan hökuməti ayrıca bir qərar verərək Stepan Lalayanın cinayət işi ilə bağlı materialları, o sıradan bəzi şahid ifadələrini Birləşmiş Qüvvələrin (Antantanın) Polis Komissarlığına göndərmişdir. Sonra Birləşmiş Qüvvələrin Hərbi Məhkəməsi də istintaq aparmış, zərərçəkən 18 şahidi və S. Lalayevi (Lalayan) dindirərək, həmçinin üzləşdirmişdir. AXC FİK ayrıca maliyə ayıraraq tərçüməçi vasitəsilə həmin sənədləri ingiliscədən ruscaya çevirtdirmişdir. [Bax: müəllifin arxivdən (ADA) aşkar etdiyi ingilis istintaq materiallarından birinin üzü (arxiv şifrəsi: 1061-1-99)]:
(Ardı var)