Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

165

Azərbaycanlıların soyqırımı; 1918-ci ilin mart qırğınları

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

(Əvvəli ötən saylarımızda)

 

Martın 31-də müsəlman elçiləri İnqilabi Müdafiə Komitəsinin ultimatumunu qəbul etdiklərini bildirmək üçün Sovetin İcraiyyə Komitəsinə gəldilər. Ancaq orada Caparidze ilə aparılan danışıqlar heç bir sonuc vermədi, hətta müsəlmanların heyəti geri qayıdarkən 3 nəfəri yolda güllələndi.

[O qanlı olaylardan tipik bir epizodu da yada salmağa dəyər: arxiv materiallarına əsaslanan Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin işçisi Vəfa xanım Məmmədkamalqızının da yazdığı kimi, indi “Güllüdərə” (bir zamanlar “Qanlı dərə”) adlanan yerdə, hal-hazırkı Bakı Sirkindən yuxarıda – Göy Məscidin arxa səmtində, onun babası, hamam sahibi Məşədi Şamxal Allahqulu oğlu Quliyev də ermənilərin hücumuna məruz qalmış və onlara igidliklə müqavimət göstərərək, şəhid olmuşdu. Onun boynuna kəndir salaraq sürümüş, ölmədiyini görcək, vəhşisəsinə başını kəsmişdilər…

Xatırladaq ki, həmin nahiyədə, bir zamanlar Bolşaya Morskaya adlanan caddədə (tanınmış ictimaiyyətçi-yazar Xoşqədəm bəy Cəbrayıloğlunun atası “avtoritet Qurd Cəbrayıl” kimi məşhur olan şəxsin təxminən 80 yaşlı ana nənəsi) yataq xəstəsi Fatmanisə xanımı qılıncla doğramışdılar. Evdəki “Quran” kitablarını ayaqyoluna atmış, ev-eşiyi talan etmişdilər. Mərhum Cəbrayıl kişinin vaxtilə Xoşqədəm bəyə söylədiyinə görə, o vaxtlar “Güllüdərə”də şəhər əhalisinin kasıb təbəqəsi – mədən fəhlələri, bənnalar və b. yaşadığı üçün müqaviməti təşkil etmək mümkün olmamışdı. Bu ərazidə olan cəmi 5-6 silahlı qoçu da varlı məhəlləsi olan Təzəpir ətrafındakı qoçularla birgə fəaliyyət göstərirdi. Ermənilərin Bolşaya Morskaya caddəsi çevrəsinə hücümü zamanı ailənin qalan üzvləri isə Xoşqədəm bəyin ana babası usta Teyyubgilin indiki Süleyman Rəhimov və Mustafa Sübhi küçələrinin kəsişməsində yerləşən evinə sığınıbmışlar… Türklər gəldikdən sonra ortada tökülüb-qalan meyitlərin çoxluğundan basdırmağa yer qalmadığından, Fatmanisə xanımı öldürüldüyü evin həyətindəcə basdırıbmışlar… Ermənilər tərəfindən murdarlanmış “Quran” kitabının bir nüsxəsini sonradan bərpa edərək Xoşqədəm bəy hələ də özündə saxlayır…]

Fövqəladə İstintaq Komissiyasının Bakıdakı Mart hadisələri ilə bağlı aydınlaşdırdığı bəzi məqamları da diqqətə çatdırmaq istərdik.

Soruşdurma sənədlərində A.N.Ter-Akopov, F.Antonov, ata-oğul Melikovlar, Vaçiyants, Daşnaksütyun Partiyası üzvləri və başqa ermənilərin fəallığı ilə yapılmlş vəhşiliklərdən – Zabrat kəndində ermənilər tərəfindən parçalanmış müsəlman cəsədlərinin quyudan çıxarılmasından, Cavad Aşurbəyovun, hərbi həkim Kərimbəy Sultanovun, Abas Eyvazoğlu adlı Bakı sakininin xanımının, çox sayda şəhərin müsəlman əhalisinin, 80 nəfər İranlı tacirin, 14 nəfərlik bir ailənin qətl edilməsindən; küçələrdə köksləri (sinələri), burunları, qulaqları kəsilmiş, gözləri çıxarılmış və qadınlıq orqanına zopa soxulmuş qadın cəsədləri ilə dolu olduğundan bəhs olunur.

Başqa istintaq bəlgələrindən anlaşılır ki, 20 mart 1918-ci il (yəqin ki, əski təqvimlə – X. İ.) tarixində ermənilər “Səadət” müsəlman məktəbini dağıtmış, 1 yaşlı cocuğun və 95 yaşlı iflic qadının tüfəng qundağı ilə başına vuraraq öldürmüş, 300 nəfəri qətl etmiş, qadın və cocuqları tutuqlamışlar.

Stepan Lalayev, M.Ter-Sarkisov və Antonovun oğlanları başda olmaqla silahlı ermənilər məscidlərdə qadın və qızların irzinə sataşmış, onlara təcavüz etmiş, müsəlmanları küçə və meydanlarda qırıb-çatmış, onları quyulara atmış və məscidləri murdarlamışlar.

K.A.Almazoğlunun ifadəsində 24 nəfərin, S. M. Rzabəyoğlunun ifadəsində 12 nəfərin həlak edildiyi, Həbib Sadıxovun şəhadətində isə Hacı Akif və bütün ailəsinin öldürüldüyü və Təzəpir camesinin həyətində 500 cəsədin bulunduğu göstərilir.

Ən önəmli soruşdurma bəlgələrinin birində (1-ci Müsəlman Atlı Alayı 2-ci Bölük Komandanı Əli Əsədullayevin ifadəsi) isə, 1918-ci il Mart olaylarında ermənilər tərəfindən 30 000 azərbaycanlının (müsəlmanın) qətlə yetirildiyi bildirilir.

Sənədlərdə göstərildiyi kimi, martın 31-də Bakıda azərbaycanlı əhalini qırıb-çatır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər; şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb qurtarmaq istəyənləri gülləbaran etmək üçün şəhərin müxtəlif yerlərində öncədən pulemyotçular (makinalı tüfəngçilər) yerləşdirilmişdi. Həmin gün axşamüstü İçərişəhərin alınması əməliyyatı başladı. Bu əməliyyatda N.Anançenko başda olmaqla, gənc Suren Şaumyan və b. fəal iştirak edirdilər. Müsəlman meyitlərinin yandırılması və iyrənc formada təhqir edilməsinin erməni ziyalıları və kilsə xadimləri tərəfindən törədilməsini təsdiq edən onlarca sənəd vardır.

Təkcə üç gün (18-21 mart (yeni təqvimlə: 30 mart-1 aprel)) ərzində Bakıda “əksinqilabçı” adı ilə 12 min azərbaycanlı öldürülmüşdü.

Bakı olayları ilə bağlı menşevik qəzeti “Naş qolos” yazırdı: “Hər yerdə meyitlər qıc olmuş, eybəcər hala salınmışdır. Təzə Pir məscidinin yanında ağır mənzərə var. Məscid atəşdən zərər çəkmişdir. Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır, meyitlər onları daha da həyəcanlandırır” ( 41 ) …

İngiltərənin və Rusiyanın dəstəyi ilə Bakıda təkcə Mart qırğınlarında 25 min azərbaycanlını öldürdüklərini deyən, o hadisələrin fəal iştirakçılarından biri, erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsdenin “İnsanlar belə imişlər” kitabında da o müdhiş olaylar haqqında geniş açıqlama verilir. Həmin kitabda müsahibəsi yayınlanan Apresyan Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qarsda da ermənilərin qırğınlar törətdiyini etiraf edib.

Araşdımaçı-alim Məshəti Əliyevanın araşdırmalarına görə, Bakı hadisələrində əsir düşənlərin sinələrində tonqal yandırır, əzalarını kəsir, gözlərini çıxarır, kürəyinə qaynar samovar bağlayıb təpədən aşağı yuvarladır, uşaqları yanan ağaca bağlayırdılar.

Bu hadisələrdə döşləri, burunları, qulaqları kəsilmiş, zorlanmış müsəlman qadınlarına, qaz sobası üzərində yandırılmış uşağa (44: v. 40), lüt soyundurulmuş üç qadın, 6 yaşlı qız, 8 yaşlı oğlan cəsədinə və üzərinə salınan üç it tərəfindən gəmirdilmiş (“ov səhnəsi” oynanaraq) südəmər körpə meyidinə də rast gəlinmişdir…

Erməni metodlarına və tarixi gerçəkliklərə qarşı unutqanlığımızı nəzərə alaraq onu da qeyd edim ki, yaxın keçmişimizdə Moskvanın əli və Qərbin loyallığı şəraitində Qarabağı işğal edən ermənilərin babaları da o vaxtkı soyqırım aktlarına hazırlıqları son dərəcə ehtiyatla, eyni zamanda optimal vaxt udumu ilə həyata keçirmişdilər. Bakıdakı qırğınlardan öncə Şaumyan Nərimanovu, Caparidze də Rəsulzadəni dəfələrlə arxayın etməyə çalışmış, qarşı tərəfin hazırlıq görməməsi üçün dəridən-qabıqdan çıxmışdılar….

Bakıdakı 30 mart-1 aprel (yeni təqvimlə) qırğınlarından sonra qısa fasilədən istifadə edərək, aprelin 16-18 aralığında müsəlman qırğınlarını və erməni işğalını pərdələmək məqsədilə A.Caparidzenin sədrliyi ilə Bakıdakı «Astoriya» mehman¬xanasında qatillər dırnaqarası sülh konfransı da düzənləmişdilər. «Konfrans»ın ən başlıca məqsədi isə erməni-bolşevik işgalını dolayısıyla legitimləşdirmək idi. Bu «konfrans»da bəzi xarici ölkə elçiləri də iştirak edirdilər. İran konsulu Həbibulla xan da burada qırğınların və işgalın nəticələrini legitimləşdirmək istəyənlərə xeyir-duaçılıqla məşgul idi…

Bütün bunlar azmış kimi, hər ehtimalı gözə alan soyqırımçı erməni-bolşevik yönətimi gələcək dönəm üçün də yeni hazırlıqlar yapmaq üçün Bakıda müsəlmanlara qarşı növbəti aldadıcı manevrlərə əl atmağı qərara alır. Bu xüsusda A.Caparidzenin Stepan Şaumyana ünvanladığı 2 aprel 1918-ci il tarixli teleqramda Şimaldan (Rusiyadan) və Daşkənddən (Xəzər yolu ilə) əlavə yardım gələnədək müsəlmanlara Bakıda muxtariyyət vəd etmək (sonra vaz keçmək niyyətilə), M.Əzizbəyovu isə əhalisi qırılıb boşalmış müsəlman məhəllələrinə komissar təyin etmək tövsiyə olunurdu…

Qeyd. 1918-ci il Bakı olaylarında bir ilginc məqamı qeyd etməmək olmaz. Bu müdhiş olaylar zamanı azərbaycanlıların az da olsa, müəyyən bir qismini yəhudilər, ruslar və gürcülər öz evlərində gizlədərək, qırğından xilas etmişdilər.

Bəzi yəhudilərin və rusların bu cür insani fədakarlığı o hadisələrin şahidi və zərərçəkəni Məhəmməd Muradzadə tərəfindən “Mart hadiseyi-əliməsi” (31 mart 1919-cu il) adlı anılarında göstərilmişdir. Məhəmməd Muradzadə o vaxtlar çox gənckən qonşusu Levin adlı yəhudinin onu və gənc qardaşını tüfəng və süngülərindən ölüm saçan erməni-bolşevik qüvvələrinin müxtəlif zamanlarda üç dəfə (bəziləri ölüm xəbərdarlığı ilə olan) hücumundan xilas edərək, guya öz ailə üzvləriymiş kimi qurtarması, sözün həqiqi mənasında bizlər üçün baş endirib sayğı ilə daim yad etməyə layiq yazılmış bir tarix kimi görülməlidir).

(Ardı var)