Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

543

GÖYCƏ HADİSƏLƏRİ

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

Erməni basqınlarından zara gəlmiş Cavanşir qəzasının bir qisim kəndlərinin, o sıradan İmarət-Qərvənd kəndinin əhalisi və Umudlu kəndinin bir hissəsi payızda böyük təlafatla Murovdağı aşaraq, bu qəzanın aran kəndlərinə köç edib orada məskən salırdılar.

Qarabağda 1918-ci il və 1919-cu ilin əvvəllərində soyqırıma məruz qalan qəzalardan biri də Cəbrayıl qəzası idi. Bu qəza 12 azərbaycanlı və 3 erməni kənd icmasından ibarət idi. FTK-nın məlumatlarından göründüyü kimi, 1918-ci il dekabrın ilk günlərindən ermənilər əvvəlcə tək-tək azərbaycanlıları qətlə yetirib mal-heyvanlarını sürüb aparır, sonra kəndlərə mütəşəkkil basqınlar həyata keçirirdilər. Bir sözlə arxivlərimizdə 1918- ci ilin sonu 1919-cu ilin əvvəllərində ermənilər tərəfindən Cəbrayıl qəzasının Eyvazlı, Dolanlar, Şıxlar, Məlikli və b. kəndlərinə hücumlar və müsəlman əhalinin əmlaklarının yandırılması və var-dövlətlərinin talan edilməsi barədə çoxlu faktlara söykənən məlumatlar var.

Ancaq Qarabağda ermənilərin azərbaycanlılara vurduğu ən böyük zərər isə Şuşa qəzası ərazisində idi.

Şuşa-Qaryagin (Cəbrayıl) və Şuşa-Əsgəran yollarını silahlı çətələr vasitəsilə nəzarətə alan erməni yaraqlıları bu yollarda azərbaycanlıları qarət və tərk-silah edir, getdikcə bu quldur dəstələri nizamlı hərbi birləşmələrə çevirib burada yaşayan erməni əhalisini Azərbaycan hökumətinə tabe olmamağa təhrik edirdilər.

Şahid bəlgələrinə görə, 1918-ci ilin dekabrında ermənilər Qoqo kəndinin azərbaycanlılar yaşayan 55 evini dağıtmış və yandırmışlar. Mülkədar Cavanşirin malikanəsini də viran qoymuş, ailə başçısı Əsəd ağa Cavanşiri, oğlu Soltan ağanı, qızı İranə bəyimi, qardaşı qızı Fatma bəyimi, evin qulluqçusu və nökərlərini vəhşicəsinə qətlə yetirmiş, avandanlıq, mal-qara və kənd təsərrüfatı alətlərini qarət etmişdilər.

Erməni millətçiləri Tuğ kəndinin azərbaycanlılar yaşayan hissəsini dağıtmışdılar. Salakətin, Şıxımlı, Gövşadlı, Divanlılar və Çərəküz kəndlərini tamamilə dağıdaraq yandırmış, əmlaklarını talan etmişlər.

Şahid ifadələrinə söykənən FTK məlumatından aydın olur ki, təkcə Şuşa qəzasında erməni basqınları sayəsində qarət edilmiş və yandırılmış azərbaycanlı kəndlərində soydaşlarımızdan 100-dən çoxu öldürülmüş, onlara 100 milyon manatdan çox ziyan dəymişdir.

Azərbaycan hökuməti Bakıdan İngilis komandanlığının razılığını alaraq 1919–cu ilin yanvarında Azərbaycanın Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları ərazisindəki bu qanlı soyqırımı hadisələrini durdurmaq üçün general-qubernatorluq yaratdı. Ermənilər Şuşadakı erməni milli şurasının təlimatı və əmri ilə hərəkət edərək bu general-qubernatorluğu da tanımadılar. 1919-cu il iyunun 1- də çoxlu sayda silahlı ermənilərin gizli yolla Şuşaya daxil olması haqda bilgi əldə edən Şuşadakı Azərbaycan hakimiyyət orqanları azərbaycanlılara məxsus Üçtığ yüksəkliyində gözətçilərin sayını artırdı. İyunun 4-də Üçtığ yüksəkliyi tərəfindən gözlənilmədən başlayan atışma tezliklə bütün şəhəri bürüdü. 50 nəfərə yaxın erməni silahlıları azərbaycanlı əsgərlərin səngərlərinə hücum etdi. Ermənilər tərəfindən hücuma rəhbərlik edən Arzumanov və başqaları məhv edildi, azərbaycanlılardan isə 3 əsgər həlak oldu.

1920-ci ilin yazında Qarabağ bölgəsində qiyam qaldıran ermənilər əslində o dövrlərdə şimal sərhədlərimizə yaxınlaşan rus bolşevikləriylə birgə Azərbaycana qarşı ortaq sui-qəsd planı hazırlamışdılar.

Martın 22-də gecə saat 3-də erməni qüvvələrinin eyni vaxtda Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən Azərbaycan qoşun bölmələri üzərinə hücumu başladı. Əsgərandakı 50 nəfərlik kiçik dəstəmiz qəhrəmancasına müqavimət göstərərək həlak oldular. O biri məntəqələrdə isə ermənilərin hücumu uğurla nəticələnmədi. Onların 24 martda səhər saat 6-da Tərtər üzərinə hücumları da dəf edildi.

Hələ martın 19-da şimal sərhədimizdəki 1-ci Tatar süvari alayının, Quba piyada alayının bir taborunun Qarabağa göndərilməsi haqda hərbi nazir göstəriş vermişdi. Martın 24-də Gəncə piyada alayının 2 ədəd topa malik bir taboru da bu bölgəyə yola salındı. Bu bölgədə döyüş əməliyyatlarına rəhbərlik etmək üçün martın 26-da Ağdamda Azərbaycan Ordusunun qərargah rəisi general-mayor H.Səlimovun rəhbərliyi ilə xüsusi qərargah da yaradıldı.

Martın 24-25-də ermənilərin Tərtərə hücumu uğursuzluqla nəticələndi. Martın 26-da Tərtər ətrafında Azərbaycan bölmələrinin və partizanların uğurlu əməliyyatı davam etdirilərək, gündüz saat 12-də Çaylı və Bruc erməni kəndləri ələ keçirildi.

8-ci Ağdaş piyada alayı və Zaqatala piyada alayının 700 nəfərlik Nuxa taboru da Qarabağa hərəkət etmək əmri aldı. Martın 29-da Əsgəran istiqamətində əsas hücum başlandı. Uğurla başlayan bu döyüş təcrübəsizlik və qarşılıqlı əlaqələrin düzgün tənzimlənə bilməməsi ucbatından müsbət nəticə vermədi və qüvvələrimiz geri, əvvəlki mövqelərinə çəkilməli oldular.

Aprelin 2-də Zaqatala piyada alayının, Şirvan alayının və Tərtər süvari alayının hissə və bölmələrinin bölgəyə gəlib çatması ilə Əsgəran üzərinə yeni hücum hazırlığına başlandı.

Əlavə nizamlı qüvvələrlə möhkəmləndirilən Ağdam dəstəsi aprelin 3-də yenidən Əsgəran istiqamətində hücuma keçdi. Erməni silahlı qüvvələri bütün imkanlarını səfərbərliyə alıb, Ağdaş dəstəsinin qabağını kəsməyə çalışsalar da, böyük tələfat verib, öncə Əsgəranı, ardınca Xocalını tərk etməyə vadar oldular. Bu iki strateji məntəqənin azad edilməsinin ardınca Ağdam dəstəsi gün ərzində Ağdam-Əsgəran yolu kənarındakı Kətik, Aranzəmin və Naxçıvanik kimi möhkəm müdəfiəyə malik olan məntəqələri də ermənilərdən təmizləyib, Malıbəyliyə yaxınlaşdılar.

Ermənilər Malıbəyli-Daşkənd və Şuşikənd məntəqələri arasında cəmləşdilər. Aprelin 5-də Ağdam dəstəsi Şuşikənd istiqamətində hücuma keçdi. Sağdan Şuşikəndin doğusundakı yüksəkliklərə doğru Tatar süvari alayının bölmələri, soldan-Şuşikənd qəbiristanlığı yönündən Bakı piyada alayının bir taboru, mərkəzdən isə 4-cü Quba piyada alayının bölmələri irəliləyirdi. Saat 20-də hissələrimiz döyüşü uğurla sona çatdırıb Şuşaya daxil oldular.

Aprelin 9-dan 12-dək Şuşa yaxınlığındakı Keşişkənd çevrəsində gedən gərgin savaş sonucunda Qarabağdakı erməni güclərinin əsas bazası məhv edildi.

Beləliklə 1920-ci il martın 22-də başlanmış bu əməliyyatlar Azərbaycan Ordusunun qələbəsilə yekunlaşdı və Qarabağda Azərbaycan dövlətinin suverenliyi bərpa olundu.

Xatırladaq ki, Qarabağ və Zəngəzur bölgələrindəki vəziyyətin böhranlı duruma çatması nəticəsində DİN-nin təklifi ilə Azərbaycanin Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılması və hökumətin 1919-cu il yanvarın 29-da Xosrov bəy Sultanovu general-qubernator təyin etməsi ermənilər tərəfindən etirazla qarşılandı: Ermənistan da Qarabağa ərazi iddiası irəli sürdü və fevralda Britaniyanın Tiflisdəki silahlı birləşmələrinin komandanı Uokerə müraciət etdi. Müraciət cavabsız qaldığından Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi Bekzadyanın da müxtəlif vasitələrlə təsir göstərməsinə baxmayaraq, Tomsonun nümayəndəsi polkovnik Şatelvord Şuşaya gedərək, ermənilərin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabe olmasını tələb etmişdi… bununla belə ermənilər Azərbaycan hökumətinə təbəəlik etmək fikrindən uzaq idilər. Tomson mayın 5-də Fətəlixan Xoyskiylə görüşündə pozuculuq fəaliyyəti göstərən şəxslərin sürgün olunması haqda sərəncam verdiyini bildirmişdi. Ancaq erməni bölücüləri Qarabağda durumu kəskinləşdirmək istiqamətindəki fəaliyyətlərinə ara vermirdilər…

Öncəki bölümlərin birində də xatırlatdığımız kimi, nəzərə almaq lazımdır ki, ermənilər I Dünya Müharibəsi zamanı üç qismə “bölünərək” həm Antantanın, həm bolşeviklərin, həm də ağqvardiyaçıların tərəfində vuruşmaqla bu üç hegemon qüvvənin hər birindən bəhrələnməyə çalışır, əksər hallarda da buna nail olurdular.

Andranik Antantanın hərbi-siyasi casusu ola-ola, „Bakı Soveti”nin lideri erməni Şaumyana teleqram yollayaraq işğal etdiyi Naxçıvanı (Culfanı) ona təslim etməyə hazır olduğunu bildirdiyi halda, üçüncü qüvvə olan polkovnik Biçeraxov və general Denikinlə də əlaqəyə malik idi. Heç də təsadüfi deyildi ki, Biçeraxov Qafqaz İslam Ordusunun Bakıya doğru hərəkatına mane olub onun bölmələri ilə savaşır, Denikin isə Dağıstanda, Azərbaycanın və Qafqazın şimalında müsəlman qırğınları törədir, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin, hökumətinin potensialına və suverenliyinə real təhlükə yaradırdı.

“Bakı kommunası”nı müdafiə edən daşnak liderlərindən A. Camalyanın 1918-ci il avqustun 16-da alman hərbi missiyasının başçısı general fon Kresslə görüşündə “Andranik Zəngəzurdan Qarabağa keçmək, türklərə arxadan zərbə endirmək və Bakıya yol açmaq istəyirdi” deməsi də ilk baxışdan çox qəribə və ilginc səslənə bilər. Belə ki, Antantanın müttəfiqi (daşnaklar özlərini belə adlandırırdılar – X.İ.) Antantanın düşməninə (almana – X.İ.) vaxtı ötmüş “muştuluq” üçün “müjdə” çatdırır ki, bəs biz (yəni səninlə müharibədə qarşı tərəf) sənin müttəfiqinə (türklərə – X.İ.) zərbə endirərək Bakını əldə saxlamaq istəyirdik. Əlbəttə, Camalyanın bu məntiqi I Dünya Savaşındakı müttəfiqliyin rəsmilikdən daha çox maraqlar gerçəkliyinə söykəndiyi üçün əslində əsaslı idi. Ancaq nə yaxşı ki, türklər Bakını qaytara bildi və sonluqda Almaniya öz səhvini etiraf etmiş oldu. Buna “gücün həqiqəti təsdiq etdirməsi”ndən başqa bir ad vermək doğru olmur… Təəssüf.

 (Ardı var)