Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

300

GÖYCƏ HADİSƏLƏRİ

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

(Əvvəli ötən saylarımızda)

GÖYCƏ HADİSƏLƏRİ

 5-ci əsrin sonlarından “Göycə” adlandırıldığı güman olunan bu bölgə Azərbaycanın tarixi-coğrafi bölgələrindəndir. Şah İsmayılın 1510-cu ildə verdiyi fərmanda da “Göycə mahalı” qeydi vardır. Rus işğalından sonra 1849-cu ildə yaranan İrəvan quberniyasının Nor-Bayazet (Yeni Bəyazid) qəzasına daxil edilmişdi. 1917-ci il Qafqaz təqvimindəki bilgiyə görə, Yeni Bəyazid qəzasının ərazisi 4 122, 76 kv. verst, əhalisi 174 111 nəfər idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Yeni Bəyazid qəzasının 1-ci və 2-ci polis sahələri mübahisəsiz, 3-cü polis sahəsinin isə bir qismi Ermənistanla mübahisəli ərazi sayılırdı və Azərbaycan daxilində Göycə dairəsi təşkil edilmişdi. XİN-nin məlumatına görə, “Göycə rayonu” adı altında Göycə gölü və Kiçik Qafqaz dağları arasında yerləşən İrəvan quberniyasının Yeni Bəyazid qəzasının şərq hissəsi nəzərdə tutulurdu. Əhalisi tamamilə müsəlmanlardan ibarət idi. Bu əhali özlərini Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində hesab edirdi, buna görə də Göycəyə qeyri-rəsmi yiyələnib, gələcəkdə rəsmiləşdirmək niyyətilə ermənilər 1919-cu ildə Zod, Daşkənd, Basarkeçər və b. kəndlərdə azərbaycanlılara qarşı soyqırım törətdilər.

Türkiyənin Bəyazid şəhərindən Rus işğalından sonra Göycəyə köçürülüb gələn ermənilər burada həmin adı Nor (Yeni) Bəyazid kimi rəsmiləşdirərək Göycə bölgəsindəki qəzaya belə bir gəlmə adın verilməsinə nail olmuşdular. İ.Şopenin 1829-1832-ci illərdə apardığı kameral təsvirə görə, Göycə mahalında 59 kənd vardı. Rusiya tərəfindən buraya ermənilərin köçürülməsi ərəfəsində 999 azərbaycanlı ailəsi (yaxud 5607 nəfər) və cəmi-cümlətanı 15 erməni ailəsi (90 nəfərlik) yaşayırmış… Ancaq sonra çar Rusiyası ümumilikdə Qafqaza, həmçinin Göycəyə külli miqdarda erməni əhalisi köçürərək balansı pozmağa nail oldu. Müqayisə üçün bildirək ki, təkcə Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrindən sonra buraya Türkiyədən 1485 erməni ailəsi (8557 nəfərlik) köçürülmüş… və sonralar bu köçürmələr azərbaycanlıların nisbətinin 29,1%-ə düşməsinə gətirib çıxarmışdı…

Yeni Bəyazid qəzası tərkibindəki Dağlıq zolağın 5-ci sahəsinin müsəlman əhalisi üzrə müvəkkilinin 1919-cu il mayın 17-də verdiyi məlumatda bildirilir ki, 1919-cu il 13 apreldən etibarən Ararat Respublikası nizami hərbi hissələri Göycə bölgəsinin Yeni Bəyazid qəzası ərazisindəki dinc müsəlman əhali üzərinə hücum etmişlər. Ermənilərin niyyəti Göycə gölünün şərq və şimal hissəsini buradakı müsəlmanlardan “təmizləmək” idi. Nəticədə Yeni Bəyazid qəzasındakı 84 müsəlman kəndi dağıdılmış, yandırılmış, əhalisi də qırğına məruz qalmışdır… Erməni təbiri ilə desək, Göycə müsəlmanlardan qanla “təmizlənmişdir”.

Bu hadisələrdən sonra baş verən növbəti xəyanət – bolşeviklərin (o cümlədən Azərbaycan bolşeviklərinin, bəlkə də zorən) Göycəni ermənilərə güzəşt etməsi sonucunda bu qədim torpaq da itirildi, beləliklə Azərbaycan Göycə boyda da kiçilməli oldu. Ermənistan SSR hökuməti öz qələbəsini tarixiləşdirərək Göycədəki türk yer adlarını da ermənicə əbədiləşdirməyə çalışdı: beləliklə Basarkeçər – Vardenis, Çəmbərək – Krasnoselsk, Qaranlıq– Martuni, Kəvər – Kamo adlandırıldı

Qeyd: Əslində bolşevikləşmədən sonra da Azərbaycan  hökuməti Nərimanovun öndərliyi ilə erməni hərbi təcavüzünə və Ermənistanın torpaq iddialarına qarşı prinsipal mövqedə dayanaraq bir müddət ciddi mübarizə aparmışdı. Ancaq şərtlər Azərbaycanın xeyrinə olmadığı üçün yuxarıda sadalanan itkilər qaçılmaz oldu. Xatırladaq ki, hələ Müsavat hakimiyyəti dönəmindən Nərimanov Ermənistanın təcavüzünə qarşı fəal çıxış edir, Moskva hökumətinə müvafiq arayışlar göndərirdi. Onun Çiçerinə yazdığı (surəti Vladiqafqaza: Orconikidzeyə) belə məktubların birinə hətta Qafqazın kommunist liderləri Mdivani, Mikoyan, Nuricanyan da imza atmışdılar. Ermənistan Xarici İşlər Naziri Ohancanyanın Sovet Azərbaycanı hökumətinin 8 may 1920-ci il tarixli notasına cavabı da Nərimanov hökumətinin əsl mövqeyini ortaya qoyur. Həmin notadakı faktlar Ohancanyanı silkələdiyindən əməli və punktual cavab verə bilmədiyi üçün mətləbdən yayınaraq yazır ki, indi Azərbaycanda Sovet çevrilişinin məqsədi aydınlaşır. Bu çevriliş bəy-xan müsəlman hökumətini guya inqilabi sosialist hökuməti ilə əvəzləyib, əslində isə Azərbaycanın dövlət həyatında və siyasi həyatında heç bir niyyət dəyişikliyi yoxdur. Azərbaycanın guya inqilabi və sosialist olan hökumətinin ilk addımları Qarabağ və Zəngəzur ermənilərinin kölələşdirilməsinə yönəlibBu kimi tarixi sənədlər də Nərimanov siyasi məktəbinin sağlam və milli təfəkkürəyə söykəndiyini, ancaq tarixin keşməkeşlərində bir neçə məcburi pis variantdan nisbətən məqbulunu seçmək zorunda qaldığını sübut edir.

 QARABAĞDA AZƏRBAYCANLILARA QARŞI SOYQIRIMLAR (1918-1920)

 Ermənilərin Qarabağa aid Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında azərbay­can­lı­lara qarşı törətdikləri soyqırımı aktları Azərbaycan hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən araşdırılıb, çoxsaylı şahid ifadələri, baxış protokolları, məruzələr və faktlara söykənən materiallarla təsbit edilmişdir. FTK-nin üzvü N.Mixaylovun məruzələrinin birində deyilir ki, I Dünya Savaşı cəbhələrində Sovet Rusiyasının müharibələri dayandırması səbəbilə orada xidmət göstərən ermənilərin öz silah-sursatlarıyla birgə fərarilik etməsi nəticəsində bu bölgə erməniləri də kifayət qədər silahlanmışdılar. Ancaq Cavanşir qəzası müsəlmanları isə sadəlöhvlüklə bu prosesi müşahidə edərkən, silahların yaxın gələcəkdə məhz onlara qarşı yönələcəyini xəyallarına belə gətirmirdilər.

N.Mixaylov öz məruzəsində göstərir ki, 1917-ci ilin dekabrından etibarən erməni-daşnak çətələri Kolanı icmasının azərbaycanlı kəndlərinə həmlə edərək onlardan hələ Yer üzündə mövcud olmayan (hətta elan belə edilməmiş –X.İ.) Ermənistan Respublikasını tanımağı tələb edir və guya bu dövlət üçün azərbaycanlılardan zorla vergi yığırdılar.

1918-ci ilin avqustunda ermənilər Şuşada qurultay çağırdılar. Həmin qurultayda 7 nəfərlik bir qurum seçib onu Qarabağ hökuməti adlandırdılar və bütün hakimiyyətin ona verilməsini tələb etdilər.

Azərbaycanlılar da Şuşada özünümüdafiə dəstəsi yaratmağa məcbur oldular.

Andronikin dəstəsi ilə Zəngəzura gəlməsi isə Qarabağda hərbi durumun daha da zorlaşmasına zəmin yaradırdı. 1918-ci ilin iyun ayının 22-də Osmanlı Ordusunun bölgədəki 12-ci firqəsi tərəfindən ağır zərbə alan Andronik və onun tör-töküntüləri Naxçıvana çəkilərək orada öz vəhşiliklərini sürdürürdülər. 4-cü korpusun tabeçiliyində olan 11-ci Qafqaz firqəsi Naxçıvana döğru hərəkət edərək, 3000 piyada və 600 süvaridən ibarət erməni quldur dəstəsini əzişdirdi; beləliklə, iyulun 20-də Naxçıvan ətrafında vəziyyət sabitləşdi. Bu zərbədən sonra Andronik öz tör-töküntülərini Zəngəzura və Qarabağa topladı; burada da kütləvi qırğınlara rəvac verdi.

Avqustun 9-da Nuru Paşaya göndərdiyi məktubda Qarabağ məntəqəsi komandanı yarbay İsmayıl Həqqi bəy bölgədə genişlənən təcavüzün qarşısını almaq üçün yerli qüvvələrin yetmədiyini, bu səbəbdən də Qarabağa əlavə hərbi qüvvələr göndərilməsini xahiş edirdi.

1918-ci il sentyabrın 25-də Qafqaz İslam Ordusunun Cəmil Cahid bəyin komandanlığı altında olan hissələri Qarabağa daxil olaraq, orada üç həftəyə başa çatdırılması nəzərdə tutulan xilaskarlıq missiyasına başladılar.

Qarabağ hərəkatına xüsusi önəm verdiyi üçün oktyabrın 1-də Nuru paşa özü də Ağdama gəldi.

Erməni tərəfi Qafqaz İslam Ordusunun basqı və hücumu nəticəsində öncə uğursuzluğa düçar olsa da, sonralar aldığı əlavə qüvvə və maddi yardımlar sayəsində bölgədə durumu yenidən mürəkkəbləşdirməyə müvəffəq oldu.

“Bundan başqa erməni millətçiləri beynəlxalq aləmdə də kifayət qədər səs-küy salaraq türk qoşunlarının Qarabağda “günahsız” erməniləri qırması barədə xəbərlər yayırdılar. Xüsusilə Osmanlı ordusu Baş Komandanlığının Ərkani-hərbiyyə rəyasətini öz üzərinə götürmüş yeni Sədrəzəm Əhməd İzzət Paşanın Qafqazda və o cümlədən Azərbaycandakı vəziyyətə kifayət qədər bələd olmaması ermənilərin ona müəyyən təsir göstərməsinə yol açırdı. Onunla görüşmək imkanı olan erməni nümayəndələrinin hələ Bakının azad edilməsi zamanı (guya –X.İ.) 30 min erməninin öldürülməsi, indi isə bu qırğınların Qarabağda davam etdirilməsi barəsindəki hay-küyləri Əhməd İzzət Paşanı Azərbaycanla bağlı əvvəlki hökumətin yeritdiyi siyasətdən geri çəkilməyə sövq etdi və oktyabrın 23-də o, Qarabağ hərəkatının dayandırılmasını tələb etdi.

Əhməd İzzət Paşa kabinetini belə addımlar atmağa bir tərəfdən də Müttəfiq Dövlətlər məcbur edirdilər. Ermənilər öz təbliğatları ilə Müttəfiq Dövlətlərdən istifadə etməyə çalışdıqları kimi, Müttəfiq Dövlətlər də ermənilərdən istifadə etməyə çalışır və onların hay-küylərinin həqiqət olması kimi qələmə verərək bu yolla Türkiyəni Qafqazdan tamamilə sıxışdırmağa cəhd göstərirdilər. Türkiyə müttəfiqlərinin I Dünya Müharibəsində məğlub olması isə Türkiyəni Amerika və İngiltərənin hər cür tələbləri qarşısında müqavimətsiz qoymuşdu” (7: s.389-390).

Beləliklə dezinformasiya və beynəlxalq təzyiq sayəsində türk ordusu Qarabağdan çəkilərək, bölgənin yeni təhlükələr ocağına dönüşməsinin qarşısını almaq missiyasını yarıda dayandırdı…

Təbii ki, bu hadisələrin ardınca Qarabağda Azərbaycan türklərinə qarşı yeni bir qətliam dalğası da başladı…

(Ardı var)