Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

318

QƏRBİ AZƏRBAYCANLILARIN SOYQIRIMI

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

Erməni təcavüzlərinin tüğyan etdiyi o dövrlərdə bəzi başqa bölgələrimizdəki kimi, İrəvan bölgəsinin də əhalisinin bir qismi Türkiyə və İrana keçmiş, sonralar onların müəyyən hissəsi geri qayıtmış, bir çoxları isə oralardaca qalıb yaşamağı üstün tutmuşdular.

İran ərazisinə keçib geri dönənlərdən birisi-İrəvan sakini Molla Dərvişzadə molla Abbas oğlu demişdir ki, İrandan vətənə qayıdanda Qəmərli kəndindəki məscidin həyətində körpələrə, uşaqlara və onların kəsilmiş başlarına payaların sancıldığını görüncə dəhşətə gəlib sarsılmışlar.

Göycə mahalının Krasnoselo rayonunda da erməni millətçiləri “əllərinə keçən qadınları, uşaqları, qocaları bir yerə yığıb quyulara doldurmuş, üstlərinə daş tökmüşlər. Həftələrlə həmin quyulardan insan naləsi eşidilirmiş ki, bundan da daşnaklar, onların başçıları ləzzət alırmış” (16: s.81).

Andranikin dəstələri Gölkəndə, Toxluca, Şorca, Ardanış və b. kəndlərdə azərbaycanlılara divan tutmuşdur. Şorca kəndində qaça bilməyənləri güllələyir, müxtəlif işgəncələrlə öldürür, uşaqları süngülərin ucunda gəzdirirmişlər.

Krasnoselonun Ağbulaq, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Çaykənd, Cıvıxlı, Cil və b. kəndlərinə də hücum edən Andranikin bandaları əhalini qırıb-çatmış, kəndləri dağıtmış, var-dövlətini talan etmişdir. Eçmiədzin bölgəsinin azərbaycanlıları da eyni taleyi yaşamışlar: bu rayonun 700 nəfərdən çox əhalisi olan Ayarlı kəndi bütünlüklə soyqırımına məruz qalmışdır (çoxu işgəncələrlə öldürülmüş, qaçanlar isə dağda-daşda tələf olmuşdur), 800 nəfər sakini olan Qarğabazarı, 500 nəfərə yaxın soydaşımızın məskunlaşdığı Qəmərli kəndi də eyni aqibəti yaşamışdır.

Ümumilikdə isə, Eçmiədzin bölgəsinin Yuxarı Qarxun, Yuxarı Türkmənli, Kiçik Zeyvə, Kürəkənli, Məmmədabad, Molla Dursun, Hacı Qara, Hacılar, Haramlı və b. kəndlərinin azərbaycanlıları da 1918-ci il olaylarında soyqırıma məruz qalmış, ancaq sonralar bu əhalinin az bir hissəsi geri dönmüşdü; bir çox kəndlərə ermənilər yiyələnmiş, bəzi yaşayış məntəqələri isə sözün əsl mənasında xarabalığa çevrilmişdi.

Azərbaycanlıların ermənilərdən sayca çox üstün olduğu Əştərək rayonunun Avan, Angersağ, Aşirabad, Bayram Əli, Qaraceyranlı, Qaraşam, Qızıl Teymur, Qızılxaraba, Qoytul, Qoş, Qoşabulaq, Əgərək, Zeynal Bulağı, Kiçik Kənd, Kötəkli, Nəzirvan, Orqov, Pərsi, Təkiyyə, Tülünabi, Üşi, Uçan, Hamamlı, Haxıs, Cadqıran və b. (cəmi 36 azərbaycanlı kəndi) yaşayış məskənlərinin əhalisi də ermənilərin amansız hücumları səbəbindən soyqırımına məruz qalmışdır.

İndiki Ermənistanın 1918-ci ildə azərbaycanlıların çoxluq təşkil etdiyi Talin rayonu ərazisindəki Aynalı, Şeyx Hacı, Aralıx, Aşağı Ağcaqala, Aşağı Qaraqoymaz, Aşağı Pirtikən, Baxçacıq, Quldərviş, Əkərək, Yeşil, Yuxarı Ağcaqala, Yuxarı Qaraqoymaz, Karvansara, Mehriban, Sultanabad və b. kəndlər erməni hökumətinin nizami quldur dəstələrinin saldırmalarına uğrayaraq, soyqırımı və didərginlik taleyi yaşamışlar. Sonralar bu kəndlərə gəlmə ermənilər köçürülmüş, azərbaycanlıların da az bir hissəsi geri qayıtmışdır. Türkiyə ilə sərhəddə yerləşən Sərdarabad (1930-cu ildən: “Hoktemberyan”) şəhəri və eyniadlı rayonun ərazisindəki Ağcaarx, Kiçik Armudlu, Təzəkənd, Xeyirbəyli, Xocayarlı, Hacı Bayramlı, Hasar, Qatırabad, Şahverdi, Sofiabad, Kərimarx, Canfida və b. kəndlərdəki azərbaycanlılar erməni daşnak hökumətinin formal və qeyri-formal silahlı qüvvələri tərəfindən vəhşicəsinə qırılmış, onların doğmaca yerlərinə ermənilər köçürülərək, sonralar qayımaq istəyən azərbaycanlılara imkan verilməmişdir.

Andranik, Yapo və Dronun hərbi cinayətkar dəstələri əhalisinin təqribən 90%-i azərbaycanlılar olan Vedibasar mahalına da qan uddurmuşdular.

Vedinin Avşar, Aysar, Ağkilsə, Aşağı Ərmik, Bayburt, Bağçacıq, Böyük Vedi, Böyük Gilanlar, Qaladibi, Qaraqoyunlu, Qaratorpaq, Qarağac, Qarın Burun, Qədirli, Dəhnəz, Daşlı, Dəvəli, Əzizkənd, Əli Qoruğu, Əliməmməd, Əlimərdan, Əsni, Zimmi, İmirzik, İnqala, Yaycı, Yellicə, Yeni kənd, Yengicə, Yeranos, Yuxarı Əmrik, Karvansara, Kiçik Vedi, Kolanlı, Göydüz, Körpükənd, Küsüs, Manquk, Reyhanlı, Sarıxanlı, Seyid Kotanlı, Taytan, Tərəkəmələr, Xalisə, Xosrov, Çobandərə, Çimkənd, Şahablı, Şidli, Şirazlı, Şıxlar və b. kəndləri yuxarıda adı çəkilən erməni daşnak komandanlarının amansız, vəhşi çətələrinin saldırmasına uğramışdır. Andranikin dəstələrinin Xalisə, Çimənkənd, Şidli, Şirazlı kəndlərində törətdiyi vəhşiliklər xüsusilə fərqlənirdi.

Vedinin 1918-ci il hadisələrində düşdüyü ağır vəziyyət Əziz Ələkbərlinin, Telli Pənahqızının və Vedi ahıllarının şahid yaddaşından o olum-ölümlü dövrləri bu günün və gələcəyin-tarixin yaddaşına daşıyan başqa müəlliflərin kitab və məqalələrində daha geniş əksini tapmışdır.

Vedibasarlıların soyqırımından bəhs edən Əziz Ələkbərli yazır ki, Türkiyədən məğlub olaraq qaçmış “Van” və “Sasun” polkları kəndləri toplardan və zirehli qatardan atəşə tutur, öldürülənlərin qarnını yırtır, gözlərini oyur, bəzi cəsədləri yandırır, əhalinin var-yoxunu talayır, eşidilməyən-ğörünməyən vəhşiliklərə əl atırdılar. (Bu deyilənlər 16-19 avqust 1919-cu il tarixli, Paris Sülh Konfransının sədrinə ünvanlanmış sənəddə öz əksini tapıb). Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli, Dəhnəz kəndlərinin kişilərini isə ermənilər son nəfərə kimi qətlə yetirmişlər.

Telli Pənahqızı da Vedi və vedililərərə həsr etdiyi “Ayrılıqdan sonra çəkilmiş şəkillər” kitabında o dövr hadisələrinin əsas məqamlarına toxunaraq yazır:

“Müdafiyeyi-məzluman” siyasi təşkilatının başçısı Hüseynağa Şahtaxtinskini 1917-ci ildə daşnakların gizli fitvası ilə qətlə yetirdilər…

“Seyfulla Süleymanovun (sonralar çekist olmuşdur-X.İ.) neçə il qabaq söylədiyi mülahizələr getdikcə gerçəkləşirdi. 1918-ci ildə daşnak orduları azərbaycanlılara qarşı amansız və qanlı təcavüzlərini açıq-aşkar həyata keçirməyə başladılar. Onlar böyük qüvvə ilə Vedi mahalına, Şərur, Naxçıvan ərazilərinə hücuma keçdilər…”

(Telli Pənahqızının bildirdiyi kimi, Abbasqulu bəy Şadlinski (Şadlı – X.İ.) və onun Seyfulla Süleymanov kimi igid silahdaşları xarici qüvvələrdən silah və hər cür dəstək alan erməni komandanları Andronik, Nijde (Njde), Dro, Vahan, Eğazar kimilərinə qarşı bölgə türklərini (müsəlmanlarını) səfərbər edirdilər.

Sonralar, silah-sursatın tükəndiyi bir dövrdə Abbasqulu bəy ən çox hücuma məruz qalan Vedi və Şərur mahalının əhalisini müvəqqəti olaraq İrana ( Güney Azərbaycana – X. İ.) köçürmək zərurəti qarşısında qalmışdı… 1921-ci ildə İrandan qayıdan Abbasqulu bəy “Qırmızı Tabor” adlı məşhur sılahlı dəstəni yaradaraq Qəmərli cəbhəsində, Şərur, Naxçıvan istiqamətində, Sisyan, Zəngəzur bölgələrində daşnak ordularını yerlə yeksan etmişdi).

Quqark rayonunun çoxu azərbaycanlılar, az bir qismi Türkiyədən köçmüş ermənilər yaşayan Vartanlı kəndində isə 1000-dən çox azərbaycanlını və bir neçə yüz ermənini iclas adı ilə bir komaya yığıb, sonra, bu kənddə ermənilərlə azərbaycanlıların mehriban yaşaması çağırışıyla iclası açan keşiş Vartanı və başqa erməniləri bayıra çıxararaq içəri doluşan erməni silahlıları samanı neftlə isladıb komanı yandırırlar. Vəli Həbiboğlunun yazdığına görə, bu hadisə ilə bağlı Rusiya Dövlət Arxivində saxlanan sənəddə isə 1918-ci ilin avqustunadək burada erməni millətçiləri tərəfindən qətlə yetirənlərin ümumi sayı 165 nəfər göstərilir ki, bu da həqiqətdən çox uzaqdır.

Vəli Həbiboğlunun qeyd etdiyi kimi, soyqırıma məruz qalmış Qərbi Azərbaycan bölgələrindən biri də İrəvanın şimal-şərqində yerləşən Kotayk rayonudur. V.Həbiboğlu 1918-ci ildə azərbaycanlıların çoxluq təşkil etdiyi bu bölgənin Andranik və daşnak Ermənistan hökumətinin başqa cani komandanlarının quldur, qaniçən dəstələri tərəfindən soyqırıma uğradılmış kəndlərinin adını çəkir: Avdallar, Artiz, Aşağı Qaxt, Başkənd, Bozkosa, Qayaxaraba, Qaraçala, Qaraçörək, Qızqala, Qurbağalı, Damagirməz, Dəlləkli, Əkərək, Zər, Yelqovan, Yellicə, Kamal, Kənkan, Kərpicli, Küzəcik, Göykilsə, Güllücə, Nurnus, Oxçu qalası, Təzəxarab, Çobangörükməz və başqaları. Bu kəndlərin əhalisinin çoxu öldürülmüş, işgəncələrə məruz qalmış, qaçaraq sağ qalanlar isə acı didərgin həyatı yaşamışlar.

Basarkeçərin azərbaycanlılar yaşayan 31 kəndi (xatırladaq ki, 1918-ci ildə bu bölgədə cəmi 6 erməni kəndi vardı) də erməni vəhşiliyinin, Andranikin sağ əli olan rotmistir Silikov qardaşları və mayor Vahramın başçılıq etdiyi qərargahın hədəfinə çevrilmişdi. Müsəlmanlara rəhm edən hər hansı erməninin dərhal güllələnməsi haqda Andranikin verdiyi əmr erməni banda başçılarını daha da azğınlaşdırmışdı.

Beləliklə, Basarkeçərin Şişqaya kəndində 640 nəfər (380 nəfəri qadın, qoca və uşaq olmaqla), Kiçik Məzrədə 90 nəfər (2 nəfər qadın isə əsir kimi aparılmışdı), Hüseynquluağalıda 30 nəfər, Daşkənd kəndində 21 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, şişqayalıların bir çoxu daş-qalaq edilmiş və ya kürəklərinə qaynar samovar bağlamışlar.

40 000 nəfərdən çox azərbaycanlı isə bu hadisələrdən sonra, 1918-ci ilin əvvəlində ayaqyalın, başıaçıq ana yurdlarını buraxıb Kəlbəcər-Qumlubulaq aşırımı ilə Azərbaycana üz tutmuşdur.

Tarixi qaynaqlardan məlum olur ki, ermənilər Göycənin Çamırlı, Mədinə, Bağlı, Anaqızoğlu, Qışlaq, Qulalı, Alçalı, Kiçikqaraqoyunlu, Küsəcik və Dəliqardaş kəndlərini də viran qoymuş, altını üstünə çevirmişlər.

Basarkeçərdə türk əhalini məhv edən Andranik yanlısı mayor Vihramın öz “qəhrəmanlığı”nı qürurla etiraf etməsi sənədlərdə öz əksini tapmışdır.

Türk Ordusunun 1918-ci il ilin iyun ayından etibarən Cənubi Qafqaz, İran və Dağıstan müsəlmanlarını soyqırımdan və erməni-rus, erməni-Antanta işğalından qurtarmaq üçün xilaskar hərbi əməliyyatlara başlaması bu qırğınların əksər bölgələrdə bir müddət dayandırılmasına səbəb oldu. Bununla əlaqədar qaçqınların bir hissəsi öz viran olmuş, talanmış yurdlarına qayıtdılar. Ancaq gələcəyə yeni erməni məkrləri planlaşdırılırdı.

1919-cu ilin yazında, qırğınların Göycə bölgəsində müvəqqəti səngidiyi vaxtlar, ermənilərin Göycə agsaqqallarına göndərdiyi “barışıq və gedən qaçqınların qayıtmasına razılıq” ismarıcından sonra, Göycənin Daşkənd kəndində Tanrıverdi kişinin 150-200 nəfər qonaq-qara tutan evində erməni və azərbaycanlıların toplaşaraq yeyib-içməyə aludə olması, hətta Aşıq Ələsgərin şəyirdi Aşıq Nəcəfin də məclisi şənləndirməyi, azərbaycanlıların çox sayda qoyun-qurbanlıqlar kəsməsi… və qəflətən erməni silahlı dəstələrinin tökülüb onları mühasirəyə alması və hamısını son nəfərədək qırıb başlarını hələ də qaynayan qurban qazanlarının yanına atması ermənilərdən dost olmayacağını göstərməklə yanaşı, bizim də başımıza gələnlərin çoxunun babalarımızın, xanlarımızın-sultanlarımızın (indiki dövrdə isə özümüzün) ehtiyatsızlığı sayəsində baş verdiyindən ciddi nəticələr çıxarmağımızı tələb edir.

Göycə qəzasında təkcə 14 aprel 1919-cu il hadisələrini – yəni buradakı növbəti türk qırğınlarının yeni dalğasını özündə əks etdirən yerli əhalinin ərizə və şikayətlərindən ibarət əski əlifba ilə yazılmış sənədlər toplusu 233 səhifəlik dəlillər külliyyatını təşkil edir….

1919-cu il mayın 17-də nəşr olunmuş “Azərbaycan” qəzetinin yazdığı kimi, bütün bu vəhşiliklərdə “Məqsəd Göycə gölünün şərq və şimal hissəsini burada yaşayan müsəlmanlardan təmizləmək” idi.

Aşağıdakı sətirlər də o dövrdə çıxmış “Azərbaycan” qəzetinə məxsusdur:

“Artıq Göycə rayonunda müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd aprel ayının 13-20 tarixlərində dağıdılmışdır”…

(Ardı var)