Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

597

QƏRBİ AZƏRBAYCANLILARIN SOYQIRIMI

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

(Əvvəli ötən saylarımızda)

 

Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər naziri M.Y.Cəfərovun Ermənistan XİN-ə göndərdiyi 29 noyabr 1919-cu il tarixli notada deyilir ki, 23 noyabr 1919-cu ildə tərəflər arasında silahlı toqquşmaların dayandırılması haqda sazişə baxmayaraq, Sizin qoşunlar tərəfindən Zəngəzur qəzasının Oçunir, Davidan, Atqız, Şabadan, Anisu və Quşnular kəndləri darmadağın edilmişdir – çoxsaylı tələfat var. Kilatlar və çevrədəki müsəlman kəndləri əlaqədən məhrumdur və ermənilər tərəfindən mühasirədədirlər. Dərələyəz qəzasının Köçəbəy-Qısır-Mar, Tır, Qayalı, Leyliqaçan, Baalı, Gögərçin, Qəmkənd və İtdil kəndləri də həmçinin. Sonucda 300 kişi öldürülmüş, 30 qadın əsir götürülmüşdür. Bununla belə, göstərilən istiqamətlərə nizami erməni qüvvələrinin göndərildiyi xəbərləri ulaşmaqdadır…

Zəngəzurun müsəlman əhalisinə qarşı ermənilərin hücum və vəhşilikləri 1919-cu ilin dekabrından başlayaraq yenidən şiddətləndi. Müsəlmanlara məxsus Oxçu, Şabadan, Atqız, Pordavdan kəndlərini hədəfə alan yeni qanlı əməliyyatlar başlandı. Bu əməliyyatlarda artıq erməni Ararat Respublikasının rəsmi, nizami ordusu da iştirak edirdi. Ancaq Azərbaycan hökumətinin Ararat Respulikasına göndərdiyi notalara cavab olaraq bu dövlət həmin əməlləri riyakarcasına danaraq bunların Andranik və başqa erməni quldur dəstələri tərəfindən törədildiyini bildirirdi.

Şahidlərin o zamankı ifadələrinə görə, Vaqudi kəndində əsir götürülmüş 15 gözəl müsəlman qız zorlanmaq üçün erməni yaraqlılarına paylanmış, sonra mənəvi və fiziki işgəncələrdən ölmüşdülər. Həmin kənddə ermənilər qadınları öldürməzdən öncə zorlayıb, döşlərini kəsirdilər. Meyitləri o qədər eybəcər hala salırdılar ki, sonra onları tanımaq belə mümkün olmurdu.

Müsəlman kəndləri talan edilir və oda qalanırdı, müdafiə olunmaq istəyən kəndlər isə ermənilər tərəfindən mühasirəyə alınır və yerlə yeksan edilirdi.

Həmin hadisələrin, iştirakçısı olan A.Lalayan sonralar yazırdı: “ Türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri… maksimum “şücaət” göstərdilər. Daşnak dəstələrinin ələ keçirdiyi kəndlər canlı insanlardan “azad olunur” və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabazarlığa çevrilirdi.”

Xatırladaq ki, o dövrdə Zəngəzur Azərbaycanın ərazisi idi və Ararat Respublikası əvvəlcə nə Zəngəzura, nə Naxçıvana, nə də Qarabağa iddia etmirdi. Əksinə, İrəvan onlara güzəşt olunan zaman (29. 05. 1918-də) Erməni Milli Şurası Azərbaycana qarşı heç bir ərazi iddiasınin olmadığına və olmayacağına təminat vermişdi…

Zəngəzur əhalisi etnik “təmizləmə” təhlükəsindən qurtulmaq üçün Azərbaycanın paytaxtına müraciətlər edərək kömək istəsə də, bu da nəticəsiz qalırdı.

1920-cı il yanvarın 23-də Cəbrayıldan Hüseyn Axundzadə və b. tərəfindən Azərbaycan Cümhuriyyəti parlamenti və hökumətinə ünvanlanmış teleqram Zəngəzurun o zamankı halını daha gerçək şəkildə əks etdirir: “İkinci dəfə teleqraf edirik, Zəngəzur müsəlmanları sarıdan başınız sağ olsun. Zəngəzurlular nə qədər ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obaları arasından bir tərəfə çıxmadı…”.

Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü Cəlil bəy Sultanovdan da mərkəzi hökumətə və parlamentə teleqram daxil olmuşdu: “İndicə aldığım səhih məlumatlara görə, yanvarın 19-da erməni nizami ordusu 10 top və çoxlu pulemyotlarla Xocahan və Qaladərəsi arasındakı bir sıra tatar (Azərbaycan) kəndlərinə hücum etmişdir. Dünənə qədər 15 kənd məhv edilmişdir.”

C.Sultanov Parlamentə göndərdiyi 3-cü teleqramında isə bunları bildirirdi: “Bu gün axşam vaxtı qəza rəisi ilə birlikdə Cəbrayıla gəldim. Açıq səma altında Zəngəzurdan təzəcə gəlmiş on minlərlə lüt, ac qadın və uşaq qaçqınları gördüm. Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən məhv edilmişdir. Vuruşmada istifadə edən nizami erməni ordusunun sayı on minə çatır… Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşmək, nəticədə, Naxçıvanla əlaqəni tamamilə kəsmək, beləliklə də, həm Qarabağ, həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Qarabağın dağlıq hissələrinin erməniləri sürətlə üsyana hazırlaşırlar”.

Yanvarın 24-də C.Sultanovun Cəbrayıldan göndərdiyi sonuncu teleqramı da bədbin çağırış və notlarla bitir: “…Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər öz qüvvələrini Cəbrayıl qəzasının sərhəddində cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır. Erməni xəyanəti və hiyləgərliyi qurbanlarının sayı hesaba gəlməzdir”.

Bu teleqramlar Zəngəzurun aqibətini göstərdiyindən, bir qədər əvvələ qayıdaraq Azərbaycan hökumətinin bu qəza ilə bağlı tədbirlərinə nəzər salaq.

1919-cu ilin iyulunda Zəngəzurda böyük qüvvəyə malik erməni-daşnak nizami ordu hissələri var idi. Onlar Qızılboğaz keçidi vasitəsilə Ermənistan hökumətilə əlaqə saxlayırdılar. 1919-cu il oktyabr ayında Zəngəzurun gəlmə erməni əhalisini azərbaycanlılara və Azərbaycan hökumətinə qarşı qaldırmaq məqsədilə buraya çoxlu təxribat qrupları göndərilmişdi. Üstəlik, bölgəyə Ermənistan Respublikasından yeni nizami qüvvələrin göndərilməsi də planlaşdırılırdı.

***

Zəngəzur bölgəsində Ermənistanın silahlı qüvvələrinin iştirakı ilə oradakı gəlmə erməni əhalinin Azərbaycan hökumətinə qarşı hazırlanan qiyamının qarşısının alınması üçün, ölkənin ərazi bütövlüyünün qorunması və azərbaycanlı əhalinin soyqırımının dayandırılması məqsədilə Azərbaycan hökuməti bu qəzaya hərbi dəstələr göndərməyi qərara aldı. Hərbi nazirliyin 1919-cu il 30 oktyabr tarixli əmriylə yaradılan Zəngəzur dəstəsi (1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinskinin komandanlığı altında) 1919-cu il noyabrın 3-7-də bölgədə hərbi əməliyyat keçirdi.

Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlar da bu əməliyyata dəstək verirdilər. Bu döyüşə ciddi hazırlaşan ermənilərin Dığ və Gorus ətrafında 6 minədək canlı qüvvəsi, 4 qaubitsası və 2 ədəd topu vardı. Atəşlərin dəqiqliyi düşmən tərəfin təcrübəli zabitlərə malik olduğunu göstərirdi. Ermənilərin süvari qoşunları da azı 3 bölükdən ibarət idi.

Dığ istiqamətindəki döyüşlərdə Azərbaycan hissələri əvvəlcə uğur əldə etsə də, düşmənin qüvvəcə çoxluğu, dağ şəraitindəki mövqe üstünlüyü və təminat cəhətdən fərqlər, yol problemi və yolların çoxunun Andranik tərəfindən dağıdılması və s. obyektiv səbəblər Azərbaycan qoşun hissələrinin hücumunu səngitdi, nəticədə qüvvələrimiz ilkin mövqeyə qayıtmalı oldu. General C.Şıxlinski mərkəzə göndərdiyi raportunda üç taborlu bir piyada alayının verilməsi ilə döyüş tapşırığının müvəffəqiyyətlə icra olunacağını tam əminliklə bidirsə də, problemin Azərbaycan – Ermənistan hökumətlərarası danışıqlar yolu ilə həll edilmə ehtimalını əsas gətirən Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Zəngəzur əməliyyatlarını dayandırdı.

Əlbəttə, bu Azərbaycan hökuməti tərəfindən səhv yanaşma idi və bunun acısını ola bilsin ki, Azərbaycan və Türk xalqları əsrlərlə çəkəcəkdir. Zəngəzurun ermənilər tərəfindən alınması Türkiyə ilə Azərbaycanın arasını pazla ayırmaq anlamına gəlir ki, həmin ifadəni də ilk dəfə ermənilər özləri işlətmişlər…

1920-ci il yanvarın 13-də Müttəfiq Dövlətlər tərəfindən Gürcüstanla bərabər Azərbaycanın da müstəqilliyi de-fakto tanındı. “Erməni millətçi dairələri Azərbaycanın müstəqilliyinin tanınmasına, iddia olunan Azərbaycan torpaqlarının Ermənistana verilməməsindən qətiyyən razı deyildilər. Dövlətlər arasında sərhəd hələ dəqiqləşdirilməsə də, ermənilər artıq bu məsələnin büsbütün onların xeyrinə həll ediləcəyinə əmin deyildilər. Ona görə də onlar Müttəfiq Dövlətlərin ermənilərə qarşı ərazi məsələsində “səxavət” göstərmələrini gözləmədən yenidən silah gücünə öz niyyətlərinə nail olmağa cəhd göstərdilər”.

1920-ci ildə Yeni Bəyazid qəzasının Basarkeçər mahalı, İrəvan qəzasının Vedibasar mahalı, Gəncə quberniyasının Zəngəzur qəzası, Qazax qəzasının cənub hissəsi; 1922-ci ildə Göycə, Dilcan əraziləri; 1923-cü ildə Naxçıvanın tərkibində olan 9 azərbaycanlı kəndi (ermənipərəst-velikorus Kirovun Azərbaycana rəhbər təyin edildiyi dönəmdə); 1929-cu ildə Qazaxın 5 min hektar torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvədi, Yernəzir və Tuğut kəndləri (erməni Mirzoyanın Kreml tərəfindən Azərbaycana rəhbər təyin edildiyi dönəmdə – 28: s.3); 1946-cı ildə daha 4 min hektar Azərbaycan ərazisi Ermənistana peşkəş edildi.

***

Tarixi qaynaqlardan bəlli olur ki, İqdır və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını və “etnik təmizləmə” əməliyyatları general Dronun başçılığı altında həyata keçirilmişdir. Onun çətələri və əmrində olan nizami hərbi dəstələr bu bölgədə 60-dan çox kəndi dağıtmış, yandırmış, yerli müsəlman əhaliyə qarşı amansız “tədbirlər”ə əl ataraq faktiki olaraq soyqırımı siyasəti gerçəkləşdirmişlər.

Bütün kişilərini qırdıqlarını Şorca kəndi də daxil olmaqla, bu kəndlərdə ələ keçən qadınların namusuna təcavüz etmişlər…

Qulu Kəngərlinin yazdığı kimi, erməni başkəsəni Yaponun dəstəsi Dərələyəz mahalındakı Zeytə, Qabağlı, Qurdqulax, Yengicə, Əmağu kəndlərinin əhalisindən barışıq adı ilə silahları yığdırmış, ələ keçən 2 000 nəfəri 200 m. hündürlükdə olan Arpa qayasından uçuruma töküb məhv etmiş, Qarxaça kəndində 500 nəfəri qılıncdan keçirib, bir qismini də dama doldurub yandırmışdır.

Müəllif Dərələyəz mahalında qanlı əməlləri ilə elin yaddaşında mənfur iz buraxmış Samson və Matos Qazaryan qardaşlarının da adını çəkərək onların vəhşi əməllərindən bəhs edir.

 (Ardı var)