Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

315

BORÇALI HADİSƏLƏ

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

(Əvvəli ötən saylarımızda)

BORÇALI HADİSƏLƏRİ

 

Epiqraf əvəzi:

1918-ci il mayın 26-da-Gürcüstanın istiqlalını elan edən gün Gürcü Milli Şurasının yeni başçısı Noe Jordania demişdi: “ Biz bir millətin dərdinə acıyırıq. Bu, erməni millətidir, hansı ki, müstəqil dövlətini yaratması üçün öz müstəqil ərazisi yoxdur.” O çağlarda Gürcüstanda yayınlanan “Qruziya” qəzetində çıxış edən bir müəllif isə bu məsələ barədə daha sərt yazırdı: “Azərbaycan, Gürcüstan kimi, Ermənistanın da öz müstəqil ərazisi olsaydı, dövlət işləri ilə asanca uğraşmaq olardı. İndi Ermənistan yaratmaq üçün qonşuların ətindən, canından parçalar qoparmaq lazım gəlir… ”

Saxta “beynəlmiləlçilik” xofu altında Zəngəzur kimi, Borçalını da parçalayıb yarısını Ermənistana qatdılar. Hələ 1763-cü ildı yunanların köməyi ilə əsası qoyulan Gümüşxana, Allahverdi, eləcə də Şamlıq, Ağtala, Tambulat qızıl-gümüş yataqları, barlı-bərəkətli torpaqlar, qəlbi dağlar, lilpar bulaqlar… zorən Ermənistana verildi…

İndiyə gəldikdə isə, Loru-Borçalının güney yarısı öz dosdoğma yurddaşlarından uralanıb

Borçalı-Azərbaycan türklərinin yığcam yaşadığı qədim tarixi mahallardan biridir. “Borçalı” sözü ən böyük türk tayfalarından birinin adı olmuşdur. Bunu Gürcü Sovet Ensiklopediyası da etiraf edir. Lakin orada bu ad e.ə. I minillik əvəzinə, XVII əsrə aid edilir. Borçalı tarixən Azərbaycan dövlətlərinin tərkibində olub. 18-ci əsrin əvvəlində Səfəvi dövlətinin Gəncə bəylərbəyliyinə aid idi. Bəylərbəyi Ziyadoğlunun 1736-çı ildə Nadirin Muğanda şah edilməsinə qarşı çıxması səbəbilə Nadir şah (1736-47) Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarlığına peşkəş etdi. Nadir şah öləndən sonra Borçalıda özgür sultanlıq yarandı. Çar I Aleksandr 1801-ci il 12 sentyabr tarixli manifest imzalayaraq Şərqi Gürcüstanı Rusiyaya qatdıqdan sonra Borçalı mahalı da Borçalı distansiyası adı ilə həmin tərkibə qatıldı. Borçalı distansiyasının ərazisi 8 min kv. verst (1 verst = 1,0668 km) təşkil edirdi. Borçalının Rusiyaya ilhaqından 31 il ötdükdən sonra da, buraya xeyli sayda türk olmayan əhalinin köçürülmələrinə baxmayaraq, yenə də türklər üstün idilər-əhalinin ümumi sayına nisbətən 61,6% təşkil edirdilər. Köçürülmə nəticəsində ermənilər 26,4%, yunanlar 5,6%, gürcülər 4,86%, almanlar 2,27% “xüsusi çəkiyə” sahib idilər. Azərbaycan Xalq Cümhuriyyəti XİN-in əməkdaşı A. Şepotyev qeyd edirdi ki, bu nisbəti dana bilməyən I Nikolay dövründə (1825-55) bu vilayət ayrıca “tatar distansiyası” təşkil etdirdi, ancaq sonralar strateji mülahizələrə söykənən Çar hökuməti Borçalını Tiflis quberniyasına birləşdirmişdi. 1880-ci il mayın 6-da yaranan Borçalı qəzası isə Borçalı (Şüləver), Yekaterinenfeld, Lori (Cəlaloğlu) və Trialet (Başkeçid) polis sahələrini əhatə edirdi. Qədim Borçalı torpaqları olan Qarayazı və Qaraçöp elləri isə Tiflis qəzası tərkibinə verildi.

1917-ci il Qafqaz təqviminə görə, Borçalı qəzasının hüdudları 6036,96 kv. verst idi, yaxud Rusiyaya birləşdirilən zamankı 8 min kv. verstdən 1963,0 verst az idi, əhalisi isə 169351 nəfər, o cümlədən 30,3% müsəlmanlardan ibarətdi. Qazax qəzasından Axalkələyə, Nəmli dağlar (sənəddə, rusca: Мокрые горы –X.İ.), Əyriqar və Əmlikli dağ silsiləsinə qədər uzanan Borçalının mərkəzi hissəsində azərbaycanlılar 93% (ermənilər 2,5%, gürcülər 4,5%), Qarayazıda isə azərbaycanlılar 88,8% təşkil edirdi.  Rusiyanın Qafqazı işğalından sonra zaman-zaman çoxsaylı yunan, rus, ukrain, alman koloniyaları Borçalıya səpələnsə də, bu xalqlar əsasən qəzanın şimal-qərbində məskunlaşdırılmışdılar.

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edildikdən sonra Borçalı əhalisi Azərbaycana birləşmək haqda məsələ qaldırdı. AXC Borçalı qəzasının Borçalı və Yekaterinenfeld polis sahələrini tamamilə, Lori və Trialetin isə bir qismini öz ərazisi saydığını bildirdi. Etnik-strateji və iqtisadi mülahizələrə görə çox əhəmiyyətli sayılan bu bölgədən Qazax-Qars-Batum dəmiryolu inşa etməklə Azərbaycan Qara dənizə çıxışını gerçəkləşdirmək niyyətindəydi. Ancaq ötən bölümlərdəki qeydlərimizdən də məlum olduğu kimi, o dövrdə Rusiya Ermənistanı dəstəklədiyi kimi, Almaniya da Gürcüstanı dəstəkləyirdi və almanların hərbi birləşmələri general fon Kressin komandanlığı altında Tiflis və onun yaxın çevrəsində qərar tutmuşdu. Bu imkandan istifadə edən Gürcü hökumətinin sifarişi ilə alman qoşunları Borçalını tutdu, nəticədə bölgə Gürcüstan hökumətinə tabe edildi.

Bütün bunlara rəğmən Borçalı azərbaycanlıları yenə etiraz edərək Azərbaycana birləşməkdən vaz keçmədiklərini bildirirdi. Bundan sonra almanlar, onların ardınca da türklər Cənubi Qafqazı tərk etdilər. Borçalı isə Gürcüstan Respublikasının yuridiksiyasında qaldı. Ermənilər özləri üçün bu şəraiti fürsət hesab edərək Aleksandropol (Gümrü) qəzasını tutaraq Borçalının hüdudlarına qədər hərəkət etdilər. Azərbaycanın bu tarixi torpağını ələ keçirmək üçün daha sonra Ermənistan Gürcüstana müharibə elan etdi. Ümumən isə, müharibənin zəminində Ermənistanın Axalkələk və Borçalı qəzalarına qarşı sürdüyü əsassız ərazi iddiaları dururdu.

1918-ci il oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskin şəkil aldıqdan sonra ermənilər Axalkələk və Borçalıda təxribat və silahlı toqquşmalar törətdilər. Bunun ardınca Ermənistan Axalkələyə süvari eskadron, Borçalıya isə 4-cü erməni polk hissələrini göndərdi və dekabrın 9-da hərbi əməliyyatlara start verdi. Ermənistanın Gürcüstana verdiyi notada bildirilirdi ki, gürcülər Borçalı, Axalkələk qəzalarını, bundan başqa Tiflis də daxil olmaqla Tiflis qəzasının bir hissəsini Ermənistana verməlidir (! –X.İ.). Dekabrın 18-31-də baş verən həmin müharibə Azərbaycanın bu tarixi bölgəsinə böyük ziyan vurdu. Nəhayət, İngiltərənin müdaxiləsilə dekabrın 31-də ermənilər döyüşləri dayandırdı və qarşı tərəf də barışa qoşulduğunu bildirdi.

Ermənistan və Gürcüstan ordularının mövqeləri arasından, Borçalının yarıya bölən demarkasiya xətti müəyyən edildi. 1919-cu il yanvarın 9-17-də Tiflisdə Ermənistan-Gürcüstan sülh konfransı keçirildi. Qərara əsasən Borçalının şimal hissəsi Gürcüstana, cənub hissəsi isə Ermənistana verildi. Alaverdi (Allahverdi –X.İ.) mis mədənlərinin olduğu orta hissə –Lori (Calaloğlu da buraya daxildir –X.İ.) isə „neytral zona” elan edilərək, orada İngilis general-qubernatorluğu yaradıldı (3: s. 317).

1920-ci ilin sentyabrında işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlayan Türk ordusu Gümrünü, Qarakilsəni tutaraq Lori neytral zonasına yaxınlaşdı. Calaloğlu və Kolagirəndən başlayaraq Borçalının cənub hissəsini qismən işğal etdi. Ermənistan-Gürcüstan arasında bağlanmış 13 noyabr tarixli sazışə əsasən gürcülər Lori neytral zonasına daxil oldular. 29 noyabrda isə Ermənistanın bolşevikləşməsindən istifadə edən ermənilər Lorini ələ keçirmək planı hazırlamışdılar.

1921-ci il fevralın 11-dən 12-nə keçən gecə Loridə ermənilərin qiyamı təşkil edildi və gürcü qoşunları Borçalıdan çıxarıldı. XI Qırmızı Ordunun müdaxiləsilə Gürcüstanda Sovet hökuməti quruldu. Rusiya K(b)P MK Qafqaz bürosunun 1921 il 7 noyabr tarixli ilə Lori bütünlüklə Ermənistana verildi.

1929-cu ildə, Borçalı qəzası da ləğv edildi: Borçalı (1950-ci ildən Marneuli), Lüksemburq (Bolnisi), Beşkeçid (Dmanisi) rayonları yaradıldı.

 

***

 

Xatırladaq ki, digər bölgələrimiz kimi Borçalı mahalı da 1918-ci ildə etnik təcavüzə məruz qalmışdır. 1918-ci ildə Borçalıya soxulan Andronikə məxsus quldur dəstələr Dirnik kəndi tərəfdən Qızılhacılıya hücum etmişdir. Əslən Borçalı mahalının Qızılhacılı kəndindən olan Cöyrə oğlu Qara onların qabağını saxlamış, düşmən itki verib geri qaçmağa vadar olmuşdur. O zamankı qanlı döyüşlərdən biri də “Bolus döyüşü” adlanırdı və indiki Bolnis uğrunda gedən döyüş idi. Quldur və qaniçən Andronik 800 nəfərlik silahlı qüvvə ilə Bolnisə hücum etdikdə, Xaçın kəndinin erməniləri də onlara qoşulmuşdu. “Cöyrə oğlu Qara Qızılhacılıdan İsrafil ağanın köməyinə gəlmişdi: Ağ çərkəzi paltarda, ağ atın belində olan Cöyrə oğlu Qaranı görəndə, ermənilərin bir hissəsi silahlarını ataraq qaçmışdı. Yel dağı yaxınlığındaki vuruşmada Cöyrə oğlu Qaranın dəstəsi Axalkələkdə, Sağamoyda, Boqdanovkada azğınlıq edən erməni dəstəsini darmadağın etmişdi…”

Bu vətənsevərliyinə və daşnaklara qarşı fəaliyyətinə görə, tək-tək xalq qəhrəmanları kimi, Sovetlər zamanında, 1928-ci ildə Cöyrə oğlu Qara da həbs edilərək, 1929-cu ildə öldürülür.

 

“Hardan alaq Cöyrə oğlu Qaranı,

Çəkə xəncərini, kəsə aranı” – deyimi ilə bu ellərin Qaçaq Nəbisi kimi yadda qalan bu xalq qəhrəmanının 1933-cü ildə ailəsini də Qazaxıstanın Akmolinsk vilayətinə sürgün edərək Gürcüstanda vəzifədə olan erməni öncülləri ondan beləcə intiqam almışdılar.

1918-ci il olaylarında Dağ Borçalı köylərinin (o sıradan, Qaraqala, Qaraisa və b.) bir qisminin silahlı ermənilərin saldırmasına uğradığı və talan edildiyi haqda da arxivlərdə çalışdığımız zaman bilgilərə rast gəlmişik.

1918-ci ilin iyunundan etibarən Borçalıda müsəlman qırğınlarının səngimə dövrü isə Qafqaz (Türk) İslam Ordusunun Qars–Gümrü–Calaloğlu xətti ilə bu bölgəyə daxil olması sayəsində başlamışdı…

 

***

Borçalının etnik təcavüzə məruz qaldığı növbəti dönəm Gürcüstan və Ermənistanın bolşevikləşdirilmə dönəmidir. Osmanlı arxivlərindən bununla ilgili əldə etdiyimiz sənədlərdə Borçalı civarında, o sıradan Calaloğlu və Karakilis (Qarakilsə –X.İ.) məntəqələrində türk kökənli əhalinin acınacaqlı, sahibsiz, təhlükəli durumu həryönü ilə əks olunur. Bu olayları bəlgələrin dili ilə sunmağımızın daha uyğun olduğunu düşünürük. Bəlgələrdən biri Borşalı (Borçalı–X.İ.) Heyətlərinin Rəislərinin 9-cu Fırka Komandanlığı vasitəsilə (Türk) Qafqaz Qolordu Komandanlığına ünvanladığı 6/3/1337 tarixli (əski təqvimlə) məktubudur. Bu məktubun məzmunu 9.III.1921 tarixli arxiv arayışında belə təqdim olunur:

“Borcalı Müslüman ahalisinden alınan bir mektupla Bolşeviklər arasında bulunan Ermenilerin Tiflisde girdikleri köylerde zalimce hareketlerde bulundukları, ahaliyi göçe zorladıkları, halkın can ve mallarını koruyamadığı; Bolşeviklərin Ermeni köylerinden asker topladıkları, bölgenin Müslüman halkının kendilerine ancak Türklerin yardım edebileceyini belirterek mektuplarının en üst makamlara ulaştırılmasını istedikleri; Ermenilerin Borcalı mıntakasındakı Savukbulak (Soyuqbulaq –X.İ.), Cücekend, Karahisarlı, Erbali ve diger köylerde oturan Müslüman ahaliye de saldırarak bir çoğunu katlettikleri”.

Növbəti sənəd Türkiyə Şərq Cəbhəsi Başkomandanlığına Qarakilsədəki (sovetlər dönəmində: Kirovakan –X.İ.) türk irtibat (əlaqə) zabiti tərəfindən ünvanlanmış 473№-li 3/4/1337 tarixli (əski təqvimlə) məruzədir.

Bu məruzəni arxivləşdirərkən yazıya alınmış 3.IV.1921 tarixli arayışda deyilir:

“…Karakilise ve Celaloğlu mıntakasındakı köylerde daha öncə bulunan 27000 nüfusdan ancak 18000’in kaldığı, geri kalanların zülüm ve felaketler sebebiyle hayatlarını kaybetdikleri.”

Məruzədə adı çəkilən bölgə kəndləri haqqında statistik bilgi (cədvəl formasında) də yer alır. Karakilis (Qarakilsə–X.İ.) məntəqəsinə aid olan köylər sırasında Saral, Arcut, Korsalı, Allaver (Hallavar–X.İ.), Hoyurlu, Hancuğaz (Xancığaz –X.İ.), Vartanlı [cəmi: 1075 hane (ev), 5250 nüfus (əhali sayı)]; Calaloğlu məntəqəsinə aid olan köylər sırasında isə Elmaslı (İlməzli –X.İ.), İrqançak, Soyuqbulaq, Keçəli (Keşəli –X.İ.), Cücəkənd, Qızılkilsə, Qamışlı, Qaraqala, Bizəgəli (Bəzəkli –X.İ.), Məmişli, Hamamlı, Çamakçı, Mollaeyüb, Saatlı, Soğanlı [cəmi: 1965 ev, 13000 nəfər əhali sayı] kəndlərinin adı çəkilmişdir. Sənəddə məlumat əldə etmə çətinliyi səbəb gətirilərək, cədvəlin natamam olduğu bildirilir.

Başqa bir bəlgədə də oxşar olaylar xatırlanaraq Qarakilsə civarındakı kommunist ermənilərin basqı və qətliama başladıqları, imamlar daxil olmaqla bir sıra insanları həbs etdikləri, Hallavar və Saral kəndlərinin 7 dəfə basqına məruz qalaraq yağmalandığı (talan edildiyi) haqda bilgilər yer almaqdadır. Bu sənəd Türkiyə Şərq Cəbhəsi Başkomandanlığının 11-ci Qızıl Ordu Komandanı yoldaş Kekekerə göndərdiyi 10/4/1337 tarixli məktubundan ibarətdir. Sənəddə ermənilərin bolşevik pərdəsi altında daşnak siyasəti yürüdərək yerli müsəlman əhaliyə qarşı dözülməz zülm etməklə  köçə zorlama məqsədi güddüyü bildirilir və tədbirlər görülməsi istənilir. Bu sənədlə bağlı arxiv arayışının tarixi 10.IV.1921-ci ilə təsadüf edir…

Tarixi sənədlərdən də göründüyü kimi, bolşevizm masqasını yenicə taxmış ermənilər türklərə qarşı soyqırımçı tutumlarını Borçalı torpaqlarında da davam etdirməyə müvəffəq oldular…

 (Ardı var)