Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

366

Güney azərbaycanlıların soyqırımı

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

(Əvvəli ötən saylarımızda)

 

 

General Veysəl Ünüvarın bildirdiyinə görə, daha sonra o özü Simikonu Türk tərəfə çəkmək üçün görəvləndirilsə də, Simiko onunla görüşməkdən yayınmış, Ünüvarla görüşə ( Dir köyünə) öz yerinə Şeyxülislamı olan o tərəflərdəki Kirəsin adlı sünnü türkmən əşirəti mollası Siracəddin əfəndini göndərmiş… sonra türklərin dünyaya qarşı üsyan etmiş bir millət kimi istiqlal mücadiləsində qərarlı olduqlarını duyunca Türkiyəyə verdiyi rahatsızlığı dayandıraraq, İranda bir xanlıq qurmağa cəhd etmişdi. İran hökuməti təhlükəni görmüş və Şərəfxana və Xoyda bir birlik saxlamaq (tutmaq) zorunda qalmışdı. Türkiyə də Simiko bəlasından qurtulub, əsl düşmənlə məşğul olmağa başlamışdı.

Qeyd 1: O zaman iranlılarla osmanlılar arasında dostluq ilişgilərini gücləndirmək məqsədilə Təbrizdə «İttihadi-İslam Cəmiyyəti» yaradılmışdı ki, bu cəmiyyətin də İran tərəfdən eşbaşqanı (həmsədri – X. İ.) doktor Cavad Heyətin atası Mirzə Əli Heyət (Müctəhib) idi. Və bu yazıda gedən materialların tarixi həqiqət olduğunu da o, öz oğlu – Tehranda nəşr olunan «Varlıq» dərgisinin baş yazarı (redaktoru), vətənsevər soydaşımız doktor Cavad Heyətə vaxtilə nəql etmişdir. Xatırladaq ki, həmin cəmiyyətin Osmanlı tərəfdən həmsədri mərhum Yusif Ziya bəy idi. Orası da məlum olur ki, Mirzə Əli Heyətin fəaliyyəti Güney-Batı Azərbaycana daxil olan Osmanlı ordusunun baş komandanı Ali İhsan Paşa tərəfindən də yüksək qiymətləndirilmişdir.

Ancaq çox təəssüf ki, Mirzə Əli Heyətdən fərqli olaraq, o zaman Quzey Azərbaycanda olduğu kimi, Güney Azərbaycanda da bəzi millət başçılarımız yanlış mövqe tutaraq, Rusiya kommunistlərinə, əslində ruslara və ermənilərə xidmət göstərmiş, Türk ordusunun gəlişinə qarşı olmuşlar. Belə öndərlərdən biri-Quzey Azərbaycanda da xatirəsini həmişə məhəbbətlə andığımız Şeyx Məhəmməd Xiyabani idi. Millətimizin qan içində boğulduğu bir məqamda onu xilasa gələn Türk ordusuna qarşı çıxan Xiyabani başının dəstəsilə birgə məğlub edilmiş, sonra əsir alınaraq Türkiyəyə aparılmış, amma bir neçə aydan sonra əfv edilərək buraxılmışdı. Amma təbii ki, qoca tarix və ədalətli Tanrı bu cür haqsızlıqları nə Məşədi Əzizbəyova, nə Şeyx Məhəmməd Xiyabaniyə, nə də bu qəbildən olan başqa öncül şəxsiyyətlərimizə bağışlamayacaqdır…

Cənubdakı mənbələrdə o zaman xilaskarlıq missiyası ilə İrana gələn Osmanlı ordusunun komandanı Ferik bəyin İran hökumət tərəfdarı millətpərvər şəxsiyyət Əmir Ərşəd Xana məktubundan da bəhs edilir, eyni zamanda bu şəxsiyyətlərlə ortaq fəaliyyətlərdə bulunan ağabəyi Sərdar Aşayir Hacıalılının (doktor Cavad Heyətin yeznəsi doktor Cahanşah Hacıalılının atası), güneyli topçu komandanı – sonralar general rütbəsi almış Mahmud Eminin də adı müsbət planda hallanır.

Bütün bu qeydlərdən hasil olan ən ciddi nəticə isə odur ki, o zaman Vəhib və Xəlil paşaların (Osmanlı Şərq Ordular Qrupu komandanları), Nuru paşanın (Qafqaz İslam Ordusu komandanı), Kazım Qarabəkir paşanın (Osmanli Doğu Cəbhəsi komandanı), Əli İhsan paşanın, eləcə də digər çox görkəmli türk zabitlərinin və məğrur məhmətciyin (türk əsgərinin) qaziliyi və şəhidliyi bahasına Güney-Quzey Azərbaycan və Doğu Anadolu ərazilərində növbəti erməni-xristian dövlətinin qurulmasının qarşısı birdəfəlik alındı.

Qeyd 2: Bütün bu qanlı olaylara və tarixi keşməkeşlərə nəzər saldıqdan sonra ermənilərin İran daxilində yenidən kök atıb siyasi-iqtisadi uğurlar qazanmasının isə məntiqini əsla “başa düşmək” olmur: necə ola bilər ki, İranda (o sıradan Güney Azərbaycanda) Azərbaycan türklərini və başqa müsəlman xalqlarını soy qırımına uğradaraq, orada erməni-xristian dövləti yaratmağa çalışan bir topluma sonralar İranda yaşıl işıq yandırılmışdır?!

Xatırladaq ki, İran içərisində ermənilərin siyasətlərini “yenidən qurması” vaxtilə Mirzə Bala Məmmədzadənin də diqqətini cəlb etmişdi.

Ararat daşnak hökumətinin süqutundan sonra ermənilərin Təbrizdə güclənməsi və oranı erməni hərəkatının əsas mərkəzlərindən birinə çevirməsi Mirzə Bala Məmmədzadəni özəlliklə çox qayğılandırmışdı.

O, vaxtlar İranın iqtisadiyyatında və ticarətində böyük rolu olan ermənilərin, Sovet səfirinin də erməni millətindən (Davtyan) təyin edilməsinə nail olduqlarını bildirən M.B.Məmmədzadə ermənilərin “Droşaq” qəzetindəki növbəti hiylələri barədə (“Droşaq”dan iqtibas gətirərək) yazırdı: “1894-1896 sənələrində Van və Ərzurum vilayətlərində ermənilər qətli-am edilərkən dost rus konsulları erməni mühacirlərini Osmanlı cəlladlarına təslim edərkən, İngilis konsulu erməniləri türk toplarına hədəfi – ittixaz etdiyi zaman arqadaş İran millətinin konsulları idi ki, erməni millətinin mühafizəsini və erməni bədbəxtlərinin qətli-amdan xilasını düşünürdülər və 1914-1915 sənələrində alman və Amerika şahbəndərlərindən ziyada İran konsulusları erməni millətinin himayəsinə səy edir, ermənilərin mühafizəsini düşünürdülər”.

Əlbəttə, nə 1894-1896-cı ildə erməniləri soyqırıma uğradan olmamışdı, nə də Osmanlı və ya başqa ölkə arxivlərindəki sənədlərdə İran səfirlərinin Anadolu ermənilərini bu cür himayə etməsi barədə məlumata rast gəlinməyib. Sadəcə olaraq Qərbdən, çar və bolşevik Rusiyasından istədiyini tam ala bilməyən ermənilər gələcək siyasətləri üçün İran dövlətinə və farslara (bu dövlətin əsasını təşkil edən türklərə deyil!) yarınmaqdaydılar, vəssalam.

“Droşaq” öz fikrini yekunlaşdıraraq bu qərara gəlir ki, İran dövlətinin Türkiyə ermənilərini himayə etmələri və s. “siyasi fikirlərdən deyil, eyni arqadaşlıq və qandaşlıqdan irəli gəlirmiş”.

Göründüyü kimi, erməni siyasətçiləri və müəllifləri lazım gəldikdə iranlını (farsı, türkü) düşmən (yəni müsəlman) kimi qırıb-dövlətçiliyini məhv etməyə, lazım gəldikdə isə hami-xılaskar, hətta arqadaş və qandaş kimi qılıqlayıb, qoltuğuna girməyə hazırdır. Eynilə ingilislərə (və onların müttəfiqlərinə), ruslara, gürcülərə  və hətta Osmanlı dövlətinə yaxud Gənctürklərə münasibətdə olduqları kimi.

Qeyd 3: S.Sərdariniyanın araşdırmalarına görə, 29 aprel 1909-cu ildən 9 il Güney Azərbaycanı işğal edən Çar Rusiyası ordusu yerli əhaliyə qarşı heç bir zülm və cinayəti əsirgəməmişdi. Həmin cinayətlərdən biri də Azərbaycan Məşrutə İnqilabının nailiyyətlərini məhv etmək məqsədilə Səmədxan Şücaid dövləni dəstəkləməsi və onu xalq təhmil etməsi idi.

1918-ci ildə geri çəkilən Rusiya ordusu Azərbaycanın şəhərlərində soyğunçuluqla yanaşı, böyük qırğınlar da törədirdilər. Onlar öz ailələri üçün sovqat aparmaq xatirinə Urmiya bazarını iki dəfə qarət edib yandırmışdılar. O dönəm haqda Abbas Nəbii yazır: “Geri çəkilərkən rus ordusunda elə intizamsızlıq yaranmışdı ki, mövcud hərbi sursatı və ağır silahları Rusiyaya aparmaq mümkün deyildi. Rus ordusunun komandiri yerli hakimiyyət başçılarına müraciət edərək, tələb etdi ki, hərbi sursatı rəsmi və yazılı sənəd müqabilində İran dövlətinə təhvil versin. Lakin yerli hökumət bu təklif müqabilində bildirdi ki, onlar bunun üçün öncə Tehranın rəyini öyrənməlidirlər. Lakin geri qayıtmaq üçün tələsən rus komandiri ən böyük hərbi sursat anbarı olan Urmiya və Heydərabad limanındakı sursatı cilovlara təhvil verdi. Onlar həmçinin Şərəfxana, Təbriz və sair yerlərdəki sursat anbarlarını da heç bir yazılı sənəd almadan buraxıb, Rusiyaya qayıtdılar. Ancaq bu hərbi sursat cilovların, ermənilərin və qismən də kürdlərin əlinə keçdi. Bu isə sonralar çox böyük problemlərin yaranmasına gətirib çıxardı.” (Təsuc tarixdə., s.341 –bax: 15:  s.16,18)…

“Silahlı xristian ordusunun dini-siyasi rəhbəri Benyamin Marşimon idi. Xristian ordusunun komandanı isə məcaraçı və şübhəli şəxs kimi tanınan Petros ağa idi. O, olmayanda isə həyat yoldaşı Zərifə xanım (Marşimonun bacısı) onun vəzifəsini yerinə yetirirdi” (Dr. Məhəmməd Əmin Rihayi “Xoy tarixi”., s. 499).

Görünür rus ordusunun o möhtəşəm silah arsenalı erməni-assuri birləşmələrinin əlinə keçdiyi üçün onlar bu qırğınlara daha öncələrdən hazır idilər. Əks halda, Salmasda və Urmiyada 1918-ci ilin martında törədilmiş soyqırımından öncə, fevral ayında da Urmiyada onlar bu qırğınları törədərək, Güney Azərbaycan bölgəsində yuxarıda bəhs olunan faciələrin təməlini qoymazdılar

“Britaniya və himayədarları soldatların savaşdan geri çəkilmələri sonucunda müttəfiqlərin Şərq cəbhəsinin dağılmasını görüncə onların İrandakı boş yerini doldurmaq üçün rus əsgərlərinin siahlarını ucuz qiymətə satın alıb erməniləri və əsasən Osmanlı torpağından qaçıb Azərbaycanın batı hissəsinə gəlmiş dağ assurilərini silahlandıraraq, Azərbaycanda xristian dövlətinin yaranması vədini verdilər. İngilis zabiti ser Persi Sayksın yazdığına görə, guya bütün bunlar daha çox Almaniya ilə Osmanlının Britaniyanın mühüm müstəmləkəsi sayılan Hindistana qarşı hücumunun qarşısını almaq məqsədi daşıyırmış (Ser Persi Sayks “İran tarixi” (farsca)  – müəl.). Ser Persi Sayk daha sonra yazır: “Hər halda bu qonaqlar (cilovlar) Ermənistan və İran erməniləri ilə, habelə Urmiyada yaşayan assurilərlə birləşərək Yəhudi ölkəsini təşkil edən Fələstin yəhudiləri kimi böyük və müstəqil bir Ermənistan yaratmaq istədilər. İrana qaçıb gələn assurilər Osmanlı dövlətinin Sarıqamışdakı məğlubiyyətindən istifadə edərək, Osmanlı torpağına hücuma keçdilər…” (Ser Persi Sayks “İran tarixi” (farsca)  –müəl.). Xatırladaq ki, Osmanlı dövlətindən qaçıb Salmasa gələrək, sonra Urmiya bölgəsinə pənah gətirən ilk assuri qrupu 25 min nəfərdən ibarət olmuş və Salmasa 1915-ci ilin sentyabrında (Günəş ili 1294, Şəhrivər ayında) sığınmışdı. O zaman bir qisim assuri də Urmiyada toplu halda yaşayırdı. İranlılar (o sıradan bu bölgədə böyük çox təşkil edən  Azərbaycan türkləri) bu “qonaqlar”a hər cür dəstək olmağa başlamışdılar, baxmayaraq özləri də çox çətin şəraitdə yaşayırdılar. Hətta Tehranda Tumanyans ticarətxanasında bir yardım komitəsi də yaradıb əhaliyə müraciət etmişdilər ki, “qonaqlar”a maddi və mənəvi dəstək verilməsində yardımçı olsunlar

1918-ci ildə Urmiyadakı ikinci qırğından sonra cilov qüvvələrinə başçılıq edən Petros İsmayıl ağa Simitkodan intiqam almaq üçün Çehriqə doğru hərəkət etdi.

[“I Dünya Savaşına qədər Urmiyada osmanlıların konsulu kimi işləyən Petros savaşdan sonra iç üzünü göstərərək, rusların tərəfinə keçib, Rusiyanın bu şəhərdəki konsulluğunun hərbi attaşesi vəzifəsinə təyin edildi. O, I Dünya Savaşından sonra general Petros ağa kimi tanınaraq, Lord Korzenun (yəqin ki: Kerzon –X.İ.) tapşırığı ilə Güney Azərbaycanın batısında rəsmən bir assuri dövlətinin yaranmasını öhdəlik kimi boynuna götürdü. Ancaq onun və həmkarlarının bu niyyəti baş tutmadı”.]

Simitko elə düşünürdü ki, onun iqamətgahı dağlıq bölgədə olduğu və o vaxtlar hər yönü qarla örtüldüyü üçün xristianlar toqquşma zamanı dərhal darmadağın edilib, geri çəkiləcəklər. O, bu məntiqlə də Çehriq yörəsində səngər qazdırmağa başladı. Ancaq xristian ordusunu arxadan, muzdla tutulmuş peşəkar rus topçuları artilleriya atəşləri ilə dəstəklədikdən 5-6 saat sonra Simitko çox zor bir duruma düşərək, hətta ailə üzvlərinin bir neçəsini və o sıradan, anasını Çehriqdə buraxıb Xoya doğru qaçmağa başladı. Xristianlar Çehriqi və ətraf kəndləri qarət edərək, Urmiyayadək də yolboyu bütün müsəlman məntəqələrində bu talanları davam etdirib qarşılarına keçən hər kəsi öldürdülər.

Sonra Urmiyada şənlik mərasimi düzənləyib, Marşimonun qardaşıoğlunu assurilərin yeni öndəri kimi onun yerinə oturtdular. Bununla belə, Marşimonun öldürülməsi onlara böyük bir zərbə idi. Çünki bununla da xristianların bu bölgədəki bütün hiyləgər planları alt-üst olmuşdu

1918-ci il aprelin 23-25-də Salmas nizami cilov qüvvələrinin hücumuna və yerli müsəlman əhali isə kütləvi şəkildə qırğına məruz qalmışdı. Aprelin 25-də Salmasdan əsir olaraq götürülən 40 min nəfər müsəlman Həftvan və Qalasər kəndlərinə aparılaraq bir həftə lüt-uryan saxlanıldıqdan sonra uzaq bölgələrə yola salınarkən 30 min nəfəri yolda həlak olmuş, yalnız 10 min nəfəri Xoya sığına bilmişdi. May ayının birinci yarısında Osmanlı ordu hissələrinin köməyə gəlməsindən sonra assuri-erməni cinayətkar silahlı dəstələri məsuliyyətləri səbəbilə qorxaraq bölgədən qaçmışdılar.

S.Sərdariniya onu da qeyd edir ki, 1919-cu ilin iyun ayının 23-də sübh çağı “general” Andranik Zoriyanın (yəqin Güneydə Andranikin bu ayaması da varmış –X.İ.) başçılığı ilə erməni qüvvələri yenidən Xoy yaxınlığında görünməyə başlamışdı. Ancaq xoyluların ciddi müqaviməti sayəsində düşmənin bu həmləsi dəf edilmiş və beləliklə də, tariximizə öncəki faciələrdən sonra parlaq bir səhifə yazılmışdı

(Ardı var)