Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı

351

Güney azərbaycanlıların soyqırımı

Tanınmış araşdırmaçı yazar Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabı bədnam qonşumuzun  bütün yalanlarını ifşa edən, onların xislətini ortaya çıxaran və bir çox tarixi faktlara işıq tutan ən mükəmməl vəsaitlərdən biridir. Müəllifin böyük zəhməti hesabına 3 dildə – Azərbaycan türkcəsi, rus və ingiliscə çap olunan kitabın, xüsusən də bütün dünyanın diqqətinin Qarabağa yönəldiyi indiki ərəfədə, geniş yayılmasına ciddi ehtiyac duyuruq. Odur ki, AMEA Tarix İnstitutunun və İnsan Hüqüqları İnstitutunun rəyi və tövsiyəsi ilə nəşr olunan bu kitabın “Hürriyyət” qəzetində hissə-hissə dərcinə qərar verdik. Buyurun, oxuyun.

(Əvvəli ötən saylarımızda)

 

Ustad Məhəmməd Hafizzadə “Qarabağ” kitabında Mehdixan Ağasinin “Tarixi-Xoy” əsərinə dayanaraq ermənilərin o zamankı (1918-ci il dövrü) fəaliyyətləri və müsəlman qırğınları haqqında yazır:

 

Əhməd Dehqana görə 25 min, Ə.Kəsrəviyə görə 12 min ailə-erməni ciloları (İran qaynaqları bu toplumun adını bəzən “cilov”, bəzən də “cilo” kimi yazırlar-X. İ.) keşiş Marşimonun rəhbərliyilə 1294 şəmsi tarixində Osmanlı torpaqlarından İrana keçdilər. Cilolar və assurilər I Dünya Savaşı dönəmində Osmanlı torpaqlarında 200000 nəfər təşkil edirdilər ki, bunların da ¾ -ü Van gölü yanında məskunlaşmışdılar. Tarixdə onları adətən tünd, sərt, təəssüblü, rəhmsiz xalq kimi səciyyələndirmişlər.

Mehdixan Ağasi isə o dövr hadisələri haqda bunları bildirir: I Dünya Savaşında bunlar (cilolar –X.İ.) Müttəfiq Dövlətlərin yardımı ilə Osmanlı dövlətinə yağı oldular. Osmanlı dövləti onlarla mübarizəyə başlayanda orada duruş gətirə bilməyib Səlmasa gəldilər. Sonra Müttəfiqlər bunları Xoy, Səlmas və Urmiyədə yerləşdirdilər–cilolar qaçqın kimi gəldiklərindən bu üç şəhərin yerli camaatı onlara öz yardım əllərini uzatdı. Amma çağırılmamış bu qonaqlar özlərinə gələndə rus, ingilis, amerikan himayəsi altında İrandakı isavilərlə, ermənilərlə və başqaları (assurilər…) ilə müstəqil dövlət yaratmaq məqsədilə əl-ələ verdilər.

O gəlmələr Osmanlının intiqamını bu yerli xalqdan – silahsız və köməksiz azərbaycanlılardan almaq istədilər. Onlar silahlanıb hərbi marş oxuyaraq yaxın vaxtlarda bu bölgədə, Ney-Nəvaya qədər, axırıncı müsəlman nəfəsinə son verənədək bütün azərbaycanlıları və b. müsəlmanları qırmağı planlaşdırmışdılar.

Müttəfiqlərin planlarına da ən çox qaçan və ən çapuq meyl edən cilolar idi.

Nakişi assurilər, gəlmə, qəddar cilolar, rəhmsiz ermənilər, başıpozuq rus əsgərləri Azərbaycanın qərbində–Urmiya, Səlmas və Xoy bölgəsində qətllərlə və soyğunçuluqla məşğul idilər.

Yeperm adlı İrəvan tərəfdən gəlmiş quldur öz dəstəsilə Səfərqulu kəndinə hücum çəkdikdən və atışmada öldükdən sonra-ertəsi gün erməni, assuri və rus əsgərləri bu kəndin camaatını qılıncdan keçirib, bir nəfəri sağ buraxmırlar, kəndin bütün var-dövlətini də talan edirlər. Nankor və daşürək assurilər divarı baş böyüklüyündə deşib müsəlmanların başını divarın o üzünə keçirdir, sonra başa ip sarıyır, ipin o biri uclarını bir neçə danaya bağlayb danaları çubuqlayır, beləliklə baş bədəndən ayrılırdı

Osmanlı sərhəddindəki Mərcəvər kəndində isə iki nəfər rus qazakını ölü halda tapan kimi ruslar və ermənilər o kəndə saldıraraq hamını öldürüb, uşaq və qadınları da kənddən perik saldılar. Şalu kəndində bir qazak ölüsü tapılan tək rusların təlimatı ilə cilolar kəndi yandırdılar, əhalini də qılıncdan keçirdilər

Başqa sözlə, Xoy, Urmiyə, Səlmas, Təbriz kimi şəhərləri Azərbaycan türklərindən, ümumilikdə müsəlmanlardan “təmizləyib”, bu bölgədə bir erməni-xristian dövləti yaradaraq sonra “Böyük Ermənistana” birləşdirməyi planlaşdırırdılar.

Nəticədə Urmiyədə 10 min nəfər bir neçə saatın ərzində qətlə yetirildi, uşaqlar böyüklərdən betər işgəncə ilə öldürüldülər. Ciloların da qoşunları Dilmağan şəhərinə basqın etməyə görə mühasirəni sıxlaşdırırdılar. Əhali qaçmaq üçün gecəni gözləyirdi. Yeganə qaçma imkanı Sədiqian darvazası idi ki, oranı da cilolar toplarla və b. vasitələrlə atəşə tutmuşdular. Yüzlərlə ana uşaqlarını itirmişdi. Qaçanları güllələyir, evləri yandırırdılar. Xəndəklər meyitlərlə dolu idi. Anaların çoxu südəmər körpələrini çaya atırdı ki, düşmənin əlinə keçməsin. 40 min nəfər uşaq-böyük və qocanı bu meyitlərin üstündən keçirərək ac-susuz, soyuqda Həftvana apardılar. Bir hissəsi qırılıb tələf oldu, bir hissəsi də Güney kəndinə qaçıb birtəhər canını qurtardı

Xoyla Təbriz arasındakı 200 km.-lik yolda addımbaşı cənazələrə rast gəlinirdi. Bu müsəlman qaçqınları bir yandan da kürd əşirət başçısı İsmayıl ağanın silahlı adamları soyur-lütləyirdilər. Məscidə sığınan müsəlmanları isə assurilər elə məsciddəcə ucdantutma qırmışdılar. O zaman bu bölgədən Tehrana məlumat göndərən Mirzə Sadiq xan Müstəşarətdövlə (üç dəfə Daxili İşlər naziri təyin olunub) yazır ki, iki Rusiya ermənisi paytaxta varid olublar və cümə günü 15 nəfər erməni (6-sı qazak qərargahının vəzifəli şəxsləri) İsgəndərxan adlı erməninin evində gecə saat 12-yə qədər toplantı keçirib, İran tərəfə silah keçirmək barədə məşvərət ediblər. Hicri/qəməri 1333-cü ildə qələmə alınan bu yazılı bildirişdə o da göstərilir ki, ermənilər məharətlə Qəzvinə yetərincə silah yerləşiriblər; başqa vacib yerlərə də gizlicə lazımi silah-sursat yerləşdirməklə, planlaşdırırlar ki, İran dövlətinin əsas obyektlərinə, o cümlədən jandarm idarələrinə və s. cəld və effektli basqın həyata keçirə bilsinlər. Tehrana, Qəzvinə göndərilən silahların 1/3-i qazaklara, 2/3-si isə şəhərlərdə “öz ermənilərinə” paylanacaq. Silah gətirənlərin də “rus soldatı” qiyafəsində ermənilər olduğu bildirilirdi.

Mənbədə qeyd olunur ki, içki adı ilə də yeşiklərdə Qəzvinə silah-sursat aparılırmış. Tehran ermənilərinin də Güney Azərbaycan torpaqlarında dəstə-dəstə, “rus saldatı” kimi yerləşərək bu proseslərldə fəal iştirak etdiyi bildirilir (12: s.193).

Müəllif (Məxfi polis raportları kitabının (İran) 52-59-cu səhifələrindəki materiallara dayanaraq), nəticə etibarı ilə qeyd edir ki, Qərbi Azərbaycanda ermənilər və onların xristian havadarları elə bir müdhiş cinayət törətmişlər ki, bunu tarix bağışlamayacaq. Qafqazdan – Cənubi Azərbaycana: Qarabağdan – Qaradağa… və s. şəhərlərədək qan hamamı yaradan bu vəhşilər tarixdə insanlığın da üzünü qara edən bir mənfur iz buraxmışlar.

“Urmiya tarixi” kitabında İran müəllifi Məhəmməd Tamaddun da o faciəli olaylara xüsusi yer ayıraraq geniş şəkildə işıqlandırmışdır…

Mirzə Bala Məmmədzadə isə ermənilərin o vaxtkı ərazi iddialarını sadalayaraq, ümumiləşdirib deyir: “…ermənilərin “Böyük Ermənistan”ı nə az, nə də çox, Türkiyə, İran və Qafqaz türklərinin yaşadıqları bütün əraziləri əhatə etməli idi”.

“…Urmi bəlası deyə yad olunan bu qanlı faciələrdə qırılan islamların miqdarı saya gəlməyəcək qədər çox olduğu kimi, erməni “mücahidləri” tərəfindən “əsir” götürülən gənc azəri qızlarının “alayları” halında “rəsmi keçid”ləri də unudulmamışdır”, – deyə M. B. Məmmədzadə o hadisələr vaxtı ermənilərin alçaqlıqları manyaklıq dərəcəsində etdiklərinə də toxunur

Sıradan, başqa bir qaynaq da Güney Azərbaycan olaylarına aydınlıq gətirərək, bölgədə ingilislərin fitnəkar planlarını açıqlayır:

İngilis kəşfiyyatı hər birinə ayrılıqda olmaqla Urmu boyunca “Aysor dövləti”, “Kürdüstan”, “Böyük Ermənistan” yaradılması ssenarisini gündəmə gətirmişdi. O məqsədlə də burada Qarapapaq türklərinin soyqırımı həyata keçirildi. Sonra Osmanlı dövləti Əli İhsan Sabis paşanın komandanlığı altında bölgəyə qoşun yeritdi. Bu qoşunlar Kərkük və Urmu vilayətlərində baş vermiş türk soyqırımının davam etməsinin qarşısını aldı. Erməni, kəldani və aysorlara məxsus birliklərin yerləşdiyi məntəqələrdə isə xeyli sayda ingilis casusu edam olundu.

Qeyd edək ki, Əli İhsan Sabis paşa Türkiyədə yayınlanmış 6 cildlik xatirələrində imperiyaçıların və başqa türk düşmənlərinin iştah saldığı Urmu vilayətinin önəmini yüksək dəyərləndirərək, onu Anadolu, Güney Azərbaycan və Orta Asiyanı coğrafi, iqtisadi, mədəni və hərbi baxımdan əlaqələndirən ən mühüm strateji nöqtə kimi qiymətləndirmişdir

Haşiyə: Türk generalı Veysəl Ünüvar da 1948-ci ildə İstanbulda yayınlanmış “Naxçıvan: təlatüm və burulğanlar (1920-1921)” adlı xatirə kitabında Güney Azərbaycanlıların qətliamına qısaca toxunmuşdur. O, Simitkonu “Simiko”, Marşimonu “Mir Şasmun”, assuriləri isə “nəsturi” (Mosul bölgəsindəki xristian toplumuna və bu toplum üyələrinə verilmiş ad-X. İ.) kimi adlandıraraq belə yazır: “1918-ci ilin əvvəllərində Simiko Urmiyə nəsturi rəisi Mir Şasmunu pusquya salıb başının adamları ilə birlikdə öldürmüşdü. Bunun üzərinə nəsturilər də müsəlman kəndlərini qətliama uğradır, rəvayətə görə 10000 adam öldürülür” (9: s.9). Görünür, V.Ünüvar bu olaylar haqda şifahi (ağızdan) və ötəri bilgiyə malik olduğundan bu olaydakı tərəfləri tam göstərməmişdir.Ancaq onun Simiko haqda və 1919-cu ildə Van dolaylarında durumla ilgili sunduğu başqa bilgilər yetərincə dəyərlidir: “ …Mosul və Qars bölgələri arasındakı sahədə on birinci Qafqaz diviziyamızın yerləşdiyi Van və Hakkaridə kürdləri üsyana qaldırıb müqavimət imkanını aradan qaldırmağa, ermənilərin istilaçılıq hərəkətlərini asanlaşdırmağa cəhd göstərirdilər.

Bütün cənub cəbhələrimizdə ingilislərin apardığı təbliğat ilə ermənilərin Iğdır cəbhəsində söylədikləri söz eyni idi: hər ikisi kürdlər ilə ermənilərin qardaş olduqlarını iddia edirdilər. Beləcə məqsədləri açıqca görsənir, bizim bir şey söyləməyimizə lüzum qalmırdı. Düşmənlərin sözünün mənasını əşirət ağaları, başçıları çox yaxşı başa düşdülər. İngilislərin istismar üçün (Mosul siyasi hakiminin) qızıllarına arxa çevirdilər. Cənub sərhəddimizi qoruyurdular. Təhlükə ancaq şərq tərəfdən gələ bilərdi.

Şərqdə, İranda kiçik bir əşirət rəisi Simiko hiyləgərliyi və cürətliliyi ilə qonşu əşirətləri soyğun məqsədilə öz ətrafında birləşdirmişdi. Bu adam ümumi hərbdən əvvəl bizə qarşı hərəkətlərə başlamış, müharibə zamanı isə vəziyyətin gedişinə uyğun olaraq bir neçə dəfə bizdən rusların tərəfinə və ruslardan bizim tərəfə keçmişdi. 1919-cu ilin əvvəllərində ölkəmizdə yenə oğurluq, soyğunçuluqla məşğul olmağa başladı. Bu adam ingilislərlə birləşə bilməzdi, çünki nəsturilərlə qan davası vardı. Ermənilərlə birləşə bilərdi. O zamankı İran hökumətinin isə qəribə bir halı vardı: müharibədən əvvəl baş verənlərdən xəbəri yox imiş kimi davranar və bunları Osmanlı hökumətinin üstünə yıxmaq üçün bəhanə axtarardı. (İran) ümumi hərb müddətində aradan çıxdı, müharibədən sonra isə bizdən 1960 il əvvəlki Part-Roma hüdudunu, yəni Fateh Sultan Məhmət dövründəki Fərat hüdudunu istədi və 1919-cu ildə qəbul etdikləri bir müqavilə ilə ingilislərin nəzarətinə keçdi. Ona görə Simiko məsələsində İrandan bir himmət gözləmək olmazdı”.

(Ardı var)