Ermənilərin mülki əhalini hədəfə almasının səbəbləri…

75

Politoloqlar düşmənin bu addımınıçarəsizlikdən qaynaqlanan durum” kimi dəyərləndirir

Təcavüzkar Ermənistanın ordusu sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirir. Belə ki, düşmən Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri atəşə tutaraq, mülki əhaliyə qarşı ağır cinayətlər törədir. Son iki gün ərzində xeyli sayda mülki şəxs erməni təcavüzünün qurbanına çevrilib. Hədəf kimi əhalinin kompakt olduğu məntəqələr – rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri – xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir. Ermənistanın siyasi rəhbərliyinin Cenevrə Konvensiyasını və beynəlxalq hüquq normalarını pozmasını təsdiqləyən saysız faktlar var. Düşmən ölkənin təkcə əsir və girovlara münasibəti bunun ən bariz sübutudur.

Elxan Şahinoğlu: “İrəliləməkdə davam etmək lazımdır…”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu ermənilərin əsas məqsədinin mülki əhali arasında çaxnaşma yaratmaq olduğunu bildirirb. O, Ermənistanın resurs hərbi texnika sayı baxımında Azərbaycandan xeyli geri də olduğunu deyib:

“Ermənilərin 30 ildir ki, taktikası dəyişmir. 1990-cı illərdə də mülki əhalini hədəf alırdılar. Yalan informasiya yayaraq, təşviş yaratmağa çalışırdılar. Nizami ordumuz olmadığına görə, prosesi nəzarətdə saxlamağa çalışa bilmirdik. Bu cür şəraitdə də torpaqlarımızı itirdik. Hazırda da bu cür yalan informasiyalara inanmaq lazım deyil. Düzdür, mülki əhalini hədəfə alırlar. Amma mülki əhalimiz də yaşadıqları yerləri tərk etmir. Bu baxımdan ermənilər bundan da məyus olur. Onların əsas məqsədi qorxu yaratmaqdır. Bu da onlarda alınmır. Digər tərəfdən, onların hərbi birlikləri mülki əhalisini mərkəzdə yerləşdirir. Məqsədləri də odur ki, əgər, mülki əhalidən itki olarsa, “günahkarı” Azərbaycan ordusu olacaq. Yəni taktikalarında dəyişən heç nə yoxdur. Mülki əhali arasında çaxnaşma yaratmağa çalışırlar. Lakin taktikaları bu dəfə onlarda alınmır.

İrəliləməkdə davam etmək lazımdır. O vaxta qədər ki, Ermənistan Azərbaycanın şərtlərini qəbul etsin. Sadə iki şərt var: Ermənistan Azərbaycanın işğal altında olan ərazilərini tərk edir və Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilir. Amma bu şərtlərlərə razılaşacaqlarını düşünmürəm. Biz bacara bildiyimiz qədər irəliləməliyik ki, düşmənə zərbə vuraq. Nəticədə də onlar bu şərtlərlə razılaşmaq məcburiyyətində qalacaqlar.

Resurs müharibəsində Ermənistan xeyli sayda geri düşəcək. Onlar resurs müharibəsində Azərbaycanla bacara bilməyəcək. Həm insani, həm də hərbi-texnika baxımından Azərbaycandan xeyli sayda geridədir. Dünən dövlət başçısı da qeyd etdi ki, biz on milyon, erməniləri isə iki milyondur. Azərbaycanın böyük büdcəsi var və istədiyimiz vaxt xeyli sayda silah ala bilərik. Döyüşlər bir neçə həftə də davam edərsə, onların ritorikası da dəyişəcək. Hazırda əsas hədəf ordumuzun daha da irəliləməsi və daha çox ərazilərimizi işğaldan azad etməsidir”.

Şahin Cəfərli: “Bu, daha çox çarəsizlikdən qaynaqlanan durumdur

Siyasi şərhçi Şahin Cəfərli isə Ermənistanın mülki əhaliyə atəş açmasını çarəsizlikdən qaynaqlanan durum kimi qiymətləndirib. O, ermənilərin Azərbaycan ordusunun hücumu nəticəsində psixoloji şok yaşadıqlarını, Azərbaycanı “cəzlandırmaq” üçün isə arxa cəbhədə çaxnaşma yaratmaq istədiklərini deyib:

“Məncə, bu, daha çox çarəsizlikdən qaynaqlanan durumdur. Onlar hara gəldi nizamsız atəş açır. Çünki Azərbaycan ordusunun hücumu nəticəsində həm psixoloji şok yaşayır, həm də Azərbaycanı “cəzlandırmaq” üçün bu tip üsullara əl atırlar. Bununla da arxa cəbhədə çaxnaşma yaratmaq istəyirlər. Fikirləşirlər ki, belə etməklə əhalinin narazılığını artıracaqlar və həmin ərazilərdən kütləvi köçə nail olacaqlar. Eyni zamanda, Azərbaycan ordusunda qeyri-sabitlik yaratmağı düşünürlər. Əsas məqsədləri də budur. Təbii ki, biz hazırkı fürsətdən istifadə edərək, daha çox ərazimizi işğaldan azad etməliyik. Aydınır ki, önümüzdəki günlərdə və ya həftələrdə atəşkəs bərpa olunacaq. Çünki həmsədr ölkələrin bu yöndə basqıları var. Böyük ehtimalla əməliyyatlar dayandırılacaq. Bu baxımdan, Azərbaycan ordusu həmin vaxta qədər daha çox ərazimizi işğaldan azad edə biləcək. Belə olan halda, işğalçı tərəf sözə baxan olacaq. Əvvəlki kimi destruktiv mövqeyindən əl çəkməli olacaqlar. Beləlilklə, Ermənistan Azərbaycanla normal və ədalətli şərtlərlə sülhə razı olacaq.

Amma Rusiya başda olmaqla, həmsədr ölkələrin də mövqeyi önəmli olacaq. Onlar səmimi olaraq sülh əldə olunmasına çalışacaqlarsa, o zaman sülhə nail oluna bilər. Əgər Rusiya yenə məsələni uzatmaq istəyərsə, sülh danışıqları baş tutmayacaq. Hər bir halda, Azərbaycan ordusu mümkün qədər daha çox ərazini işğaldan azad etməlidir və orda möhkəmlənməlidir. Ümumiyyətlə, istənilən müharibə sülh müqaviləsi ilə bitir. Qarabağ müharibəsi də sülhlə bitəcək. Əgər Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasıyla bağlı razılaşacaqsa, o zaman sülh müqaviləsi baş tuta bilər. Azərbaycan yalnız bu şərtlərlə sülhə razılaşa bilər”.

Qabil Hüseynli: “Onlar insanlığını itirmiş “quduz faşist cəlladlarıdır””

Dövlət müşaviri, politoloq Qabil Hüseynli erməniləri insanlığını itirmiş “quduz faşist cəlladları” adlandırıb. O, Ermənistan ordusunun etdiklərini Cenevrə Konvensiyasının müddəalarını pozmaq kimi qiymətləndirib: “Cenevrə Konvensiyasında qeyd olunub ki, hansı qayda da müharibə aparılmasına rəğmən, dinc əhaliyə toxunmaq olmaz. Ümumiyyətlə, onlar həmişə bu üsullara əl atıb. Yəni məqsədləri cəmiyyətin mənəvi ruhunu qırmaqdır. Çaxnaşma yaratmaq üçün mülki əhalini hədəfə alırlar. Onlar yaxşı başa düşür ki, hərbiçələrdən daha çox mülki əhali arasında təşviş yaratmaq daha asandır. Bu da cəmiyyətin digər təbəqələrinə də öz təsirini göstərir. Ermənilər faşist ruhlu insanlardır. Onlar hətta heyvanlara da atəş açmaqdan belə çəkinmirlər. Onları insanlığını itirmiş “quduz faşist cəlladları” adlandırmaq daha doğru olardı. Ermənilər Xocalı faciəsində də insanların qulağını və digər bədən üzvlərini kəsirdilər. Yəni, bu millətdən nə desən gözləmək mümkündür. Onların etdikləri Cenevrə Konvensiyasının müddəalarını pozmaqdır. Çünki Cenevrə Konvensiyasında qeyd olunub ki, hansı qayda da müharibə aparılmasına rəğmən, dinc əhaliyə toxunmaq olmaz. Mülki əhaliyə qarşı hərbi əməliyyatlar keçirilməməlidir. Ermənistan isə bu müddəaların əksinə olaraq, mülki əhaliyə qarşı dayanmadan atəş açır və çaxnaşma yaradılmasına çalışır. Bu metodların uğurla işlədiyini başa düşürlər və ona görə də belə edirlər. Ermənilərin Azərbaycana qarşı kini o qədər böyükdür ki, onlar mülki əhalinin öldürülməsindən belə sanki “ləzzət” alır”.

Nəzakət Məmmədova: “Hazırda Ermənistan təlaş içindədir…”

Beynəlxalq münsibətlər üzrə ekspert, politoloq Nəzakət Məmmədova Ermənistanın eyni zamanda öz əhalisinin də hüquqlarını pozduğunu deyib. O, Dağlıq Qarabağın separatçı qüvvələrinin yolu kəsərək, əhalisinin qarşısını almağa çalışdığını bidirib: “Əvvəlcə, onu qeyd edim ki, Ermənistan beynəlxalq qanunları tanımayan bir dövlətdir. Çünki heç bir beynəlxalq hüquqi prinsiplərə riayət etmir və barbarlıq edir. Dünyada beynəlxalq hüquqi qaydalara görə, müharibə qanunları HAAQA konvensiyası və digər beynəlxalq qanunlara əsaslanır. Cenevrə Konvensiyasına görə, müharibə vaxtı mülki əhaliyə atəş açmaq qadağandır və mülki əhali heç vaxt hədəf ola bilməz. Ermənistanın mülki əhaliyə qarşı zorakılığı beynəlxalq qaydaları pozmaq deməkdir. Onlar mülki əhaliyə atəş açmaqla, cəmiyyətdə çaxnaşma yartmağa çalışır. Necə ki, 1990-cı illərdə əhaliyə qarşı zorakılıq göstərməklə, mülki əhalinin torpağını atıb qaçmasına səbəb oldular. Mülki əhaliyə atəş açmaq, beynəlxalq cinayət və qanunların kobud şəkildə pozulmasıdır. Onlar mülki əhaliyə atəş açmaqla düşünürlər ki, əhali çaxnaşmadan sonra torpaqları tərk etməyə başlayacaq. Ermənistan Qarabağın işğalı zamanı da insanlara işgəncə vermiş və əsir götürmüşlər. Əsir götürülənlərin taleyindən indiyənə qədər xəbər yoxdur. Beynəlxalq qanunlara görə, əgər ərazi işğal olunubsa, bir qayda olaraq, mülki əhalinin getməsi üçün dəhliz açılmalıdır. Lakin, onlar Azərbaycan torpaqlarının işğalı zamanı da bunu etmədi. Əksinə, silahsız insanları əsir götürüb, öldürüb və işgəncə verdilər. Paşinyan Dağlıq Qarabağ əhalisinə çağırış edib ki, Ermənistana qaçın. Lakin, Dağlıq Qarabağın separatçı qüvvələri yolu kəsərək əhalinin qarşısını almağa çalışır. Onlar eyni zamanda, öz əhalisinin də hüquqlarını pozur. Əməliyyatın gedişatı tərəflərin son qərarından aslı olacaq. Azərbaycan tərəfi Ermənistana şərt qoyub ki, təslim olsun və torpaqlarımızı azad etsinlər. Onlar şərtləri yerinə yetirməsələr, Azərbaycanın genişmiqyaslı  hərbi əməliyyatları davam edəcək. Qanunlara görə, biz sona qədər gedib torpaqlarımızı azad etməliyik. Hazırda böyük dövlətlər narahat olmağa başlayıb. Lakin, Rusiya çox təmkinli davranır. Üstün tərəf Azərbaycan olduğuna görə, Azərbaycanın mövqeyi daha çox nəzərə alınmalıdır.

Hazırda Ermənistan çox təlaş içindədir. Ermənistanın bütün rəsmi şəxsləri dünyanı bir-birinə qatıb. Bəlkə də zəng etmədikləri ölkə qalmayıb. Demək ki, onlar aciz vəziyyətdə qalıblar. Artıq Fransa və Almaniya məsələni BMT səviyyəsinə qədər qaldırıb. Rusiya təmkinli davranır, lakin Ermənistana yardım edib-etmədiyindən xəbərsizik. Türkiyənin mövqeyi də çox önəmli rol oynayır. Rusiya Aprel döyüşlərindəki kimi proseslərə müdaxilə etməyib. Göründüyü kimi Prezident İlham Əliyevlə Putinin telefon danışığı hələ başa tutmayıb. Hələ ki, Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin telefon danışığı baş tutub”.

Xatırladaq ki, 1990-cı illərdə baş verən Qarabağ müharibəsi zamanı da işğalçı Ermənistan  eyni rəftara yol verirdi. Belə ki, düşmən ölkə Xocalı soyqrımı  başda olmaqla, azərbaycanlılara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər, soyqırımları bütün dünyaya məlumdur. Bu mənfur ölkənin bu dəfə də eyni ssenari ilə hərəkət etməsi – günahsız azərbaycanlıları – qocaları, uşaqları, qadınları, evləri, yaşayış binalarını, məktəbləri, xəstəxanaları, təcili yardım maşınlarını, jurnalistləri, mülki infrastrukturu hədəfə alması onun faşist mahiyyətinin dəyişmədiyini bir daha göstərir.

YƏHYA