Ermənilərdə məğlubiyyətdən doğan “günahkar axtarma” sindromu başladı: Sarkisyançılarla Paşinyançılar arasında

744

Azərbaycan ordusu irəlilədikcə, Ermənistan təkcə döyüş meydanında ağır itkilər verməklə qalmır, həm də ölkə daxilində məğlubiyyət acısının yan təsirləri ilə üzləşirlər. İş o yerə çatıb ki, məğlubiyyət psixologiyasının doğurduğu “günahkar axtarmaq” sindromu Ermənistan rəsmiləri arasında açıq müstəviyə çıxıb.

Ovqat.com erməni mediasına istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyanla üçüncü prezident Serj Sarkisyanın ofisi arasında sosial şəbəkədə böyük mübahisə yaranıb.

Hər şey Ovannisyanın son iki ildə ordunun 10 il əvvələ nisbətən daha modern texnoloji silah təchiz edildiyini söyləməsiylə başlayıb. Bu açıqlamaya Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın ofisindən mənfi reaksiya gəlib. Tərəflər müharibə dövrünün qaydalarını nəzərə alaraq, mübahisəni müharibədən sonraya saxlamağa qərar versələr də, Ovannasyan səbrsizlik göstərib, iki il ərzində alınan silahların siyahısını yayınlayıb. Gözlənilir ki, Serj Sarkisyanın ofisi də buna cavabsız qalmayacaq.

Ovannasyanın təqdim etdiyi “modern” silahların siyahısı:

🔹2012-2018-ci illərdə xaricdə olanlar da daxil olmaqla yeni rabitə vasitələri və radio stansiyaları alınmışdı. Son iki ildə isə üç dəfə çox alınıb.
🔹2012-2018-ci illərdə Kornet kimi məhdud sayda anti-tank silahları alınmışdı. Son iki-üç ildə üç dəfə çox alınıb.
🔹2012-2018-ci illərdə Smerch kompleksləri alınmışdı, son iki ildə onların sayı və sursatları artdı.
🔹2012-2018. Ermənistana yeni nəsil ballistik raketlər təhvil verilmişdi; son iki ildə qırıcılar alındı.
🔹2012-2018-ci illərdə Ermənistana az miqdarda yeni nəsil qısamənzilli hava hücumundan müdafiə sistemləri çatdırılmışdı. Son iki ildə onların sayı üç dəfə artdı, çox sayda yeni silah dəsti əlavə edildi və ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri hesab olunan “Tor-M” alındı.
🔹2012-2018-ci illərdə Ermənistan problemi olan və işləməyən məhdud sayda yeni nəsil elektron müharibə avadanlığı əldə etdi. Onlar yalnız bu il qaydasına salındı və hərbi arsenala daha güclü alətlər əlavə edildi, bu silahların sayı bir neçə dəfə artdı.
🔹2012-2018-ci illərdə Ermənistanda müəyyən sayda İHA yaradıldı və idxal edilmışdi, son 2 ildə onların sayı 5 dəfə artdı.
2018-ci ildən sonrakı dövrlərdə təfərrüatları gizli olan aviasiya silahlanmasına dair müqavilələr bağlanmış və TOS sistemləri alınmışdır və s.”

Qeyd edək ki, Ovannisyanın siyahını 2012-ci ildən başlatması təsadüfi deyil. Bu, Serj Sarkisyanın sonuncu prezidentlik dövrünə düşür. Görünən budur ki, Ovannisyan Sarkisyanın son 6 illə indiki Baş nazir Nikol Paşinyanın 2 illik hakimiyyətini müqayisə edərkən köhnə komandanı “işbacarmazlıq”la ittiham etməyə çalışıb. Haqlı ola bilər. Amma məsələ burasındadır ki, iki tərəfin nəinki son 8 ildə, ümumiyyətlə Ermənistan ordusu var olandan indiyədək əldə etdiyi bütün silah-sursatı Azərbaycan cəmi 40 gün ərzində külli-küfan etdi. Binəvaların buna rəğmən nəyi müzakirə etdiklərini anlamaq mümkün deyil. Belə görünür ki, Paşinyan hakimiyyəti öz məğlubiyyətinə ortaq axtarır və əsas günahı özündən əvvəlkilərin üstünə atır.