Ermənilər terrorçulara niyə Azərbaycan hərbçilərinin paltarını geyindirir?

39

Düşmənin növbəti təxribat əməlinin ifşa olunması onların məkrli niyyətini ortaya çıxardı…

Azərbaycan Ordusunun Dağlıq Qarabağ və ətraf rayonlarda keçirdiyi antiterror və sülhə məcburetmə əməliyyatları nəticəsində düşmənin uğursuzluqları davam etdikcə, Ermənistanın həm ölkə vətəndaşlarını, həm də beynəlxalq aləmi aldatmağa yönələn “feyk-nyus”larının da sayı artır.

Guya “uğurlu hücum əməliyyatları” ilə Azərbaycan Ordusuna ağır zərbə vurulması, hərbçilərimizin geri çəkilməsi, Azərbaycana məxsus hərbi obyektlərə artilleriya zərbələri endirilməsi, ordumuzun böyük itki verməsi və s. formada reallığı əks etdirməyən xəbərlər yaysalar da, ortaya sübuta söykənən heç bir fakt qoyulmayıb.

Halbuki Azərbaycanın hərbi komandanlığı əməliyyatlarla bağlı yaydığı bütün məlumatlara sübutlar – videogörüntülər, fotolar və s. əlavə edir.

Ağlasığmaz fantaziyalar uydurmaqda Hindistan filmlərinin istehsalçısı olan “Bollivud”u belə kölgədə qoyan Ermənistan hakimiyyətinin bütün “feyk”ləri özlərinin biabırçılığına səbəb olsa da, yenə də saxta xəbər yaymaqdan əl çəkmirlər.

Belə “feyk”lərdən olan və guya Azərbaycan tərəfinin erməni əsirləri güllələməsi barədə səhnələşdirilərək çəkilən və sosial şəbəkələrdə yayılan videolar da o qədər qeyri-peşəkarcasına hazırlanmışdı ki, hətta bu sahənin mütəxəssisi olmayan şəxslər də görüntülərin qurama olduğunu dərhal anladılar.

Bu səbəbdəndir ki, Azərbaycan dövlətini beynəlxalq hüququn prinsiplərini pozmaqda günahlandırmaq üçün hazırladıqları saxtakarlıq videoları ilə istəklərinə nail ola bilmədilər.

Şuşan Stepanyan öz “feyk”lərini ifşa etdi

Ermənistanın daha bir “feyk”i isə elə özləri tərəfindən ifşa olundu. Müharibə başlayandan Azərbaycana qarşı həm də fake müharibəsi elan edən Ermənistan guya suriyalı silahlıların Azərbaycan tərəfdən döyüşlərdə iştirak etdiyini iddia edirdi. Erməni tərəfi guya suriyalı silahlılarına Azərbaycan sərhədçilərinin formasında döyüşdüyünü bildirərək, bununla bağlı qurama video çəkərək sosial şəbəkələrdə yaymaqla rəy yaratmağa da çalışmışdılar.

Ötən gün öz “Facebook” səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan guya Azərbaycan Ordusunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim formasında Suriyadan gələn terrorçular döyüşməsi barədə yaydıqları xəbərin saxta olduğunu ortaya qoyub.

Belə ki, fotolarda David Tonoyanın yanında məhz Azərbaycan sərhədçilərinin hərbi formasında olan erməni əsgər əyləşib, digər bir əsgərin isə şalvarı həmin formadandır. Bununla da aydın olur ki, əsl terrorçular elə məhz Tonoyanın yanında əyləşib.Yəni erməni tərəfi öz əsgərlərinə belə forma geyindirərək, guya suriyalı hərbçilərin Azərbaycanda döyüşməsinə dair yalan, fake videolar çəkməsini bir daha təsdiqləmiş olur. Məlumat yayıldıqdan dərhal sonra erməni “Telegram” kanalları bu xəbəri sildilər, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Şuşan Stepanyan isə xəbəri saxlasa da, məhz həmin geyimdə şəxslərin yer aldığı şəkli sildi. Bu, bir daha erməni tərəfinin özü-özünü ifşa etdiyini, şəkilləri silməklə, özlərini təmizə çıxartmaq cəhdlərini göstərir.

Ermənistan tərəfinin “PKK təxribatı”…

Məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, xarici kütləvi informasiya vasitələrində kəşfiyyat məlumatlarına istinadən Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə PKK terrorçularının yerləşdirilməsi və onlara Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərinin geyindirilməsi barədə ciddi xəbərlər öz əksini tapıb.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin və kriminal xunta rejiminin hər hansı mənəvi-etik məhdudiyyətləri yoxdur:

“Ermənistan tərəfi PKK terrorçularına və Ermənistan əsgərlərinə Azərbaycan silahlı qüvvələrinin hərbi geyimlərini geyindirərək onlar tərəfindən mülki erməni əhaliyə qarşı hərbi cinayətlərin törədilməsini təşkil edə və sonradan bütün propaqanda resurslarını cəlb edərək məsuliyyətin Azərbaycanın üzərinə atmağa da cəhd göstərə bilər. Döyüş şəraitində məhv edilən və Azərbaycan silahlı qüvvələrinin hərbi forması geyindirilmiş PKK terrorçularını isə guya Azərbaycan tərəfdən vuruşan muzdlular kimi təqdim edə bilər.

1988-ci ildə SSRİ DTX-nin dəstəyi ilə Ermənistan xüsusi xidmət orqanlarının Sumqayıtda erməni kriminal Eduard Qriqoryanın rəhbərliyi altında mülki erməni əhalisinə qarşı poqromların təşkil edilməsi və sonradan buna görə Azərbaycanın günahlandırılması faktını çox yaxşı xatırlayırıq.

H.Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki erməni əhalisini Ermənistan silahlı qüvvələrinin və kriminal xunta rejiminin bu kimi potensial təxribatlarına qarşı ayıq-sayıq olmağa, hərbi obyektlərdən kənar durmağa çağırıb:

“Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə heç bir işi yoxdur.

Azərbaycan silahlı qüvvələrinin nəzarətində olan ərazilərə keçmək istəyən mülki əhaliyə və erməni hərbçilərə humanizm prinsipləri və Cenevrə konvensiyaları əsasında bütün zəruri humanitar dəstək göstərməyə hazırıq”.

İlham Əliyev: “Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur”

Cəbhə xəttində əcnəbilərin döyüşməsi barədə Ermənistanın “feyk”lərinə Prezident İlham Əliyev xarici media orqanlarına verdiyi müsahibələrdə dəfələrlə aydınlıq gətirib və deyilənlərin əksinə olaraq, muzdluların məhz Ermənistan tərəfində döyüşdüyünü qeyd edib.

“Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir” – Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı həmçinin digər dövlətlərin də münaqişəyə cəlb edilmədiyini xüsusi vurğulayıb: “Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlarından Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər”.

Ümumiyyətlə, Prezident İlham Əliyev müsahibələrində ermənilərin bir çox feyklərini ifşa edib. “CNN International” televiziya kanalına müsahibəsində hərbi əməliyyatlarda F-16 təyyarələrinin istifadə olunmamasını birmənalı şəkildə təsdiqləyən Azərbaycan Prezidenti müsahibəsində bununla bağlı bir erməni feyk xəbərindən də danışıb:

“Toqquşmaların ilk günlərində onlar türk F-16 qırıcı təyyarəsinin erməni Su-25 təyyarəsini vurduğunu demişdilər. Bu, feyk xəbərdir və bizi bunda günahlandıranlar indi bizdən üzr istəməlidirlər, çünki hər kəs bunun feyk xəbər olduğunu bilir. F-16 qırıcı təyyarələri buradadır, lakin onlar sizin də düzgün qeyd etdiyiniz kimi, yerdədir”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Ermənilərin ən böyük “feyk”i: “cəsur ordu” haqqındakı mif

Ancaq görünən odur ki, bu qədər aldığı dərslər Ermənistana təsir etmir. Uğurlu əməliyyatlar nəticəsində günbəgün irəliləyən Azərbaycan oprdusunun işğal altında olan çox sayda yaşayış məntəqəsinin azad etməsi, düşmənin çox sayda hərbi texnika, canlı qüvvə, silah-sursatını məhv etməsi, qənimət kimi ələ keçirməsi nəticəsində Ermənistan əhalisi arasında böyük təşviş və hakimiyyətə inamsızlıq yaradıb. Etimadsızlıqdan və minlərlə hərbçinin məhv olması səbəbilə yaranan aqresiyyanın birbaşa hərbi-siyasi rəhbərliyin hakimiyyətdən getməsi ilə nəticələnəcəyi özlərinə də gün kimi aydındır.

Bütün sferalarda uğursuzluqlarını və sürətlə geri çəkilmə “taktiki-gedişini” ört-basdır etmək, həmçinin beynəlxalq aləmdə itirdiyi dəstəyi bərpa etmək üçün Ermənistan çıxış yolunu məhz dezinformasiyalar yaymaqda görür.

Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, onların ən böyük “feyk”i “cəsur ordu” haqqındakı mifləridir: “Biz döyüş meydanında onlara kimin kim olduğunu göstərdik. Onların “cəsur ordusu” haqqında bütün mifləri, sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır. Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik”.

 

Rəşad VAQİFOĞLU