“Ermənilər Kəlbəcəri, Dövlət Dəniz Administrasiyası və “Mərdəkan-Broyler” isə gəmimi talan edib, yararsız hala salıb”

780

Qənbər Səfərov: “Necə ki, ermənilər törəkdikləri vəhşiliklərə görə, qanun qarşısında cavab verib təzminat ödəyəcəklər, eynilə Dövlət Dəniz Administrasiyası və “Mərdəkan-Broyler” də mənə dəymiş ziyana görə təzminat ödəməlidirlər”

Qəzetimizin daimi oxucuları Qənbər Səfər oğlu Səfərovun üzləşdiyi problemlə, daha doğrusu, Dövlət Dəniz Administrasiyası və “Mərdəkan-Broyler” ASC tərəfindən onun başına açılan oyunla ətraflı şəkildə tanışdırlar. Belə ki, şikayətçinin iddiasına görə, Rusiya vətəndaşı Musatov Mixail Nikolayeviç adlı şəxsdən 20 fevral 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi “Yunıy moryak” adlı daşıntı gəmisi oğurlanıb və daha sonra Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun yardımdı ilə saxta müqavilə əsasında Aydın Əhmədovun direktoru olduğu “Mərdəkan-Broyler” ASC-nin mülkiyyətinə keçirilib.

Qənbər Səfərov bildirib ki, adıçəkilən gəmi oğurlandıqdan sonra onun adından saxta müqavilə düzəldilib. Orada qeyd olunub ki, guya o, “Mərdəkan-Broyler”lə bağlanılan müqavilə əsasında gəmini satıb. Şikayətçi isə bunu inkar edir və qeyd olunan müqavilənin saxta olduğunu bildirir. Həmin müqavilədə göstərilib ki, guya, onlar arasında anlaşma 2003-cü il, yanvarın 9-da bağlanıb. Halbuki, gəmi həmin il fevralın 28-də Həştərxandan alınıb, 26 iyulda isə Bakıda olub. Məhz bu faktın özü “Yunıy moryak” adlı daşıntı gəmisinin saxta yollarla ələ keçirildiyini təsdiqləyir. Bundan başqa, “Mərdəkan-Broyler”lə Qənbər Səfərov arasında bağlanıldığı iddia olunan müqavilənin möhürünün və onun imzasının saxta olduğu sonradan ekspertiza tərəfindən də təsdiqlənib. Bundan başqa, şikayətçinin sözlərinə görə, 10 sentyabr 2013-cü il tarixdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəis müavini, baş ədliyyə müşaviri Hamlet Musayev tərəfindən Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədova ünvanlanmış 10939/14851 nömrəli ekspert rəyində misli görünməmiş saxtakarlığa yol verilib. Belə ki, ədliyyə qulluqçuları İlham Xudiyev və Arif Maqsudov tərəfindən 2(103)-529/2013 saylı mülki iş üzrə hazırlanan ekspert rəyinə görə, “Yunıy moryak” adlı (hazırkı adı “Ramin”) daşıntı gəmisinin gövdəsi polad materialdan olub, uzunluğu 30 metr, eni 6 metr, hündürlüyü isə 4,5 metr təşkil edir: “Halbuki, gəminin uzunluğu 25, eni isə 5 metrdir. Bundan başqa, rəydə qeyd olunur ki, guya təmir işləri zamanı gəminin 24 qapısı dəyişdirilib. Bu da reallığı əks etdirmir. Çünki “Yunıy moryak”da cəmi 8 qapı mövcuddur. Odur ki, verilən rəydə qeyd olunanlar mənim gəmimə aid deyil”. Lakin buna baxmayaraq, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi “Yunıy moryak” adlı (hazırkı adı “Ramin”) daşıntı gəmisində təmir-tikinti işlərinin aparıldığını və buna hazırkı bazar qiymətinə uyğun olaraq 344 min 388 manat sərf olunduğunu müəyyənləşdirib.

Bununla razılaşmadığını bildirən şikayətçinin sözlərinə görə, ona məxsus olan gəmiyə saxta sənədin verilməsi ilə bağlı dəfələrlə Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanova müraciət edib: “Məhz həmin saxta sənədin verilməsi səbəbindən mənə külli miqdarda maddi ziyan dəyib. Onu da qeyd edim ki, uzun sürən çəkişmədən sonra 20.08.2020-ci il tarixdə mənə mülkiyyət haqqında şəhadətnamə verilib. Həmin gəminin təhvil-təslim aktının verilməsindən ötrü işi icra şöbəsinə göndərdilər. Beləliklə, Yasamal rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru İlyas Cəfərov, “Mərdəkan-Broyler”in nümayəndəsi Əhmədov Xəqani Hümbət oğlu və mən bir yerdə hal şahidlərinin iştirakıyla gəminin yerləşdiyi məkana – Bakı şəhəri, Səbail rayonu Cənub buxtası Bibiheybət gəmi zavodunun ərazisinə baş çəkdik. Bildirim ki, həmin vaxt gəmiyə baxış keçirərkən, məlum oldu ki, Rusiyadan bura saz vəziyyətdə gətirdiyim gəmi tamamilə yararsız hala salınıb, içərisində olan zəruri avadanlıqlar, o cümlədən texniki vasitələr sökülüb dağılıb”. Məhz bu səbəbdən də, yəni istifadəyə yararsız olduğu üçün gəmini təhvil almaqdan imtina etdiyini deyən Qənbər Səfərov bildirir ki, ona məxsus olan gəmiyə saxta sənəd verilərkən, gəmi bu vəziyyətdə olmayıb: “Odur ki, Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanova üzümü tutub xahiş edirəm ki, ya gəmini özləri təmir edib mənə təhvil versinlər, ya da ekspertlərin iştirakı ilə mənə dəymiş ziyanı müəyyən edib, təzminat ödəsinlər. İcraçıların tərtib etdiyi aktda da göstərilir ki, gəmi istifadəyə yararsız vəziyyətdədir. Mən belə vəziyyətdə gəmini təhvil almıram. Axı, gəmi Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun yardımdı ilə saxta müqavilə əsasında “Mərdəkan-Broyler” ASC-nin mülkiyyətinə keçirilərkən bu vəziyyətdə olmayıb. Onu da nəzərinizə çatdırım ki, hazırda gəmidə çatışmayan bütün avadanlıqların, texniki vasitələrin siyahısı ekspert tərəfindən hazırlanıb və məndədir. Dövlət Dəniz Administrasiyasının rəsmiləri də həmin siyahı ilə tanış ola bilərlər. Oradan da aydın şəkildə görünür ki, gəmimi tamamilə yararsız hala salıblar. Bu bilirsiniz nəyə bənzəyir? Ermənilər Kəlbəcər rayonundan çıxarkən orada nə var nə yox hər şeyi talan edir, meşələri qırır, ağacları və evləri yandırır, viran qoyur, Dövlət Dəniz Administrasiyası və “Mərdəkan-Broyler” də mənim gəmimi talan edib, yararsız hala salıblar. Necə ki, ermənilər törəkdikləri vəhşiliklərə görə, qanun qarşısında cavab verib təzminat ödəyəcəklər, eynilə Dövlət Dəniz Administrasiyası və “Mərdəkan-Broyler” də mənə dəymiş ziyana görə təzminat ödəməlidirlər. Mən bu məsələnin qanun çərçivəsində ədalətlə həll olunmasını istəyirəm”.

“Hürriyyət”in Araşdırma Qrupu

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.