Ermənilər hələ də torpaqlarımızda gizlənir – şok iddia!

279

Ekspertlər bunun mümkün təhlükələri barədə danışdılar

Erməni hüquq müdafiəçisi Siranuş Saakyan KİV-lərə bildirib ki, onun məlumatına görə, ümumilikdə Azərbaycan əsirliyində 100-dən çox erməni var. Ermənistan tərəfin məlumatına görə, indiyədək Azərbaycan Silahlı Qüvvələrinin ələ keçirdiyi ərazilərdə gizlənən, ermənilər tərəfə keçməyə çalışan Ermənistan əsgərləri qalıb.

Azərbaycanın da Ermənistanda son müharibədən sonra əsirləri var və hələ ki qaytarmaq istəmirlər. Ermənistan rəhbərliyi hələ müharibədən əvvəl də əsir və girovların “hamının hamıya” prinsipi ilə mübadiləsinə qarşı çıxırdı. Bəs çıxış yolu nədir? Azad olunmuş rayonlarda erməni əsgərlərin qalması mümkünmü və bu təhlükədirmi?

Konfliktoloq Əvəz Həsənov “Yeni Müsavat”a bildirdi ki, bizdə erməni əsirlərinin sayı barədə dəqiq məlumat yoxdur. Bu barədə hələ nə Müdafiə Nazirliyi, nə Əsirlərlə bağlı Dövlət Komissiyası, nə də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən məlumat verilib. Məlumatlar olduqdan sonra əsirlərin dəyişdirilməsi məsələsi gündəmə gələ bilər. Erməni əsgərlərinin valideynləri və yaxınlarına buradan müraciət oluna bilər ki, hökumətlərinə əsirlərin dəyişdirilməsi üçün təzyiq etsinlər. “Hamının hamıya” prinsipi isə 44 günlük müharibədən xeyli öncələr təklif edilmişdi. İndi yeni vəziyyət yaranıb və həmin prinsip gündəmdə deyil.

Əvəz Həsənov: Beynəlxalq humanitar təşkilatlar məcburi köçkün qəsəbələrinə  buraxılmalıdır | Humanitarian Research Public Union

Əvəz Həsənov

Ə.Həsənov onu da dedi ki, erməni hərbçilərin qalması və ya gizlənməsi haqqında məlumat da hələ ki rəsmi açıqlanmayıb: “Bizim nəzarətə götürdüyümüz ərazilərdə erməni silahlıların qalması, gizlənməsi barədə deyilənlər hələ rəsmi təsdiqini tapmayıb. Ola bilsin ki, fərarilik eləyənlər hələ ki ermənilərin nəzarətində olan yerlərdə gizlənirlər. İnanmıram ki, bizim nəzarətimizdə olan ərazilərdə qalsınlar. Çünki qalanlar ya əsir götürüləcək, ya da müqavimət göstərsələr, terror hərəkətlərinə yol versələr öldürüləcək”.

Qida və ərzaq logistikası necə tənzimlənməlidir? - Ruslan İmamquliyev ilə  MÜSAHİBƏ — Azfood

Ruslan İmamqulyev

Hərbi ekspert Ruslan İmamqulyev isə bildirdi ki, ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərimizdə minalanmış sahələrin olması ilə yanaşı, həm nəzarətdən çıxmış erməni terrorçular, həm də Ermənistan silahlı qüvvələrinə məxsus silahlı dəstələrin qalması, gizlənmələri mümkündür. Bu cür hallar təbii ki, təhlükəlidir: “Ona görə də bundan sonrakı mərhələ olaraq ərazinin tam olaraq təmizlənməsindən söhbət gedir ki, bu təmizlik təkcə minalardan təmizlənməsindən ibarət deyil, həm də ərazidə ola biləcək nəzarətdən çıxmış və ya planlı şəkildə orada qalmış terrorçu qrupların zərərsizləşdirilməsidir. Məhz bu mərhələ bölgəyə cəlb olunmuş və cəlb olunacaq sülhməramlı qüvvələrin fəaliyyəti çərçivəsində olacaq. Üçtərəfli bəyanatda Rusiya sülhməramlılarının iştirakı və bunun da davamında Koordinasiya mərkəzinin olması, bu Mərkəzdə Rusiya və Türkiyənin hərbi qulluqçularının nəzərdə tutulması məlumdur. Məhz bu qüvvələrin iştirakı ilə ərazinin tam yararlı, təhlükəsiz vəziyyətə gətirilməsi baş verməlidir. Ərazinin erməni silahlılarından tamamilə təmizlənməsi sülhməramlı qüvvələrin vəzifə borcudur. Bütün bunlara baxmayaraq, sülhməramlı qüvvələrlə yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin və müvafiq digər orqanların da ciddi fəaliyyəti olacaq. Onlar da gərəkən işləri görəcəklər. Orada sivil əhalinin yaşayışının təminatı həm də bu mərhələnin həyata keçirilməsini zəruri edir. Müvafiq orqanlar öz öhdələrinə düşən vəzifə borclarını yerinə yetirə biləcəklər. Ərazilərdə yaşayışın təmin olunması üçün ehtimal olunan bütün risklər aradan qaldırılmalıdır və yəqin ki, qaldırılacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”