Ermənilər arxa cəbhədə “5-ci  kolon” axtarışında 

105

Və yaxud son 30 ildə Azərbaycanda “erməni dəyirmanı”na su tökənlər kimlər olub…

“Azad Azərbaycan” adı altında “Avropa Erməni İcmaları Konfederasiyası”nın xüsusi qrant layihəsi əsasında qondarma “TMMH” (Talış-Muğan Mühacir Hökuməti” yenidən beynəlxalq birliyi qarışdırmaq üçün genişmiqyaslı hərəkətə keçib. Belə ki, İrəvandan idarə olunan Ermənistan xüsusi xidmət orqanları Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı savaşa qarşı “əhalinin biz hər hansı bir savaşa qarşıyıq kütləvi aksiyaları” həyata keçirmək üçün hazırlıqlar da görmülüşdü. 1991-1994-cü illərdə əldə etdiyi sabotaj taktikası indiki halda baş tutmadı. Plana görə “Talışstan” və “Ləzgistan” adlı ərazilərin bombalanmaması üçün Ermənistan müdafiə nazirliyinin planı da var idi. Çünki 1992-1994-cü illərdə ASDP-nin (Azərbaycan Sosial Demokrat Partiyası) dəstək verdiyi və bunu o dönəmdə partiyanın mətbu orqanı olan “İstiqlal” qəzetində kütləvi şəkildə təbliğata çevirməsi ilə “Talış Xalq Partiyası” (sədri Hilal Məmmədov) və “Ləzgi Xalq Partiyası”nın (Fəxrəddin Aydayev) yenidən xortlaması üçün çox çaba göstərildi. Tarixi təkrar etmək üçün fürsət gözləyirdilər. Ancaq bütün fitnələr baş tutmadı. Bunun əsas səbəbi erməni strateqlərinin hesablamaları özünü doğrulda bilməməsi ilə müşahidə olundu. Azərbaycanda vətəndaş cəmiyyəti, dövlət və siyasi partiyaların həmrəyliyi bütün planları asanlıqla poza bildi.

Qondarma rejimin ağıldan bəla gedişləri

Keçmiş Sovetlər Birliyindən miras qalmış əndrabadi siyasətin astar üzü “Dağlıq Qarabağ Muxtar Respublikası”nın “prezidenti” Araik Arutyunyan savaş öncəsi açıqlamalar verərək xüsusi əda ilə: “Biz sülhpərvər olduğumuz üçün, Azərbaycanda milli azlıqların kompakt şəkildə yaşadıqları ərazilərə bomba atmayacağıq. Hətta bu ərazilərdə Azərbaycan ordusununun hərbi hissələrinin yerləşməsini nəzərə alacağıq. Xüsusilə talışlar və ləzgilər diqqət mərkəzimizdə olacaqlar. Bizim xeyirxahlığımızın belə qarşılığı isə, həmin xalqların: “biz müharibə istəmirik” devizini irəli sürməsi kimi ideyanın gündəmə gəlməsinə sevinərdik” deməsi onun bütün arzularını  gözündə qoydu. Çünki, ölkəmizdəki multikultural və tolreantlıq problemi demək olar ki, yoxdur.
Bizi ən çox narahat edən məsələlərdən biri də, vaxtilə “Hürriyyət” qəzetində Rusiya media holdinqlərindən biri kimi tanınan “Sputnik” İA-nın (İnformasiya Agentliyi) əsas rəhbəri Marqarita Simonyanın istənilən zaman Azərbaycandakı təmsilçiliyi vasitəsilə çoxlabirintli problemlər yarada biləcəyi barəsində qaldırdığı problemlərlə bağlı idi. Bu dəfə gerçəkdən “Sputnik İA”nın İrəvan bürosu qondarma “Dağlıq Qarabağ rejimi”nin  əsil təbliğat ruporu oldu. Araik Arutyunyanın sayıqlamalarını yaymaq missiyasını bu İA öz üzərinə götürmüşdü.  “Sputnik-İrəvanın” demək olar ki, gündəlik informasiya məkanında Azərbaycan vətəndaşları adına milli azlıqları təmsil edənlərin Qarabağda döyüşlərdə həlak olmalarını minilliyin faciəsi kimi qələmə vermək təbliğatı ilə məşğul oldu. Sosial şəbəkələrdə: “Talışlar birdəfəlik anlayın, Azerstan sizin düşməninizdir” videoroliklərin yayımlanması təbliğatları erməni blogerləri tərəfindən bitib-tükənmirdi.
“Qafqaz İnstitutu”nun direktoru Aleksandr İsgəndəryan həyasızlıqla “Sputnik-İrəvan” İA-ya hər gün açıqlamalar verərək: “Azərbaycanda milli azlıqlar kimi tanınan talışlar və ləzgilərin Qarabağda ölmələrini heç bir erməni əsla istəmir” sayıqlaması doğrudan da onu şirzofrenikliyin üstün səviyyəyə qaldırılmışdı. Utanmadan milli xəyanət yolunu tutmuş və məhkəmədə təsdiq olunmasına baxmayaraq Fəxrəddin Abbasovu (Əboszadə) müdafiə edən sadəcə ermənilər olmadı. Həm də “Sputnik-İrəvan İA” bu təbliğatın astar üzü idi.

 

Əlikram Hümbətovu Surət Hüseynovla nələr birləşdirirdi?

İrəvandakı “Qafqaz İnstitutu”nun direktoru Aleksdandr İsgəndəryan açıqlamasında bildirir ki: “1993-cü ildə albay Surət Hüseynov dövlət çevrilişi edərək prezident Əbülfəz Elçibəyin hakimiyyətdən uzaqlaşdırılması prosesinə rəhbərlik edən zaman  Heydər Əliyev hakimiyyətə dəvət olunmamışdı. Belə bir məqamdan maksimum yararlanmaq üçün, Surət Hüseynov Əlikram Hümbətovu dəvət edərək onu müdafiə nazirinin müavini vəzifəsinə təyin etmişdi. Ə. Hümbətov sonradan böyük bir oyuna çevrilməməsi üçün Lənkərana gedərək orada qondarma “TMR”-i (Talış-Muğan Respublikası) elan etməklə öz gücünün sərhədlərini nümayiş etdirmək qərarına gəlir. Lənkəranda hərbi briqada yaradaraq Bakıya gəlmək fikrinin olduğunu bildirir. Elə bu məqamda Fəxrəddin Abbasov (Əboszadə) qondarma “TMR” hökuməti adına qərarlar verir. Əlikram Hümbətov o qədər ağılsızın biridir ki, Azərbaycan hökumətinin 2004-cü ildə göstərdiyi yüksək humanizmi dərk etməmək mərəzinə qapılaraq mühacirətdə “TMMH” (Talış-Muğan Mühacir Hökuməti) elan etməklə oradan Ermənistanın bütün sifarişlərini həyata keçirməklə məşğuldur. II Qarabağ savaşı başlamazdan az öncə demək olar ki, sosial şəbəkələrdə, xüsusilə heç bir əsas olmadan Avropada “siyasi mühacir” statusu almış Laçın Məmişovun hazırladığı proqramlarda Surət Hüseynov çox fəal idi. Onun hətta xarizmatik lider obrazının yaradılması həmin təbliğatın planı sayılırdı. Əgər paralelliklər aparsaq, Əlikram Hümbətov və Surət Hüseynovun eyni anda təbliğata başlamaları bir sıra gizli mətləblərə yol açdığnı görərik. O da bəllidir ki, onların fərqli ampulada çıxış etmələri fərqli düşündükləri demək deyil. Onların hər ikisi özləri haqqında “xarizmatik” lider obrazı yaratmaq üçün çox çabalar göstərdilər. Ancaq, unudurdular ki, zamanın saatı indi tamamilə fərqli əqrəblərlə fırlanır. XXI yüzilin sinergetik fəlsəfi dəyərləri konseptual yanaşım prinsipləri tamamilə dəyişibdir.

Kütləvi “fərarilik” üstqurumu və iflas

17 oktyabr 2020-ci il tarixində Avropadan Azərbaycan dövlətinə qarşı zəhər-zuqqum yağmuru yağdıran “freeazerbaijan.com” sosial şəbəkəsi qeyd edirdi ki: “Ölkəmizdə savaşa qarşı olanlar kütləvi şəkildə fərarilik edəcəklər. Onlar Qarabağda savaşmaq deyil, problemin danışıqlar masası arxasında həllini istəyirlər. Milli azlıqlar savaşa qatılaraq dövlət üçün əlavə problemlər yaradacaqlar. Milli azlıq kimi sayca azlıqda  olmalarına baxmayaraq demoqrafik baxımdan həmin xalqlar Azərbaycan üçün əsil fəlakət mənbəyi ola bilərlər”. Hətta daha da uzağa gedərək “Azərbaycan ordusunda milli azlıqların nümayəndələri komandirləri tərəfindən təqib olunur və onlara xüsusi işgəncələr verilir” kimi dəhşətsaçan yalanlar da uydurulurdu. Əslində bütün bunlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən ayrılmış qrantlar və təbliğat vasitəsilə şəbəkələşdirilirdi. Guya milli azlıqların ailələri övladlarının müharibə istəmədikləri barəsində genişmiqyaslı təbliğat sistemi qurulmuşdu.  Qondarma “TMMH”-in lideri Əlikram Hümbətov tərəfdarları ilə birlikdə şüuraltı ermənipərəst mövqelərini beləcə sərgiləmək planları qurmuşdular. Azərbaycan hökumətinin savaşa görə internet resurslarının və xüsusilə sosial şəbəkələrin qısıtlanması ilə bağlı vaxtında verdiyi doğru qərar həmin planları demək olar ki, alt-üst etdi. Aparılan təbliğata görə guya savaşa getmək istəməyən milli azlıqların nümayəndələrinə ən dəhşətli işgəncələrin verilməsi planlaşdırılmışdı. Halbuki, müstəqillik illərində Azərbaycanda milli, dini, sosial və ictimai mənşəyindən asılı olmayaraq, ilk dəfə idi ki, vətəndaş həmrəyliyi geniş şəkildə dövlət siyasətinin və cəmiyyətin bir parçasına çevrilmişdi.

Mühacirətdəki avantüranın dolaşıq simaları

II Qarabağ Savaşının başlanıldığı ərəfədə “Rusiya Talış Milli Mədəni Muxtariyyatı Mərkəzi” təşkilatının sədri İsmayıl Şabanov “Talış Geostrateji Araşdırma Mərkəzi”nin fəaliyyətlərinin gücləndirilməsi və Azərbaycana yönəlik “antimüharibə” təbliğat üçün yeni sistem qurmağa başladı. Xüsusilə “talyshcenter.org” sosial şəbəkəsi onun fikir tribunası kimi tanınmasına çalışıldı. İsmayıl Şabanovun rəhbərliyi ilə Ermənistanın silahlı işğalçı qüvvələrinə qarşı Azərbaycan dövləti tərəfindən aparılan antiteror əməliyyatları gözdən salmaq üçün Rusiyada fəaliyyət göstərən bütün talış təşkilatları birgə müraciət yaydılar. Müraciəti İsmayıl Şabanov Rusiya Talış Milli Mədəni Muxtariyyatı Mərkəzi”nin sədri, Adil Nəsirov (Moskva. “Talış Milli Mədəni Mərkəzi” təşkilatının sədri), Müşfiq Abbasov (Kemerova vilayəti “Talış Milli Mədəni Mərkəzi”,  Kuzbass şəhəri), Elşən Həsənov (“Talış Milli Mədəni Mərkəzi”, Sverdlovsk vilayəti, Yekatrinburq şəhəri), Rüstəm Ağayev (Talış Milli Mədəni Mərkəzi”, Tümen şəhəri), Tağı Əzizov (Talış Milli Mədəni Muxtariyyatı Mərkəzi”, Yamalo-Nenets Muxtar Vilayəti, Noyabrsk şəhəri),  Vahid Vəliyev (“Talış Milli Mədəni Mərkəzi”, Kurqan vilayətinin Şadrin şəhəri), Mürüvvət Qurbanov (Talış Ağsaqqallar Şurası), Zahirəddin İbrahimi (“Talış Xalqının Hüquqlarını Müdafiə Təşkilatı”), Zabil Məhərrəmov (“Talış Milli Hərəkatı” təşkilatının informasiya mərkəzi) imzaladılar. Bütün bunlar azmış kimi, Vüqar Salayev (Talış Gənclər Birliyi, Sankt-Peterburq), Müşfiq Abbasov (Talış Milli Mədəni Muxtariyyatı, Kemerovo vilayəti, Kuzbass şəhəri), Aleksandr Talış (Avesta – Talış Milli Muxtariyyatı, İrkutsk şəhəri) və Rafaq Babayev (Talış Milli Muxtariyyatı, Sankt-Peterburq şəhəri) Rusiya Federasiyası prezidentinin admnistrasiyasına, Federal Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Moskva hökuməti və vilayət qubernatoruna, Sankt-Peterburq admnistrasiyası və Leninqrad vilayətinin qubernatoruna, Krasnoyarsk vilayəti hökuməti və Kuzbass meriyasına, İrkutsk vilayəti hökuməti və şəhər meriyasına müraciət edərək belə bir iddianı irəli sürdülər: “Azərbaycan Ermənistanla müharibəyə başlayıb. Ermənistan Rusiyanın hərbi müttəfiqi və “Kollektiv Təhlükəsizlik Şurası”nın üzvüdür. Bununla yanaşı, onu da bildirmək istəyirik ki, Rusiyanın müxtəlif şəhərlərində ermənilərlə azərbaycanlılar arasında məhəlli xarakterli qarşıdurmalar dərinləşib. Biz Rusiyada yaşayan 400 minlik talış xalqının adından qeyd edirik ki, belə xoşagəlməz halların qarşısını almaq üçün, təcili tədbirlər həyata keçirilməlidir. Ermənistana qarşı müharibə istəyən bütün azərbaycanlılar dərhal Rusiyadan deportasiya olunmalıdırlar”.
Özünü saxtakarcasına “Talış Xalqının Hüquqlarının Müdafiəsi” təşkilatının rəhbəri kimi qələmə verən Zahirəddin İbrahimi (ov) isə İrəvanda fəaliyyət göstərən “Tolıştoni Sədo” radiosunun analitiki kimi təbliğatlarında iddia irəli sürmüşdür: “Türk kökənli olmayan bütün xalqlarla Azərbaycanda məhbus kimi davranılır. Bu xalqları təmsil edənlər Qarabağ müharibəsində iştirak etməməlidirlər. Azərbaycan federal dövlət modelinə keçməyincə, Dağlıq Qarabağla yanaşı, Talışstan, Ləzgistan, Avarstan və Şirvan-Tat muxtar respublikaları təsis edilməyincə bu ölkədə milli azlıqlara qarşı daim aparteid siyasət yürüdüləcək. Ona görə də indiki məqamda Dağlıq Qarabağ və onun ətrafında Azərbaycan tərəfinin müharibə aparmasının qarşısını almalıyıq”.

Nə qədər çamur atılsa da, ədavəti qızışdırmaq istəyənlər olsa da, Azərbaycan dövlət kimi öz hədəfləri ilə irəli gedir. 30 illik erməni işğalı siyasətinə son qoyulur. Əsas məsələ də budur. Bir daha ölkəmizdə yaşayan insanlar savaş görməsinlər, evlərə gənclərin cənazəsi gəlməsin deyə savaşdıq. Qəzan mübarək Azərbaycan!

Ənvər BÖRÜSOY