Erməni saytları cəbhədə bizi belə “öldürüb…” – təfərrüat

246

Osman Gündüz: “Hərbi vəziyyətlə əlaqədar MSK-nın seçici siyahılarının bağlanması lazımdır”

Cəhbədə məğlubiyyətə düçar olan Ermənistan ilk gündən  kibermühitdə uğursuz təxribatlar etməyə başlayıb. Əvvəlcə erməni saytlarında Azərbaycanın və Türkiyənin məşhurlarının “öldürüldüyünün” şahidi olduq. Daha sonra isə son olaraq düşmən tərəf şəffaflıq məqsədilə müxtəlif illərdə keçirilmiş seçkilərdə, elektron formada açıq şəkildə yerləşdirilmiş seçici siyahılarımızdan istifadə etməklə saxta şəhid siyahıları təqdim etməyə başladı.

Belə ki, düşmən tərəfindən yaradılan saxta saytda açıq seçici siyahılarında olan seçicilər cəbhədə döyüşən əsgərlərimiz kimi qələmə verilir və saxta nömrələrdən vətəndaşlarımıza SMS  göndərilərək şəhidlər haqqında məlumat əldə etmək üçün bu sayta daxil olmaları istənilir. Azərbaycanın müvafiq qurumları, o cümlədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti dərhal tədbirlər həyata keçirərək bəyan etdi ki, “bu məlumatlar həqiqəti əks etdirmir, məqsəd əhali arasında qorxu və təşviş yaratmaqdır”.

Bəs internet resurslarında bu cür təxribatları necə bloklamalı? Vətəndaşlar informasiya təhlükəsizliyini təmin etmək üçün nələrə diqqət etməlidir?

Osman Gündüz: “Yeni təhlükəsizlik tədbirləri görülməlidir”

Mövzu ilə bağlı Osman Gündüz “Yeni Müsavat”a danışıb: “Sonuncu təxribat Ermənistanın xüsusi qurumları tərəfindən həyata keçirilən bir kiber təhdid idi, yəni bunu məqsədəuyğun formalaşdırmışdılar. Bununla da onlar Azərbaycan tərəfində olan guya şəhidlərin siyahısını hazırlamağı qarşılarına məqsəd qoymuşdular. Bununla da guya nümayiş etdirəcəkdilər ki, Azərbaycan tərəfinin şəhidlərinin sayı çoxdur və sairə.  Qeyd edim ki,  bunun qarşısını almaq üçün Azərbaycan hökuməti tərəfindən ciddi addımlar atıldı. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX), Daxili İşlər Nazirliyi (DİN), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müvafiq qurumları nə baş verdiyi haqda açıqlama yaydılar. Qeyd edim ki, həmin düşmən saytlarında bizim vətəndaşlara təklif olunur ki, təklif olunan resursa daxil olunsun, ora adlar yazılsın və sairə. Düşmənin hazırladığı bu resursda çox təəssüf ki, bizim indiyədək açıq olan seçicilərin siyahısından istifadə  olunub. Erməni tərəfi açıq olan bu siyahıdan istifadə edərək, hansısa bir addım atmaq istəyirdi. Yəni Mərkəzi Seçki Komissisyasının saytında olan vətəndaşların adlarından, ünvanlarından söhbət gedir. Zamanında seçicilərlə bağlı siyahının açıq olması müsbət addım idi. Biz də hökumətə təklif edirdik ki, seçicilərin siyahısının açıq olması ilə şəffaflıq təmin olunur və sairə. Lakin hərbi vəziyyətdə işlər başqa cür diktə olunur. Ona görə də hərbi vəziyyətlə əlaqədar bu siyahının bağlanması daha doğru addım olardı. Hətta düşünürəm ki, qanunvericilikdə bununla bağlı dəyişikliklər etmək lazımdır. Çünki Seçki Məcəlləsinə görə bu cür siyahı açıq olmalıdırsa, hərbi vəziyyətə görə qapalı olmalıdır.

Hesab edirəm ki, müharibə vəziyyətində bu cür kiber təhdidlər, təxribatlar qaçılmazdır. Vətəndaşlar və hökumət bu məsələdə ayıq-sayıq olmalıdır. Xüsusən də vətəndaşlar bilməlidir ki, kənardan hansısa müraciət daxil ola bilər ki, məsələn, hansısa məlumat öyrənmək olar və sairə, bunlara həmən reaksiya vermək olmaz. Vətəndaşlar gərək düşünüb-daşınıb sonra reaksiya versinlər. Hansısa fərdi məlumatları bilinməyən bir sayta daxil etmək doğru deyil. Yəni düşünürəm ki, hər an ehtiyatlı olmaq lazımdır”.

Osman Gündüz qeyd etdi ki, bu cür təxribatçı səhifələri bloklamaq mümkündür: “Həmin səhifələr Azərbaycan ərazisindən dərhal bloklanıb. Lakin məlum olduğu kimi, indi çoxlu sayda texnologiyalar var. Hazırda hökumət qanunvericiliyə uyğun olaraq internetdə məhdudiyyətlər yaradıb. Lakin vətəndaşlar VPN-dən istifadə edərək sosial şəbəkələrə girir. Bu məsələ saytlar üçün də var. Yəni müvafiq qurumumuz həmin saytları bloklayıb, lakin vətəndaşlar VPN-dən istifadə edərək həmin saytlara daxil olur, öz ad-soyadlarını ora daxil edir və düşmən tərəf bundan istifadə edir. Bu baxımdan bir daha vətəndaşlara səslənirəm ki, ehtiyatlı olsunlar. Hər şeyi hökumətdən gözləmək də doğru deyil, vətəndaşlarımızdan da çox şey asılıdır. Vətəndaşın özü diqqətli olmalı, elementar informasiya təhlükəsizliyinin qayğısına qalmalıdır”.

Nazirlikdən "mesaj" açıqlaması | ENA.az

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bəyanat yayaraq qeyd edib ki, vətəndaşlar yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etməli, tanımadığı xarici nömrələrdən gələn zəng və mesajlara cavab verməməli, həmin mesajlarda göstərilən keçidlərə daxil olmamalı, həmin nömrələri bloklamalı və mesajları spam olaraq şikayət etməlidirlər. Həmçinin vətəndaşlardan xahiş olunur ki, bu kimi hallarla üzləşdikdə, www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər.

Xalidə GƏRAY,
“Yeni Müsavat”