Erməni mətbuatı: “Erməni ordusu kiçilir”

261

Hurriyyet.org xəbər verir ki, erməni mətbuatı Ermənistan orduğunun kiçildiyi xəbərini yayıb. “Mediaport” nəşrinin yazdığına görə, Ermənistanın Müdafiə Nazirliyi müqavilə ilə işləyən bir sıra hərbçilərə bildiriş göndərərək 8 yanvar tarixindən sonra onların müqavilə müddətlərinin uzadılmayacağını və ləğv ediləcəyini xəbər verib.

“Mediaport”un Ermənistanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən verdiyi xəbərə görə, Qarabağdan Ermənistana gəlmiş hərbçilərin kiçik bir qismi ilə müqavilələrin müddəti uzadılacaq, qalanları isə ləğv ediləcək. Nəşr bu xəbərə əsaslanaraq, erməni ordusunun sayının azaldılacağını bildirib.

Bəlli olduğu kimi, Ermənistanın Türkiyə (311 km) və İran (44 km) ilə sərhədlərini Rusiya hərbçiləri qoruyur. Erməni sərhədçiləri əsasən Gürcüstanla sərhəddə (219 km) və Azərbaycanla şimal sərhədlərində xidmət edirlər.

2020-ci ilin dekabr ayında Ermənistanın Müdafiə naziri Vaqarşak Arutunyan mətbuata müsahibəsində Azərbaycanla sərhəddəki Gorus-Qafan yolunun bir hissəsindəki, həmçinin Qafanla Çakaten kəndi arasındakı neytral ərazilərə Rusiya sərhədçilərinin nəzarət edəcəyini bildirmişdi.

Azərbaycanla müharibə isə kapitulyasiya ilə başa çatdığından Qarabağda erməni hərbçiləri də olmamalıdır. Beləliklə, Ermənistanın ümumiyyətlə Müdafiə Nazirliyinə ehtiyacının olub-olmaması məsələsi sual altına düşür.