Erməni gülləsi öldürmədi, biz “öldürdük”…

312

Qazi Vüsal Musayevin intiharında kim günahkardır?

Hərbi ekspert İbrahim Rüstəmli: “Müharibədən  çıxmış qazilərimizin çox böyük psixoloji dəstəyə ehtiyacı var…”

Psixoloq Gülnar Orucova: “Müharibədə iştirak etmiş əsgər və ya zabitlər post-travmatik stess yaşayır…”

Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlunun 06 yanvar 2021-ci il tarixdə müalicə olunduğu xəstəxanada özünü asaraq intihar etdi. Rəsmi məlumata əsasən, Vüsal Musayevin intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bəs, qazinin ölümünə görə hansı qurum məsuliyyət daşıyır?

Mövzuyla bağlı hərbi ekspert, polkovnik-leytenant İbrahim Rüstəmli “Hürriyyət”ə bildirdi ki, bu, təkcə Müdafiə Nazirliyinin öhdəsindən gələ biləcək bir iş deyil, burda ölkənin bütün səhiyyə sistemi səfərbər olunmalıdır:

“Düşünürəm ki, müharibədən çıxmış hərbçilərdə çox ciddi psixoloji problemlər yaranır. Bu problemlərin həlli yalnız Müdafiə Nazirliyinin öhdəsindən gələ biləcəyi bir iş deyil. Bu işdə xüsusilə özəl tibb müəssələri səfərbər olunmalıdır. Yəni Səhiyyə Nazirliyi səviyyəsində psixoloji dəstəklər təşkil edilməlidir. İstənilən şəraitdə müharibə psixoloji travmadır. Müharibədən  çıxmış qazilərimizin çox böyük psixoloji dəstəyə ehtiyacı var. Halbuki, bizim bu sahədə gördüklərimiz iş ya azlıq təşkil edir, ya da ümumiyyətlə yoxdur. Məsələn, Vyetnam müharibəsi, İkinci Dünya Müharibəsi  və s. müharibələrin təcrübəsindən çıxış etsək, çox dəhşətli və acınacaqlı faktlarla üz-üzə qalmış olarıq. Vyetnam müharibəsindən sonra, ABŞ-da intihar edən amerikalı əsgərlərin sayı onların Vyetnamda itirdikləri əsgər sayından heç də az deyildi. Yəni bu, çox ciddi və təhlükəli bir məsələdir. Buna ciddi yanaşmaq lazımdır. Bir daha təkrar edirəm ki, bu təkcə Müdafiə Nazirliyinin öhdəsindən gələ biləcəyi bir iş deyil. Burda ölkənin bütün səhiyyə sistemi səfərbər olunmalıdır. Müharibədən çıxmış hər bir əgərlə fərdi söhbətlər aparılmalıdır. Onun alt şüurunda özünə belə qaranlıq qalan və özünün belə görə bilmədiyi məqamlar öyrənilməlidir”.

Hərbi ekspert bildirdi ki, psixoloji yardım göstərilmədiyi təqdirdə, gələcəkdə ailəsi dağılanlar, özünə xəsarət yetirənlər və insanlarla ünsiyyətdə problem yaşayanlar da ola bilər:

“Gələcəkdə bunun fəsadları ağır ola bilər. Müharibədə iştirak edən hərbçi travmatik zədələrlə çıxır. Əsgər sonradan özünü öldürə və ya intihara cəhd edə bilər. Bu da bizim üçün ikiqat zərbə olacaq. Ona görə də bu məsələyə son dərəcə diqqətli yanaşmaq lazımdır. Açığını desəm, belə bir hadisənin olacağını gözləyirdim. Bu, hələ başlanğıcdır. Ola bilsin ki, bunu fəsadları hansısa müharibədən çıxmış hərbçinin intiharıyla özünü göstərməsin. Gələcəkdə ailəsi dağılanlar, özünə xəsarət yetirənlər, insanlarla ünsiyyətdə problem yaşayanlar və s. Ola bilər. Təbii ki, bu cür halların qarşısını almaq üçün Səhiyyə Nazirliyi səviyyəsində həyəcan siqnalı verilməlidir. “Narıncı təhlükə” elan olunmalıdır. Ümumilikdə, bununla bağlı cidd iş aparılmalıdır”.

İbrahim Rüstəmli dedi ki, bu məsələyə daha peşəkar və hazırlıqlı mütəxəsislər cəlb olunmalıdır:

“Sizə bu məsələylə

bağlı bir fakt demək istəyirəm. Məsələn, hər elmin öz qanunları var. Amma, insanlığı öyrənən psixologiya elmində Mendeleyev kimi alimlər yoxdur. Bu haqda düşünmüsüzmü? Ona görə ki, insanı öyrənmək son dərəcə çətindir. Hər bir insanda mütləq bir məchul, yəni bilinməyən nəsə  var. Elm bunu öyrənə bilmir. Bütün bunlar özünü situasiyalarda göstərir. Düşünürəm ki, bu çox çətin bir sahədir. Hərbi hissələrlə yanaşı, təhsil ocaqlarımızda da psixoloqlar var. Bu psixoloqların yetərincə dünyagörüşü yoxdur. Ona görə də bu məsələyə daha peşəkar və hazırlıqlı mütəxəsislərin cəlb olunmasının tərəfdarıyam. Yəni televiziyalarda bu haqda verlişlər hazırlanmalıdır. Psixoloji reabiltasiya kütləvi şəkildə televiziya vasitəsilə yayımlanmalıdır. Hərbi hissələrdəki psixoloqların bu işin öhdəsindən uğurla gələ biləcəyinə inanmıram. Bu sahə üzrə mütəxəsis çatışmazlığı var. Elm özlüyündə çox çətin elmdir. Azərbaycanda demək olar ki, psixoloqlar yox səviyyəsindədir. Ona görə də, istər təhsil ocaqlarında, istərsə də hərbi hissələrdə psixoloji söhbət istiqamətində ciddi dəyişikliklər olunmalıdır. Təcrübəli psixoloqlar bu işə cəlb olunmalıdır. Bu, çox vacib və əhəmiyyətli bir sahədir. Çünki bu gün bizə qələbəni yaşadan əsgərlər, sonradan travmalar səbəbindən həyatlarını itirə bilər. O sevinci axıra kimi yaşaya bilmirlər. Ən azı qələbənin böyüklüyünü hiss edə bilməyəcəklər. Çünki onlar müharibədə çox ciddi travmalar alıb. Əgər, bir tank 48 saat aktiv döyüş vəziyyətindədirsə, o təmirə getməlidir. Burda söhbət dəmir parçasından gedir. Bəs insan? Necə olar ki, tankın bir detalı xarab olan kimi dərhal təmirə göndəririk, amma insanlarımızı yox… Buna necə qiymətləndirə bilərik?

Bu baxımdan, sizin qəzet vasitəsilə bütün ölkənin səhiyyəsini bu məsələyə diqqətlə yanaşmağa dəvət edirəm. Mənim səlahiyyətim yoxdur, amma səhiyyə nazirinin səlahiyyəti var. İstər dövlət, istərsə də özəl tibb mərkəzləri bu işə cəlb edilməlidir. Müharibədə təkcə quru qoşunları iştirak etməyib. Orda digər qoşun növləri də iştirak edib. Onların hamısının psixoloji rabiltasiyaya ehtiyacı var. Müharibədə iştirak etmiş hər bir şəxsə pulsuz psixoloji yardım edilməlidir. Axı, hərbçilərimiz Azərbaycanın ərazi bütövlüyü təmin etdi, xalqımıza bu böyüklükdə qələbə bəxş ediblər. Bizim onların qarşısında öhdəliklərimiz var. Təmənnasız dəstək olunmalıdır. Yoxsa fəsadlar daha böyük olacaq. Müharibəmiz hələ davam edir. Gərgin döyüşlərdən çıxmış hərbçilərimizə və qazilərimizə psixoloji dəstək göstərilsin. Qazimizin intiharında Mərkəzi Klinik Hərbi Hospitalını qınamıram. Bu əsgərə baxılmaması anlamına gəlməməlidir. Ən əsası təmənna güdmədən bu işlər həyata keçirilməlidir. Necə ki, oğullarımız könüllü gedib, heç kimə minnət qoymadan döyüşüblər, nəticədə sağlamlıqlarını itiriblər, biz də bunların qarşılığında onlara təmənnasız xidmət göstərməliyik”.

Psixoloq Gülnar Orucova da “Hürriyyət”ə müsahibəsində müharibədə iştirak etmiş hər bir şəxsə psixoloji dəstəyin mütləq olduğunu deyib. O, müharibədə iştirak etmiş əsgər və zabitlərin post travmatik stess yaşadığını bildirib:

“Ümumiyyətlə, müharibədə iştirak etmiş hər bir şəxsə psixoloji dəstək mütləqdir. Yaralı qazilərimizə, şəhid ailələrinə, eləcə də Tərtər, Gəncə və Bərdədə zərər çəkmiş mülki əhaliyə psxioloji yardımlar olunmalıdır. Buna ehtiyac var. Məsələn, müəyyən uşaqlar var ki, Gəncədə partlayış zamanı valideynlərini itirib. Belə uşaqlara psixoloji yardım mütləqdir. Çünki onlar yaxınlarını itirib. Eləcə də yaxınlarını itirmiş istənilən yaşda olan insanın psixiolji yardıma ehtiyacı var. “Psixologiyada “posttravmatik stress” adlı termin var. İnsan hansısa hadisəni yaşadıqdan bir müddət sonra bunun psixoloji təsirlərini görməyə başlayır. Bu stress forması ən çox müharibədən və təbii fəlakətlərdən sonra insanın psixologiyasına təsir edir. Ümumiyyətlə, müharibədə iştirak etmiş əsgər və ya zabitlər post-travmatik stess yaşayır. Ola bilər ki, həmin an motivasiyanın yüksək olması səbəbindən stress hiss olunmasın. Lakin aylar keçdikdən sonra posttravmatik stress yaranmağa başlayır. Özəlliklə silah səsləri uşaqlar üçün çox vahiməlidir. Qorxu və stress onlarda qalıcı psixoloji sarsıntılara səbəb ola bilər. Bəzi qazilərimiz bədənlərinin hər hansısa üzvünü itiriblər. İnsanlar bəzən bununla barışa bilmirlər. Eyni zamanda öz doğmasını itirən insanların da durumu ağırdır. Bütün bu insanların psixoloji dəstək alması şərtdir. Əks təqdirdə depressiyalı insanların sayı artar, gərginlik, stress və aqressiya halları daha da çoxalar. Bu da insanlarda intihara meylliliyini artırar. Çünki bu yaşananlar heç də asan deyil. Güclü bir psixologiya lazımdır ki, insan bütün bunların öhdəsindən gəlsin. Bu  isə sadəcə, dəstək və yardımla əldə olunur”. 

Psixoloq əsirlikdən qaytarılmış hərbçilərə daha çox psixoloji dəstəyin vacib olduğunu bildirib. Çünki əsirlikdə olan hərbçilərə daha çox insanlığa yaraşmayan işgəncələr verilib:

“Post-travmatik stresslər ən çox əsgərlərdə, müharibədən çıxmış həbçilərdə və təbii fəlakətdən çıxmış insanlarda müşahidə olunur. Bunu da aradan qaldırmaq üçün mütləq psixoloqa müraciət olunmalıdır. Xüsusilə də əsirlikdən qaytarılmış hərbçilərə daha çox psixoloji dəstək lazımdır. Əsirlikdə insana elə işgəncələr verilir ki, o yaşamaqda bir məna görmür. Belə insanlar intihara meylli olur. Qazilərimizə, əsirlikdən qaytarılmış şəxslərə psixoloji dəstək mütləqdir. Əsirlərimizin ayaqları bilərəkdən kəsilib, yaralarını qayçı ilə deşiblər və s. bu kimi vəhşiliklər edilib. Bu cür vəhşiliklər də insanların psixologiyasına çox mənfi təsir göstərir. Əgər bu cür işgəncələr görmüş şəxs danışıb ağlamırsa, bu daha da pis fəsadlar yaradır. Ayaqlarını, qollarını və müxtəlif orqanlarını itirən qazilərimiz var. Onlar bununla barışa bilmir. Ona görə bu cür hallarda güclü psixoloqlar lazımdır. Qazilərimizdən birinin müsahibəsini dinləyirdim. Müsahibəsində bildirir ki, döyüşüb amma heç bir medalla təltif olunmayıb. Belə hallar da təsir edə bilər. Bu baxımdan, araşdırılmalı və dəstək göstərilməlidir. Layiq olan hərbçilərimizə medallar verilməlidir. Müharibədə iştirak edib, amma medal almayanda onlar daha çox sarsıntı keçirir. İnsanlar sosial şəbəkələrdə qazilərimizə dəstək verir. Bunu mən də izləyirəm. Amma əsas dövlət dəstək göstərməli və qazilərimizin problemləri həllini tapmalıdır”.

YƏHYA