ENERJİ BÖHRANI BƏZİ MƏMURLARI BİTİRƏ BİLƏR

    15

    Natiq Cəfərli: “Ən yaxşı halda “Azərenerji”nin rəhbəri öz vəzifəsindən çıxarılacaq”

    “Hətta cinayət işinin açılması və onun hər hansı bir formada məsuliyyətə cəlb olunması da gündəmə gələ bilər”

    “Təbii ki, bu hadisənin günahkarı Pirverdiyev olsa da, ümumilikdə bu günə qədər “Azərenerji”nin yaxşı işləməməsinin, düzgün çalışmamasının məsuliyyəti nəzarətedici dövlət qurumlarının üzərinə düşür və onlar da cavab verməlidirlər ki, bu günə qədər nəyə görə ciddi yoxlamalar və ciddi tədbirlər görməyiblər?”

    “Biz illərdir “Azərenerji”yə məktublar göndərərək bildirmişdik ki, həmin kanalların üstü açıq olmamalıdır, etibarlı mühafizə edilməlidir. Ona görə ki, hansısa səbəbdən o yağlar tökülsə kanallara, kabellərin üstünə axmasın. Amma təəsüf ki, təxminən 63 yağ açarının hamısının qarşısı açıq idi, yanğın baş verən yerdə də eyni vəziyyət vardı”.

    Bunu Prezident İlham Əliyevin ölkənin enerji sistemini çökdürən və dalbadal baş verən iki qəza ilə əlaqədar keçirdiyi müşavirədə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib.

    Nazir bildirib ki, o hadisə yerinə çatanda İES-in yağ açarından yağ dağlmışdı və yüksək gərginlik kabellərinin keçdiyi kanallara axaraq yanğına səbəb olmuşdu.

    Картинки по запросу Kəmaləddin Heydərov

    K. Heydərov əlavə edib ki, FHN-nin indiyə qədər Mingəçevirdəki “Azərbaycan İES”dəki problemlərlə bağlı “Azərenerji” ASC-yə göndərdiyi məktublarda sadalanan problemlərin heç biri aradan qaldırılmayıb.“Ərazidəki quru otlar biçilməmişdi, soyutma qurğularından demək olar heç biri işləmirdi. Soyutma kanallarındakı su Mingəçevir dəryaçasının dibindən 12 dərəcə temperaturda götürülməli olduğu halda həmin gün soyutma kanallarındakı suyun temperaturu 28 dərəcədən yuxarı olub”-Heydərov bildirib.

    Nazir deyib ki, stansiyanın nəinki yarımstansiyasında, eləcə də hansısa blokunda qəza baş verəndə bu stansiyanın tamamilə sıradan çıxmasına gətirib çıxarmamalıydı. K.Heydərovun sözlərinə görə ikinci qəza da yenidən stansiyanın 7-ci blokunda baş verib. Və energetika sisteminə cavabdeh olanların heç biri bu baş verənlərə tutarlı izahat verə bilməyib. O, stansiyada yol verilmiş pozuntularla bağlı FHN-nin indiyə qədər topladığı sənədləri Baş prokurorluğa və DİN-ə təqdim etdiyini deyib. K.Heydərovun bildirdiyinə görə onun apardığı müşahidələr “Azərbaycan” İES-in mənəvi və fiziki köhnəldiyini göstərir. Ona görə də beynəlxalq audit təşkil olunmalı, bu stansiyanın yenidən qurulması məsələsinə baxılmalı, ümumiyyətlə ölkənin energetika sistemi hansısa qəza halında bütün sistemin çökməməsi üçün beynəlxalq mütəxəssislər cəlb edilməklə yenidən qurulmalıdır.

    Mingəçevir İES-də baş verən qəzanın səbəbi ilə bağlı Baş prokuror Zakir Qaralov isə müşavirədə bildirib ki, Azərbaycan İES-də generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub.

    “Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilib, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulurdu. Həmin məsələ icra olunmayıb. Belə bir halda gərginlik azalmaqla cərəyan artmışdır”, – Zakir Qaralov deyib.

    Baş prokuror vurğulayıb ki, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmamışdır: “Halbuki hər il orada bərpa işləri aparılır, ancaq mütəxəssislərimiz həmin bərpa işlərinin yetərli olmaması ilə bağlı ilkin rəylərini verirlər. Belə ki, 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmamış və təmir işləri aparılmamışdır”

    Zakir Qaralovun sözlərinə görə, cərəyan transformatorunun gövdəsindəki yağın analizi aparılmayıb, turşululuğu, nəmliyi, deşilmə gərginliyi və tangensi yoxlanılmayıb: “Bununla da qəza vaxtı cərəyan transformatorunun izolyasiyası normadan aşağı olduğuna görə zədələnmişdir”.

    Baş prokuror qeyd edib ki, son 3 ildə Fövqəladə Hallar Nazirliyi həm “Azərenerji”nin rəhbərliyinə, həm onun baş mühəndisinə yazılmış 6-dan artıq tələbnamədə tələb edib ki, orada həm yağ sızması mövcuddur, eyni zamanda, kabellərin odadavamlı izolyasiyası təmin olunmayıb: “Ümumiyyətlə, baş verən yanğın haqqında məlumatın avtomatik verilməsi ilə bağlı sistem qurulmayıb və 6 mazut çəninin su ilə soyutma sistemi ümumiyyətlə quraşdırılmayıb. Dəfələrlə hər il bu məsələ qaldırılır ki, 6 mazut çənində su ilə soyutma sistemi quraşdırılmayıb. Bütün bunlar isə qəzaya gətirib çıxarıb.

    Bir elektrik stansiyasında baş vermiş qəzanın lokallaşmadığı, əksinə, bütün ölkə (Naxçıvan MR xaric) energetika sisteminin çökdüyünə gəlincə, Zakir Qaralovun sözlərinə görə, mütəxəssislərin fikri ondan ibarətdir ki, “Azərenerji” tərəfindən rele mühafizə xidməti ölkə üzrə tam axıra qədər icra olunmayıb.

    Zakir Qaralov bildirib ki, yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifədən sui-istifadə etmə və səhlənkarlıq maddələri ilə cinayət işi qaldırılıb.

    Həm fövqalədə hallar naziri Kəmaləddin Heydərovun, həm də baş prokuror Zakir Qaralovun Mingəçevir İES-də baş vermiş partlayışlarla bağlı müşavirədə çıxışından görünür ki, ilkin olaraq hadisənin “Azərnerji”nin məsuliyyətsizliyindən, səhlənkarlığından baş verdiyi qənaəti üzərində dayanılıb. Əslində, Mingəçevir İES-də baş vermiş partlayışın bütün ölkədə sistemi çökdürməsi çox ciddi məsələdir. Hətta bu məsələ hansısa demokratik ölkədə baş vermiş olsaydı, müvafiq qurumun rəhbəri dərhal istefa verərdi. “Azərenerji” ASC-nin rəhbəri məlum hadisə ilə bağlı keçirilən müşavirdə dövlət başçısından və xalqdan üzr istəməklə yanaşı, özü siyasi mədəniyyət nümayiş etdirib, istefa verməliydi. Lakin həm fövqalədə hallar naziri K. Heydərovun, həm də baş prokuror Z. Qaralavun çıxışında görünür ki, hadisənin məsuliyyəti tam şəkildə “Azərenerji”nin üzərinə yüklənir. Çox güman ki, yaxın günlərdə qurumun rəhbəri Etibar Pirverdiyevin siyasi taleyi həll oluncaq. Bəlkə də o, həmin müşavirdə istefa versə, onun üçün daha yaxşı olardı. Bu, həm də Azərbaycan məmurları üçün istefa nümunəsi olardı. Görünür, bizim məmurları sonadək qovmasan, öz xoşları ilə kreslolarını təhvil verən deyillər.

    Картинки по запросу etibar pirverdiyev

    Müşavirədə prezident İlham Əliyev günahkarların cəzalandırılması barədə xəbərdaqrlıq edib. Prezident deyib ki, ilkin rəylər olsa da, qəzanın səbəbləri araşdırılmalıdır: “Bundan başqa, qəza nəticəsində ümumi sistemin sıradan çıxması ciddi faktdır. Əlavə tədbirlər görülməlidir ki, gələcəkdə hər hansı qəza baş verərsə, ümumi sistemə təsiri olmasın. Yəni, qəza lokal xarakter daşısın”.

    K.Heydərovun “Azərbaycan İES-də beynəlxalq audit təşkil olunmalıdır” təklifindən sonra dövlət başçısı qeyd edib ki, hadisənin araşdırılması üçün beynəlxalq auditin cəlb edilməsi tədbirlər planına salınmalıdır: “Hesab edirəm ki, bu, çox önəmli faktordur”.

    “Mingəçevir şəhərində yerləşən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə məxsus “Azərbaycan” İstilik Elektrik Stansiyası Məhdud Məsuliyyəti Cəmiyyətinin yarımstansiyasının birində baş vermiş qəza ilə bağlı sizin tapşırığınıza uyğun olaraq, Azərenerji prezidenti Etibar Pirverdiyevlə iyulun 3-də səhər saat 8-də Mingəçevir şəhərinə gələrək hadisə yerində birlikdə baxış keçirdik”.

    Картинки по запросу yaqub eyyubov

    Bunu isə baş nazirin müavini, Mingəçevirdəki “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin yarımstansiyalarından birində baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə yaradılmış Dövlət Komissiyasının sədri Yaqub Eyyubov prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə bildirib.

    Y. Eyyubov deyib ki, baxış zamanı məlum olub ki, 3 iyul saat 10.17 radələrində “Azərbaycan” İES-in 330 kilovotluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən 1000 kiloqrama qədər yağ ətrafa səpələnib: “Yaxınlıqdakı elektrotexnik avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub. Həmin kabellərin uzun illərdir ki, istismar edilməsi yanğının intensivliyini bir qədər də artırıb. Eyni zamanda qəza baş verən zaman bu yarımstansiyaya xidmət edən stansiyanın altıncı blokunun yüklənməsi dayanıb. Lakin bu bloka verilən qaz dayandırılmadığından burada da yanğın baş verib. Hər iki yanğın söndürülüb. Bütün bunların nəticəsində işlək vəziyyətdə olan enerji blokları və hava xətlərində qəza açılışları olub, stansiyada gərginlik tam itib, respublikanın əsas enerji ötürücülərindən olan Birinci Abşeron Hava Xətti ilə elektrik cərəyanı verilişi tam dayanıb. Stansiyanın avtomatika və idarəetmə sistemi pozulub. Bununla əlaqədar Bakı və Gəncə şəhərləri də daxil olmaqla, respublikanın rayonlarında elektrik enerjisi təminatına fasilə verilib”.

    Baş nazirin müavini qeyd edib ki, iyulun 3-də Azərbaycan prezidentinin sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının ilk iclası keçirilib: “İclasda baş vermiş qəzanın səbəbləri və qəzanın aradan qaldırılması məsələsi müzakirə olunub, bununla əlaqədar müvafiq vəzifələr müəyyən edilib. İclasıen sonunda saat 19.00 radələrində yenidən enerji sistemində açılmalarla bağlı məlumat daxil olub. Yaranmış vəziyyə bağlı “Azəenerji” ASC-nin baş dispetçeri məntəqəsinə getmişik və enerji sisteminin yenidən dayanması səbəblərinin aradan qaldırılmasına çalışmışıq. Dispetçerlər burada problemin aradan qaldırılması ilə məşğul olublar. Elektrik enerjisinin verilişi bərpa olunduqdan sonra Sizin tapşırığınızla ilk növbədə xüsusi həyati əhəmiyyətli obyektlərə, xəstəxanalar, metro, hava limanı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər bu kimi obyektlərə elektrik enerjisinin verilməsi təmin edilib. 4 iyul saat 4.00 radələrində isə ölkə üzrə tələbata uyğun gücün əldə edilməsinə nail olunub. Elektrik enerjisinin verilməsində Rusiya və Gürcüstandan da əlavə elektrik enerjisi alınıb ”.

    Y. Eyyubov nəzərə çatdırıb ki, qəzanın səbəblərini daha dəqiq müəyyən etmək üçün ölkənin bu sahədə aparıcı mütəxəssislərindən, o cümlədən Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Sənaye İnstitutunun mütəxəssislərindən ibarət Ekspert Komissiyası yaradılıb: “Komissiyaya rəhbərlik AMEA Fizika İnstitutunun direktoru Nazim Məmmədova tapşırılıb. Komissiyanın bir həftə ərzində araşdırmaları yekunlaşandan sonra Sizə məruzə ediləcək”.

    Baş nazirin müavini Azərbaycan enerji sisteminjə baş vermiş fasilə lə əlaqədar bir sıra dövlət müəssisələrində yaranmış vəziyyətlə bağlı da Azərbaycan prezidentinə məruzə edib: “Neft Şirkəti üzrə – hadisə ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanıb. Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcək. İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcək. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir. “Azərsu” üzrə – içməli su mənbələri, su emal qurğuları, su və kanalizasiya şəbəkələri sistemlərində qəza vaxtı dayanmalar olub. Əsas qurğuların mühafizəsi tədbirləri həyata keçirilmiş, təhlükəsizlik təmin edilib, sıradançıxmanın və subasma hallarının qarşısı alınıb. Elektrik kəsilməsindən dərhal sonra su təchizatı, kanalizasiya qurğuları və şəbəkə sistemlərinin işçi vəziyyəti yoxlanılıb, sıradan çıxmış hissələrin bərpası, magistral və şəbəkə xətlərinin qəzalı hissələrinin təmiri üçün təxirəsalınmaz tədbirlər görülüb. Anbarlardakı mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, həyati əhəmiyyətli obyektlərin dayanıqlı su təchizatının, eləcə də əhalinin minimum su təchizatının təmin olunması üçün 100-dən artıq sudaşıyan maşın cəlb edilib. Hazırda regionların su təchizatı tam təmin edilib, Bakı şəhərinin tələbatına uyğun olaraq şəbəkə sistemlərinin fasiləsiz su ilə təchizatı səviyyəsi 92-93 faizdir. Anbarlardakı su ehtiyatlarının həcmi isə 45-50 faizdir. Şəbəkə sistemlərinin hidravlik rejimlərinin pozulması nəticəsində baş vermiş qəzaların aradan qaldırılması, tələbata uyğun su təchizatı və su ehtiyatı iyulun 5-dək tam təmin ediləcək. “Azərişıq” ASC-nin verdiyi məlumata əsasən, hazırda respublika üzrə tələbat 3150 meqavatdır. Paylayıcı şəbəkələrə verilən güc isə 2900 meqavatdır. Təxminən 250 meqavat çatmır. Bakı şəhəri 100 faiz , Bakıətrafı qəsəbələr, Xırdalan şəhəri və rayonlar isə 85 faiz enerji ilə təmin edilir”.

    Prezident İlham Əliyev müşavirdə Komissiyaya rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Nazim Məmmədovdan hadisənin ilkin səbəblərini soruşduqda, N. Məmmədov səbəbləri müşavirdə açıqlaya bilməyəcəyin bildirib. Deyib ki, sonra bu barədə məlumat verəcək. Maraqlıdır ki, N. Məmmədov niyə ilkin səbəbləri müşavirdə açıqlamadı? Açığı, bu, hadisəni təxribat ehtimal edənlərin doğru olduğunu deməyə əsas verir ki, bu da dövlətimiz, xalqımız üçün ciddi təhlükədir.

    Qeyd edək ki, digər müvafiq qurumların rəhbərləri də müşavirdə üzərlərinə düşən vəzifələrini yerinə yetirdiklərini bildiriblər, bunula bağlı prezident İlham Əliyevə məruzə ediblər.

    “Bütün məmurlara sərf edir ki, günah bir nəfərin üzərinə yüklənsin”

    Картинки по запросу Natiq Cəfərli

    Prezident İlham Əliyevin Mingəçevir İES-də dalbadal baş verən iki qəza ilə əlaqədar keçirdiyi müşavirədə səslənən fikirlərlə bağlı REAL Partiyasının icra katibi Natiq Cəfərli “Hürriyyət”ə bildirdi ki, baş vermiş partlayış çox ciddi bir hadisə olduğuna görə, bunun məsuliyyətinin kiminsə üzərinə yüklənməsi gündəmə gəlib: “Dünənki müşavirədə də kimsə məsuliyyət daşımalı idi. Hələlik məsuliyyət daşıyan şəxsin “Azərnerji”nin rəhbəri Etibar Pirverdiyevin olduğu görsənir. Həm prezidentin, həm də digər nazirlərin və məmurların çıxışı buna işarə edir. Çox güman ki, istintaqın və yoxlamaların nəticəsi olaraq “Azərenerji”nin rəhbəri ən yaxşı halda öz vəzifəsindən çıxarılacaq. Hətta cinayət işinin açılması və onun hər hansı bir formada məsuliyyətə cəlb olunması da gündəmə gələ bilər. Sadəcə, indiki şəraitdə bütün məmurlara da sərf edir ki, günah bir nəfərin üzərinə yüklənsin, həmin şəxs də “Azərenerji”nin rəhbəri olacaq”.

    ““Azərenerji” bu günə qədər qeyri-şəffaf çalışıb”

    N. Cəfərli vurğuladı ki, əslində, “Azərenerji”nin rəhbərinin çox böyük günahı var: “Çünki o qurum həddindən artıq böyük miqdarda dotasiyalar alan, büdcədən maliyyələşən, kifayət qədər böyük resurslar alan və bundan başqa, dünya maliyyə mərkəzlərindən böyük həcmdə kreditlər cəlb edən bir qurumdur. “Azərenerji” bu günə qədər qeyri-şəffaf çalışıb. Bu qeyri-şəffaf çalışmağın məsuliyyəti isə digər dövlət orqanlarının üzərinə düşür”.

    “Bu günə qədər nəyə görə ciddi yoxlamalar və ciddi tədbirlər görməyiblər?”

    “Təbii ki, bu hadisənin günahkarı Pirverdiyev olsa da, ümumilikdə bu günə qədər “Azərenerji”nin yaxşı işləməməsinin, düzgün çalışmamasının məsuliyyəti nəzarətedici dövlət qurumlarının üzərinə düşür və onlar da cavab verməlidirlər ki, bu günə qədər nəyə görə ciddi yoxlamalar və ciddi tədbirlər görməyiblər?”-deyə REAL yetikilisi sual etdi.

    “Eneji təhlükəsizliyi məsələsi ölkənin təhlükəsizlik məsələsinin tərkib hissəsidir”

    “Komissiyaya rəhbərlik edən Fizika institunun direktoru Nazim Məmmədov prezident İlham Əliyev hadisənin ilkin səbəbi soruşduqda deyib ki, burada deyə bilməz, sonra deyəcək. Sizcə, ilkin səbəbin müşavirədə açıqlanmaması nə ilə əlaqədar ola bilər? Burada təxribatdan söhbət gedə bilərmi” sualına N. Cəfərli belə cavab verdi: “Bu suallar ictimaiyyəti maraqlandıran suallardır. Əgər təxribat və ya hər hansı bir formada orada başqa məsələlər, bizə məlum olmayan səbəblər olubsa, buna da aydınlıq gətirilməlidir. Çünki eneji təhlükəsizliyi məsələsi ölkənin təhlükəsizlik məsələsinin tərkib hissəsidir və elektrik enerjisinin birdən-birə bu qədər böyük həcmdə kəsintiyə uğraması məhz həm də dövlətin təhlükəsizliyinin zərbə altında qalması ehtimalının yüklənməsi deməkdir. Bu mənada təbii istintaqın nəticəsini gözləmək lazım gələcək”.

    Şamo EMİN, Hurriyyet.org