Enereji ilə maddənin oyunu

279

Bizi uzun illərdir ki, yalnız bir şey düşündürür: doğrudan da insandan ölümündən sonra ruh deyilən şey qalırmı?

XIX əsrin sonu, XX  əsrin əvvəllərində kəşf olundu ki, səmada, kosmosda, fəzada  heç bir boşluq yoxdur. Hər yer – qalaktikalararası sonsuz məsafələr enerji ilə doludur və onlar bunu qədim yunan sözü ilə “efir” adlandırdılar.  Bu efir dolu kainat ayrı-ayrı yerlərdə sıxlaşmış odlu qaz toplumlarından – yəni ulduzlardan, eləcə də element adlanan çoxlu sayda soyumuş, bərkimiş maddələrdən ibarətdir.

Hər hansı bir enerji mənbəyi aralarında nə qədər uzaq məsafə olsa da, bir anda kontakta da girə bilir.  Və əlbəttə bütün bu həngamənin, yəni hamısının əsasını atomlar təşkil edir. Biz bilirik ki, bu atomların özləri də daha kiçik, elementar  hissələrdən ibarətdir. Məsələ bundadır ki, həmin bu efirdən istilik və işıq almaq mümkündür. Bunu serb əsilli xorvat alimi  Nikola Tesla öz əməli təcrübələri ilə sübut etdi.  O, yay günündə düzəltdirdiyi nəhəng dəmir tor sayaqlı qurğusunda ildırım çaxdırır, işıq saçdıra bilirdi.

Avropadan Amerikaya köçmüş bu fizik o dövr üçün möcüzəli işlər görür, elektrik sahəsində çoxlu kəşflər edib “efir nəzəriyyəsi”ni sübut edirdi. O sübut edirdi ki heç bir neft və qaz tələbatına ehtiyac olmadan min, hətta milyon illərlə efir enerjisindən istifadə etmək olar. Aydındır ki bu, Amerikaya və Avropa dövlətlərinə qətiyyən sərf etmirdi. Çünki neft və qaz bazarını ləğv edə bilərdi. Buna görə Teslanın təcrübələrinə heç bir dövlət diqqət vermədi.

Lakin bizi bu hadisənin tarixi deyil, başqa şey maraqlandırır. Bu nəzəriyyədən belə çıxır və həqiqətən də belədir ki, bütün canlı aləm də mahiyyətcə enerjidən başqa bir şey deyil. Su kimi, daş-kərpic kimi ağac da, od da bütün başqa canlılar və eləcə insanlar da bioenerjidir.  Bu enerji qeyd etdiyimiz kimi, hər cür şəklə düşə, hər cür forma ala bilir.  Son nəticədə də yenə hər şey həmin gözəgörünməz enerjiyə – efirə çevrilir. Anamız Yer kürəsi  bir neçə milyard il, eləcə də istər qaz şəklində nəhəng Yupiter və ya bərkimiş Merkuri və  digər planetlər alışıb və ya partlayıb yenə əvvəlki  gözəgörünməz enerjiyə və efirə çevriləcəklər. Bu fiziki qanundur. Amma budur, Yer kürəsində kainatda heç yerdə olmayan qəribə bir enerji forması – yəni canlı aləm əmələ gəlib. Və deməli, həmin bu canlı aləm də İslam dinində deyildiyi kimi o məşhər və yaxud  qiyamət günündə yanıb külə və oda dönəcəkdir.

Bizi uzun illərdir ki, yalnız bir şey düşündürür: doğrudan da insandan ölümündən sonra ruh deyilən şey qalırmı? Qalırsa, niyə qalır və necə qalır? Axı Tesla əbəs yerə iddia etmirdi ki. kainatı dolduran həmin efirin ağlı da var.  Bəs ayrı-ayrı insanlardan qalan bu kiçik efir toplumu – yəni ruh necə bütöv qalır, necə əriyib kainata qarışmır? Axı Məhəmməd Füzuli əbəs yerədemirdi ki, “bir damlaydı, qarışdı ümmanə.” Doğrudan da ruh deyilən bir ovuc enerji özlüyünü, mənliyini necə saxlaya bilər? Onda belə çıxır ki, ağıl və zəka insan beynində olduğu kimi neyronlar şəklində deyil, başqa cür çəkillərdə də mövcud ola bilər. Əgər bu belədirsə, onları toplum şəklində necə qalır? Məsələ bundadır. Ən müəmmalısı isə və anlaşılmazı isə ondadır ki, orda kartofsatanla  Nitşe və Kafkanın nə fərqi olacaq?

Bəsirətli Pol Dirak da iddia edirdi ki, elementar hissəciklərin ağlı var. Əgər bütün bu deyilənlər həqiqətdirsə, onda belə çıxır ki, ümumiyyətlə hər şeydə ağıl var. Dağda, daşda, suda, torpaqda da. Amma bir şey maraqlıdır: bütün heyvanlar, pələnglər, ayılar, böcəklər, mikpoblar eyni cür, eyni ağılda, eyni cür davranırlar. Bəs niyə insanlar başqa-başqadır.  Bunun səbəbi nədir? Və dünyada bundan da maraqlı tapmaca yoxur. Bu fərqin səbəbi nədir?  Axı bu cür özü-özlüyündə biri axmaq, biri ağıllı… Əgər insanların adi bir mikropdan dinozavrlara qədər inkişaf yolunu nəzərə alsaq belə, məsələ dumanlı qalır. Axı mikrobun və ya dinozavrın ağıllısı və ya axmağı yoxdur. Yalnız insanlar bu cür  fəlakətli bir çəkildə fərqlənirlər. Məsələ bundadır ki, axmaqlar böyük əksəriyyətlə ağıllılardan daha fəal, daha iddialı, daha zirək, daha qətiyyətli olurlar. Və son nəticədə hakimiyyət də  çox vaxt onlara qismət olur. Əbəs yerə demirlər ki, “ağıllı fikirləşincə, dəli üzüb çayı keçdi.”  Bəli, bu məsələ həyatın, insan cəmiyyətinin ən əsas, həll edilməmiş problemi olaraq qalır.

 

Əlisa  NİCAT