“Ən səmərəli mexanizm snayperlərimizin lüləsində, qırıcılarımızın qanadlarındadır” – POLİTOLOQ RƏYİ

18

Son həftələrdə erməni tərəfi Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təxribatçı açıqlamaları, xüsusilə də problemin həllində xüsusi üstünlüklər tələb etməklə diqqət çəkir. Öz növbəsində, Bakı ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatların başlamasının mümkünlüyünü istisna etmir.

Ermənistanın müraciət etdiyi “Zor işlətməmək” prinsipinə (1975-ci il Helsinki yekun aktının ikinci bəndində), bu prinsip qoşunlar öz dövlətinin sərhədlərində yerləşdiyi və işğal olmadığı şərtlərində tətbiq olunur. Hər hansı bir dövlətin ərazisi işğal olunduqda bu prinsip pozulmuş sayılır və BMT Nizamnaməsinin 51-ci maddəsi (özünümüdafiə hüququ) qüvvəyə minir. Bununla yanaşı, Rusiya ekspertlər cəmiyyətinin Ermənistanın da daxil olduğu KTMT-nin Yerevana görə münaqişəyə qarışmayacağı ilə bağlı mövqeyi də var.

Mövzu ilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, Azərbaycan beynəlxalq hüququn bizə tanıdığı özünümüdafiə hüququndan istifadə etməlidir:

“Müharibənin diplomatik hazırlıq mərhələsi həyata keçirilməli, güc mərkəzlərilə razılaşdırılmalı və əməliyyatlara başlanılmalıdır. Nə hərb, nə də sülh Rusiyaya, Ermənistana, həmsədrlərə, bir sözlə Azərbaycandan başqa hamıya sərf edir. Həmsədrlərdən imtina edilməlidir, çünki onlar öz missiyalarını layiqincə yerinə yetirə bilməyiblər. Minsk qrupunun fəaliyyəti iflasa uğrayıb. Eyni zamanda həmsədrlərin fəaliyyəti təhlükə yaradır, çünki onlar bölgəyə sülh yox, ölüm gətirirlər.

Hər dəfə Minsk qrupu həmsədrləri, yaxud digər yüksək rütbəli xarici qonaq bölgəyə gələndə atəşkəs daha şiddətlə pozulur, hərbçilərimiz öldürülür. Son dəfə də belə oldu, mayorumuz şəhid edildi. ABŞ dövlət katibi Hillari Klinton bölgəyə səfər edəndə 5 əsgərimiz işğal olunmuş ərazimizdəki erməni terrorçuları tərəfindən açılan atəş nəticəsində həyatını itirmişdi. Hansısa dövlət başqa bir dövlətə “bölgəyə gəlmə, burada söz sahibi mənəm!” mesajı verirsə, bunu günahsız dinc əhali və hərbi qulluqçu olan azərbaycanlıların həyatına son qoymaqla edir.
Görünən odur ki, hər dəfə bu səfərlər baş tutduqda bizim məsum insanlar öldürülür və öldürüləcək. Minsk qrupunun müftəxor həmsədrləri bu vəzifələrinə görə yüksək maaş alırlar, diplomatik toxunulmazlıq statusları var, hər dəfə gəlib Xankəndində, Şuşada kabab yeyib, erməni konyakı içib, terrorçularla deyib-gülüb mətbuata bir-iki poz şəkil çəkdirib gedəcəklər deyə bizim günahsız insanlarımız həlak olmalı, ailələr başsız, analar gözüyaşlı, uşaqlar yetim qalmalı deyil. Minsk qrupu 26 ildə fəaliyyətində heç bir uğura nail olmayan səriştəsiz təsisat kimi ləğv olunmalı, məsələ başqa bir formatda həll edilməlidir. Türkiyə, Almaniya da daxil olmaqla yeni bir qurum yaradılmalıdır.

Azərbaycan bu ölkələrlə enerji və s. sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlığın siyasi dividendi Qarabağ məsələsində onlardan dəstək almağa sərf olunmalıdır. Ermənistan-Azərbaycan münaqişəsi təkcə Qarabağla məhdudlaşmır, Ermənistanın Naxçıvana da ərazi iddiaları var. 1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçı dövlətidir, 1991-ci ildən bəri Naxçıvan blokadada olub, orada ağır döyüşlər gedib. Qarabağ və Naxçıvan məsələsi paralel götürülməlidir.

Bu baxımdan Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinə dair yaradılmalı olan yeni təşkilata üzvlüyü vacibdir. Necə ola bilər ki, Fransa kimi regiona dəxli olmayan, açıq-aşkar ermənipərəst dövlət Minsk qrupuna həmsədrlik edə bilir, Türkiyə kimi region ölkəsi kənarda qalır?! Avropa Birliyi Azərbaycandan təbii qaz alırsa, münaqişənin həllində iştirak etməli, təbii qaz və neftin sahibi olan bu millətin təhlükəsiz yaşamasına yardımçı olmalıdır. İlk olaraq Minsk qrupu buraxılmalıdır, bizə ancaq ölüm gətirən, əl-ayağımızı bağlayan bu ağır buxovdan azad olmalıyıq. Münaqişənin həlli ATƏT-dən alınmalı, başqa bir beynəlxalq səmərəli mexanizm işlənib hazırlanmalıdır. Ancaq o fikrimdə qalıram ki, ən səmərəli mexanizm snayperlərimizin lüləsində, qırıcılarımızın qanadlarındadır. ATƏT-in 26 ildə edə bilmədiyini 26 günə ancaq onlar həll edə bilər”.