Şəmkirdə ehsan yerinə üç küçəyə asfalt çəkildi – “Ölmək qiyməti” artıb…

    21

    Bu günlərdə Şəmkirin Dəllər Cəyir kəndində çox mütərəqqi bir addım atılıb. Vəfat edən Məmmədov Zöhrab Yaqub oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər. Onlar ehsan süfrəsi açmaqdansa, üç küçənin yolunu təmir ediblər. Bu da kənd sakinləri tərəfindən minnətdarlıqla qarşılanıb. Belə istisnalar az deyil. Kimisi doğmasının vəfatına görə kasıb ailənin övladının təhsil haqqını ödəyir, kimisi yataq xəstəsini əməliyyat etdirir və s.

    “Camaat nə deyər” prinsipi komitəni üstələdi

    Əslində bir neçə il əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara tövsiyə etmişdi ki, yas məclislərində israfçılıq etməyin, çay, xurma, halva verilməsi kifayətdir.

    Bəzi bölgələrdə müəyyən dərəcədə bu tövsiyəyə əməl olunsa da, əhalinin əksəriyyəti köhnə ənənə ilə gedir.

    “Yeni Müsavat”ın əməkdaşı hazırda ehsan süfrəsi, mərasim zallarının neçəyə başa gəlməsi ilə maraqlanıb. Kəsəsi, bu ölkədə ölməyin qiyməti nə qədərdir…

    yas məclisləri ile ilgili görsel sonucu

    Artıq bir neçə ildir təmtəraqlı yas mərasimlərinə Naxçıvanda qadağa qoyulub. Bəzi Bakı kəndlərində də yas mərasimində süfrəyə ancaq çay, qənd, halva qoyulur. Ancaq əksər yerlərdə yas süfrəsinin zənginliyi bir yana, dəbdəbəli çadırlar və orada göstərilən xidmət növlərinin sayı durmadan artır.

    Bu xidmətləri təklif edənlər isə şəhərin əksər hissələrində, daha çox isə qəbiristanlıqların yaxınlığında göstərdikləri xidmətlərlə bağlı elanlar vurublar: “Kirayə çadır verilir”, “Yas mərasiminin təşkil olunur” və s.

    Hətta bir müddət yas mərasimlərinə yerli icra nümayəndələri müdaxilə edərək, ehsan süfrəsinə çay, xurma və halvadan başqa digər nemətlərin qoyulmasına qarşı çıxırdılar. Amma bu qadağa uzun sürmədi: israfçılığı dildə hamı pisləsə də, əməldə heç kim “qonşudan geri qalmamaq”, “camaat nə deyər?” prinsipini üstün tutdu. Nəticədə, yas mərasimlərimizdəki dəbdəbə nəinki bərqərar oldu, hətta xərc arta-arta gedir.

    Yas məclisi azı 2000-4000 manata…

    Yas mərasiminin təşkili üçün qiymətlər 2000 – 4000 manat arasında dəyişir. Orta səviyyədə olan çadır 600 manatdır.

    Ancaq səsgücləndirici mikrofon, molla, aşpaz, ofisiant sifariş verdikdə qiymətlər artır. Boş çadırlar 24 saat müddətinə 400 – 500 manata da kirayə verilir. Bu zaman işçilər gəlib yalnız boş çadırı quraşdırıb gedəcəklər. Bir ofisiantın günlük xidmət haqqı 20 – 30, aşpazınkı isə 50 – 80 manatdır. Molla və mərsiyə deyənlər isə məclisə 100 – 150 manata gəlir.

    Ölünün yuyulması 40-50 manat, mürdəşirə ödənilən məbləğ 30 manat, məsciddə qeydiyyata düşməyin qiyməti isə 4 manatdır. Cənazəni son mənzilə yola salmaq üçün maşının sifarişi ölü sahibinə 80-100 manata başa gəlir.

    Çadırın qiymətinə aşqara, pomidor-xiyar, pendir, göyərti, dovğa, kişmiş, xurma, limon, meyvə, konfet, çay və su daxildir.

    Müştərinin istəyindən asılı olaraq çadıra döşəmə də vurula bilər. Bu isə daha çox yağışlı havalarda və palçıq ərazilərdə lazım olur.

    yas məclisləri ile ilgili görsel sonucu

    Kondisionerli, çilçıraqlı, tualetli VİP çadırlar…

    İçərisində kondisioner, bahalı çilçıraqdan tutmuş, səyyar qadın-kişi ayaqyoluna qədər hər şey quraşdırılan VİP çadırlar da təklif olunur. Məclis sahibi belə çadıra azı 5000 manat xərc çəkir. Bölgələrə cənazəni aparmaq məsafəyə görə dəyişir. Məsələn, Gədəbəyə mərhum 500 manata aparılır. Bura məzar daşı, qəbir yerinin pulunu da əlavə etsək, ölü sahibinin öz əli ilə evini yıxdığını deyə bilərik. Bakıda qəbir yerlərinin qiyməti 700 manatdan 2500 manata qədər dəyişir.

    Qafqazın şeyxi Allahşükür Paşazadə bildirib ki, qəbir yerinin satılması yolverilməzdir, mərhumun ruhuna hörmətsizlikdir. Amma nə fayda?!

    İslam yas süfrəsinə nə deyir?

    İlahiyyatçılar isə deyirlər ki, yas mərasimlərinin əsas mənası dünyadan köçmüş insanın ailəsinə başsağlığı verməkdir.

    Bu, həm də İslam dininin töhfəsidir ki, bir insanın ailəsinə müsibət üz verdiyi zaman onun görüşünə gedib başsağlığı vermək lazımdır. Çünki yaxınını itirmiş insanın gözü yaxınlarını, qohumlarını, dostlarını axtarır, onlardan başsağlığı, təsəlli gözləyir. Yas mərasimlərində zəngin ehsan süfrələrinin açılması başsağlığı vermək ənənəsini unutdurmağa doğru aparır. Bəzən borc götürüb ehsan verənlərə də rast gəlinir.

    Əslində bu cür hallar yas mərasimlərinin mahiyyətinin təhrif olunmasına gətirib çıxarır. Dəbdəbəli yas süfrələrinin açılması həm də insanların kateqoriyalara bölünməsidir.

    İslam dininə görə, dəfndən sonrakı müddət ərzində qonşular yemək hazırlayaraq, vəfat edən şəxsin evinə gətirə bilərlər.

    Amma yas məclisinə başsağlığı vermək məqsədilə gələnlərin orada yemək yeməyi deyil, özləri ilə yemək gətirməkləri məsləhət görülür. Əksər müsəlman ölkələrində yas mərasimlərində təmtəraqdan qaçıılır.

    Yalnız üç gün müddətində başsağlığı üçün gələn qonaqlara su, xurma verilir, yaxud da ölən şəxsin qonşuları tərəfindən yemək bişirilir və qonaqlara paylanılır. Başsağlığı üçün gələn ziyarətçilər arasında ölənin ailəsinə kömək üçün maddi vəsait toplanır.

    Vəfat etmiş şəxsin əşyaları və geyimləri kasıb insanlara verilir ki, bu da dünyasını dəyişmiş şəxsin o dünyada mükafatlandırılacağı inancı ilə bağlıdır.

    Türkiyədə şəxs dünyasını dəyişdikdən sonra ona cənazə namazı qılınır, dəfn olunur və vəfat edənin ailəsinə əksər başsağlıqları elə dəfn mərasimi zamanı verilir.

    Dəfndən sonrakı üç gün ərzində başsağlığı məqsədilə vəfat edən şəxsin evinə baş çəkilir. Bu zaman gələn şəxslərə xüsusi yemək süfrəsinin açılması kimi adət mövcud deyil.

    İran, Suriya, Liviyada ehsan necədir?

    İranda yas mərasimləri məsciddə, həm də qabaqcadan elan olunan müəyyən gün və saatda keçirilir.

    Şəhərin hər yerində elanlar yazılır, tanışlara xəbər göndərilir və üç-dörd saat ərzində məsciddə yemək-içməksiz mərasim keçirilir. Livanda, Suriyada, İraqda keçirilən yas mərasimlərində mərhumun dəfnindən sonra ətrafda yaşayan insanlar və qohumlar mərhumun ailəsinə düyü, yağ və s. göndərirlər və bu yeməkləri mərhumun evində hazırlamaq üçün müəyyən şəxslər təyin edirlər.

    Hətta əksər yerlərdə hüzr sahibinə heç bir yemək qayğısına qala bilmədiyi üçün hazır yeməklər də göndərən olur.

    Bir sözlə, adam Azərbaycanda ölməyə də qorxur, qiymətlər sanki Əzrayılın çiynindədir. Özünüzü qoruyun…