Elxan Ələsgərov: “Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər”

504

“Bu, ermənilər üçün adi bir hala çevriləcək, hazır olsunlar, təşviş də keçirməsinlər”

Azərbaycan Ordusunun Qarabağda qazandığı möhtəşəm qələbə, 44 gün davam edən müharibədəki son dərəcə uğurlu hərbi əməliyyatlar erməni cəmiyyətini qarışdırıb. Qalib Azərbaycan Ordusunun silahsız olan əsgəri, hərbçisi belə qonşu ölkədə panik əhval-ruhiyyə yaradır.

“Bu gün mülki geyimli azərbaycanlı hərbçilərin Vardenisdəki (Basarkeçər) restoranların birində nahar etdikləri barədə müxtəlif mənbələrdən məlumatlar alırıq”. Bunu “Çiçəklənən Ermənistan” Partiyasından olan deputat İveta Tonoyan Parlamentdə deyib. Onun sözlərinə görə, eyni mənbələr Azərbaycan hərbçilərinin Vardenisin mağazalarında alış-veriş etdiklərini də bildiriblər. “Əlbəttə ki, Milli Təhlükəsizlik Xidməti özünəməxsus tərzdə bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın bu təkzibinin, xüsusən də bizim üçün nədən ibarət olduğunu gördük”, – deyə panik şəkildə İveta Tonoyan vurğulayıb.

“Qafqaz” Araşdırma Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Elxan Ələsgərov deyir ki, erməni parlamentinin təşviş içində çıxış etməsinin səbəbini anlamır: “Ermənilər Qarabağ müharibəsinə qədər Azərbaycanda sərbəst yaşayırdılar, yeyib-içirdilər. Kimsə onlara irad bildirmirdi. İndi nə baş verib? Azərbaycan öz tarixi torpaqlarını döyüş yolu ilə qaytarıb. Dünyanın sivil ölkələri, Ermənistanın özü belə qaytarılan torpaqların Azərbaycanın beynəlxalq sərhədləri daxilində olduğunu deyir. Bu gün Qarabağda müəyyən bölgələrdə Rusiyanın sülhməramlı qüvvələri yerləşib. Orada sülhün, əmin-amanlığın bərpası üçün çalışdıqlarını bəyan ediblər. Olsun, buna Azərbaycan şərait yaradıb. Çünki o ərazilər Azərbaycan torpaqlarıdır. Həmin torpaqlarda ermənilər yaşayır. Yaxın zamanda azərbaycanlılar da orada yaşayacaqlar, restorana da, mağazaya da gedəcəklər. İveta Tonoyanın təşviş içində adını çəkdiyi Vardenis rayonu Kəlbəcər rayonundan 5 kilometr Ermənistanın içində yerləşir. Azərbaycanlı hərbçilərin orada restorana getməsi, mağazalarda alış-veriş etmələrinə öyrəşməlidirlər”.

Elxan Ələsgərov — Vikipediya

1981-1985-ci illərdə Ermənistanda uzunmüddətli ezamiyyətdə olmuş Elxan Ələsgərov deyir ki, ermənilərin bu şəkildə təşviş keçirməsinə ehtiyac yoxdur: “İçlərində olan təhlükəli ünsürlərdən qorxsunlar, çəkinsinlər. Qarabağda münaqişənin yaranmasında, müharibəyə çevrilməsində həmin ermənilərin rolu böyükdür. Azərbaycanlıların İrəvanda gəzib-dolaşmalarına da vərdiş edəcəklər. Tələsməsinlər, heç təşvişə də düşməsinlər. Azərbaycanlılar heç zaman onlara qarşı səbəbsiz təpki göstərməyiblər. Xəstə xülyalı ermənilərin girovluqlarından çıxsınlar, dünyada gedən proseslərə diqqət etsinlər. Onların 1 yolu var. Azərbaycanın şərtlərini qəbul edib düşdükləri ağır iqtisadi-siyasi böhrandan çıxıb sivil xalqlar sırasına qoşulsunlar. Əks təqdirdə, gözlərinə hər yerdə azərbaycanlılar, Azərbaycan hərbçiləri görünəcək”.

Elxan Ələsgərov deyir ki, Azərbaycan Prezidenti çıxışlarında Ermənistanın dalana çevrilməsini vurğulayıb: “Cənab Prezidentin bu sözləri Ermənistanın hansı vəziyyətdə olduğunu göstərir. Orada hər ötən gün hər sahədə böhran dərinləşir. Ermənilər bu gün Azərbaycanı düşmən yox, xilaskar kimi görməsələr vəziyyətdən çıxa bilməyəcəklər. Təsəvvür edin ki, heç bir sahədə inkişafı olmayan, yalnız xaricdən ötürülən paylarla dolanan bir dövlətdir bu gün Ermənistan. Halbuki böyük neft-qaz magistral kəmərlərinin keçdiyi ərazi ola bilərdi. Buna görə Ermənistan büdcəsi hər il milyonlar qazanacaqdı, dəmir yol xətlərinin oradan keçməsinə görə də haqq alacaqdılar. Nə etdilər? Azərbaycan torpaqlarını işğalına alət oldular, 30 ilə yaxın torpaqları işğal altında saxladılar. Azərbaycanlıların evlərini dağıtdılar, öldürdülər, qətlə yetridilər, şikəst etdilər. Amma özləri də həmin torpaqlarda yaşaya bilmədilər, məskunlaşa bilmədilər. Təsəvvür edin ki, Kəlbəcərdə ermənilərin işğalına qədər 70 min azərbaycanlı yaşayıb. Ermənilər oranı işğal edəndən sonra isə orada cəmi 3 min nəfər ermənini zorla məskunlaşdırmışdılar. Onlar da sırf pula görə ora gəlmişdi. Gedəndə də evlərimizi yandırdılar. Azərbaycanlılara çox sağ ol desinlər ki, bundan sonra Vardenisə gedib onlarla alver edir, nəsə alırlar. Böhran içində boğulurlar. Buna öyrəşməlidirlər. Ermənilər üçün bu adi bir hala çevriləcək. Buna hazır olsunlar, təşviş də keçirməsinlər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”