“Elşən Cabbarov həmyerliləri olan bir neçə şəxslə qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib…” – “Hürriyyət”in yazısına DİN-dən REAKSİYA

    9

    “Hürriyyət” qəzetində və Hurriyyet.org saytında dərc olunan “Salyanda “köhnə tas” əməliyyatı: İş adamı niyə həbsdədir?” sərlövhəli yazıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi reaksiya verib. DİN-in Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadədənin saytımızın elektron poçtuna göndərdiyi məktubu olduğu kimi dərc edirik:

    “Salyan şəhər sakini Mürsəl Cabbarovun “Hurriyyet.org” saytının 01.07.2019-cu il xəbər buraxılışında yerləşdirilmiş müraciətində hazırda istintaq altında olan oğlu Elşən Cabbarovu az qala “korrupsiyaya qarşı mübariz”, guya “məmur özbaşınalığının qurbanı” kimi təqdim etməsinin heç bir hüquqi və məntiqi əsası yoxdur. Əslində atanın öz övladının günahsızlığı barədə iddiaları oğlu barədə yanlış ictimai rəyin formalaşmasına və sonuncunun məsuliyyətdən azad olunmasına xidmət edir.

    M.Cabbarovun oğlu Elşən Cabbarov tərəfindən Salyan rayon sakinləri olan iki şəxsə məxsus əmlakın hədə-qorxu ilə ələ keçirilməsi faktı üzrə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

    İstintaqla müəyyən edilib ki, E.Cabbarov həmyerliləri olan bir neçə şəxslə qabaqcadan əlbir olaraq cinayət əlaqəsinə girib, 2017-ci ilin noyabrından ötən ilin oktyabr ayınadək olan müddət ərzində qrup halında Salyan rayonu ərazisində ayrı-ayrı barələrində rüsvayedici məlumatları yayma hədəsilə, habelə aldatma və etibardan sui-istifadə etmə yolu ilə 7 vətəndaşın əmlakını və əmlak hüquqlarını ələ keçirib, bir şəxsin xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı billərəkdən yalan məlumat verib.

    Həmin mütəşəkkil dəstənin başçısı kimi Elşən Cabbarovun və üzvlərinin törətdikləri əməllər qeyd olunan cinayət işi üzrə toplanmış təkzibedilməz sübutlarla təsdiqini tapıb. Ona görə, E.Cabbarov 12 epizod üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəməsinin qərarı ilə «həbs» qətimkan tədbiri seçilib.

    İstintaq dövründə E.Cabbarov müdafiəçi ilə təmin olunub, vəkili və özü tərəfindən verilmiş vəsatətlərə mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və müvafiq qaydada cavablandırlıb.

    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılıb və baxılması üçün yaxınlarda məhkəməyə göndəriləcək”.

    Hurriyyet.org