Elşad Hacıyevi ölümlə hədələyən şəxsə hökm oxundu – VİDEO

12

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevi sosial şəbəkədə ölümlə hədələyən, 1984-cü il təvəllüdlü Quliyev Fərid Novruz oğlu barəsində hökm çıxarılıb.

E.Hacıyevin vəkili Cavid Cəfərovun "Yeni Sabah"a verdiyi məlumata görə, bu gün Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Fərid Quliyev Cinayət Məcəlləsinin 134.1 (ölümlə hədələmə) və 228.1-ci ( qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək 2 il 3 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

C.Cəfərov həmçinin bildirib ki, Fərid Quliyev psixiatrik xəstəxanada qeydiyyatda olduğundan hakim onun barəsində qeyd etdiyimiz kimi hökm çıxarıb: "Ali təhsilli olan Fərid Quliyev son söz zamanı törətdiyi əməldən peşman olduğunu bildirib. Bu əməlini anlaqsız olması ilə əlaqələndirib. Hakim isə onun tutulduğu gündən bu günə kimi cəza çəkdiyi 4 ay 4 günü həbsindən çıxaraq, Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönləndirib. 20 gündən sonra isə hökm qanuni qüvvəyə mindikdə onun azadlığının məhdudlaşdırılması cəzası başlayacaq".

Xatırladaq ki, Fərid Quliyev ötən ilin noyabr ayında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həbs olunub və bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb: ""Evez VAhidoviç" adlı sosial şəbəkə istifadəçisi "facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə E.Hacıyevin öldürülməsinə görə 10 min manat məbləğində pul mükafatı verəcəyini vəd edib. Qeyd olunan hərəkətlərdə öldürməklə hədələmə əməlinin tərkib əlamətləri olduğundan fakta görə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsi ilə cinayət işi başlanılaraq zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sosial şəbəkədə qeyd olunan statusları yazan şəxsin Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fərid Quliyev olması müəyyən edilib və saxlanılıb. Yaşadığı evə baxış zamanı oradan 1 ədəd təklüləli yivsiz ov tüfəngi və "Makarov" tipli tapançaya aid 4 ədəd patron aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı F.Quliyev qonşusu Əvəz Muxtarovun 2017-ci ildə 50 manat pulunu alıb qaytarmadığına görə qisasçılıq zəminində onun adına saxta profil açaraq həbsinə nail olmaq üçün qeyd olunan məzmunda paylaşım etdiyini etiraf edib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Quliyev barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.