“Elmira Süleymanova diktaturanın “təkəri” olub” – NAMİZƏD SƏFƏROV

    3

    “Azərbaycanın yeni ombudsmanı gənc və ziyalı biri olmalıdır”

    “Məlahət xanımın həmin vəzifəyə namizədlik məsələsini müzakirə etmək tezdir”

    “O yerə heç kimin gözləmədiyi tamam başqa bir şəxsi təyin edə bilərlər”

    “Əminəm ki, yeni təyin olunan ombudsman Elmira Süleymanovanın atasına rəhmət oxudacaq”

    Ötən həftə mətbuat yazdı ki, səlahiyyət müddəti 2017-ci ilin 5 martında bitən 2002-ci və 2010-cu illərdə İnsan hüquqları üzrə müvəkkil (ombudsman) seçilən 81 yaşlı Elmira Süleymanovanın yerinə namizəd tapılıb. Məlumata görə, ombudsman vəzifəsinə Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri, 21 saylı Nəsimi birinci seçki dairəsindən deputat Məlahət İbrahimqızının (Həsənova) seçiləcəyi gözlənilir. Hətta bununla bağlı artıq yekun qərar verildiyi və yaxın vaxtlarda onun namizədliyinin Milli Məclisə təqdim olunacağı da iddia olunur.

    “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında” Qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə ombudsman seçildiyindən, qanun onun səlahiyyət müddətini artırmağa imkan vermir. Amma Konstitusiyaya məhdudiyyətin götürülməsi ilə bağlı 2009-cu ilin martın 18-də edilən dəyişikliyə əsasən, səlahiyyət müddəti başa çatan müvəkkilin yerinə yeni şəxs seçilənə qədər o, öz vəzifəsinin icrasını davam etdirir. Səlahiyyət müddəti başa çatan Elmira Süleymanova da məhz yerinə namizəd verilmədiyindən hələ də ombudsman vəzifəsində qalır.

    Картинки по запросу Namizəd Səfərov

    Tanınmış hüquqşünas Namizəd Səfərov “Hürriyyət”ə açıqlamasında bildirdi ki, Məlahət xanımın həmin vəzifəyə namizədlik məsələsini müzakirə etmək tezdir. Hüquqşünas dedi ki, o, ancaq Elmira Süleymanovanın fəaliyyətinə qiymət verə bilər. Çünki hələlik onun yerinə kimin təyin ediləcəyi sual altındadır və təsdiq olunmamış məsələdir.

    N.Səfərov fikrini belə davam etdirdi: “Mövcud iqtidarın kadr siyasətinə yaxşı bələdəm. Hansısa vakant vəzifənin qiymətini qaldırmaq, həmin yerin satıldığını cəmiyyətə elan etmək üçün bir müddət əvvəl tender elan edir. Həmin vəzifəyə sahiblənib ondan yararlanmaq istəyənlər də namizədliklərini irəli sürməyə başlayırlar. Buna görə də hələlik Məlahət xanımın həmin vəzifəyə namizədlik məsələsini müzakirə etmək tezdir. Çünki gələcəkdə o yerə heç kimin gözləmədiyi tamam başqa bir şəxsi təyin edə bilərlər”.

    Картинки по запросу məlahət ibrahimqızı

    “Hakimiyyət tərəfindən insan hüquqlarının pozulmasına haqq qazandırıb”

    Elmira Süleymanovanın fəaliyyətinə gəldikdə isə, hüquqşünas bildirdi: “Elmira Süleymanova Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə səlahiyyətli şəxsdir, Avropa dövlətlərində bu vəzifənin daşıyıcıları müfəttiş adlandırılır. Azərbaycanı dünyaya demokratik dövlət kimi tanıtmaq məqsədilə, daha doğrusu demokratiya görüntüsü yaratmaq üçün 2002-ci ilin 5 martında o vaxtkı dövlət başçısı Heydər Əliyev "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi haqqında Fərman imzaladı, elə həmin ilin 2 iyulunda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından Elmira Süleymanova ölkəmizin ilk ombudsmanı seçildi və artıq 16 ildir ki, həmin vəzifəni icra edir.

    Fəaliyyət göstərdiyi dövrdə insan hüquqlarının müdafiəsi uğrunda heç bir addım atmayıb, əksinə hakimiyyət tərəfindən insan hüquqlarının pozulmasına haqq qazandırıb, bu əməlləri pərdələyib, Azərbaycan xalqının başına açılan bütün oyunların birbaşa iştirakçısı olub”.

    “Ombudsmanı maaşını fəaliyyətsizliyinə görə, hakimiyyətin özbaşınalığına göz yumduğu üçün qaldırıblar”

    Hüquqşünas hesab edir ki, E.Süleymanova sadəcə vətəndaşlara ümid verməklə məşğul olub: “Minlərlə, bəlkə də milyonlarla vətəndaşın ona ünvanladığı şikayət ərizələrini, məktubları Süleymanova ya guya aidiyyati ünvanlara göndərməklə əslində həmin vətəndaşları başından edib, ya da ondan kömək istəyən insanlara “Sizin göndərdiyiniz ərizə və məktubların mənə aidiyyatı yoxdur” cavabını verib. Əslində isə həmin ərizə və məktubların bilavasitə ona aidiyyatı olub.

    Ölkədə diktatura hökm sürdüyü heç kəs üçün sirr deyil, hakimiyyətin xalqın başına açdığı oyunlara göz yumub, buna haqq qazandırmaqla məşğul olan ombusman Elmira Süleymanova da həmin diktaturanın “təkəri” olub.

    Əvvəllər Elmira Süleymanova hər il gördüyü işlərlə bağlı cəmiyyət qarşısında hesabat verirdi. Mən də o zaman Vəkillər kollegiyasının üzvü kimi həmin iclasların iştirakçısı olurdum, hər dəfə də çıxış edib onun fəaliyyətini tənqid edirdim. Daha doğrusu, ombudsman kimi fəaliyyətsizliyi barədə məsələ qaldırırdım. O üzdən məni görməyə gözü yox idi. Sonradan onu hesabat verməkdən də azad etdilər. Son illər yainız Milli Məclisdə hesabat verir, əslində buna hesabat da demək olmaz, sadəcə formal xarakterli çıxışlardır”.

    N.Səfərovun fikrincə, yeni ombudsman gənc olmalıdır: “Təbii ki, hər bir insan müəyyən yaşa çatandan sonra iş qabiliyyəti zəifləyir. Ombudsman isə olduqca məsuliyyətli bir vəzifədir və həmin vəzifədə gənc, enerjili insan çalışmalıdır. Amma bizim 81 yaşlı ombudsmanımızın fəaliyyəti hər zaman sadəcə kağız üzərində olduğu üçün, bu gün onun yaşı ilə bağlı fəaliyyətinin zəifləməsi haqda danışmaq da mənasız olardı. O, sadəcə fəaliyyətsizliyinin müqabilində bütün bu illər ərzində yüksək maaşla mükafatlandırılıb, üstəlik yaxın günlərdə maaşını 10 faiz də qaldırıblar. Mən bu haqda artıq yazmışam. Onun maşını fəaliyyətsizliyinə görə, hakimiyyətin özbaşınalığına göz yumduğu üçün artırıblar”.

    “Ombudsman hamının tanıyıb hörmət etdiyi, söz sahibi olan, vicdanını itirməyən, iqtidara yarınmayan, bitərəf bir ziyalı seçilməlidir”

    Hüquqşünas bu fikirdədir ki, yeni ombudsman nüfuzlu bir şəxs olmalıdır: “Demokratik dövlətdə ombudsman cəmiyyətdə böyük nüfuza malik ictimai xadim, hüquqşünas, hamının tanıyıb hörmət etdiyi, söz sahibi olan, vicdanını itirməyən, iqtidara yarınmayan, bitərəf bir ziyalı seçilməlidir ki, xalqına qayğı göstərsin, ünvanına daxil olan şikayət ərizələrinə, məktublara diqqətlə yanaşsın, hakimiyyət qarşısında xalqın sözünü deməyə cürəti çatsın. İnsan hüquqlarının ölkədəki real vəziyyətini qorxmadan dilə gətirə bilsin və imkan daxilində pozulmuş hüquqların bərpası uğrunda mübarizə aparmağı bacarsın.

    Əgər hakimiyyət tərəfindən, ayrı-ayrı idarəçilik orqanları (misalçün, polis, prokurorluq orqanları) tərəfindən insanların hüquqları pozulursa, Ombudsman bunu cəmiyyətə açıq şəkildə bildirməlidir. Mən demirəm ki, o, bütün pozulmuş hüquqları bərpa etmək iqtidarındadır, amma ən azından mövcud vəziyyəti cəmiyyətə, Avropanın beynəlxalq strukturlarına çatdırmalıdır. Daha deməməlidir ki, biz demikratik ölkədə yaşayırıq, hakimiyyət də vətəndaşların hüquqlarını təmin edir, aldatmamalıdır cəmiyyəti, məsuliyyət daşıdığı beynəlxalq təşkilatlar qarşısında da yalan danışmamalıdır. Xalq tərəfindən belə bir nüfuzlu insan seçilməlidir. Hətta ümumxalq seçkisi keçirilmədən təyin olunsa belə, namizədliyi cəmiyyətin müzakirəsinə çıxarılmalıdır”.

    “Qorxuram indi elə biri gələ ki…”

    N.Səfər təəssüf edir ki. Azərbaycanda ombudsman iqtidar tərəfindən təyin edilir, xalq tərəfindən seçilmir: “Bu gün mövcud iqtidara qullluq edən bir deputatın bu vəzifəyə təyin edilməsinin vəziyyətin müsbətə doğru dəyişməsinə heç bir xeyri olmayacaq. Əksinə, əvvəlkindən də acınacaqlı bir durum yaranacaq. Əminəm ki, yeni təyin olunan ombudsman Elmira Süleymanovanın atasına rəhmət oxudacaq. Heç olmasa o, alim idi, qadınlığına hörmət edib lap da həddini aşmırdı, çox zaman susurdu. Qorxuram, indi həmin vəzifəyə Daxili İşlər Nazirliyindən, yaxud Prokurorluqdan elə biri gələ ki, utanmadan ölkədə insan hüquqlarının tam təmin olunduğunu bəyan etməkdən belə çəkinməz”.

    Hazırladı: Banu OĞUZ, Hurriyyet.org