Elmar Vəliyevə qarşı sui-qəsd cəhdində təqsirləndirilən Yunis Səfərova nə olub?

    30

    İyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı sui-qəsd cəhdində təqsirləndirilən Yunis Səfərova məxsus olduğu deyilən və sosial şəbəkələrdə yayılan şəkillərin ona məxsus olduğu Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.

    Hurriyyet.org bildirir ki, DİN mətbuat xidmətini rəhbəri Ehsan Zahidov, BBC News Azərbaycancaya verdiyi müsahibədə Yunis Səfərovun işgəncəyə məruz qaldığı barədə iddiaları təkzib edib.

    Çərşənbə günü, Gəncədə doğulmuş və hazırda Rusiya vətəndaşı olan 35 yaşlı Yunis Səfərovun sosial şəbəkələrdə yayıldığı şəkilləri bir çox hüquq müdafiəçisini narahat edib.

    Baş Prokurorluq BBC News Azərbaycancaya bildirib ki, şəkillərin necə yayıldığını araşdırmaqdadır.

    Çərşənbə günü APA-ya verilən müsahibədə DİN-in mətbuat xidməti sosial şəbəkələrdə yayılan şəkillərdə Yunis Səfərovun təsvir olunduğunu təkzib edib.

    Lakin DİN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov cümə axşamı günü BBC News Azərbaycancaya sosial şəbəkələrdə yayılmış şəkillərdəki şəxsin Yunis Səfərov olduğunu təsdiqləyib.

    DİN sözçüsü, şəkillərdə təsvir olunan xəsarətlərin, Yunis Səfərovun saxlanma anı polisə göstərdiyi müqavimət nəticəsində baş verdiyini izah edib və bu xəsarətlərin işgəncə əlamətləri olduğu barədə iddiaları rədd edib.

    Sözçüdən Yunis Səfərovun tibbi yardım alıb-almaması ilə bağlı suala cavab almaq mümkün olmayıb.

    Sosial şəbəkələrdə yayılan şəkillərə münasibətini bildirən hüquq müdafiəçiləri Yunis Səfərovun işgəncəyə məruz qaldığını ehtimal ediblər.

    Hüquq müdafiəçisi Rəsul Cəfərov deyib ki, "Gəncə Şəhər İH başçısına sui-qəsd edən şəxsə işgəncə verilməsi faktiki olaraq DİN və Baş Prokurorluğun mətbuat xidmətlərinin dünən və bu gün yaydığı ziddiyyətli bəyanatlarla öz təsdiqini tapır".

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) QHT-nin sədri Anar Məmmədli isə qeyd edib ki, "Törətdiyi cinayətdən asılı olmayaraq, hər kəsə saxlandığı andan insani rəftar nümayiş etdirilməli, vəkillə təmin olunmalı, ailə üzvləri ilə əlaqə saxlamaq imkani tanınmalıdır".