“Elman Rüstəmovu qınamağa heç bir əsas görmürəm” – İLQAR MƏMMƏDOV

273

“İqtisadiyyatın ondan asılı olmayan strukturuna baxanda, Mərkəzi Bankın apardığı məzənnə siyasəti yuxarı-aşağı düzgündür”

“Hakimiyyətlə ilk təmasımızın bir neçə yeni görüş nəticəsində artıq dialoq mərhələsinə çıxdığı haqda bir yazı yazmışdım. Sonra xəbərlərdə oxudum ki, İlham Əliyev də müşavirə keçirəndə dialoqun başlandığını bildiribmiş. Baxmayaraq ki, Əliyevin nikbinliyini bölüşürəm, dialoq sürəcinin nəticəsi nə olacaq, onu indidən bilmək çətindir”. Hurriyyet.org xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov deyib.

“Hakimiyyətin koronavirusla mübarizə strategiyasını hazırda çox da sorğulamaq istəmirik”

Partiya sədri bildirib ki, REAL daim hakimiyyətlə siyasi dialoq mövqeyindən çıxış edib və bunun üçün ola biləcək heç bir imkanı əsl siyasi düşüncəli təşkilat olaraq əldən verməz: “Başqa müxalifət qurumları hakimiyətlə hansı üslubda danışır və hakimiyyət onlarla ünsiyyətdə hansı dili seçir, bunları buraxıram hər ikisinin öz öhdəsinə. Bu iki tərəfdən biri REAL-ı daim böhtan və təhqirlərə, digəri isə sistematik haqsız-hüquqsuz təqibə məruz qoyub. İndən belə onların bizə münasibəti necə olacaq onu bilmirəm, amma uzun müddət göstərilmış münasibəti nəzərə alaraq hər iki tərəfin bir-birinə qarşı işlətdiyi ifadələrə qiymət verən deyilik. İndi isə müşavirənin iqtisadi məzmunu haqda. Əvvəl də dediyim kimi, hakimiyyətin koronavirusla mübarizə strategiyasını hazırda çox da sorğulamaq istəmirik. Bu cür təcrübə heç yerdə olmayıb, hərə bir üsul sınaqdan keçirir. Kimin düz, kimin yanlış strategiya seçdiyini 1-1,5 ildən sonra ölkələr üzrə stratistika tam məlum olandan sonra görə bilərik. Koronavirusa cavab verən siyasət seçimi müxalifətlə dialoqun hissəsi ola bilərdi. Olsaydı, bəlkə bu cavab insanların yaşayış səviyyəsi üçün bu qədər ağrılı olmazdı”.

“Məzənnəni ilin sonunadək sabit saxlamağa hakimiyyətin əlində yetərincə imkan var”

İlqar Məmmədovun sözlərinə görə, koronavirus böhranı indiyə qədər aparılmış iqtisadi siyasətin qüsurlarını bir daha üzə çıxardı: “Birincisi, manatın dəyişməz məzənnəsi heç də siyasi həyatın sabitliyindən deyil, ilk növbədə iqtisadiyyatda neftdən başqa rəqabət qabiliyyətli hər hansı ayrı böyük sahənin olmamasından xəbər verir. Belə sahələr dövlətin pulu hesabına deyil, ilk növbədə dövlətin təmin etdiyi, şübhə doğurmayan qanun aliliyi şəraitində yaranır. Bir nəfər sərmayəçini qanunsuzluqla hürküt, vəssalam, 10 il sənin iqtisadiyyatının inkişafına kimsə gəlib yatırım etməz (xaricdə qeydə alınan əslində isə yerli oliqarxların olan şirkətlərindən başqa, bir də ən yüksək səviyyədə şəxsi təminatlar alanlardan başqa). Elman Rüstəmovu qınamağa heç bir əsas da görmürəm. İqtisadiyyatın ondan asılı olmayan strukturuna baxanda, Mərkəzi Bankın apardığı məzənnə siyasəti yuxarı-aşağı düzgündür. Milli Məclisdə partiyamızın təmsilçisi Erkin Qədrili ötən həftə onun namizədliyinə səs verərkən tamamilə haqlı idi. Mərkəzi Bankın iqtisadi siqnallara peşəkar reaksiyası bizdə elə də ciddi suallar doğurmur. Amma bu siqnallar iqtisadi orqanizmin sağlam olmadığından çoxdan xəbər verir. Mərkəzi Bank isə hərtərəfli müalicə mərkəzi deyil, daha çox təcili yardım xidməti, ya da dar ixtisaslı klinikadır. Beləliklə, İlham Əliyev məzənnə ilə bağlı xalqa müraciət edəndə ki, panikaya uymayın, məzənnə yerindədir, bu, əslində, qeyri-neft sektorunun yoxluğunun etirafı idi. Doğrudur, onunla razıyam ki, məzənnəni ilin sonunadək sabit saxlamağa hakimiyyətin əlində yetərincə imkan var. Bundan başqa, Beynəlxalq Valyuta Fondu gələn ildən bizimki kimi ölkələrdə böyük iqtisadi artımın olacağını proqnozlaşdırır (kəskin düşmədən sonra) və bu artım, baş verərsə, gələn il valyuta məzənnəsinə olan təzyiqi azaldacaq. Amma nə vaxta qədər biz bu bəxtəbəxt oyunu oynayacağıq?”

REAL-ın sədri 2014-cü ildə AŞPA-nın prezidentinin onu Şəki təcridxanasında ziyarət edərkən ona öz narazılığını bildirdiyini qeyd edib: “Çünki o vaxt AŞPA Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olacaq hansısa format haqda tədbirlər görürdü. Ona dedim ki, sizin təşkilatın mandatı insan haqları ilə məşğul olmaqdır, Qarabağ münaqişəsini isə buraxın ATƏT-in Minsk Qrupuna və BMT-yə. Bir neçə həftə sonra ATƏT-in Minsk Qrupu da eyni yöndə sərt bəyanat verərək AŞPA-nı Qarbağ münaqişəsi ilə məşğul olmaqdan çəkindirdi. Faktiki dedi ki, get öz işinlə məşğul ol. Belə olan halda, işğal olunmuş torpaqlarımızda ermənilərin qanunsuz seçki keçirməsinə AŞPA-nın münasibət bildirməməsi tamamilə normal haldır. Xüsusilə də nəzərə alsaq ki, Avropa Şurasının digər qolu, yəni məhkəmə, işğal faktını öz qərarları səviyyəsində təsdiq edib, yəni tam səlahiyyətləri çərçivəsində tam ədalətli mövqedən çıxış edib”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org