Elçin Şıxlı: “Putinin hakimiyyəti 3 il davam edəcək” – Müsahibə

135

“Ayna-zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı pandemiyanın dünyada yaratdığı təsirlər, qlobal güclər arasında münasibətlər mövzusunda Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Elçin bəy, Rusiyada nəzərdə tutulan referendum pandemiya səbəbindən təxirə salındı. Daha sonra dünya bazarında neftin ucuzlaşması müşahidə edildi, qlobal iqtisadiyyatda olduğu kimi milli iqtisadiyyatlarda da böhran başlandı. Bu konteksdə Rusiyanın gələcək perspektivini necə görürsünüz, yeni siyasi simalar ortaya çıxa bilərmi?

– Açığı, Rusiya Putinlə irəliyə deyil, geriyə gedəcək. Hesab edirəm ki, Putinin Rusiyada hakimiyyətdə qalması azı 3 il davam edəcək. Əlbəttə, neftin qiyməti dəyərdən düşüb, pandemiya dünyada iqtisadi böhranın yaranmasına səbəb olub. Hələ bu prosesin nə qədər çəkəcəyi bəlli deyil. Başqa sözlə, iqtisadi böhranın nə dəcədə ağrılı olacağını indidən demək çətindir. Rusiya da dünyanın bir hirsəsidir.

Konkret olaraq Putinin hakimiyyət erasının başa çaymasına gəldikdə, hesab edirəm ki, bu daha çox ABŞ-ın ona təzyiq edib-etməyəcəyindən asılı ola bilər. Bu saat Vaşinqtonun başı Çinə qarışıb. Odur ki, Rusiya yaddan çıxa bilər. Rusiya isə dirəniş göstərən ölkə və xalqdır. Bu mənada Rusiya 2-3 il gözləməli olacaq.

 Söhbət ABŞ-ın Rusiya ilə bağlı panlarından gedirsə, İran amili nəzərdən qaçmamalıdır. Bu mənada pandemiyadan sonrakı İran necə olacaq, orada hansı yeniliklər ortaya çıxa bilər?

– İran Rusiyanın başqa bir formasıdır. Mahiyyət baxımından bir-birinə oxşardırlar. Sadəcə olaraq birində mollakratiya, digərində rus bolşevizmi var. Bunların ikisi də ABŞ-a qarşı sona qədər dirəniş göstərəcək. Millət də baxıb dözəcək və prosesin sonunu gözləyəcək. Bunlar mahiyyət baxımından oxşar dövlətlərdir. Ancaq bu prosesdə daha vacib amil iqtisadiyyatdır.

İqtisadiyyatı güclü olan ölkələr belə dalğalanmalardan, tələlərdən və sistem planlarından salamat çıxa biləcək. Həm də, ABŞ Rusiya və ya İranda sistem dəyişikliyi istəyirsə, bu yetərli deyil.

Xaricdən tətbiq edilən sanksiyalar, qadağalar, məhdudiyyətlər təsirli ola bilər. Amma bu dəyişikliklər üçün trend ola bilməz. Bunun üçün həmin ölkənin daxilində hərəkətlənmə mütləqdir. Bu yoxdursa, sanksiya vəziyyəti ağırlaşdıra bilməz. Yəni millət istəməsə bu sanksiyaların gözlədikləri nəticəsi olmayacaq.

İran da dirəşmək, mübarizə aparmağı bacarır və sizə deyim ki, Rusiya ilə müqayisədə İran daha uzun müddət gedə bilər.

– Hazırda gərgin olan və günü-gündən kritikləşən Vaşinqton-Pekin münasibətləri dünyada hansı yeniliklərə səbəb ola bilər?

– Əvvəla, nəzərə almaq lazımdır ki, bu iki dövlət arasında baş verənlər ticarət müharibəsi xarakterindədir. Prosesi diqqətlə izləyənlər artıq bilir ki, ABŞ başda olmaqla əksər ingilis dilli ölkələr Çində olan istehsal müəssisələrini öz ərazilərinə köçürürlər. Məsələn, ABŞ hətta istehsal müəssisələrinin bir hissəsini Avstraliyaya köçürüb. Bu proses davam edir. ABŞ-da hara getsəniz və mal almaq istəsəniz 100 ədəd əmtəə məhsulunun 80 faizinin Çinə məxsus olduğunu asanlıqla müəyyən edə bilərsiniz. Söhbət bundan gedir. Yəni çinlilər çox zəhmətkeşdirlər, işləyirlər. Eyni zamanda ABŞ kimi nəhəng bazar var. Bu bazarın hesabına qazanırlar və iqtisadi cəhətdən az qala Amerikanı üstələyirlər.

Bu nöqteyi-nəzərdən Donald Trampın konkret siyasəti var. Açıq elan edir ki, Amerika amerikalılar üçündür. Tramp hakimiyyətə gəldikdən sonra burada işsizliyin rəqəmləri 3-6 faizə qədər düşmüşdü. Hazırda bu rəqəm 17-18 faizə qədər qalxıb. Sözsüz ki, Çinin üzərinə gedən Tramp üçün bu amilin də təsiri var. Amma daha çox pandemiya və iqtisadi böhrandır. Tramp iqtisadi böhrandan daha az itkilərlə çıxmaq məqsədilə hazırda bütün diqqətini bir nömrəli rəqibi olan Çinə yönəldib. Bu real mənzərədir. Bəzən deyirlər ki, Vaşinqtonla Pekin arasında müşahidə edilən radikal gərgin münasibətlər hərbi sferaya sirayət edə, dəhşətli müharibəni alovlandıra bilər. Ancaq bu poqnozlar əsaslı deyil. Böyük və əhatəli ticarət müharibəsi gedir, bu müharibədə xüsusi xidmət orqanlarının gizli savaşı artıq başlayıb.

– Siz konkret nəyi nəzərdə tutursunuz?

– Məsələn, mayın 17-də Çinin İsraildəki səfiri ölüb. Daha doğrusu, səfir gecə evində yatıb, amma səhər müəmmalı şəkildə yuxudan qalxmayıb. Bunun incəlikləri olduqca maraqlıdır. Pekin elan edib ki, hadisəni araşdıracaq. Çətin ki, bunun səbəbi müəyyən edilsin. Hesab edirəm ki, bu fakt yuxarıda qeyd olunan rəqabətin bir detalı ola bilər.

– Demək istəyirsiniz ki, səfiri məxfi kəşfiyyat aradan götürüb və bu Çinə mesajdır?

– Ola bilər, bunu mümkün sayıram. Amma mən konkret deyə bilmərəm ki, bunu məxfi xidmətlər həyata keçirib. Biz ancaq versiyamızı səsləndiririk.

İkincisi, İsrailin xəbəri olmadan buna getmək çətin olardı.

Görünür, öz aralarında bizim bilmədiyimiz çox şeylər var.

Məsələn, son illər Çin İsrailə həddən ziyadə sərmayə yatırıb və nəticədə İsrail iqtisadiyyatında xüsusi çəkisi var. Bunun qarşısını almaq üçün həmin hadisəni törətmək olardı…

– Ancaq ötən həftə ABŞ dövlət katibi Mayk Pompeo İsrailə səfəri zamanı açıq mesaj verdi ki, Çin-İsrail iqtisadi əməkdaşlığı ABŞ-ın planlarına uyğun deyil və böyük layihələrə risk yaradır…

– Bəli, Pompeo Təl-əvivə səfər etmişdi. Ancaq Pompeonun səfəri daha çox İranla əlaqəli idi. İran və Suriya məsələsi. İran faktiki Suriyada nüfuzlu oyunçu olmaqda davam edir. Habelə orada döyüşlər aparır, tərəfdarları, ona bağlı silahlı qüvvələr kifayət qədərdir. İsrail qırıcıları isə Suriyada İrana aid hərbi bazaları vurur.

Pompeonun İsraildə apardığı müzakirələr bu konteksdə olub.

– Demək istəyirsiniz ki, yaxın gələcəkdə dünyanı gərgin, qarmaqarışıq, amansız rəqabətin aparıldığı dövr gözləyir?

– Dünya onsuz da, gərgin vəziyyətdə idi. Pandemiya da bunu bir qədər inkişaf etdirdi. İndi bir sıra ölkələr, hətta ABŞ-ın ştatları koronavirusun yayılmasına şərait yaratdığına görə, Çini məhkəməyə verirlər.

Yəni Çin virusu gizlədib, yanvarın ortalarında bunu etiraf etməli olub, vaxtında deməyib, informasiyanı gizləb və s. Məhz bunun nəticəsidir ki, indi ABŞ pandemyadan ən çox zərər çəkən ölkələr siyahısında öndə gəlir.

Və ABŞ bunun hesabını sormaq istəyir. Özü də təkcə yox. Baxın onun ətrafında onlarla ölkə, müttəfiqi var. Deməli, gələcək dövr həqiqətən mürəkkəb və gərgin olacaq.