“Bu məsələlərdə Elçibəyi ittiham edənlər Moskva və Tehranla işbirliyi olanlardır” – CAHANDAR BAYOĞLU

99

“Əbülfəz Elçibəy rus qoşunlarını ölkədən çıxarmaqla prezidentliyini itirdi, amma Rusiya imperiya iddiasının şərtlərinə uyğun olaraq, istədiyinə nail ola bilmədi”

26 may 1993-cu il rus qoşununun Müstəqil Azərbaycandan çıxdığı gündür. Rus qoşunlarının Azərbaycandan çıxması hər zaman ictimaiyyətin diqqətində olub. Hələ Almaniyada rus qoşunlarının qaldığı bir zamanda, Azərbaycan Respublikasından çıxarılması tək ölkəmizdə deyil, dünya mətbuatında da geniş müzakirə mövzusu olaraq qalır.

Azeəbaycan üçün olduqca ciddi olan bu hadisəylə bağlı siyasətçilər, yazarlar, aydınlar fərqli yazılar yazmaqda, fikirlər səsləndirməkdədirlər. O dövrü canlı yaşayanlardan, hadisələrin mərkəzində, zamanın AXC İcraiiyə Komitəsinin üzvü olan Turan Partiyasının Girişim Kurul Başkanı Cahandar Bayoğlu sosial şəbəkədə yazdığı yazısında ilginc fikirlər səsləndirib.

Hurriyyet.org xəbər verir ki, partiya Başkanı yazısında bildirib:

“1992-ci ildə Bağımsız Azərbaycan dövlətinin Prezidenti Əbülfəz Elçibəy 1828-ci ildən mövcud olan rus ordusunun tamamilə ölkə ərazisindən çıxarılması barəsində qərar imzalayan ilk dövlət başçısı kimi adını tarixə yazdırmışdır. O, bilirdi ki, belə bir qərar onun prezidentlik vəzifəsindən getməsinə qədər sonuclana bilər. Bütün bunlara baxmayaraq, dərin zəkası ilə çox yaxşı bilirdi ki, xarici bir dövlətin qoşunlarının Azərbaycanda mövcud olması həm də işğalçılıq siyasətinin dolayı yolla davam etməsi deməkdir.

Prezident Əbülfəz Elçibəy onu da bilirdi ki, bütün bunlar 1993-ci il 4 iyun tarixində dövlət çevrilişi qiyamına kimi davam edəcək. Yəni, əslində, 200 il ərzində Güney Qafqazda, özəlliklə Azərbaycan Respublikasında istər Çarlıq, istərsə də Sovet Rusiyası tərəfindən formalaşdırılmış “Beşinci Kalon” hərbi qiyam edib, Azərbaycan dövlətinin konstitutsion quruluşunu çökdürərək, süni şəkildə “Dövlət Şurası” yaradaraq, özünü imperiyanın “metropol” siyasətinin tərkib hissəsi kimi “xilaskar ordu” obrazını formalaşdırmağa çalışacaq. Beləliklə də Rusiya I Dəli Pyotrun vəsiyyətnaməsində 300 il öncə yazıldığı kimi, yenidən geri dönmək istəyəcək. Bu addımları atmaq üçün ölkə daxilində “vətəndaş savaşı” yaratmaqla, bunun sorumlusu kimi görünməmək üçün qoşunlarını çıxarmaq zorunda qaldı.

Beləliklə də 1993-cü il 26 may tarixində Rusiya qoşunları müstəqil Azərbaycan dövlətinin ərazisindən tamamilə çıxdı. Bunun nəticəsi kimi, elə həmin il 4 iyun tarixində keçmiş imperiyanın “Beşinci Kalonu”nu təmsil edən qüvvələrin hərbi qiyamı baş verdi. Ancaq, bütün bunlara baxmayaraq, vətəndaş müharibəsi baş vermədi. Müstəqil dövlətmizin konstitusion quurluşu dağılmadı. Keçmiş imperiyanın maraq dairəsində yer alan “Dövlət Şurası” yaranmadı. Rusiyaya məxsus imperiya ordusu geri dönə bilmədi. Əbülfəz Elçibəy prezidentliyini itirdi, amma sonuc olaraq, Rusiya imperia iddiasının şərtlərinə uyğun olaraq, istədiyinə nail ola bilmədi.

Bir sözlə, 26 may tarixində Rusiyanın qoşunları tam müstəqil Azərbaycan dövlətinin ərazisindən çıxarıldı. Bunun ardınca tarixi ləkə kimi iz buraxan “4 iyun hərbi qiyamı” baş verdi. Bununla yanaşı, ölkədə vətəndaş savaşı olmadı, dövlətimizin konstitusion quruluşu çökmədi. “Neoimperiya” tərəfdarlarının istədiyi “Dövlət Şurası” ideyası baş tutmadı. Özəlliklə 200 illik tarixə malik Rusiyanın işğalçı qoşunu yenidən geri dönə bilmədi. Əbülfəz Elçibəy prezident postunu itirsə də, bunun qarşılığında Rusiyanın imperiya siyasətinin maraqları geri dönmədi. Məhz belə olduğunda 26 iyun 1993-cü il tarixdə Rusiya Təhlükəsizlik Şurasının toplantısında şuranın katibi “Uçitel (Elçibəy) opyat nas obmanul” deyirdi. Dövlətimizi hərraca qoyan, didib-parçalamağa hazır olan hər kəs bu dönəmdə Moskva və Tehranla birlikdəydi. Məhz həmin antidövlət qüvvələr hələ də Prezident Əbülfəz Elçibəyi Kələkiyə getməkdə və Heydər Əliyevi Milli Məclisə sədr seçdirməkdə ittiham edib, günahkar kimi təbliğat maşınını işə salmışdılar. Bu tarixi addımlar, əslində, Elçibəyin dövlətin bağımsızlığını prezidentlikdən də üstün tutduğunu ortaya qoydu. Elçibəy hər zaman qalibdir, yaxın tariximiz də sübut edir ki, itirənlər xəyanətlərə yuvarlananlar və Onu anlamayanlardır. Qazanan isə, Bağımsız Azərbaycan, Uca Türk Milləti oldu”.

Şamo EMİN, Hurriyyet.org