Ekspert sosial müavinətlə bağlı həbslərin artmasının səbəblərini sadaladı

111

Natiq Cəfərli: “Köklü, kompleks dəyişikliklər olmadan ölkədə  rüşvət və korrupsiyaya qalib gəlmək mümkün deyil”

Biləsuvar Rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müdiri Əliyev Fərasim saxlanılıb. Onunla bərabər bir neçə vəzifəli şəxsin də saxlanıldığı haqda xəbər var. Bildirilir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirib.

Fərasim Əliyevin saxlanılması ilə bağlı ziddiyyətli xəbərlər var. İlkin məlumatlarda fond müdirinin həbsinin xidməti vəzifəsi ilə əlaqəli olduğu bildirilib. Belə məlumatlar da var ki, Fərasim Əliyev İrandan Azərbaycan ərazisinə qanunsuz olaraq gətirilən mal-materiallarla əlaqəli saxlanıb. Söhbətin hansı mal-materiallardan getdiyi açıqlanmır.

Ümumiyyətlə isə DSMF-də son illər bir-birinin ardınca keçirilən həbslər onu deməyə əsas verir ki, bu dövlət qurumunda rüşvətxorluq üçün sistemli şərait var və aparılan islahatlar bu sahəni tam olaraq rüşvət və korrupsiya bataqlığından çıxara bilmir. Sosial müavinət sahəsində niyə bu qədər “acgözlər” var? Belə görünür ki, təkcə sosial müavinət oğruları icra başçıları olmayıb, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi sistemində həbslər tükənmək bilmir. 2 ay əvvəl oxşar əməliyyat  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində həyata keçirilmişdi. Həmin vaxt bununla bağlı Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) birgə məlumat yayıb.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib. Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs-qətimkan tədbirləri seçilib.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-in 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib. Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Göründüyü ki, təkcə Biləsuvar DSMF-də deyil, digər rayonların şöbələrində də rüşvətxorluq halları var. Bunun səbəbi nədir? Dövlətin bu sahəyə ayırdığı vəsaitlərin doğru-düzgün xərclənməməsinə səbəb nədir?

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

İqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il üzrə hesabatında bildirilib ki, ƏƏSMN-in strukturuna daxil olan qurumlarda daxili nəzarət, audit tədbirləri və inventarlaşma tədbirləri həyata keçirilib ki, bu tədbirlər nəticəsində 21,5 mln. manat vəsait itkisi aşkar olunub, onlardan 7,1 mln. manatı bərpa olunub, 14,4 mln. manatının tutularaq bərpa edilməsi üçün tədbirlər görülüb: “Qeyd olunub ki, bu hallarla bağlı 556 nəfər barəsində intizam tənbeh tədbiri görülüb, cinayət tərkibi ehtimal olunan 28 xidməti araşdırma üzrə materiallar Baş Prokurorluğa təqdim olunub. Qeyd edək ki, bu 21,5 milyonluq korrupsiya və yeyinti dövlət yardımına ehtiyacı olan insanlara yönəlməliydi və məmurların korrupsiyası ucbatından yüzlərlə insan dövlət yardımından məhrum olmaqla yanaşı, dövlətin sosial siyasəti də sabotaj olunub. 21,5 milyon dövlət vəsaitinin mənimsənilməsində iştirak edən 556 nəfər barəsində isə intizam tənbeh tədbiri görülməsi isə gülməlidir. Bu intizam tədbirləri Azərbaycanda korrupsiyanı daha böyüdən faktorlardan biridir. Vəziyyət ona görə acınacaqlı və qorxuncdur ki, korrupsiya tək-tük dövlət qurumlarında və nazirliklərdə mövcud deyil, istisnasız bütün dövlət qurumlarında ən yüksək səviyyədədir. Bu qorxunc vəziyyət düzəlməsə və korrupsiyanın səviyyəsi ən qısa zamanda və sürətlə minimuma endirilməsə, dövlətin bir aparat olaraq iflası qaçılmaz ola bilər. Çox sevindirici haldır ki, ölkə prezidenti İlham Əliyev bir neçə ildir ki, təhlükəni görməkdə və antikorrupsiya siyasətini gücləndirməkdədir. Bu, Prezidentin apardığı islahat və kadr siyasətində də açıqca görünməkdədir. Son gurultulu həbslər də onu göstərir ki, Prezident korrupsiyaya qarşı amansız mübarizə başladıb. Lakin önəmli olan prezidentin antikorrupsiya siyasətinin yüksək çinli kadrlar tərəfindən sözdə yox, əməldə dəstəkləməlidirlər”.

Ekspertin sözlərinə görə, dövlət qurumlarında korrupsiyanın miqyasının bu qədər böyük olması nəzarət mexanizminin zəif olması, cəzasızlıq mühiti, idarəetmə fəlsəfəsi, işləmə qaydalarındakı alver mühitinin labüdlüyünə qədər bir çox səbəblərə bağlıdır: “Təbii ki, maaşların azlığının da bura təsiri var. Yəni səlahiyyətli insanların maaşlarının az olması müqabilində, səlahiyyətlərinin onlara verdiyi imkanları qarşısında çox adam tab gətirə bilmir. Onlar səlahiyyətlərindən doğan maddi maraq gözləntilərini doğrultmağa çalışırlar. İstənilən ölkədə korrupsiyaya qarşı ən effektiv mübarizə üsullarından biri vətəndaş, media nəzarətidir. Məsələn, istənilən inkişaf etmiş ölkənin qanunvericiliyinə baxsanız görəcəksiniz ki, media çıxan korrupsiya xəbərini araşdırmaq üçün hüquq-mühafizə orqanlarına artıq əsas yaradır. Azərbaycanda da qanunvericilikdə buna bənzər maddələr var. Amma bu maddələr işlək deyil. Bütün bunlar, yəni nəzarətin zəif olması, cəzasızlıq mühiti və özünü təminatı üçün büdcə təşkilatlarında, dövlətdə çalışmağın psixoloji olaraq daha üstün bir vəziyyətdə olması, nəticədə korrupsiya hallarına, yeyintiyə, büdcədən qeyri-effektiv istifadə hallarına gətirib çıxarır. Köklü, kompleks dəyişikliklər olmadan Azərbaycanda rüşvət və korrupsiyaya qalib gəlmək mümkün deyil”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”