Əbülfəs Qarayev və Müşfiq Hətəmovun 65 MİLYONLUQ FIRILDAĞI

129

Ənvər Börüsoy: “Sabiq mədəniyyət naziri və komandası “vurulan” kimi, bu dəfə onları əvəz edəcək saxta qrup peyda olub”

Mədəniyyət Nazirliyi ətrafından son iki həftədə baş verən qalmaqallar tükənib bitmir. Bu yöndə artıq cəsarətə gələn sənət adamları, özəlliklə də kino və teatr sahəsinin mütəxəssisləri müxtəlif səviyyədə problemləri qabartmağa başlayıblar. “Hürriyyət” qəzeti bu məsələdə illərdir həyəcan təbili çalsa da, Mədəniyyət Nazirliyi və onun müxtəlif sahələr üzrə qurumları isə heç nə olmamış kimi susurdular. Əməkdaşımız sənətşünas Ənvər Börüsoy bu dəfə ən yeni faktlarla bağlı redaksiyamıza müsahibə verib.

– Ənvər bəy, sabiq nazir Əbülfəs Qarayev və nazirliyin müxtəif qurumları ilə bağlı cəmiyyətdə ilginc faktlar səslənməkdədir. Sizcə, bu faktlar indiyə kimi niyə açıqlanmırdı?

– Prezident İlham Əliyev 2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafı ilə bağlı “Dövlət Proqramı” haqqında sərəncam imzalayıb. Proqrama əsasən büdcədən 65 milyon manat vəsait ayrılmışdı. Həmin paralar nazir Əbülfəs Qarayev, nazirliyin kino idarəsinin rəisi Cahangir Məmmədov və “C. Cabbarlı adına Azərbaycan Dövlət Film Kinostudiyası”nın sabiq direktoru Müşfiq Hətəmov tərəfindən havaya “sovrulub”. Süni  hesabatlar hazırlayaraq, guya ötən on ildə 44 tammetrajlı bədii, yüzlərlə sənədli, 10-15 cizgi və bir uşaq filminin çəkilməsi qeyd olunub. Kinostudiyanın maddi-texniki bazasının müasir standartlara uyğun təşkil edilməsi ilə bağlı heç bir addım atılmayıb. Kinematoqrafiyanın inkişafı tamamilə kölgədə qalıb. Bütün bunlar azmış kimi, kino-teatrları, kino klubları satışa çıxararaq milyardlar əldə ediblər…

– Bu barədə faktlarınız varmı?

– Paytaxr Bakıda “Araz”, “Vətən”, “Dostluq”, “Qələbə”, “Sevinc”, “N. Nərimanov”, “Şuşa” və digər kino-teatrların binalarını satıblar və əldə olunan gəlirlərin hara xərclənməsi qaranlıqdır. Şəhərin tən mərkəzində yerləşən “Vətən” kino-teatrının ərazisi əmlak bazarının qiymətlərinə görə dəyəri 150 milyon manat təşkil edir. Faktiki olaraq, rayonların çoxunda mədəniyyət evlərinin, klubların binaları və onların əraziləri  nazirlikdə yüksək vəzifə tutan  mədəniyyət feodalları tərəfindən satılıb. Ləğv edilən klublar, mədəniyyət evləri, kino-teatrlardan əldə olunan “qazanc”ın ümumi dəyəri 4-5 milyard manata bərabərdir. Kinostudiyanın ərazisinin yarısının inşaat baronlarına satılması, çəkiliş pavilyonlarının ləğv edilməsi, teatrlara üçün dekorasiyalar, geyim və butaforların hazırlanması istiqamətində keçmiş “Qaraşəhər”də bədii istehsalat kombinatının 5 hektarlıq ərazisinin satılması, daha sonra bu müəssisənin tamamilə ləğv edilməsi ən ciddi korrupsiya hallarından biridir. Bu gün “Qaraşəhər” dövlət proqramı olaraq “Ağşəhər” adlanır. Orada bir sot torpağın əmlak bazarında dəyəri azından 400-500 min manat təşkil edir.

– Bəs nədən indiyə kimi sənət adamları susublar? Prezident İlham Əliyev nazirlikdəki neqativ halları qabartdıqdan sonra, çoxları danışmağa başlayıblar.

– Biz dəfələrlə dirketor teatrı, direktor kinosu və digər mənfi halların ictimai və sosial yönlərini “Hürrəyyət” qəzetinin vasitəsilə işıqlandırmışıq. İnkişaf etməkdə olan ölkələrdə Avropa İttifaqına bağlı “Eurimages” Fondu və “Europa Cinemas” şəbəkəsi Azərbaycan tərəfinə təklif edib ki, onların layihələrində iştirak edin və sizlər maliyyə dəstəyi alın. Bunun üçün standrtlar da var. Hər bir kino-teatrda ildə orta hesabla 520 seans olmalıdır. Gürcüstan demək olar ki, hər il 10-15 layihəsini bu strukturların əli ilə həyata keçirərək dünya standartları səviyyəsində sənədli, tammetrajlı, cizgi və sair filmləri çəkir. Bununla da bir yandan kino sahəsi inkişaf edir, başqa bir tərəfdən də əlavə qazanc əldə edirlər. Azərbaycanda kinoun inkişafına dövlət dəstəyi olub və  digər yandan beynəlxalq kino təşkilatlarının qrant layihələrini təklif ediblər. Əbülfəs Qarayevin əlaltısı olan Müşfiq Hətəmov və Cahangir Məmmədov isə, bu sahəni diz üztə çökdürmək siyasəti yürüdüblər. Problem budur. İndi canfəşanlıq edərək kinonun problemlərini süni şəkildə qabardaraq, özlərini gözə soxan əndrabadi zümrə peyda olub. Onların əslində heç birinin peşəkar kino sənətinə aidiyyatı yoxdur. Kino sənəti ilə bar-bağıranlar da onlardır.

– Bəs nədən “Eurimages” Fondu və “Europa Cinemas”ın təklifləri qəbul edilməyib?

– Ona görə ki, həmin qurumların ayırdığı qrant layihələr əsasında çəkilən filmlər həm də gəlir gətirməlidir. Prezident İlham Əliyevin “Kinonun inkişafı ilə bağlı 2008-2018-ci illər Dövlət Proqramı”nda qeyd olunan əsas maddələrdən biri də, yeni nəsil rejissor, ssenarist, operator, prodüsser, səs rejissoru, musiqi rejissoru, montajçı, qrim ustası, qaffer, kranmeystr, sinxron ustası, fotoqraf, dekorator, butrafor ustası, kaskader, geyim rəssamı, dekorasiya texnoloqu, xoreoqraf, sensitometrist, rekvizitçi, redaktor və sair sahələr üzrə kadrlar hazılanmalı idi. Dövlət büdcəsindən ayrılan 65 milyon manat dəyərindəki layihədə bunlar yer alırdı. Demək olar ki, bunların heç birinə əməl olunmayıb. Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və komandası “vurulan” kimi, bu dəfə onları əvəz edəcək saxta qrup peyda olub. Bu, kinomuzun bir daha gələcəyinin faciəsi ilə sonlanacağına açıq şəkildə işarədir.

– Həmin qrup kimlərdən ibarətdir?

– Faktiki olaraq, milli kinomuzun bürokratlarına çevrilmiş məmurlar ordusu cildlərini dəyişərək fərqli görünümdə cəmiyyəti aldatmaq yolunu tutublar. Onlar “Kino Şurası” yaratdıqlarını elan edərək özləri üçün öncələr olduğu kimi, milli kinomuzun bəlasının səbəbkarı olacaqlar. “Azərbaycanfilm”in indiki direktoru Nazim Hüseynov uzun illər “Səlnaməfilm”in rəhbəri olub. Onun bu sahədə hansısa sənət uğuru olmayıb. “Kino Şurası”nın sədri statusu ilə gözə kül üfürmək taktikasını tutub. Bundan əlavə, ixtisasca hüquqşünas olan Fikrin Bektaşi, maliyyəçi Orxan Əliyev, Şəki Dövlət Teatrının rejissoru Mirbala Səlimli, Milli Konservatoriyanın xarici əlaqələr şöbəsinin müdiri Cahangir Səlimxanov, qroteks Roman Orkodaşvili, “ANS TV”nin sabiq əməkdaşı Fariz Əhmədov, teatrşünas Aydın Talıbzadə, “İTV” kanalının direktoru Balakişi Qasımov, “Park Sinema”nın nümayəndəsi Rüstəm Fətəliyev, kino sahəsində uğursuzluq zolağından çıxa bilməyən Orxan Abbasov, Mansur Şəfiyev, İlqar Nəcəf, Rüfət Həsənov, Elmar İmanov və başqalarının adlarını çəkmək olar. Şurada təmsil olunan “Bakı Media Mərkəzi”nin direktoru Orman Əliyev və “Mozalan” studiyasının direktoru Əli Səttar Quliyevin statuslarının nədən ibarət olacağı da bəlli deyil. Qətiyyətlə qeyd edər bilərik ki, şuranın adından çıxış edənlər milli kinomuzun inkişafında hər hansı təsirləri olmayacaq. Sadəcə kinomuzun yeni nəsil bürokratları adından çıxış edəcəklər.

– Bu qədər problemlərin olduğu bir dönəmdə yaranmış böhrandan çıxış yolu varmı?

– Əlbəttə var. İlk öncə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində kino sahəsi üzrə təhsil alan tələbələr üçün laboratoriyalar yaradılmalıdır. Gənclərin hər il çəkdikləri filmlərin festivalları keçirilməlidir. Gürcüstanda olduğu kimi, bu festivallarda istedadı ilə parlayan gənclərin xarici ölkələrdə təhsillərini təkmilləşdirməsi üçün şərait yaradılmalıdır. Unutmayın ki, 1990-cı illərə kimi Türkiyə kino sənayesində heç daxili bazarda uğurlar əldə edə bilmirdi. İndi dünyanın kino sənayesində illik gəlirləri 500 milyon dollara yaxınlaşıb. Kino həm yaradıcılıq, həm də istehsalatla yanaşı, xüsusi sənaye deməkdir.

– Bəs nədən Azərbaycanda böyük ənənələri olan milli kinomuz iflic durumundadır?

– Prezident İlham Əliyev üç-dörd ay bundan öncə Azərbaycanda dövlətimizin inkişafı üçün ən böyük əngəlin “5-ci Kalon”un olduğunu açıq şəkildə gündəmə gətirdi. O da bəllidir ki, həmin şəbəkələrdən biri də mədəniyyət nazirliyində uzun illərdir kök salmış “mədəniyyət feodalları” adlı bir zümrə formalaşmışdı. Onlar milli mədəniyyətimizin adına hansı addımların atılmasını deyil, özlərinin komprador maraqları çərçivəsində iş görürdülər. Son günlər aparılan araşdırmalar nəticəsində bəlli olub ki, təkcə kino sahəsi üzrə dövlət büdcəsindən ayrılan 65 miyon manat mənimsənilib. Yüzlərlə kino-teatrlar, mədəniyyət evləri, klublar, istirahət parkları, kitabxanalar, musiqi məktəbləri və digər mədəni-sosial obyektlərin binaları və onların əraziləri ləğv edilərək satılıbdır.
Milli qürur mənbəyimiz ola biləcək arxeoloji və maddi-mədəniyyət abidələlərimizin çoxu ləğv edilib və əraziləri işbazlara satılıb. Mədəniyyətimizin gələcəyini nəzərə alaraq yeni nəslin yetişdirilməsi siyasəti isə, ümumiyyətlə olmayıb. Ona görə də milli kinomuzun inkişafı ilə bağlı tələb olunan baza yox dərəcəsindədir.

– Kino sənayesi ifadəsini işlətdiniz. Gürcüstan və Türkiyədən örnəklər dediniz. Bunu Azərbaycanda tətbiq etmək mümkündürmü?

– Yaxından tanıdğım və kinematoqrafiyamızın inkişafına tövhə verə biləcək çoxlu istedadlı gənclər var. Onlar Azərbaycan kinosunun gələcəyi ola bilərlər. Bunun üçün, ilk öncə gənclərin çəkdikləri filmlərin festivalı keçirilməli və kimin istedadlı olmasına dəyər verilməlidir. Türkiyədə hər il “Altun Portakal” festivalının keçirilməsi sayəsində milli teleseriallar, tammetrajlı filmlər və kinonun digər sahələrində istedadlı gənclər üzə çıxdılar. İndi bu gənclərin sayəsində kino sənayesi inkişaf edir. “Qırğızfilm”, “Qazaxfilm” artıq kino sənayenin bir parçasına çevrilib. Əgər bizdə kino sənayesi yaradılarsa, korrusiya və digər mənfi halları bazar iqtisadiyyatının özü aradan təbii yolla aradan qaldıracaq. Mədəniyyət feodallarına isə, ümumiyyətlə yer qalmayacaq.

Söhbətləşdi: İ.SABİRQIZI,

Hurriyyet.org