Düz bağırsağında narkotik keçirən şəxsin işində İLGİNC MƏQAM – Bir büküm necə tapılmayıb?

    6

    Düz bağırsağında Azərbaycana narkotik vasitə keçirən şəxs hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə ilginc bir məqam da diqqət çəkib.

    Hurriyyet.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qabaqcadan bir qrup şəxslə əlbir olaraq ölkə ərazisinə qanunsuz olaraq narkotik vasitə keçirməkdə ittiham edilən 1972-ci il təvəllüdlü Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

    İttihamda yazılır ki, Rövşən Məmmədov qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlayaraq əldə edib. O, həmin narkotiki qaçaq yolla İran İslam Respublikasından Azərbaycana gətirib.

    R.Məmmədov heroin və tiryək bükümlərini düz bağırsağına yerləşdirib. O, İrandan Azərbaycana keçən zaman gömrük əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 234.4.3 (külli miqdarda törədildikdə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

    Elan olunmuş ittihamla Rövşən Məmmədov özünü təqsirli bilib. O deyib ki, onu bu işə həmyerlisi Şəhruz adlı şəxs məcbur edib.

    Hakimin suallarına cavab verən Rövşən Məmmədov Şəhruz adlı şəxsin Cəlilabadda kafe işlətdiyini, onun yanında bir neçə dəfə çay içdiyini deyib. Hakim bildirib ki, belə olan vəziyyətdə niyə polisə müraciət etməyib: "Səni məcbur etmişdilərsə, gərək keçən kimi polisə yaxınlaşardın. Polisə məlumat versəydin, indi burada olmazdın".

    Rövşən Məmmədov bunu etməyə məcbur olduğunu deyib.

    Suallara cavab verən Rövşən Məmmədov İrandan Azərbaycana satış üçün çay, qənd və digər məhsullar gətirdiyini deyib. O, İrandakı şəxsləri də Şəhruz vasitəsi ilə tanıdığını deyib.

    Məlum olub ki, Rövşən Məmmədov bükümləri düz bağırsağına özü yerləşdirilib. Gömrükdə baxış keçirilən zaman onun düz bağırsağında olan bükümlər götürülüb. Daha sonra təcridxanaya aparılan Rövşən Məmmədovun düz bağırsağında hələ də narkotik olduğu üzə çıxıb.

    Rövşən Məmmədov bunu belə izah edib: "Mən bunu bilmirdim. Həyəcanlı olduğumdan özümü itirmişdim. Həbsxanaya çatanda rentgen elədilər. Yenə də narkotik vasitə olduğu aşkar edildi. Həm də gömrükdə yoxlayandan sonra dedilər ki, tər-təmizsən. Həbsxanaya gedəndə yenə narkotik bükümü çıxdı".

    Hakim R.Məmmədovdan bükümlərin sayını bilib-bilmədiyini də soruşub. Məmmədov deyib ki, həmin zaman bağırsağında neçə bükümün çıxarıldığını bilməyib. Buna görə də həbsxanadakı bükümdən xəbəri olmayıb.

    İki uşaq atası olan Rövşən Məmmədov əməlindən peşman olduğunu söyləyib.

    Növbəti məhkəmə iclasında gömrük əməkdaşları və hal şahidlərin dindiriləcək.