Düşüncələr

93

(Əvvəli ötən saylarımızda)

…Nahar vaxtı qurtarmışdı. Tahir Kazımov özü ilə evdən gətirdiyi termosdan armudu stəkana pürrəngi bir çay süzüb iş masasının üzərinə qoydu. Zehnində və bütün bədənində bir yüngüllük hiss etdi. İndi iş barədə asudə, rahat düşünmək olardı. Əsas məqsədi Afiyəddin Cəlilovun öldürülməsinin motivini düşünüb tapmaq, müəyyən etmək idi. Müstəqilliyin və hakimiyyətsizliyin yaratdığı özbaşınalıq nəticəsində silahlı qüvvəyə malik olan kəslər əslində hər cür qətllər törətməyə qadir idilər. Bu illər ərzində apardığı cinayət işlərinin istintaqı bunu sübut etmişdi.

Çox güman ki, mərhum Afiyəddin Cəlilovla Cavadov qardaşlarının maraqları hardasa toqquşub. Görəsən, sakit təbiətə malik olan Cəlilov təkəbbürlü və ambisiyalı olan bu qardaşların hansı işdə maraqlarına toxunmuşdu?

Bu suala cavab tapmaq adi araşdırmalar nəticəsində mümkün deyildi. O, bunu tam çılpaqlığı ilə dərk edirdi. Lakin son illərin istintaq və məhkəmə təcrübəsi sübut edirdi ki, qətllərin 90 faizindən çoxunu XTPD-nin üzvləri törədiblər. Özü də bunlar Qazax bölüyündə xidmət edənlər, Elçin Əmiraslanovun bölüyünə daxil olanlar idi. Hələ  də bu bölüyün əməkdaşlarının törətdiyi cinayətləri istintaqa cəlb edib başa çatdırmaq mümkün olmamışdı?! Fazil düz danışmır. Elçin Əliyev və Fazil Hüseynov da onun dediklərini təsdiq etmir.

Fazilin “Odinokıy volk”a (“Yalquzaq canavar”a) – Elçin Əliyevə ünvanladığı məktubdan:

“Elçin, salam. Qaqaş, səndən çox xahiş edirəm, bizim təzə müstəntiqimiz Tahir müəllim çox yaxşı oğlandı, real adamdı, sən ona inan. O, Əli deyil, hər şeyə düz baxır. Səninlə görüşəndə Afiyəddin Cəlilov haqqında nə bilirsənsə düzünü denən. Afiyəddin məsələsi mənim üstümdədir. An- caq düzgünlük mənə kömək edə bilər. Heç çəkinmə, nə bi- lirsən danış. Hətta Cahangir Müslümzadə – o “əclaf” haqqında da nə bilirsənsə Tahir müəllimə təklikdə de. Hələlik, öpürəm. Cavab yaz”.

                                                                                                                        Oryol

 

Sol əlində tutduğu bu məktubu dönə-dönə oxuyaraq pürrəngi çayı içməyi yaddan çıxaran Kazımov yaddaş səhifələrini vərəqlədikcə dindirdiyi Qazax bölüyünün əməkdaşlarını beynində canlandırmağa çalışırdı.

Cinayət məsuliyyətinə cəlb edib dindirdiyi sıravi “omon”çular arasında belə birini tapa bilmədi. Çünki onların hamısı dindirmədə özlərini səmimi aparmışdılar. İstintaqdan heç nəyi gizlətmirdilər. Etdikləri cinayətləri tam etiraf etmişdilər.

“Onda kim olar?” sualını özünə verən Kazımov bir qurtum çay içmək üçün əlini armudu stəkana uzatdı. Onu götürərkən çayın tamamilə soyuduğunu hiss etdi.

Ayağa qalxıb soyumuş çayı atmaq üçün dəhlizə çıxdı. Dəhlizdə heç kim gözə dəymirdi. Yaxınlıqdakı əl-üz yumaq üçün ayrılmış otağa daxil oldu. Soyuq çayı əlüzyuyana tökdü və stəkanı yuyub otağına qayıtdı. Termosdan təzə çay süzdü, dodaqlarını yandırsa da, qurtumla içməyə başladı.

Telefon zəngi ilə xatirində “omon”çu Şəmsi Abdullayevin canlanması eyni vaxta düşdü. O, əlini telefonun dəstəyinə uzatdı:

–   Bəli, eşidirəm, – dedi.

Zəng edəni bir neçə dəqiqə dinləyib sonra dedi:

–  Yaxşı, günün axırında gələrsiniz yanıma. Bəzi məsələlər var, onu birlikdə müzakirə edərik.

Dəstəyi yerinə qoydu.

Ay Şəmsi… Şəmsi.. Rəhbərliyin xüsusi tapşırıqlarını icra edən əməkdaş. Sərrast atəşi ilə başqalarından fərqlənən bu “omon”çunun idarə etdiyi “Jiquli”nin oturacağında və ayağı altında olan qan ləkələrini bir neçə dəfə təmizləmək üçün yuduğunu öz ifadələrində göstərənlər olmuşdu. Narkotikə meyilli idi. Xaraktercə zəif idi, amma ermənilərə sonsuz nifrəti vardı. Döyüşlərdə heç də az barıt qoxusu duymamışdı. Lakin “omon”çuların “başbilən”lərindən çox qorxurdu.

1995-ci ilin mart dövlət çevrilişi zamanı sui-qəsddə iştirak etmədiyindən cinayət məsuliyyətinə cəlb olunmamışdı. Polis işçilərinə silahlı müqavimət göstərsə də, istintaq bəzi halları nəzərə aldığından onu cinayət məsuliyyətinə cəlb etməmişdi. Lakin onun barəsində toplanmış materiallar üzrə hələ də qərar qəbul edilməmişdi. Materiallar üzrə işi mütləq davam etdirmək lazım idi.

O, telefonla harasa zəng etdi. Bir neçə siqnaldan sonra telefonun dəstəyini götürdülər:

– Qasımov, Qazax OMON-u ilə bağlı cinayət işinin icraatımızda qalan materiallarına bax. Şəmsi Abdullayevlə bağlı sənədləri ayır. Axşam gələndə onu da gətirərsən.

Sonra dəstəyi yerinə qoydu.

“Deyəsən, kələfin ucunu tapacağıq. Təki Şəmsinin özünü tapaq”, – deyə Tahir düşündü.

***

İstintaq qrupunun üzvləri təyin olunan vaxtda Tahir Kazımovun kabinetində toplanmışdılar.

İlk öncə Elçin Əliyevlə Fazil Hüseynovun ifadələri müzakirə edildi. Qeyd edilən məhkumlar onun tərəfindən dindirildiyindən və ifadələri qiymətləndirildiyindən müza- kirə o qədər vaxt aparmadı. Ona görə də Kazımov istintaq qrupunun üzvlərinə dedi:

– Özünüz də görürsünüz ki, Fazil Muxtarovun ifa- dəsi inandırıcı deyil. Adını çəkdiyimiz adamlar isə ifadələ- rində çox səmimidirlər. Lakin fərziyyənin yoxlanılmasına yekun vurmaq üçün Fazil Muxtarovun ifadəsi istintaq eksperimenti vasitəsilə yoxlanılmalıdır. Mənə belə gəlir ki, bu qrupun Sumqayıt şəhərindən Bakıya gəlib müxtəlif silahlardan istifadə etməklə qətllər törətməsi zaman etibarı ilə inandırıcı deyil. Ona görə də mənə belə gəlir ki, biz istintaq eksperimentini iki dəfə təkrar etməliyik. İstintaq eksperi- menti üçün texniki vasitələr, yəni ifadədə göstərilən texnikadan istifadə edilməlidir. Mən bu barədə sizin fikrinizi bilmək istərdim.

Qabil Qasımov ayağa qalxdı:

– Tahir müəllim, mən sizinlə razıyam. Lakin istintaq eksperimentini keçirərkən şəhərdəki küçələrdə maşınların çox olub-olmaması da nəzərə alınmalıdır. İndi küçələrdə maşınların sayı hadisə törədilən zamandakına nisbətən bir qədər də artıb.

– Düz deyirsiniz, Qabil müəllim. Bu halı mütləq nəzərə alarıq. İki il öncə baş verən hadisənin şəraitini maksimum dərəcədə yaratmağa çalışacağıq. Eksperimentin keçirilməsində iştirak edəcək şəxslərə xəbər verilibmi?

–Bəli, Tahir müəllim, – Qasımov yerindən durmadan cavab verdi, – dediyiniz kimi iki ədəd “Niva” markalı avtomaşın da tapmışıq. Eksperimentin iştirakçıları avtomaşınlarla axşam saat 19:30-da Sumqayıt şəhərində “Dostluq” küçəsində yerləşən “Ceyran” şadlıq sarayının qarşısında olacaqlar. Eksperimentin necə keçirilməsini bilmək istərdik.

– Birinci qrupda müstəntiq E.Əliyev, sürücü İ. Kərimov, əməliyyat müvəkkili V.Nuriyev, hal şahidi, ikinci qrupda isə müstəntiq Q.Qasımov, “Niva” markalı avtomaşının sürücüsü Ə.Əliyev, CAİ-nin baş əməliyyat müvəkkili T.Əliyev və hal şahidi iştirak edəcəkdir. Eksperiment iştirakçıları Fazil Muxtarovun ifadəsində göstərilən marşrutla hərəkət edəcəklər. Müəyyən edilmiş məntəqələrə çatma vaxtları müəyyən edilərək qeydiyyata alınmalıdır. Birinci qrup saat 20:00-da, ikinci qrup isə 21:00-da hərəkət etməli- dir.  Əgər sözünüz yoxdursa, keçək Cəlilovun qətli ilə bağlı ikinci əsas istintaq fərziyyəsinə.

Qazax OMON-da belə bir döyüşçü olub – Şəmsi Abdullayev. Xaraktercə zəif olsa da, cəllad xislətlidir. Qarabağ döyüşlərində vuruşub. Hərbi xidməti başa vurduqdan sonra “Gizir” məktəbini bitirib. Bir tərəfdən döyüş mühiti, ikinci tərəfdən narkotikə aludəliyi onu mənən əlil edib. Bakıya yalnız xüsusi tapşırıqlar üçün gətirilirdi. Məndə olan məlumata görə, onun Cəlilovun qətlində iştirakı istisna olunmur. Qasımov, sizə tapşırmışdım ki, Şəmsi Abdullayevlə bağlı cinayət işi materialları arasında nə sənəd varsa toplayıb gətirəsiniz.

– Tahir müəllim, tapşırığınızı icra etmişəm, – Qasımov bunu deyib qovluğun içindən bir neçə “şahid ifadələri- nin dindirmə protokolları”nı çıxarıb Kazımova təqdim etdi.

Tahir sənədləri nəzərdən keçirdikdən sonra dedi:

–  Bu istintaq sənədləri bizə əsas verir ki, onun barəsində cinayət təqibatını başlayaq. Etibar müəllim, əvvəlcə siz Qazax və Tovuz rayon polis idarələri ilə əlaqə saxlayın. Şəmsi əslən Qazaxdandır, orada anadan olub. Əgər çıxıb Rusiyaya gedibsə, qohumları onun ünvanını biləcəklər. Hansı məlumatı əldə etsəniz, mütləq mənə məruzə edin. Şəmsinin ölkədə olmadığını müəyyən etdikdə onun barəsində həbs qətimkan tədbiri seçməklə axtarış elan edərik. İndi isə eksperimentə hazırlaşaq.

İstintaq qrupunun üzvləri Tahir Kazımovla sağollaşmadan kabinetdən çıxdılar.

İstintaq eksperimenti başa çatmışdı. Əldə edilən məlumatlar 01.07.1997-ci il tarixli protokolla rəsmiləşdirildi. Bakı şəhər Baş Polis İdarəsinin cinayət-axtarış idarəsinin rəisi, polis polkovniki M.Mikayılovdan savayı, bütün üzvlər bu sənədə imza atdılar.

Eksperiment zamanı əldə edilən məlumatlar sübut edirdi ki, Fazil Muxtarov cinayətkar qrupu ilə törətdiyi bir cinayətdən sonra vaxt baxımından Afiyəddin Cəlilovu qətlə yetirə bilməzdi.

Fazil Muxtarovu Afiyəddin Cəlilovu öldürməkdə ittiham edərək bu versiyanı müdafiə edənlərdən biri M.Mikayılov idi.

Protokol tərtib edildikdən sonra Tahir Kazımov eksperimentin iştirakçılarına minnətdarlıq edərək sərbəst olduqlarını bildirdi. Onlarla sağollaşıb üstündən ağır bir yük götürülən azadə şəxs kimi öz evinə yollandı.

Namiq Abbasov niyə susdu?

1997-ci ilin avqust ayının əvvəlində Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarından işgüzar səfərdən  qayıtdı (27 iyul – 6 avqust). Bakı Hava Limanında onu hökumət rəsmiləri qarşılayırdılar. Rəsmi qarşılamadan sonra Heydər Əliyev adəti üzrə “Deputat” zalında onunçün ayrılmış otağa keçib kresloda əyləşdi. Protokol xidmətinin rəhbəri Prezidenti qarşılayanları qəbula dəvət etdi. Nazirlər protokolun qaydasına əsasən sıraya düzülüb öz yerlərini tutdular. Prezident olmadığı müddətdə ölkədə olan vəziyyəti soruşdu. Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev qısa məlumat verdi. Prezident Ramiz Mehdiyevə bir neçə sual verərək onu maraqlandıran məsələləri dəqiqləşdirdi. Daxili işlər naziri isə ölkədəki kriminal vəziyyəti məruzə etdi. Məruzəsini bitirdikdən sonra Prezident soruşdu:

–  Ramil, cinayət işinin açılıb-açılmaması barədə heç nə demədin…

–  Cənab Prezident, işi icraatına qəbul edən yeni müstəntiq Fazil Muxtarovu dindirib, ifadəsini alıb, cinayət işi açılıb.

Sonra Prezident Eldar Həsənova müraciət etdi:

–  Eldar, cinayət açıldımı?

– Bəli, cənab Prezident. Fazil Muxtarovun ifadəsi alındı.  Cinayət də açıldı.

Nəhayət, Prezident milli təhlükəsizlik naziri Namiq Abbasova:

–  Namiq, sən nə deyirsən? Cinayət açılıb?

Namiq Abbasov Prezidentin sualından sonra azacıq qımışdı. Lakin əziz dostlarından fərqli olaraq susdu, dillənmədi. Yalnız mənalı baxışlarla Heydər Əliyevə baxdı. Prezident işin istintaqının hansı vəziyyətdə olduğunu özü üçün müəyyən etdi. Dərindən köksünü ötürüb heç nə demədi…

Ayları illər əvəz etdi. Nə 1997-ci ildə, nə də 1998 və 1999-cu illərdə Afiyəddin Cəlilovun qətlə yetirilməsilə bağlı başlanmış cinayət işini açmaq mümkün oldu. Çünki Şəmsi Abdullayev hələ də tapılmamışdı.

Zaman çox qısa bir müddətdə kimin haqlı və kimin haqsız olduğunu sübuta yetirdi. Lakin fələyin çarxı  hələ də  haqsızların istədiyi kimi dövr etməkdə idi…

Uzun illər Namiq Abbasovun nə üçün Prezidentin sualına müsbət cavab verməməsi sabiq prokuror əməkdaşını – İsa Nəcəfovu düşündürürdü. Yalnız bu kitab üzərində işləyərkən Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat idarəsinin sabiq rəis müavini Azər Qarayevlə söhbət əsasında hər şey  ona bəlli oldu.

Cinayət işi nazirliyin istintaq şöbəsində istintaq etdirilərkən nazir Abbasov tərəfindən təşkil edilən əməliyyat qrupu çox mühüm işlər görübmüş. Xüsusilə də 20-ci polis bölməsinə OMON-un hücumu ilə əlaqədar toplanmış materialları MTN tələb etdikdən sonra bu materiallar əsasında əməliyyat işləri aparılmışdı. Nəticədə qara rəngli VAZ-2108 markalı “Jiquli” avtomaşınının sahibi Dəyanət Kərimovun bu qətli icra etməsi barədə sanballı əməliyyat məlumatı əldə edilmişdi. Toplanmış sənədlər istintaq qrupuna təqdim olunmuş və Namiq Abbasovun iştirakı ilə dəfələrlə müzakirəyə çıxarılmışdı.

Lakin bu barədə istintaqa nəzarət edən prokurorluğa məlumat verilməmişdi. Məhz bu səbəbdən də Namiq Abbasov həqiqəti bildiyindən Prezidentin “Cinayət açılıbmı?” sualına dostları kimi yalandan cavab verməmiş, susmağı üstün tutmuşdu. Görünür, Namiq Abbasovun çekist vicdanı həmin anda dostluq hisslərinə üstün gəlmişdi. Çekistin isə Prezidentə yalan məlumat verməsi yolverilməz və bağışlanmazdır.

(Ardı var)