Düşmən Şuşadadırsa, heç bir səhvi BAĞIŞLAMAQ OLMAZ!

    36

    Rusiya agenturası, böyük manqurt ordusu hakimiyyətdə həlledici rol oynayırsa, bizim müstəqillikdən danışmağa haqqımız yoxdur

    Son vaxtlar böyük mimikriya ustası Mirşahin ağa maşallah dil boğaza qoymur, qarşısında rəqibin olmamasından sui-istifadə edərək üyüdüb tökür, hamını sarsıdan lentlər nümayiş etdirilir, məkrli şərhlər də öz yerində. Ağa çalışır ki, daha çox hərc-mərcliyi, başıpozuqluğu göstərsin, xülasə demək istəyir ki, “pambuq bəylərinin” dövründə ölkədə it yiyəsini tanımırdı. Amma bircə dəfə də olsun bütün qeyli-qolu pərdə arxasından idarə edən, qondarma liderlərin iplərini çəkən mahir rejissorun adini çəkmir.

    Bu mimikriya ustası əla bilir ki, üç-dördü istisna olmaqla əsas siyasi məzhəkəçilər hal-hazırda yüksək vəzifələrdə, Milli Məclisin kreslolarında oturublar.

    Xidmətlərinin müqabilində iqtidar onların başlarını da tumarlayıb, hamısına da günahsız olmaları barədə induligensiya da verib, rolları da müəyyən edilib.

    Hünərləri var 90-cı illərin əvvəllərində çıxardıqları oyunları bir də təkrar edib ağızlarına gələni desinlər. Axmaq deyillər, dədələrinin yuxularına girməmiş günləri görürlər, şıq geyinir, mal-mülk alır, “Biz Qarabağ həqiqətlərini dünyaya çatdırmalıyıq!” bəhanəsi ilə xarici ölkələrə başmaq seyrinə çıxırlar.

    Mirşahin ağa, hünərin var iflasa uğrayanların ünvanlarına işlətdiyin kinayəli sözlərin birini onlara de. M.S. Ordubadinin təbirincə desək, bunlar “əmirin şərəfinə nail olublar”, külək olub yanlarından keçə bilməzsən. Amma, yuxarıdan fərman nazil olsa, ağına, bozuna baxmadan hamının üzərinə zəhərini tökəcəksən. İqtidarın ruporuna çevrilmiş qəzetdə Elmira Axundovanın imarət və mənzillərinin, maşınlarının siyahısı verilmişdi. Nə oldu? Heç nə! Bir kişi tapılmadı ki, bu qədər var dövlətin necə qazanıldığını soruşsun. Kişinin qızı özü üçün uydurduğu “Heydər Əliyevin bioqrafı” adını üzünə sipər kimi tutaraq sanki hamıya deyirdi, Prezidentin şəninə neçə-neçə “divan bağlamışam”, “zəfərnamə” lər yazmışam, kimin hünəri var, artıq-əskik eləsin?

    …Bizim şanlı-şövkətli iqtidar məddahını da, qanadı altında saxladığı vəzifəli quldurunu da hər bəladan qorumağı bacarır. Onu eşidirsən ki, bəs filan yırtıcını işdən çıxarıblar, bir neçə əlaltısı da məhşər ayağına çəkilib. “Yeni Müsavat” qəzeti bir neçə gün haray-həşirli sərlövhələrlə aldanmağa öyrənmiş camaatın gözünə kül üfürür, sonra ara sakitləşir.

    Bir azdan məlum olur ki, Londonda, Çexiyada mülk almış, biznes qurmuş haramzada öz kefindədir, oğul-uşağı heç nədən korluq çəkmir, bir-iki həbs olunan “şestyorka” üçün lazımi şərait yaradılıb. Vay ayaq altında qalanların, aldanmışların halına!

    Illər boyu Xətai rayonuna dədəsinin malı kimi baxmış keçmiş icra başçısı Razim Məmmədovun başından bir tük də əksik olmadı. İqtidara elə gəlir ki, camaat dilsiz-ağızsız heyvan kimi bir şeydir, o illərlə gözə dəyməyən təyin olunmuş “millət vəkillərinin” də, azğın icra başçılarının da mənfur əməllərini unudacaq. Yox, geci-tezi var, əvvəl-axır haqq-hesab sorulacaq.

    On səkkiz ay mənim qocalıq təqaüdümü satqın hakimlərin hökmləri ilə əlimdən almış, məni dərmansız, çörəksiz qoymuş Elmira Axundova ilə daha işim yoxdur. Əvvəl-axır törətdiklərinin əvəzini alacaq, buna əminəm. Mənim işim ruspərəst qüvvələri hər cürə ifşadan sığortalayan, onlar üçün əsl “parnik” şəraiti yaratmış “baş rezidentlədir”. Hamı onu tanıyır, çoxu da canını dişinə tutub üstünə getmir, hamı da bilir ki, onun fani dünyadan getməyinə az qalsa da, təhlükəlidir. Mənim isə qorxmaq fikrim yoxdur….

    Sovet hakimiyyəti dövründə belələri başıma itin oyununu açdılar, indi də. Bir fərq var, o illərdə mavzoleydə “yatanı” söyüb, Bakını qana qərq etmiş bolşevik cəlladlara, onları mədh edib orden, ənam alan satqın şair və yazıçılara dişimin dibindən çıxanı deyirdimsə, çörəyimə toxunmadılar. İndiki binamuslar isə məni dərmansız, çörəksiz öldürürlər.

    Məlumatı olmayanlara bildirirəm ki, mənim 35 illik yeraltı iş stajım var. Yəni 35 il metro inşaatında sıravi qazmaçı işləmişəm, onun 10 ili bilavasitə kessonla bağlıdır. Bunun nə olduğunu açıb-ağartmıram, nə vaxtım var, nə həvəsim… Sovet hökuməti mənə fərdi təqaüd verdi, bu o vaxtı az pul deyildi.

    Əlqərəz, cəriməmi verəndən sonra indi iki yüz manata baxıram. Bilirəm ki, ancaq avam adam bu üsulu idarədən rəhm, mərhəmət gözləyə bilər. Onun əziz-giramları, yaltaqlar, milləti tarac edən vəzifəli quldurlardır.

    “Cavad xan” filmi kimin ovqatını təlx edib?

    Söz-söhbət gəzir ki, bu filmin nümayiş etdirilməməsi üçün Moskva hansısa addımları atıb. Əvvəla, müttəfiqsiz qalan, yavaş-yavaş küncə sıxışdırılan Rusiya öz canının hayındadır. Onun mənafeyini canla-başla müdafiə edən qüvvələr Azərbaycanda istənilən qədərdir. Moskvadan əmr, fərman gözləmədən bu qüvvələr “Beşinci kolonna” kimi birləşmiş, rus şovinistlərindən daha təhlükəli amilə çevriliblər. Bu ziyanəvərlərin əllərində nə qədər desəniz imkan və imtiyaz var.

    Ölkədə açıqdan-açığa ruslaşdırma siyasəti aparılır, rus dilli məktəblərin də artıb törəməsi daha sirr deyil. 90-cı illərin əvvəllərində, yəni, hələ keyləşmədiyimiz vaxtda, hamı çəkinirdi. İndi isə Bakının mərkəzində azərbaycan dilində danışana rast gəlməzsən.

    …Rusiya buradan getməyib və nə onun agenturası, böyük manqurt ordusu hakimiyyətdə həlledici rol oynayırsa, bizim müstəqillikdən danışmağa haqqımız yoxdur. “Cavad xan” filminə qarşı duranları Moskvada yox, burada Bakıda axtarmaq lazımdır. Yüz belə film çəkilsə də Moskvanın vecinə deyil, o yaxşı bilir ki, unutqanlıq bəlasına düçar olmuş azərbaycanlı üçün namus, qan qisası kimi anlayışlar boş sözdən başqa bir şey deyil. Sübut?! Buyurun! 1920-ci ilin may ayının 25-31-də Gəncə üsyanı zamanı XI Ordu marodyorlarının törətdikləri müdhiş cinayətlər barədə bütün sənəd və materiallar həmişə möhür altında olublar. Xüsusi icazə ilə arxivlərə buraxılan bizim gülməşəkər “akademiklər”, “professorlar” 70 il ərzində gördükləri, tanış olduqları faktlar haqqında ikicə kəlmə də yazmayıblar.

    Qeyrətmənd kişilərin yeganə məlumat mənbəyi qırğından ölüm-zülmlə xilas olmuş vətənpərvərlərin dildən dilə, ağızdan ağıza ötürdükləri olub, ya da mühacirət ədəbiyyatı. Qundaqdakı körpələrə, qocalara da rəhm etməyən rus qatillərinə canla-başla qulluq göstərib doğma soydaşlarının da qılıncdan keçirilməsində müstəsna xidmətlər göstərmiş H. Sultanov, S.M. Əfəndiyev, M. Hüseynov, S. Ağamalı oğlu, H. Cəbiyev , İ. Əminbəyli, B. Əfəndiyev və digər yaramazlar illər keçəndən sonra qəhrəman kimi xalqa sırındılar.

    C. İldırım kimi cəhənnəm zəbanəsinin Bakıda “Gəncədə başı papaqlı qalmadı!” mitinqdə sevinə-sevinə deyərək bağırması yaddaşlarda həkk olunub. Ümumi qətliamdan sonra bir qərinə keçməmiş Gəncə şəhidlərinin qanı bütün din və millət xainlərini tutdu. Bolşevik cəlladlar onların aftafalarını qürurla gəzdirmiş, doğma millətini ayağa vermiş bütün yaramazları cəhənnəmə vasil elədilər, yəni nökərlik elədiniz daha bəsdir, bizə lazım deyilsiniz.

    …Müstəqil olduq, qəddimizi dikəldib keçdiyimiz əzablı yolları bir daha öyrənib, nəticə çıxarmaq istəyirdik ki, bu dəfə daha qorxunc bəlaya tuş gəldik.

    Mənfur müstəmləkə ədəbiyyatının “klassikləri” onların yeni quruluşla dil tapa bilən törəmələri, ermənini, boş-boş söyməkdən başqa əlindən heç nə gəlməyən qondarma “akademik”lər, bir oturuma milyonları həzm-rabedən keçirən YAP-çı talançılar yuxarı başa keçib meydanı fəth etdilər.

    Vacib ricət

    (Ardı var)

    Firuz Haşımov