“Düşmən Qarabağdakı hərbi əməliyyatlardakı uğursuzluğundan ictimai diqqəti yayındırmağa çalışır” – QUBAD İBADOĞLU

13

“Qalibiyyət yürüşünü davam etdirən Azərbaycan ordusu hər gün ölkə vətəndaşlarını sevindirməkdə davam edəcək”

“Əhaliyə gəlincə, xalq və ordu birliyi, arxa cəbhənin ön cəbhəyə dayaq olması getdikcə milli ruhu və döyüş əzmini daha da yüksəldəcək”

“Xilaskar Azərbaycan ordusunun torpaqlarımızın terrorçulardan təmizlənməsi uğrunda Qarabağda apardığı savaş 20 gündür ki, uğurla davam edir. Döyüşlərdə məğlub olan mənfur düşmən yenə də Gəncəni raket atəşinə tutur. Bu dəfə də raket zərbələri evlərində yatan dinc sakinləri hədəfə aldı. Bu gecə ikisi uşaq olmaqla, 13 nəfəf həlak oldu, 40-dan çox yaralandı. Allah ölənlərə rəhmət etsin, yaralananlara şəfa versin, rəşadətli ordumuza da güc versin ki, ermənilərə Gəncənin bədəlini yeni əraziləri işğaldan azad etməklə tezliklə ödətdirsinlər, elə bu gün!” Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

ADR Hərəkatının sədri hesab edir ki, Gəncədə mülki əhaliyə davamlı olaraq atəş zərbələri endirən düşmən bununla bir neçə məqsədə nail olmaq istəyir: “Birincisi, Qarabağdakı hərbi əməliyyatlardakı uğursuzluğundan ictimai diqqəti yayındırmaq məqsədi daşıyır. Qarabağdakı mövqeləri hər gün zəifləyən ermənilər nəinki ordan qaçır, həm də yeniləri müharibəyə getməkdən boyun qaçırırlar. İkincisi, Azərbaycanı təxribata çəkmək və Ermənistan ərazisinə cavab atəşi açmağa məcbur etmək istəyir. Gəncəyə raketlər Vardenisi rayonundan atılır. Üçüncüsü, Azərbaycan əhalisi, xüsusilə də Gəncə sakinləri arasında təlaş yaratmaq, onları təşvişdə və qorxu içində saxlamaq, cəmiyyətdə ruh düşgünlüyünə nail olmaq”.

Qubad İbadoğlunun fikrincə, birinci məqsədə nail olan ermənilər, ikinci və üçüncü məqsədlərinə heç vaxt çata bilməyəcəklər: “Qalibiyyət yürüşünü davam etdirən Azərbaycan ordusu hər gün ölkə vətəndaşlarını sevindirməkdə davam edəcək. Əhaliyə gəlincə, xalq və ordu birliyi, arxa cəbhənin ön cəbhəyə dayaq olması getdikcə milli ruhu və döyüş əzmini daha da yüksəldəcək. Lakin bütün bunlarla yanaşı, xalqımızın apardığı ədalət mübarizəsinə dəstək olmaq və ordumuzun zəfər yürüşünü daha tez başa çatdırması üçün aşağıdakılara ehtiyac yaranıb: Birincisi, Türkiyənin siyasi dəstəyini təkrar nümayiş etdirməsi üçün cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın bugünlərdə Bakıya rəsmi səfərinə və prezident İlham Əliyevlə birgə bəyanatla çıxış etməsinə; ikincisi, ordumuzun maddi texniki imkanlarının yüksək səviyyədə saxlanılması üçün Azərbaycanın tanınmış, həm sabiq və həm də hazırkı məmur-oliqarxlarının silahlı qüvvələrə yardım fonduna iri məbləğlərdə ianələrinə;  üçüncüsü, xalq-ordu-hakimiyyət birliyinin möhkəmləndirilməsi üçün prezident İlham Əliyevin əsas müxalifət partiyası liderləri ilə həmrəylik görüşünə və Qarabağ yürüşündə iştirakda ittiham olunaraq həbs edilənlərin hamısının azad edilməsinə; dördüncüsü, Milli Məclisin və Ombudsman İnstitutunun fəaliyyətini aktivləşdirməyə, mətbuatın. xüsusilə də televiziya kanallarının işini yenidən qurmağa, tanınmış ziyalıların və alimlərin informasiya təbliğatına qoşulmasına və açıq mövqe nümayiş etdirməsinə; beşincisi, Qarabağın bərpa planının hazırlanmasına, bununla əlaqədar olaraq prezidentin sərəncamla Nazirlər Kabinetinə tapşırıq verməsinə: altıncısı, xalqın orduya maddi və mənəvi dəstəyinin daha da artırılmasına. Hər kəsin nəzəri-diqqəti müzəffər ordumuzun qalib əsgərlərinin və onların ailələrinin üzərindən əskik olmamalıdır. Öncə vətəndir!”

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org