Düşmən Bərdədə kütləvi qətliam törətdi

63

Rayona raket atılması nəticəsində ən azı 21 nəfər öldü, 70-dən çox yaralı var

Dünən – oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombaları atılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata əsasən, zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olmuş, 70-dən artıq şəxs isə yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir.

Bundan başqa, təcavüzkar Erməni silahlı qüvvələri tərəfindən 2020-ci il oktyabrın 27-də saat 16 radələrində Bərdə rayonunun Qarayusifli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində xəsarət almış daha bir dinc sakin müalicə olunduğu xəstəxanada aldığı xəsarətlər səbəbindən vəfat edib, bununla da 2020-ci il oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş cinayətlər nəticəsində həlak olanların sayı 5-ə çatıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi üzrə işlər aparılır”.

KƏNAN