Dünyanın hər yerindən olan yaşıdlarınızla unutmayacağınız 14 gün!

1131

Növbəti il bir çox azərbaycanlının bu proqramda olmasını arzulayıram…

Gələcəyin rəhbərlərini bir araya gətirmək məqsədilə 2001-ci ildə Yale Universitetinin professorları tərəfindən əsası qoyulan Yale Gənc Qlobal Alimlər (Yale Young Global Scholars) proqramı ilk gündən etibarən şagirdlərə Yale Universitetinin imkanlarını təqdim etməklə yanaşı, onlara Yale-in tarixi kampusunda uni-versitet həyatının müxtəlif aspektlərini göstərir. Proqramın in-diyədək dünyanın 130-dan çox ölkəsindən və ABŞ-ın 50 ştatından məzunu var. Təəssüf ki, bu məzunlar arasında Azərbaycanlıların sayı yalnız 5-ə bərabərdir. Odur ki, YYGS-in 2020 PLE (Siyasət, Hüquq və İqtisadiyyat) proqramının iştirakçısı kimi öz təcrübəmi sizinlə paylaşmaq istəyirəm.

Düşünürəm ki, beynəlxalq atmosferin bizi inkişaf etdirəcəyi və ya program zamanı quracağımız əlaqələrin gələcək həyatımız üçün önəmli olacağı haqda danışmağa ehtiyac yoxdur. Həmçinin, son hadisələr bir daha ölkəmizin xaricdə təmsil edilməsinin önəmini göstərir. Odur ki, növbəti il bir çox azərbaycanlının proqramda olmasını arzulayıram.

Proqramın bu il online olmasına baxmayaraq, tədris planı dəyişməz qalır. Yale-in professorları ilə leksiyalar (bunlar PLE sessiyasında əsasən qlobalizasiya, kolonizasiya və ya populizm haqqında olur), Phd tələbələri ilə seminarlar (hansı ki, daha çox bizim məktəbdə alışdığımız kimi olur və müəllimlə daha çox əlaqə yaratmağa imkan verir), global problemləri müzakirə edib, onlara həll yolları axtarmağa çalışacağınız Simulyasiyalar və ən əsası bir çox dostlar qazanacağınız və oyunlar oynayacağınız ailə zamanları (Family time) sözügedən tədris proqramının yalnız bir hissəsidir. Bunu xüsusilə vurğulamak istəyərdim ki, Yale Universiteti ABŞ-ın 41-ci və 43-cü prezidentləri olan ata və oğul Buşun da təhsil aldığı yerdir. Odur ki, burada keçirəcəyiniz hər dəqiqə inkişafınız üçün olduqca dəyərlidir.

Həmçinin, YYGS məzunları əksər hallarda ABŞ-ın müxtəlif yüksək səviyyəli universitetlərinə qəbul olurlar. Bunun əsas səbəbinin proqramın yüksək nüfuzu olmasıyla yanaşı, həm də şagirdlərin proqramdan sonra öyrəndikləri bacarıqları və qurduqları əlaqələri müxtəlif proyektlər üzərində tətbiq etməsidir. YYGS məzunlarının elmi-siyasi jurnalların əsasını qoyması və ya beynəlxalq gənclər şəbəkələri yaratması heç də təsadüf deyil.

Proqram pulludur (3500 USD), lakin maddi yardım (Financial aid) əldə etmək mümkündür və YYGS bu yardım baxımından, il-lik 3 milyon dollar fondu ilə, olduqca əliaçıqdır. Maddi yardıma müraciət edəcəyiniz halda YYGS sizin bütün ihtiyacınızı qarşılayacağına söz verir(Mən özüm proqramda tam təqüdlə iştirak etmişəm). Əsası isə odur ki, təqaüdə müraciət sizin qəbul şansınıza heç bir təsir etməyəcək. Yəni maddi vəziyyətinizdən və ya vətəndaşlığınızdan asılı olmayaraq, proqrama qəbul olma şansınız başqa hamı ilə eynidir.

Proqram 2021-ci il qeydiyyatını açıq elan edib. Erkən qeydiyyatı (Early Action) 10 noyabra qədər, normal qeydiyyatı isə (Regular Decision) 12 yanvara qədər etmək mümkündür. Qeydiyyat za-manı 2 əsas esse və 2 qısa sualı cavablandırmalı və bunlarla yanaşı məktəb qiymətlərinizin yazıldığı transkript kimi bir neçə sənədi saytdakı şəxsi hesabınıza əlavə etməlisiniz. Bu esseləri yazarkən xüsusilə səmimi olmağa və özünüz haqqında reallığı tam əks etdirməyə çalışın. Sizi başqalarından ayıracaq xüsusiyyət və ya bacarıqlarınızı mütləq vurğulayın!

Proqram 21 iyun 2021-dən 31 iyul 2021-ə qədər mövzuları PLE (Siyasət, Hüquq və İqtisadiyyat), LPC (Ədəbiyyat, Fəlsəfə və Mədəniyyət), SGC (qlobal problemlərin həlli) və  İST (elm və texnologiyada yeniliklər) olmaqla hər biri 2 həftə müddətində 3 fərqli heyətlə keçiriləcək. Əlavə məlumatları  https://globalscholars.yale.edu saytında tapa və məhz həmin saytla da proqrama qeydiyyat edə bilərsiniz. Həmçinin YYGS-nin müxtəlif proqram öncəsi webinarlarına qatıla və ya onları Yale_ygs Instagram səhifəsində izləyə bilərsiniz.

Hər birinizə uğurlar!

 Emil RÜSTƏMLİ

Redaksiyadan: Emil Rüstəmli bu il Bakı şəhərindəki 7 saylı orta məktəbi bitirib. ABŞ-ın məşhur FLEX (Gələcək liderlərin mübadiləsi proqramı) iştirakçısıdır. Eyni zamanda o, bu il keçirilmiş İSEF-in (Beynəlxalq elm və mühəndislik sərgisi) gənc alim kimi xüsusi medalına layiq görülmüşdür.

Emil düşünür ki, bu yazı ilə gənclərimizə proqram barədə məlumat verməklə, gələn il və sonra daha çox azərbaycanlının bu proqrama qatılmasına yardım edə bilər.