“Dünyanın ən böyük silah istehsalçıları elə BMT-nin Təhlükəsizlik Şurasının daimi beş üzvüdür” – RƏY

69

BMT Liviyaya tətbiq olunan silah embarqosu qərarının müddətini daha bir uzadıb. Bu barədə qərar BMT Təhlükəsizlik Şurasının videokonfrans formasında keçirilən toplantısında qəbul olunub. Eyni zamanda qərara əsasən BMT-yə üzv dövlətlərin hərbi gücü dənizdə Liviyaya yaxınlaşan şübhəli gəmilərdə axtarış hüququna malik olacaq. Ancaq maraqlıdır ki, Liviyaya silah satışına qadağa qoyan qərar 2011-ci ilin martında qəbul olunub. BMT-nin 1970 saylı qərarı üzv ölkələrin Liviyaya silah satışını yasaqlasa da, ötən müddətdə Liviyada silahlar bir gün belə susmayıb. Baxmayaraq ki, BMT TŞ hər il bu qərarı 12 ay müddətinə uzadır. Görünən odur ki, dünyada heç bir ali qurumun silahlarla bağlı qərarı icra olunmur. Azərbaycan uzun illər müharibə aparıb və dünya ölkələrinin və beynəlxalq təşkilatların ədalətsiz qərarları ilə üzləşib. Liviya praktikası göstərir ki, dünya gücləri və silah şirkətləri üçün beynəlxalq təşkilatların qərarları yalnız kağız üzərində qalır. Ölkələri düşündürən daha çox öz maraqları və qazanclarıdır.

Mövzu bilə bağlı politoloq Nəzakət Məmmədova Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, BMT-nin Liviya üzrə qətnaməsi çox doğru bir qərardır. Məqsəd aydındır ki, sülhün bərqərar olunmasına yardım etmək, münaqişənin daha alovlanmasının qarşısının alınması, xarici güclərin Liviyaya silah-sursat göndərməsinə mane olmaqdır:

Lakin bir çox hallarda olduğu kimi bu situasiyada da BMT qətnamələri heçə sayılır, əsasən də elə onun yaradıcısı olan, Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən pozulur. BMT-nin, yəni dünyada sülhün və təhlükəsizliyin təminatçısı hesab olunan təşkilatın qətnaməsi ayrı-ayrı ölkələrin maraqları kölgəsində qalır. BMT Rusiyanın, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin və s. dövlətlərin dəstəklədiyi Xəftəri deyil, Türkiyənin dəstək verdiyi Səracı Liviyanın qanuni lideri kimi tanıyır.

Liviyada BMT-nin mövqeyinə yaxın mövqe ortaya qoyan dövlət Türkiyədir. Amerika vətəndaşı, Mərkəzi Kəşfiyyat İdarəsinin və Rusiya kəşfiyyatının agenti olması şübhə doğurmayan, Frunze adına Akademiyanın müavini, rus dilində öz ana dili kimi danışan, Qəddafi ordusunun zabiti Xəlifə Xəftər Liviyanın tək lideri olmaq uğrunda mübarizə aparır. Xəftərin Rusiya ilə yanaşı ərəb dünyasında da böyük dəstəyi var, demək olar ki, bütün ərəb aləmi onun arxasında dayanıb. Türkiyənin müdafiə etdiyi bərbərlər tayfalarından, cihadçılardan və Misratadan olan döyüşçülərdən ibarət konqlomeratı BMT tanısa da, ona ən çox Türkiyə və Qətər dəstək göstərir. İtaliya isə informasiya dəstəyi verir, çünki ümid edir ki, Türkiyə Liviyada sabitlik yaradaraq Şimali Afrikadan Aralıq dənizi vasitəsilə Avropaya, İtaliya sahillərinə gəmilərdə qaçaq yolu ilə gələn miqrantların qarşısını ala biləcəkdir. Xəftər Türkiyənin Liviyadakı əməliyyatlara qoşulmasına cavab olaraq Rusiya, BƏƏ və Misirə birgə hərbi əməliyyatlar təklif edib.

Rusiyanın Vaqner muzdluları bu işin öhdəsindən gələ bilməyib. Artıq Rusiya Suriyada olduğu kimi Liviyaya öz ordusunu yeridib burada Türkiyə ilə qarşı-qarşıya gələcəkmi, ona Putin və Şoyqu cavab verəcək. BMT-nin Liviya üzrə məruzəsindən mətbuata sızmış məlumatlara əsasən, Vaqner döyüşçüləri arasında aviabələdçilər də var. Bu da zərbələrin dəqiq olacağını deməyə əsas verir. Bütün bunlar o vaxt baş verib ki, Moskva karantində oturubmuş, Şoyqu isə həftədə 2 dəfə analiz verirmiş. Prezident Ərdoğan bəyan edib ki, Rusiya Liviyadakı müharibəyə ən yüksək səviyyədə rəhbərlik edir. Təbii ki, bununla o, şəxsən Putini nəzərdə tutur. Hərçənd Rusiya XİN həmişə olduğu kimi bu ittihamı da təkzib edib, amma hər kəsə məlumdur ki, Rusiyanın dəstəyi olmadan Xəftər çox qısa müddətdə məğlub olardı. Səudiyyə və Ərəb Əmirliklərinin pulu, Rusiyanın peşəkar hərbi yardımları olmasaydı, Liviyada vətəndaş müharibəsinin məğlub tərəfi Xəftər olardı. Ərdoğan birbaşa Vaqneri də ittiham edib. Türkiyə prezidenti sübut olaraq Rusiya müdafiə naziri Sergey Şoyqu, baş qərargah rəisi Valeri Gerasimov, Liviya Milli ordusunun generalı Xəlifə Xəftər və Vaqner muzdlu ordusunun komandiri Yevgeni Priqojinin birgə fotoşəklini göstərib. BMT Liviyada vəziyyətə nəzarət edə bilmir.

Hətta iş o yerə çatdı ki, BMT baş katibi Quterreş Tripolidə olanda Xəftər qüvvələri şəhərə hücum etdilər. Düşünürəm ki, BMT silah embarqosu ilə yanaşı bütün muzdlu xarici qüvvələrin ölkədən çıxarılması, sülhməramlıların ölkəyə gətirilməsi barədə qərar qəbul etməlidir. Liviya müharibəsi silah istehsal edən ölkələr üçün həm də yaxşı satış bazarıdır. Dünyanın ən böyük silah istehsalçıları elə BMT-nin Təhlükəsizlik Şurasının daimi beş üzvüdür. Ona görə də onların milyardlarla pul əldə etdikləri müasir dünyada sülh və təhlükəsizlik yox, müharibə əsas gəlir mənbəyidir, münaqişələr kağız üzərində bir cür, real münaqişə bölgələrində başqa cür cərəyan edir”.