Dünyanın ən tanınmış cəlladı – Vudz Con Hitlerin silahdaşlarını asıb, edam şəkillərini satıb…

17

Digər sahələrin mütəxəssislərində olduğu kimi, cəlladların da fəaliyyətlərinə görə qeyri-rəsmi statusları olub, ən qəddar, ən məşhur, ən soyuqqanlı və s. Vudz Con isə tarixə 20-ci əsrin “ən tanınmış cəlladı” kimi düşüb.

Maraqlıdır, amerikalı cəlladı tarixin səhifələrinə həkk edən nə olub?

Vudz Con 1911-ci ildə Amerika Birləşmiş Ştatlarının Uiçito şəhərində anadan olub. 1929-cu ildə Kanzas ştatından hərbi xidmətə çağrılıb. ABŞ-ın hərbi dəniz qüvvələrində bir neçə ay xidmət etdikdən sonra xidməti yerini özbaşına tərk etdiyinə görə hərbi tribunala verilib. Məhkəmənin hökmü ilə o, iki il həbs cəzasına məhkum edilib.

Uşaqlıq və yeniyetməlik illərindən rahat həyat tərzinə alışan Vudz Con həbsxanada da özünə rahatlıq axtarıb. Bu məqsədlə türmə əməkdaşları ilə dil tapmağa çalışıb, həbsxanada normal şəraitlə təmin olunmaq üçün, o, türmə işçilərinin tapşırdığı bütün işləri görməyə hazır olub.

Sövdələşmə baş tutub. Həbsxanada Vudz Condan cəllad qismində istifadə ediblər. İlk dəfə ölüm hökmünün icrasını “müvəffəqiyyətlə” yerinə yetirdikdən sonra o, həbsxana rəhbərliyi tərəfindən təşəkkür alıb və Vudz Conun cəzasının yüngülləşdirilməsi məsələsi də müzakirə olunub.

Cəlladlıq fəaliyyətinə görə vaxtından əvvəl türmədən çıxan Vudz Cona həbsxana rəhbərliyi tərəfindən rəsmi yazılı müsbət xasiyyətnamə də verilib. Vudz Con hərbi strukturlarda çalışmaq istəyib. Amma məhkumluğuna görə onu hərbi xidmətə qəbul etməyiblər.

Nəhayət, 1943-cü ildə Vudz Con hərbi xidmətə qəbul olunub. Bu dəfə həbsxanadan verilən xasiyyətnamə onun karına çatıb.
İkinci dünya müharibəsi zamanı digər ölkələrdə olduğu kimi, Amerika Birləşmiş Ştatlarında da hərbi cinayətlərin sayı artıb və təbii ki, bu sayın içərisində ölüm hökmünə məhkum olunanlar da az olmayıb. Bu statistika Vudz Con üçün yeni imkanlar açıb. Belə ki, ölüm hökmünün icrası üçün kadrlar axtarılanda onun adı siyahıda birincilər arasında olub.

Cəmisi bir il ərzində Vudz Con 347 nəfəri edam edib. Mövcud dövrdə ABŞ-da ölüm hökmü güllələnmə ilə deyil, asılmaqla həyata keçirilib. Bu işdə isə Vudz Con xüsusi peşəkarlıq nümayiş etdirib.

Edam prosesində Vudz Con ölüm hökmünə məhkum olanlara fərdi yanaşıb. Kimini işgəncələrlə asıb, kiminə isə “mərhəmət” göstərərək bir neçə saniyə ərzində o dünyaya göndərib.

Amerika ordusunun ştatlı cəlladını ən yuxarı dairələrdə belə tanıyıblar, onun bu sahədəki peşəkarlığı haqqında məlumatlı olublar. İşinin öhdəsindən yüksək səviyyədə gəldiyi üçün Vudz Conun üstündən məhkumluğu da götürülüb.

Vudz Con “ən tanınmış cəllad” statusunu isə II dübya müharibəsi sona çatdıqdan sonra qazanıb.

1946-cı ilin oktyabr ayında Vudz Con Almaniyaya çağrılıb. Nürnberq məhkəməsində ölüm hökmünə məhkum olunan nasist rəhbərlərinin edamı ona həvalə olunub. Əvvəlcə bu işin icrası digər tanınmış cəllada, almaniyalı Yohan Rayxarta tapşırılıb. Rayxart bir alman olaraq bundan qəti şəkildə imtina edib. Bu imtinaya görə, vaxtilə 3700 nəfərin edamını həyata keçirən Yohan Rayxart bütün imtiyazlardan məhrum edilib. Vudz Con isə öz sevimli işinə həvəslə girişib.

Almaniyanın xarici işlər naziri Ulrix Ribbentrop, Vermaxtın qərargah rəisi Vilhelm Keytel, SS-in Baş Təlükəsizlik İdarəsinin rəisi Ernst Kaltenbrunner, nasist partiyasının əsas ideoloqlarından biri, antikommunist mətbuatın kuratoru Yulius Ştreyxer, general-polkovnik Alfred Yodl və digər nasist yüksəkçinliləri məhkəmədən sonra Vudz Conun “müştəri”ləri olublar.

Hitler komandasının ən nüfuzlu simalarından biri olan German Görinqi isə asmaq Vudz Cona nəsib olmayıb. Edama bir saat qalmış Görinq intihar edib.

Almaniyadan sonra Vudz Cona növbəti bir “etimad” göstərilib. 1948-ci ilin dekabrında o, Tokio məhkəməsindən sonra Yaponiyanın yüksək vəzifəli hərbçilərini almaniyalı həmkarlarının yanına göndərib.

Hədsiz dərəcədə var-dövlətə, pula həris olan Vudz Con öz xeyrini, maraqlarını da unutmayıb. O, edam zamanı çəkilmiş şəkilləri dünyanın aparıcı kütləvi informasiya vasitələrinə satıb. Bununla yanaşı, hər müsahibəsinə görə redaksiyalardan yüksək qonorar tələb edib.

Onun müsahibələri böyük populyarlıq qazanıb. Vudz Con Ulrix Ribbentropun 10 dəqiqə ərzində asıldığı kəndirdə necə əziyyət çəkdiyini, general Alferd Yodlın 18 dəqiqə xırıldamağını, başqa bir generalın edamı zamanı necə dəli olduğunu və bu kimi hadisələri jurnalistlərlə böyük şövqlə bölüşüb.

Vudz Con gəlirini bununla məhdudlaşdırmayıb. O, edamlardan sonra cinayətkarları asdığı kəndirləri özü ilə götürüb. Sonra onları kiçik hissələrə bölərək hərraca çıxarıb. Vudz Con bu hərraclardan özünün də ağlına gətirmədiyi qədər pul qazanıb. Kəndirlər satılıb qurtarsa da, Vudz Conun tamahı səngiməyib. O, növbəti dəfə hərraca saxta kəndirlər çıxarıb, amma elə ilk hərracda dələduzluğunun üstü açılıb, ifşa olunub.

Dünyanın “ən tanınmış cəlladı”nın sonu faciə ilə bitib. Vudz Con 1950-ci ilin iyul ayında, 39 yaşında olarkən elektrik cərəyanının vurması nəticəsində ölüb. Bəzi versiyalara görə, bu hadisə Vudz Conun işgəncələr üçün nəzərdə tutulan yeni elektrik stulunu sınaqdan keçirərkən baş verib./musavat.com/