“Dünyada son 5 ildə neft sektoruna kapitalın həcmi 50% azalıb” – RÖVŞƏN AĞAYEV

    24

    Rusiya EA-nın İqtisadiyyat İnstitutu qlobal miqyasda neftə tələbatın gələcəyi ilə bağlı analiz hazırlayıb. Hurriyyet.org xəbər verir ki, iqtisadçı Rövşən Ağayev nəticələri təqdim edib.

    “Bərpa olunan enerji növlərinin xüsusi çəkisi 0.7%-dən 3.6%-ə yüksəlib”

    Ağayev nəzərə çatdırıb ki, 2004-2017-ci illərdə dünyanın enerji istehlakında neftin payı 2.5% azalaraq 34.2%-ə enib. Əvəzində bərpa olunan enerji növlərinin xüsusi çəkisi 0.7%-dən 3.6%-ə yüksəlib. Amma daha diqqətçəkən məqam enerji növləri üzrə istehlakın artım templəri arasında müşahidə edilən kəskin fərqlərdir. 2004-2017-ci illərdə neft istehlakının həcmi hər il orta hesabla 0.5% artdığı halda, bərpa olunan enerji üzrə bu artım 4% ətrafında olub”.

    “Proses ləng getsə də, qlobal enerji istehlakının gələcəyin yönünü çox aydın göstərir”

    R. Ağayevin sözlərinə görə, 2004-2013-cü illərdə kömür istehlakının orta illik artım tempi 0.5%-i ötsə də, 2013-2017-ci illərdə 0.3%-ə yaxın azalama müşahidə edilib: “Proses ləng getsə də, qlobal enerji istehlakının gələcəyin yönünü çox aydın göstərir. Məşhur ifadədə deyildiyi kimi, neft bitməyəcək, amma neft erası bitəcək. Amma bu dəfə kömür və odun kimi bir təbiət məhsulunun yerinin başqası (neft, qaz) tutmayacaq. Zəkanın təbiətdən aldığı məhsullar-külək, günəş, digər bərpaolunan enerji növləri əvəzediciyə çevrilir. Sözün hər mənasında zəkası olanın enerjisi də olacaq”.

    “Norvreç Fondu son 2 ildə 33 mlrd. dollarlıq neft-qaz şirkətlərinin səhmlərini satıb”

    “Yeri gəlmişkən, bu hesabatda neftin cəlbediciliyini itirməsini əks etdirən maraqlı faktlar var. Nəzərə alaq ki, söhbət rusların hazırladığı hesabatdan gedir. Məsələn, faktlardan biri budur ki, dünyada son 5 ildə neft sektoruna kapitalın həcmi 50% azalıb. İkinci mühüm fakt odur ki, dünyanın ən nəhəng investisiya fondu Norvreç Fondu son 2 ildə 33 mlrd. dollarlıq neft-qaz şirkətlərinin səhmlərini satıb və arqument kimi bu sahənin perspektivsizliyini göstərib”,-deyə iqtisadçı əlavə edib.

    “Bunlar indi vəd kimi görünə bilər”

    Ağayev onu da nəzərə çatdırıb ki, ABŞ-da artıq növbəti prezident yarışının əsas mövzusu “yaşıl enerji”dir: “Demokratların namizədi 2030-dək ABŞ-da 18 trilyon dollar müqabilində tam alternativ enerjiyə keçid vədi verir. Bunlar indi vəd kimi görünə bilər, amma getdikcə reallığa çevrilmək şansları çox böyükdür”.

    “Dünyada neft istehlakının 57%-i avtomobil sənayesinin payına düşür”

    Ağayevin fikrincə, nefti dəfn etməyə tələsməliyik:“ Bunun 2 əsas səbəbi var. 1. dünyada neft istehlakının 57%-i avtomobil sənayesinin payına düşür. Son 10 ildə elektromobillərin hər kv.saat üçün batereyalarının dəyəri 5 dəfə azalaraq 1000 dollardan 209 dollara enib. Yaxın 5 ildə 73 dollara düşəcəyi gözlənir. Bundan sonra DYM ilə işləyən maşınların elektromobillərlə rəqabət aparması mümkün olmayacaq. 2. DYM-nin faydalı iş əmsalı kəskin yüksəlir. Qiymətləndirmələrə görə, 1980-2017-ci illlrdə daxili yanma mühərriklərinin FİM 50% yüksəlib. Əgər bu yüksəliş olmasa idi, son 40 ildə neftə illk tələbat 1.5 mlrd. ton artıq olarmış. Yeri gəlmişkən, bu məlumat və arqumentlər də yuxarıda istinad etdiyim mənbədən götürülüb”.

    Şamo EMİN, Hurriyyet.org