Dünyada neft-qaz qazma qurğularının sayı minimuma enib

45

Sentyabr ayında dünyada neft-qaz qazma qurğularının sayı minimum həddə düşüb.

“Report”un məlumatına görə, bunu “Baker Hughes” şirkətinin hesablamaları göstərir.

Belə ki, öncəki ayda dünyada 1 019 qurğu fəaliyyət göstərib. Hərçənd avqustda bu rəqəm 1 050, 2019-cu ilin sentyabrında isə 2 141 olub.

Fəaliyyətdə olan neft-qaz qazma qurğularının orta aylıq göstəricisi 2019-cu ildə ardıcıl ikillik artımdan sonra azalıb və 2 177 ədəd təşkil edib. Minimum səviyyə 2016-cı ildə qeydə alınıb – 1 593, 2014-cü ildə isə dünyada 1985-ci ildən bəri ən çox qurğu – 3 578 ədəd işləyib.

“Liviyada hasilat həcmi bərpa olunmağa davam edir və gündəlik 300 min barelə çatıb. Norveçdə neftçilər arasında etiraz tətillərinin miqyası genişlənir və bu, hasilatın 8%-ni təhlükə altına salır. Səudiyyə Ərəbistanı sentyabr ayında OPEC çərçivəsindəki öhdəliklərini artıqlamasıyla yerinə yetirib, Rusiya isə limitdən artıq məhsul istehsalına davam edir”, – “Energy Intelligence”dən bildiriblər.

Ümumiyyətlə, xammal bazarlarında müsbət vəziyyət yaranır. “Brent” və WTI markalı neft 0,5% bahalaşaraq müvafiq olaraq 41,5 və 39,4 dollar/barelə çatıb. Təbii qaz da 0,3% bahalaşıb və milyon BTU-ya 2,64 ABŞ dolları səviyyəsinə yüksəlib. Qiymətli metal sektoru 0,01-0,27% aralığında kiçik korreksiyadan keçir, bazarda özünü ən yaxşı hiss edən palladiumdur.

Dünya qiymətli metal ETF-lərində fiziki qızıl ehtiyatları 110 milyon troya unsiyasına çatmaqla tarixi rekorda imza atıb.