Dünyada neftə olan tələbat 1995-ci ildəki səviyyəyə düşdü – Nefti saxlamaq üçün yer tapılmayacaq

237

Hurriyyet.org xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2020-ci ilin aprel ayında neftə olan qlobal tələbat 1995-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Agentliyin hesablamasına görə, qarşıdakı həftələrdə neftin saxlanılması üçün nəzərdə tutulmuş boş qurğular qalmaya bilər.

2020-ci ilin aprelində dünyada neftə olan tələbat ötən ilin aprel ayı ilə müqayisədə  gündə 29 milyon barrel azalacaq və sonuncu dəfə 1995-ci ildə mövcud olmuş səviyyəyə düşəcəkdir. Beynəlxalq Enerji Agentliyi bu məlumatı 15 aprel tarixində dərc edilmiş aylıq icmalında verib.

Ümumilikdə 2020-ci il ərzində dünyada neftə olan tələbat rekord həcmdə – gündə 9,3 milyon barrelə qədər azalacaq. Bununla da son onillikdə yaranmış tələbat artımı geridə qalmış olacaqdır.

Agentliyin hesabatı dərc edildikdən sonra Brent nefti 4% ucuzlaşıb və onun bir barreli 28,4 dollara bərabər olub.

Koronavirus pandemiyasına görə təlabatın misilsiz dərəcədə azalması və istehsalçıların tədarükü artırması fonunda dünyada gündəlik izafi neft təklifi 20 milyon barrelə bərabər olub. İzafi neft dəyərindən aşağı qiymətə alınıb ehtiyat saxlanırlır. Artıq neft saxlama qurğuları, tankerlər, boru kəmərləri və yeraltı anbarlar dolmaq üzrədir. Yaxın zamanda ehtiyatların saxlanılması üçün boş yer qalmayacağı bildirilir.

Hurriyyet.org