Dünyada koronavirusa yoluxanların sayı 83 milyonu ötdü

57

Dünyada koronavirusa yoluxanların sayı 83 milyonu ötüb. Son statistikaya əsasən, pandemiya başlayan vaxtdan bu günə qədər 83.200.986 nəfər koronavirusa yoluxub, 1.815.161 nəfər isə bu virusun qurbanına çevrilib.

Xatırladaq ki, bu gün dünyada koronavirusun yeni tipi olan “COVİD-19″un ortaya çıxmasından tam bir il ötür. Belə ki, “COVİD-19” 2019-cu il dekabrın ortalarında Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin aşkar olunması ilə başlayıb.

31 dekabrda isə Çin hökuməti naməlum pnevmoniyanın başlaması haqda Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verdi. 2020-ci ilin 22 yanvarında Uhanda karantin rejimi tətbiq edildi.

Bununla belə, virus artıq bir neçə ölkədə müşahidə olunmağa başladı. ÜST yayılan yeni virusun adını COVİD-19 qoyaraq martın 11-də pandemiya elan etdi. O vaxtdan koronavirus bütün dünyanı təhdid etməyə, bəlaya çevrilməyə başladı. Lakin məlum olduğu kimi, artıq virusun bir neçə vaksini hazırlanıb. Bir sıra ölkələr vaksinasiya prosesinə başlayıb, digərləri isə bu prosesə hazırlaşır. Beləliklə, 2021-ci ildə koronavirus bəlasından qurtulacağımıza ümid edilir.

Bəs koronavirusla bağlı dünyada hazırda vəziyyət necədir?

ABŞ-da virusa yoluxanların sayı 20 milyonu ötüb, virusdan ölənlərin sayı isə 350 min nəfərə çatıb. Bununla da ABŞ dünyada həm virusa yoluxanların həm də virusdan ölənlərin sayına görə aylardır ki, dünyada liderdir. Artıq bir müddətdir ki, ölkədə vaksinasiya prosesi başladılıb. Bir milyondan çox ABŞ vətəndaşı “BioNTech”, “Moderna” və “Pfizer” şirkəti tərəfindən hazırlanmış vaksinlə peyvənd olunub.

Bu arada vaksinasiya prosesinin başladığı ABŞ-da skandal hadisə qeydə alınıb. Viskansındakı “Aurora” adlı tibb mərkəzi açıqlama verərək vaksin tətbiqinin müəyyən müddətlik dayandığını qeyd edib. “Fox6” TV kanalına verilən açıqlamada mərkəzdə işləyən və adı açıqlanmayan bir şəxsin “Moderna”nın 500 dozalıq vaksinini məhv etdiyi bildirilib. Şirkət hadisədən sonra sözügedən şəxsin işdən çıxarıldığını vurğulayıb: “Bu şəxsin törətdiyi əmələ görə 500-dən çox insanın vaksinasiyası gecikəcək. Edilənlər bizim dəyərlərimizə uyğum gəlmir və o artıq bizimlə işləmir”.

Hindistanda isə 10,2 milyondan çox insan virisa yoluxub, 148.774 nəfər isə dünyasını dəyişib. Bununla da Hindistan virusa yoluxmaya görə ABŞ-dan sonra ikinci, virusdan ölənlərin sayına görə isə Braziliyadan sonra üçüncü sıradadır.

Qeyd edək ki, bir neçə gün öncə İngiltərədən Hindistana dönən 6 nəfərdə mutasiyaya uğrayan koronavirus aşkar edilmişdi. Ölkədə vaksinasiyaya prosesinin hansı vaxtdan başalayacağı haqda hələlik heç bir məlumat yoxdur.

Braziliyada da koronavirus bəlası tüğyan etməkdədir. Ölkədə 7,6 milyondan çox insan virusa yoluxub, 193.940 nəfər virusdan dünyasını dəyişib. Braziliya da bir neçə ölkə kimi Çin istehsalı olan “Sinovac” vaksinindən sifariş edib. Tezliklə ölkədə vaksinasiya prosesinə başladılacağı haqda məlumatlar yayılır.

Qonşu Rusiyada isə bu günə qədər 3,1 milyondan çox insan virusa yoluxub. Rusiya artıq bir həftədir ki, özünün istehsal etdiyi “Sputnik V” vaksini vaksinasiyaya başlayıb. Məlumat üçün bildirək ki, adı çəkilən vaksinin 92 faiz effektli olduğu bildirilir. Dekabrın 29-dan etibarən Argentina da “Sputnik V” vaksini ilə vaksinasiya prosesinə başlayıb.

Xalidə Gəray,
Musavat.com