Ermənistanda Metsamor tələsi – İrəvan radioaktiv tullantılarla nə edəcəyini bilmir

60

Dünyada İrəvana 30 km. məsafədə yerləşmiş Metsamor atom stansiyasının radioaktiv tullantılarının təhlükəsiz şəkildə saxlanılmasına dair narahatçılıqlar artmaqdadır. Ekoloqlar dəfələrlə AES-in yaxınlığında yerləşən yaşayış məntəqələri və kənd təsərrüfatı torpaqlarına potensial təsirini vurğulamışlar.

Britaniyadan Institute for War & Peace Reporting Armenia: Fears Over Nuclear Waste materialında xəbər verdiyi kimi AES-in birinci reaktoru 1970-ci illərdə qurulub. Radioaktiv tullantıların təhlükəsiz şərtlərdə basdırılması variantlarının yoxluğundan bu tullantıların həcmi problemin təcili həllini qaçılmaz edir. Bundan başqa xüsusi araşdırmaların, yaxşı təlim görmüş mütəxəssislərin və maliyyənin yoxluğu tullantıların saxlanması üçün uyğun yerin tapılması mümkünsüz olub.

Elektrostansiya Ararat vadisində Armavir, Eçmiədzin, Metsamor kimi şəhərlərin yaxınlığında yerləşir. Hazırda elektrik enerjisi istehsal edən birinci blok 1976-cı ildə, ikinci blok isə 1980-ci ildə işə salınıb. 1988-ci ildəki zəlzələdən sonra stansiya bağlansa da, Qarabağ münaqişəsi və SSRİ-nin dağılması fonunda çökən iqtisadiyyat səbəbindən enerji çatışmazlığına görə 1995-ci ildə yenidən işə salındı. Əvvəllər radioaktiv tullantılar dəmir yolu ilə Rusiyaya daşınır, orada utilizasiya edilir və saxlanırdı. İndi isə onlar Metsamor yaxınlığında məntəqəyə daşınır və təhlükəsiz saxlanma siyasətçilər üçün problemə çevrilib.

2017-ci ildə Ermənistan hökuməti Enerji İnfrastrukturları və Təbii Sərvətlər Nazirliyinə radioaktiv tullantıların və işlənmiş nüvə yanacağının təhlükəsiz idarə olunması üçün fəaliyyət planı hazırlayıb həyata keçirməsini tapşırdı. 2019-cu ildə təqdim olunan bu fəaliyyət planı 2026-cı ilə qədər olan dövrü əhatə edir. Plana görə Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin nəzdində olan milli radioaktiv tullantıların təhlükəsiz saxlanılması operatoru daşınma, emalı və saxlanılmasından məsuldur.

Ancaq nazirliyin rəsmi saytında radioaktiv tullantıların utilizasiyası ilə məşğul olan şirkət barədə məlumat verilmir. Nazirlikdən Mikael Sarkisyan söyləyib ki, operatorun funksiyası mürəkkəbdir, tənzimlənməlidir, ancaq “işlər sürətlənib”. Həmçinin əlavə edib: “Heç kim radioaktiv tullantılarla necə davranılması sualına mütəxəssis araşdırması olmadan cavab verə bilməz”.

Ermənistan hökuməti 2015-ci ildə Avrasiya İqtisadi Birliyinə (Aİİ) qoşulmaqla stansiyanı istismardan çıxarmaq niyyətindən imtina etdi və ikinci bölmənin ömrünü uzatmağa qərar verdi. Bu məqsədlə Rusiya 270 milyon dollar kredit, 30 milyon dollar qrant verdi və ikinci blokun istismarı 2026-cı ilə qədər uzadıldı.

İrəvanın növbəti addımları qaranlıq qalır. “İkinci blok 2026-cı ildə istismardan çıxarılan zaman, tonlarla təkrar işlənə bilməyəcək -yarasız radioaktiv tullantı qalacaq” deyən iqlim aktivisti İnqa Zarafyan Beynəlxalq Atom Enerjisi Agentliyinin standartlarına cavab verəcək həll yolunun tapılmalı olduğunu söyləyir.

Hürriyyet.org

Ülviyyə ŞÜKÜROVA