Dünya musiqisi inciləri haqqında

114

Bu barədə mübahisəyə qətiyyən ehtiyac yoxdur. Bu zövq məsələsi də deyil. Həm də musiqi çox qəribə, çoxçalarlı, hətta deyərdim ki, sehrli bir sənətdir. Daha doğrusu, sənətlərin tacıdır. Belə ki, hər hansı bir sənəti hətta sevmədən də öyrənmək olar. Musiqini isə sevmədən, onun gözəlliklərini duymadan, illər boyu onun sehri  ilə yaşamadan musiqi aşiqi olmaq mümkün deyil. Bəstəkar olmaq olar, amma qüsursuz musiqi duyumuna malik olmaq çox çətindir. Bəzilərinə xoş gəlməsə də, məsələn böyük tarzən Ramiz Quliyev, mərhum bəstəkarlar Vasif Adıgözəlov, Arif Məlikov mahir professional olsalar da qətiyyən musiqi zövqünə malik deyildilər. Mən bunu ondan bilirəm ki, birincinin yeganə operasında heç bir heyranedici musiqi nömrəsi, ikincinin çox yerlərdə tamaşaya qoyulan baletində bir türk xalq rəqsindən başqa demək olar ki, yaddaqalan heç nə yoxdur. Mən belə düşünürəm və 13-14 yaşlarımdan musiqi ilə məşğul olub, daha doğrusu hər gün musiqiyə qulaq asıb və 15-16 yaşımdan “Arşın mal alan”ı, 20 yaşımdan isə “Koroğlu” operasını əzbər bildiyimə görə kiminsə xoşuna gəlib-gəlməməyindən asılı olmayaraq bu sahədə öz düşüncələrimi, hökmümü və zövqümü etalon hesab edirəm.

Hər gün, bəli demək olar ki, hər gün internetdə müxtəlif musiqi əsərlərini dinləməklə məşğulam və buna görə vaxtilə ətək-ətək pul verib aldığım musiqi lentləri və diskləri arxivimdə rahat-rahat dincəlir. Hərçənd ki, məndə olan və  internetdə olmayan onlarla musiqi əsərləri başqa yalnız Azərbaycan Dövlət Radio verilişləri komitəsinin musiqi fondunda mürgüləyirlər. Ona görə “mürgüləyirlər” deyirəm ki, həmin musiqilərin kartotekaları çox güman ki, radionun musiqi şöbəsində itmişdir. Əlbəttə, fondu təzədən siyahıya almaq lazımdır. Çünki bu kitab fondu ilə bərabər respublikamızın və xalqımızın ən böyük sərvətidir. Məsələn, məndə Ermənistan faqotçalanının ifasında  “Gülçöhrənin naləsi” var. Və ya bəstəkar Səid Rüstəmovun dirijorluğu ilə  Azərbaycan Xalq çalğı alətləri orkestrinin ifasında “Çahargah”  muğamı var. Eləcə də başqa bir çox misilsiz musiqi nömrələri.

Yavaş-yavaş gəldik əsas məqsəd üstünə. Məsələ burasındadır ki, internetdə, daha doğrusu “Youtube”-də bütün janrlarda minlərlə musiqi əsəri toplanmışdır. Burada kim gəldi öz bəsit zövqünə, öz istəyinə uyğun olaraq  (hətta dostbazlıq və yerlipərəstlik elementləri də var) interneti doldurmuşdur. Eləcə də Avropa və dünya musiqisi sahəsində də eyni səhnənin şahidi oluruq. Amma qərb musiqisinə aid səhifələrdə bir-iki iradım var. Bunlar da əsasən həmin adminlərin Azərbaycan musiqisinə qarşı ədalətsizlikləridir. Məsələn, “10 musiqi şedevri, “20 musiqi şedevri”, “40 musiqi şedevri”  kimi başlıqlar altında verilən musiqilərdə bircə dənə də olsun Azərbaycan musiqisinə rast gəlmək olmur. Görünür, bu işdə həm ermənilərin əli, həm də rusların şovinizmi və biganəliyi əsas rol oynayır. Məsələn “20 musiqi şedevri” siyahısında Motsartın 2, Bethovenin 3, Çaykovskinin 2, Bizenin 2, Paqanininin 2, Veberin, Bramsın, Baxın, Şubertin, Oginskinin, Vivaldınin və nəhayət, erməni yəhudisi Xaçaturyanın da bir əsəri – “Spartak” baletindən “qılıncoynadanlar rəqsi” daxil edilmişdir. Halbuki bu sonuncu əsərin bir hissəsi daram-durum, bir hissəsi də Azərbaycan xalq təsnifidir. Halbuki bu siyahını tərtib edib internetə ötürənlərin zərrə qədər vicdanı, savadı, zövqü və ədaləti olsaydı, ora mütləq Üzeyir bəyin ya fantaziyası, ya da “Aşıqsayağı” kimi musiqi incilərindən biri daxil edilməliydi. Eləcə də yəhudilərə qohum olan və bununla da fəxr edən Qara Qarayevin də “Yeddi gözəl” baletindən məşhur vals – çahargah daxil edilməliydi. Amma bunların heç biri yoxdur. Və bu boyda Azərbaycanda internetə burunlarını soxan yüzlərlə musiqi həvəskarları çoxdan Azərbaycan musiqisindən ibarət də belə bir siyahı və ya məcmuə yaratmalıydılar. Amma yoxdur. Halbuki A.Xaçaturyanın həmin “Spartak” baleti haqqında Amerika mətbuatında çox amansız tənqidi yazılar çıxmışdı və yazılmışdı ki, ümumiyyətlə bu balet heç nəyə dəyməz. Mən lap bu yaxınlaracan 50-55 il qabaq “Za rubejom”  jurnalında çap olunmuş həmin resenziyanı saxlamışdım. Bu bir. İkincisi, Xaçaturyan ümumiyyətlə heç Avropada da elə ciddi bir bəstəkar qəbul olunmur. Üzeyir bəyin tunc büstü Vyananın musiqiçilər parkını bu gün də bəzəyir. Xüsusilə də fransız musiqişünasları hələ də Üzeyir bəy haqqında təqdiredici  məqalələr yazırlar. Üstəlik, dahi bəstəkarın adı dünya şöhrətli “Laruş” fransız ensiklopediyasının 30-40-cı illərindəki nəşrini hələ də bəzəməkdədir. O vaxt ilk dəfə mən bunu görmüş və aşkar etmişdim.

Azərbaycanın həqiqətən musiqisevərlərinə – yəni bu sahədə zövqü, həvəsi, sevgisi mənə yaxın olanlara misilsiz bir hədiyyə təqdim etmək istəyirəm. Bu hədiyyə yaxşı bələd olduğum (yalnız Asiya musiqi mədəniyyəti istisna olmaqla – çünki yapon, çin, hind, ərəb və orta Asiya xalqlarının musiqisinə o qədər də dərindən bələd deyiləm) Avropa, rus və Azərbaycan musiqisinin 20 ən gözəl incisinin sıyahısıdır. Onların bəziləri haqqında zaman-zaman “Hürriyyət” qəzeti səhifələrində məlumatlar vermişəm. Lakin bu siyahı, bu seçim ilk dəfədir ki işıq üzü görür və inanıram ki, zəkalı və sevimli tələbəm  Şahin Şirinzadə kimi həmin musiqisevərlər də bu siyahını gördükləri, oxuduqları günü bayram günü kimi yadda saxlayacaqlar. Məsələ bundadır ki, bu musiqilərin qiyməti yoxdur. Vaxtilə Avropa sənətşünasları bəzi rəngkarlıq əsərlərinə qiymət qoymuşdular. Məsələn, Leonardo da Vinçinin “Mona Liza” sına (Cokonda)  keçən əsrin 70-ci illərində bir milyard dollar qiymət qoymuşdular. Eləcə də başqa bir neçə əsərə bu cür fantastik qiymətlər qoyulmuşdu. Bu qiymətlər satış üçün deyildi. Sadəcə həmin əsərlərin nə dərəcədə ağlasığmaz qiymətə layiq olduğunu göstərmək üçündür. O vaxt yalnız bir əsərə qiymət qoyulmayıb deyilmişdi ki, həmin əsər hər cür qiymətdən yüksəkdir. Bu əsər Rafael Santinin “Sikstin madonnası” tablosudur. İndi təkrar olmasın – mənim bu siyahımdakı əsərlər də eləcə hər cür qiymətin fövqündədir. Çünki bu əsərlərin gözəlliyi, emosional təsiri, onların insanın zövqünə və ruhuna verdiyi ləzzət və xoşbəxtlik  təkrarolunmazdır. Necə ki, həmin əsərlərin özləri də bir-birlərinə bənzəməyən təkrarolunmaz musiqi inciləridir. Musiqini isə sizə xəbər verim ki, dahi A.Şopenhauer bütün sənətlərin ən ilahisi hesab edib hətta fəlsəfədən üstün tuturdu. Budur həmin siyahı:

Lüdviq van Bethoven  – “Appasionata”

Lev Knipper – “Polyuşka-pole

Üzeyir Hacıbəyov – “Məcnunun atasının ariyası”

Volfqanq Amadey Motsart – “Türk marşı”

Aleksandr Alyabyev – “Bülbül”

Pyotr Çaykovski “Sonalar gölü” baletində balaca qu quşların rəqsi.

Bethoven – 5-ci simfoniya

Coakkino Rossini  “Sevilya bərbəri” operası uvertürası və Fiqaronun ariyası.

Frans Şubert  “Gözəl dəyirmançı” mahnılar silsiləsindən ovçunun mahnısı

Motsart  40-cı simfoniya

Aleksandr Aleksandrov – “Müqəddəs müharibə”

Matvey Blanter  “Katyuşa”

Üzeyir Hacıbəyov – “Gülçöhrənin elegiyası”

Jorj Bize  “Karmen operası”  “Xabanera”

N. Rimski-Korsakov  “Şəhrzad” simfonik süitasından “Bağdadın axşamı”

İsaak Dunayevski – “Başınağacı kolu çiçək açır”

Frederik Şopen “Ekspromt fantaziya”

İohann Sebastyan Bax  “Tokkata”

Oginski  “Polonez”

Cahangir Cahangirov  “Qəzəl”

Bu musiqilərin bəzilərinin əlbəttə, yeri dəyişilə bilər və ümumiyyətlə bu siyahıya daxil ola bilən başqa musiqilər də var, buna şübhə yoxdur. Amma  musiqi duyumu olanlar üçün sevdiyi musiqidən olanlar üçün bu siyahının dəyəri və qiyməti həddindən artıq yüksəkdir. Və ümumiyyətlə bu siyahıya qulp qoymaq kim olub-olmamasından asılı olmayaraq  yaramazlıq sayıla bilər.

Əlisa NİCAT

P.S. Yaxın zamanlarda sırf Azərbaycan musiqisinə aid də belə bir siyahı tərtib edəcəyik. Çünki buna böyük zərurət var.