Dünya bazarında neft ucuzlaşır

30

Amerika Neft İnstitutunun (API) ABŞ-da neft ehtiyatlarının artmasına dair məlumatları fonunda etalon markalı neft qiymətləri azalır.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londondakı “ICE Futures” birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 09:10-da 42,87 ABŞ dolları olub ki, bu da öncəki sessiyanın bağlanış qiymətindən 0,29 ABŞ dolları (0,67%) azdır. Çərşənbə axşamı həyata keçirilən sövdələşmələrdə bu fyuçerslər 0,54 dollar (1,3%) artaraq bir barel üçün 43,16 dollar olmuşdu.

Nyu York Ticarət Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti 41,47 dollar/barel təşkil edib ki, bu da öncəki sessiyanın səviyyəsindən 0,23 dollar (0,55%) azdır. Dünən dekabr fyuçersləri 0,64 dollar (1,6%) dəyər qazanaraq bir barel üçün 41,7 ABŞ dollarına çatmışdı.

API çərşənbə axşamı ABŞ-ın neft ehtiyatlarının 16 oktyabr tarixində bitən həftədə 584 min barel artdığını açıqlayıb. İnstitutun məlumatlarına görə, benzin ehtiyatları 1,6 milyon barel, distillə olunmuş neft məhsulları 6 milyon barel azalıb. Kuşinq terminalındakı neft ehtiyatları 1,2 milyon barel artıb.

“S&P Global Platts” tərəfindən rəyi soruşulan analitiklər ABŞ Energetika Nazirliyinin məlumatlarında neft ehtiyatlarında 1,9 milyon barel, benzində 1,6 milyon barel, distillə olunmuş neft məhsullarında isə 3 milyon barel həcmində azalma olacağını gözləyirlər. Nazirlik ölkənin enerji ehtiyatlarına dair həftəlik hesabatını çərşənbə günü Bakı vaxtı ilə saat 18:30-da açıqlayacaq.

Neftin qiymətinə həmçinin Liviyada hasilatın artmasına dair xəbərlər də təzyiq göstərir. “S&P Global Platts” qeyd edir ki, adıçəkilən ölkədə neft və kondensat istehsalı bir ay ərzində dörd dəfədən çox – gündəlik 500 min barelə qədər artıb. Agentliyin mənbələrinin verdiyi məlumata əsasən, bazar ertəsi “Abu Attifel” yatağında 70 min barel/günə çata biləcək hasilat bərpa edilib.

Bununla belə, bazar OPEC+ formatının hasilatda planlaşdırılan 2 milyon barel/günlük artımı yenidən nəzərdən keçirəcəyinə ümid bəsləyərək nikbinliyini qoruyur. Hərçənd OPEC+ Nazirlərin Monitorinq Komitəsinin (JMMC) oktyabrın 19-da keçirilmiş iclasında belə niyyətə dair heç bir əlamət sezilməyib.

“Liviyadakı hasilat artımı və qlobal tələbdəki canlanma sürəti neft qiymətləri üçün problemə çevrilirsə, OPEC-in son müdaxilələri cavab tədbirləri ehtimalının yüksək olduğunu göstərir”, – “AxiCorp”un analitiki Stiven İnns deyib.