DTX-nın həbs etdiyi baş redaktor azadlığa buraxılır? – VƏKİLDƏN AÇIQLAMA

    3

    Mətbuatda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən həbs edilən və reket fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev yaxın günlərdə azadlığa buraxılacağı ilə bağlı məlumat gedib. Məlumatda o da qeyd olunub ki, Habil Vəliyevdən şikayətçi olmuş şəxslər, həmçinin məmurlar ona qarşı şikayətlərini geri götürüblər.

    Hurriyyet.org bildirir ki, big.az saytı bu cür ittihamlarla tutulan şəxsin qarşı tərəfin şikayətini geri götürməklə azadlığa çıxıb-çıxmamağını araşdırıb.

    Bununla bağlı sayta danışan vəkil Elmar Süleymanov bildirib ki, bu əməllərə görə təqsirləndirilən şəxslərin bu qaydada (cinayət işinə xitam verilmədən və ya bəraət verici əsaslar olmadan) azad edilməsi qanuna uyğun deyil: “ Bu ancaq istintaq mərhələsində cinayət işinə xitam verildikdən sonra mümkün ola bilər”.

    Qeyd edək ki, Habil Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarında dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində “reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.